Azərbaycan aqrar elminə verilən daha bir yüksək qiymət

Bu günlərdə Azərbaycan Dövlət Aqrar Universitetində "Üzümçülükdə intensiv becərmə texnologiyası"na həsr olunmuş ümumrespublika seminar müşavirəsi keçirildi. Əvvəlcə tədbir iştirakçıları üniversitetin həyətindəki tədris-təcrübə sahəsi ilə tanış oldular.
ADAU-nun meyvə-tərəvəzçilik və üzümçülük kafedrasının müdiri, əməkdar müəllim, professor Famil Şərifov üzümçülükdə son illər işləyib hazırladığı intensiv becərmə texnologiyası haqqında qonaqlara məlumat verdi. Bildirdi ki, intensiv becərmə texnologiyasının tətbiqi nəticəsində üzüm bitkisinin ikinci ilində məhsul götürmək mümkündür. Ümumən üzümçülüyün intensivləşdirilməsində ilk növbədə təsərrüfat üzümçülük üzrə ixtisaslaşmalıdır. Bu intensiv texnologiyanın ümumi tərəfidir. İntensiv becərmə texnologiyasını təklif etməklə biz ənənəvi üsulları inkar etmirik. Sadəcə təsərrüfatlarda ənənəvi becərmə texnologiyası ilə intensiv becərməni müqayisə edib daha səmərəli becərmə texnologiyasının tətbiq olunmasını təklif edirik.
Əkiləndən ikinci ilinə qədər üzümdə böyük bir dəyişiklik əmələ gəlir. 2010-cu ilin mart ayında əkdiyimiz üzümlükdə artıq gördüyünüz kimi məhsul əmələ gəlib. Ənənəvi becərmə texnologiyasında birinci ili tənək üzərində heç bir əməliyyat aparılmır. İkinci ilində ştamb yaradırıq. Bundan sonra tənəyə güc verib onu bir az da böyüdürük. Sonrakı aylarda gələcək məhsulun təməli qoyulur. Təcrübəmiz göstərir ki, intensiv becərmə texnologiyasının tətbiqi nəticəsində 2-ci ilində 6-8 ton, üçüncü ili 30-40 ton, beşinci ili 80-100 ton üzüm götürmək mümkündür. Bir hektarda cəmi 3 min tənək əkilir. Onun da hər biri 2-3 kiloqram məhsul verir. Apardığımız tədqiqatlar nəticəsində hətta birinci ildə məhsul əldə etmişdik. Bunu da ötən il ictimaiyyətin nümayəndələrinin iştirakı ilə respublika miqyasında göstərdik.
Hazırda Azərbaycanda ting istehsalı ilə məşğul olan təsərrüfat yoxdur. Xaricdən calaq ting gətirilir. Tək-tək fərdi təsərrüfatlar az miqdarda öz kökü üstündə ting istehsal edir. Hazırda calaq və öz kökü üstündə ting becərən təsərrüfatların yaradılmasında dövlət miqyaslı tədbirlər hazırlanır.
F.Şərifovun fikrincə, əgər çubuq əkib (köksüz) tingin verdiyi gücdə bitki alınırsa onda üzüm tingliyində ting becərilməsinə ehtiyac qalmır. Deməli, bir il ərzində tingliyə çəkilən məsarifi etməmək olar. Bu məsələ alim tərəfindən dəfələrlə sınaqdan keçirilmişdir və o, qeyd olunan məsələni yeni konsepsiya kimi irəli sürür. O, bu gün qəti olaraq bildirir ki, üzümlüklərimiz tinglə deyil, çubuqla salınsın. Bu xüsusi texnologiyadır və həm də bu üsulla salınan üzümlük çox ucuz başa gəlir.
Üzumçülük təsərrüfatlarının nümayəndələrini maraqlandıran sualları alim yerindəcə cavablandırır, onlara öz məsləhətlərini verirdi. Canlı diskussiya şəraitində keçən seminar daha sonra üniverisitetin iclas zalında davam etdirildi. Tədbiri ADAU-nun rektoru, əməkdar elm xadimi, professor Mirdamət Sadıqov açaraq toplaşanları salamladı. Təsərrüfat işlərinin qızğın çağında vaxt tapıb seminarda iştirak edənlərə xüsusi minnətdarlığını bildirdi. Qeyd olundu ki, ölkəmizdə kənd təsərrüfatının inkişafına diqqət və qayğı gündən-günə artır. Üzümçülüyün Azərbaycan iqtisadiyyatında həmişə xüsusi yeri olub. Cənab Prezident İlham Əliyev 2012-2020-ci illər üzümçülüyün inkişaf etdirilməsi ilə bağlı Dövlət Proqramının hazırlanmasına göstəriş verib.
Rektor daha sonra bildirdi ki, universitetimiz üçün sevindirici xəbərlə iclası davam etdirmək istəyirəm. Bu günlərdə mərkəzi iqamətgahı Madriddə yerləşən Beynəlxalq Keyfiyyət Komitəsi üzümçülüyün inkişafındakı xidmətlərinə görə professor Famil Şərifovu qızıl medal və xatirə nişanı ilə təltif etmişdir. Qeyd edək ki, 112 dövlətdən 7000 təşkilatın iştirak etdiyi səsvermədə universitetimizin professoru 4600 səs toplayıb və qızıl medalı qazanıb. Cənab nazirin tapşırığı ilə həmin mükafatı sahibinə təqdim edir ona yeni yaradıcılıq uğurları arzulayıram.
Natiq qeyd etdi ki, bu, universitetin son iki ildə aldığı üçüncü beynəlxalq mükafatdır. Famil Şərifov bu mükafatı heç də təsadüf nəticəsində qazanmayıb. Famil müəllim hələ sovet dövründə üzümçülüyün problemləri ilə ciddi məşğul olub. Sonralar üzümçülüyün ləğv edilməsi ilə bağlı mərkəzi komitənin qərarı yerlərdə icra olunarkən o, üzüm genofondunun qorunması üçün xeyli əmək sərf etmiş, ozünün üzümlüyündə nadir üzüm sortlarını qoruyub saxlamağa nail olmuşdur.
Sonra AMEA-nın müxbir üzvü, Gəncə Elm Mərkəzinin direktoru, professor Fuad Əliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin məsul işçisi Nizami Hacıyev, YAP Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov və üzümçülük təsərrüfatlarının nümayəndələri çıxış edərək Famil Şərifovun Azərbaycanda üzümçülüyün inkişaf etdirilməs sahəsində göstərdiyi xidmətləri yüksək qiymətləndirdilər, alim haqqında ürək sözlərini söyləyib, beynəlxalq mükafat münasibətilə təbrik edərək ona yeni-yeni nailiyyətlər arzuladılar.
Onu da bidirək ki, Famil Şərifov Azərbaycanda üzümçülüyün inkişafı dövlət proqramının işçi qrupuna daxildir. "Üzümçülük atlası" fundamental kitabının, yüzlərlə elmi məqalənin və "Nail" üzüm sortunun müəllifidir.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında