Azərbaycan Diplomatik Akademiyasının V Bakı Yay Enerji Məktəbi fəaliyyətə başlamışdır

İyulun 2-də Azərbaycan Diplomatik Akademiyasının (ADA) 5-ci Bakı Yay Enerji Məktəbi fəaliyyətə başlamışdır. Yay məktəbi iyulun 16-dək davam edəcəkdir.
Dövlət Neft Şirkəti ilə birgə təşkil olunan Bakı Yay Enerji Məktəbinə Ekologiya və Təbii Sərvətlər, Sənaye və Energetika nazirliklərinin, Dövlət Neft Fondunun, habelə Azərbaycanda fəaliyyət göstərən xarici neft-qaz şirkətlərinin nümayəndələri də qatılacaqlar. Yay məktəbində Xəzər regionu ölkələrinin, ABŞ-ın Rice və Texas A&M universitetlərinin tanınmış professorları mühazirə oxuyacaq, "Nabukko" layihəsinin təmsilçiləri, Avropanın aparıcı ali təhsil ocaqlarının mütəxəssisləri isə təcrübələrini bölüşəcəklər.
Builki yay məktəbində enerji siyasətinin iqtisadi və siyasi əsasları, regional inkişafa töhfəsi və digər məsələlər müzakirə ediləcək, xarici ölkələrdən gəlmiş gənc diplomatlar, tələbələr dünyanın və Azərbaycanın enerji bazarında mövcud olan meyilləri, enerji bazarının hüquqi, iqtisadi və ekoloji aspektlərini, transmilli yerli və xarici neft şirkətlərinin fəaliyyət istiqamətlərini araşdıracaqlar.
Bundan əlavə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, sənaye və energetika naziri Natiq Əliyev, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və başqalarının çıxışları nəzərdə tutulur.
Azərbaycanın xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev proqramın böyük əhəmiyyətini vurğulayaraq demişdir ki, iştirakçılar burada bir-biri ilə ünsiyyətdə olacaq, aldıqları məlumatlardan və təcrübə mübadiləsindən gələcəkdə öz tədqiqat işlərində istifadə edəcəklər. H.Paşayev əvvəlki dörd yay məktəbinin uğurlu keçdiyini deyərək budəfəki proqramın da səmərəli olacağına inandığını bildirmişdir.
Yay məktəbində Türkiyə, Polşa, Yunanıstan, Macarıstan, ABŞ, İran, ümumiyyətlə 17 ölkədən 42 iştirakçı təhsil almaq hüququ qazanmışdır.
İndiyədək 37 ölkənin 140-dək nümayəndəsi ADA-nın yay məktəbinin dinləyicisi olmuşdur.
Proqramın sonunda iştirakçılara sertifikat veriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında