Şriftin ölçüsü:
05.07.2011 10:57 | Oxunma sayı: 756
Heydər Əliyev inkişaf strategiyasının mühüm tərkib hissələrindən olan təhsil islahatları öz müsbət nəticələrini verməkdədir. Ulu öndərin ötən əsrin son yayında - 2000-ci ilin iyununda imzaladığı fərmanla yaradılan Azərbaycan Müəllimlər İnstitutu da bu prosesə özünəməxsus töhfələr verir. İnstitutun Zaqatala filialı geridə qalan illərdə ölkənin orta məktəblərini ixtisaslı müəllim kadrları ilə təmin etmək üçün kifayət qədər səmərəli fəaliyyət göstərib desək, səhv etmərik.
Hazırda filialda 5 ixtisas üzrə 15 qrupda 364 tələbə təhsil alır. Onlardan 67 nəfəri buraxılış kurslarındadır. "Azərbaycan dili və ədəbiyyatı", "İbtidai təhsilin pedaqogika və metodikası" və nəhayət, "Tarix və coğrafiya" ixtisasları üzrə məzun olacaq gənclər yekun dövlət attestasiyasından keçirlər. Attestasiya həm dövlət imtahanları, həm də buraxılış işlərinin müdafiəsi yolu ilə keçirilir. Attestasiyaya 67 nəfərin hamısı buraxılıb. Onlardan 36 nəfəri dövlət imtahanı verir, qalan 31 nəfər isə diplom işi müdafiə edir. İyunun 29-dan başlanan bu proses iyulun 7-də başa çatacaq. Təhsil Nazirliyinin və Müəllimlər İnstitutu rektorluğunun müvafiq əmrləri ilə keçirilən yekun dövlət attestasiyalarına ölkənin tanınmış alim və mütəxəssisləri cəlb olunmuşlar. Bakı Dövlət Universiteti ümumi tarix kafedrasının professoru, millət vəkili Musa Qasımlı, həmin ali məktəbin kafedra müdiri, pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə və Müəllimlər İnstitutunun şöbə müdiri, filologiya elmləri namizədi, dosent Baba Babayev yekun attestasiyaların təşkilinə və keçirilməsinə nəzarət edirlər.
Professor Hikmət Əlizadənin və dosent Baba Babayevin rəhbərlik etdiyi komissiyalar dövlət imtahanları və buraxılış işlərinin müdafiəsi üzrə attestasiyaları müvəffəqiyyətlə keçirmişlər. Tarix və coğrafiya ixtisasları üzrə yekun dövlət attestasiyalarına hazırlıq işləri də başa çatıb. Dövlət imtahanları və buraxılış işlərinin müdafiəsi "Azərbaycan Respublikası ali təhsil müəssisələri tələbələrinin bakalavr pilləsində yekun dövlət attestasiyasının keçirilməsi haqqında Əsasnamə"nin tələblərinə uyğun şəkildə təşkil olunur. Bu prosesdə maksimum obyektivlik və şəffaflıq təmin edilmişdir. İmtahan verən və diplom müdafiə edən tələbələrdən 45-nə artıq müvafiq ixtisas dərəcəsi verilməsi barədə qərar qəbul edilib. Onlardan 9 nəfərin göstəriciləri əla qiymətləndirilib. Attestasiya yüksək mütəşəkkillik və hazırlıq şəraitində davam edir. Komissiya üzvləri və sonuncu kurs tələbələri bu barədə razılıqla söz açırlar. Filialda yaradılan şəraiti yüksək qiymətləndirən professor-müəllim heyəti və tələbələr, xüsusən, valideynlər bu qayğı və diqqətə görə dövlət başçısına minnətdarlıq edirlər.
Filialın direktoru Tovuz Eminli söhbət zamanı bildirdi ki, institutun rektoru, millət vəkili Aqiyə xanım Naxçıvanlı bu sahəyə daim qayğı və diqqət göstərir, sessiyanın və buraxılış imtahanlarının gedişinə şəxsən özü nəzarət edir.
"Tarix və coğrafiya müəllimliyi" ixtisası üzrə oxuyan II kurs tələbəsi Atikə Əzizli deyir ki, yenicə başa çatan sessiya təkcə mənim üçün deyil, bütün qrup yoldaşlarım üçün uğurla nəticələndi. İmtahanlarda sərbəst idik, şəffaflıq və obyektivlik hökm sürürdü. Nəticədən narazı qalan tələbə və valideynlər dərhal apelyasiya ərizəsi verir və biliyin ədalətli şəkildə qiymətləndirildiyinin şahidinə çevrilirdilər.
Dördüncü kurs tələbəsi Rumiyyə Musayevanın valideyni Qurban Musayev isə öz qızının diplom işindən əla qiymət almasını böyük məmnunluqla qəbul etmişdi. Onun fikrincə, filialda yay imtahan sessiyası da, buraxılış imtahanları da həmişə olduğu kimi, yenə yüksək səviyyədə təşkil olunmuşdur. Oğuz rayonundan olan Gülzar Abdullayeva seçdiyi ixtisası sevərək öyrəndiyini bildirdi və buraxılış imtahanlarında fərqlənmə diplomuna layiq görülməsinin məhz bu münasibətin nəticəsi olduğunu söylədi: "Mən filialın direktoruna, institutumuzun rəhbərliyinə, Təhsil Nazirliyinə, ən başlıcası dövlət başçımıza minnətdaram ki, bizim üçün belə gözəl şərait yaradıblar. Fərqlənmə diplomu ilə ali təhsili başa vurmaq böyük sevincdir. Ancaq ən böyük sevincimiz ölkəmizin tərəqqisi və inkişafıdır".
{nl}
İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.