Tələbələr elmi biliklərin son sınağında

"Kadrlar hər şeyi həll edir" məşhur ifadəsi həmişə və bütün dövrlər üçün aktual olaraq qalır. Müasir dünyanın reallıqları ondan ibarətdir ki, tamamilə başqa bir vaxtda və tamamilə başqa bir siyasi şəraitdə bu məlum ifadə daha aktual və konkret əhəmiyyət daşımağa başlayır.
Bu günün özündə belə, istər dövlət müəssisəsi olsun, istərsə özəl istehsal sahəsi, fərq etməz, orada necə yüksək hazırlıqlı rəhbər olur-olsun, əgər onun peşəkar kadrlardan ibarət komandası olmasa, o yerdə uğurdan danışmağa dəyməz. Səmərəli idarəçiliyin ən mühüm amillərindən olan peşəkar kadrların olması ona görə vacib sayılır ki, işdə hər hansı problem ortaya çıxarsa, məhz əməkdaş-sahə rəisi, mühəndis, operator və ya digəri problemin həlli yolunu tapmalıdır. Çünki məhz o, mütəxəssisdir, öz işi ilə bağlı hər şeyi hamıdan yaxşı bilir və orada nə baş verdiyindən və nədən baş verdiyindən xəbərdardır. Rəhbərliyə də işdəki problemi, onun mahiyyəti, həlli yolları və nəticələri barədə ətraflı, optimal məlumatı məhz o verir və təkliflərini bildirir. Məhz bu səbəbdən əksər rəhbər işçilər uğuru peşəkar kadrların, mütəxəssislərin seçimində axtarır və son nəticədə haqlı olduqları üzə çıxır.
Şübhəsiz belə kadrlar istehsal prosesində yetişir və onların peşəkar, yüksək ixtisaslı statusu da müəyyən istehsalat təcrübəsi qazandıqdan sonra formalaşır. Lakin bütün bunların təməlində təhsilin verdiyi elmi biliklərin olduğu mübahisəsizdir. Bütün bu qənaətləri müəyyən mənada Azərbaycan Dövlət Neft Akademiyasının bakalavr məzunlarının birbaşa istehsal müəssisələrində - ARDNŞ-in Neft Kəmərləri İdarəsində və "Neftqazelmitədqiqatlayihə" İnstitutunda "Neftin, qazın nəqli və saxlanması" kafedrasından olan diplom işlərinin müdafiəsi zamanı da eşitdik.
İlk diplom işlərinin müdafəsi "Azəriqaznəql" İstehsalat Birliyinin şöbə müdiri Aydınbay Amanovun sədrlik etdiyi Elmi Şuranın üzvləri ilə yanaşı, Neft Kəmərləri İdarəsinin rəisi Zöhrab Quliyev və onun komandasının ən təcrübəli rəhbər işçilərinin iştirakı ilə keçdi. Müdafiə başlanmazdan əvvəl Azərbaycan Dövlət Neft Akademiyasının professoru, "Neftin, qazın nəqli və saxlanılması" kafedrasının müdiri, texnika elmləri doktoru, əməkdar mühəndis, millət vəkili Hüseynbala Mirələmov Akademiyanın rektoru akademik Siyavuş Qarayevin adından ARDNŞ-in və bilavasitə Neft Kəmərləri İdarəsinin rəhbərliyinə yüksək səviyyədə qurulmuş qarşılıqlı əməkdaşlığa görə təşəkkür edərək bildirdi ki, Siyavuş müəllim bunu Azərbaycan elminə, ölkəmizin neft sənayesinə göstərilən xidmət kimi dəyərləndirir.
Professor H.Mirələmov daha sonra dedi:
- Bəli, bu gün bizim neft sənayesində kifayət qədər peşəkar, öz işini yüksək səviyyədə bilən təcrübəli kadrlar yetərincədir və onların da böyük əksəriyyəti, sözün həqiqi mənasında bütün dünyanın Neft Akademiyası sayılan bizim ali təhsil ocağımızdan çıxıb. Amma həyat əbədi olmadığı kimi, insanlar da əbədi deyil. Ona görə Azərbaycan neft sənayesinin, həqiqətən, yüksək ambisiyalı, yeni ideyalarla işləmək enerjisinə malik, müdrik qərarlar qəbul etməyi bacaran, səhvlərdən maksimum sığortalanmağın yollarını bilən, mürəkkəb şəraitlərdə doğru yol seçmək iqtidarında olan gənc kadrlara çox böyük ehtiyacı var.
Onlar təbii ki, ali məktəb auditoriyalarında elmi biliklərə yiyələnməklə yanaşı, saydığım keyfiyyətlərin bir çoxunu bu zalda oturan peşəkar mütəxəssislərin himayəsi ilə istehsalat təcrübəsində qazanırlar.
Bu gün onlar nə qazandıqlarını və hansı biliklərə yiyələndiklərini hamının qarşısında nümayiş etdirəcək və dörd illik bir zamanı boş yerə keçirmədiklərini sübut edəcəkdilər. İlk addımı Akademiyanın "Qaz, neft kəmər və anbarlarının layihələndirilməsi, tikilməsi və istismarı" ixtisası üzrə təhsilini başa vuran tələbə İntiqam Babayev oldu. Onun "Bibiheybət NQÇİ-nin neft yığım məntəqəsinin çənlər parkının baş planı" mövzusunda diplom işini mötəbər alimlərdən ibarət Elmi Şura və adlı-sanlı, təcrübəli mütəxəssislər və peşəkarlar qaraşısında cəsarətli müdafiəsi müəllimlərini də, mühəndis və sahə rəislərini də qəlbən sevindirirdi. Sonra bir-birinin ardınca suallar yağdırıldı. Sözün həqiqi mənasında ciddi sınaq idi. Lakin İntiqam Babayev suallara təkcə qazandığı elmi biliklərlə deyil, məhz tədris prosesi zamanı elə bu idarənin müxtəlif obyektlərində iştirak etdiyi istehsalat təcrübəsində öyrəndikləri sayəsində cavab verirdi. Tələbənin cavabları da hamı tərəfindən razılıqla qarşılandı.
Sonra həmin ixtisas üzrə tələbələrdən Elniz Salmanov "Neft Daşları - Dübəndi sualtı neft kəmərinin layihələndirilməsi", Elçin Əhmədov "Suraxanı neft bazasının əsas stansiyasının layihələndirilməsi" və Yuliya Jirenkova "Daşgil neft bazasının çənlər parkının istismarı" mövzularında diplom işlərini uğurla müdafiə etdilər. Maraqlı və diqqət çəkən məqamlardan biri ondan ibarət idi ki, tələbələr dünya elminin naliyyətlərini və müasir texnologiyaları ətraflı öyrəndikləri üçün onların ölkəmizin neft və qaz sənayesində tətbiqi barədə də təkliflər irəli sürür və onları əsaslandırırdılar. Məsələn, tələbə Elvin Salmanov indi qabaqcıl dünya ölkələrində magistral neft kəmərlərinin əksəriyyətinin xüsusi texnologiya ilə hazırlanmış plastik borulardan çəkildiyini və Azərbaycanda da bu texnologiyadan istifadənin sərfəli olacağını bildirdi.
Elmi Şuranın rəhbəri Aydınbay Amanov tələbələrin akademik biliyi ilə yanaşı istehsalat təcrübəsinin də çox mühüm rol oynadığını bildirərək dedi:
- Tələbələrimiz istehsalat təcrübəsinə təhsil proqramının məcburi tələbi kimi deyil, mühüm tərkib hissəsi kimi baxmalıdırlar. Bu gün bir daha şahidi olduq ki, istehsalat təcrübəsi prosesində daha fəal olan, öyrənməkdə maraqlı olan tələbələr diplom müdafiələrində nə qədər sərbəst və cəsarətli olurlar. Belələri şirkət və müəssilələr üçün də hazır kadrlardır. Onlar istehsal prosesinə daha tez adaptasiya olunur və karyeralarında da uğur qazanırlar.
Bir vacib məsələni unutmaq olmaz ki, istehsal prosesində insanaların həyatı və sağlamlığı ən önəmli məsələlərdəndir. Bizim işdə mühəndisin səhv etməyə haqqı yoxdur. Ona görə də texnikanın incəliklərini, sənaye texnologiyalarını dərindən öyrənmək lazımdır.
Neft kəmərləri idarəsinin rəisi Zöhrab Quliyev də öz növbəsində qeyd etdi ki, ulu öndər Heydər Əliyev neft strategiyasında yerli mütəxəssislərə, neftçi alimlərə böyük ümid bəsləyirdi və neftçilərimiz də bu ümidi doğrultdular. Görkəmli neftçilər nəslinin davam etməsi üçün biz istehsalçılar da üzərimizə düşən vəzifələri yaxşı bilirik. Neft Akademiyasının rəhbərliyi istənilən məqamda bizim dəstəyimizə arxalana bilər. Biz özümüz də maraqlıyıq ki, ali təhsili başa vuran tələbələr bizə iş üçün müraciət edəndə, artıq onlar istehsalat təcrübəsindən tanıdığımız kadrlar olsunlar. Qərara gəlmişik ki, hətta yay tətili dövründə, elə diplomqabağı istehsalat təcrübəsi zamanı tələbələri öz ixtisaslarına uyğun işə qəbul edib, onlara əmək haqqı da ödəyək.
İdarənin baş mühəndisi Şamil Cəfərov da diplom işlərini uğurla müdafiə edən tələbələrə tövsiyələrini bildirərək dedi:
- Tələsmək yox, hər şeyi mükəmməl öyrənmək lazımdır. Akademik təhsil yaxşı mütəxəssis olmağın yarısıdır. Kamil mütəxəssis olmaq üçün istehsalatda öyrənmək, təcrübə qazanmaq lazımdır. Diplomqabağı təcrübə xüsusilə böyük əhəmiyyət daşıyır. Bu iki cəhətdən vacib sayılır. Birinci, tələbə real işdə 4 il ərzində qazandığı bilikləri təcrübədə tətbiq etməyə çalışır. İkinci, əldə etdiyi nəticələrlə diplom işi yazır. Ona görə ali məktəblər də bu işə ciddi yanaşmalıdırlar. Biz çox sevinirik ki, yaşı bir əsri haqlamış bir ali təhsil ocağı, başda hörmətli akademikimiz Siyavuş Qarayev olmaqla bu işə xüsusi önəm verir.
ADNA-nın "Dəniz-neft-qaz qurğuları" ixtisası üzrə daha üç tələbəsinin diplom işi isə "Neftqazelmitədqiqatlayihə" İnstitutunda müdafiəyə çıxarıldı. Elmi Şuranın sədri "Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktorunun müşaviri professor Fazil Məmmədov və ADNA-nın "Neftin, qazın nəqli və saxlanması" kafedrasının professor-müəllim heyəti ilə yanaşı ARDNŞ-in "Azəriqaz" QSC-nin rəhbər mühəndis və texnoloqları da müdafiədə iştirak edirdilər.
Tələbələrdən Emil Məhərrəmovun "Qaradağ yeraltı qaz anbarının istismarı", Vüsal Əkbərovun "N.Nərimanov adına NQÇİ-nin kompressor stansiyasının layihələndirilməsi" və əcnəbi tələbə Kahya Ziyanın "Magitstral qaz kəmərində hidrata qarşı inqibitor sərfinin təyini" mövzularında diplom işlərinin müdafiəsi canlı diskussiya şəraitində keçdi.
Professor Fazil Məmmədov qeyd etdi ki, bu gün dövlətin qarşısında duran başlıca məsələlərdən biri əməyin istehsal gücünün artırılmasıdır. Başqa cür modernləşməni bütün istehsal cəbhəsi boyu işə salmaq mümkün olmayacaq. Bu isə yüksək ixtisaslı kadrlar olmadan çətin ki, mümkün olsun. Belə kadrlar isə yalnız texniki təhsil verən ali məktəblərlə istehsal müəssisələrinin birgə fəaliyyəti nəticəsində yetişir. Bu mənada Azərbaycan Dövlət Neft Akademiyasının təcrübəsi çoxlarına nümunə ola bilər. Çünki onların fəaliyyətinin əsas məramı ölkəmizin trendinə çevrilən modernləşmə fonunda aktuallaşan texniki kadrların yüksək hazırlığıdır.
Müdafiə bitdikdən sonra ADNA-nın "Neftin, qazın nəqli və saxlanması" kafedrasının müdiri, texnika elmləri doktoru, professor Hüseynbala Mirələmov qəzetimizə qısa müsahibəsində dedi:
- Adama elə gəlir ki, "kadrlar hər şeyi həll edir" fikri dünyanın özü qədər köhnə və qədimdir. Yalnız indi XXI əsrin əvvəlində o nəsə başqa, yeni bir forma alır.
Baxın, dəyərini ödədiyimiz hər bir şey insan əli ilə yaradılıb. Meşədəki ağaclar, yerin dərin qatlarındakı neft, qaz, daş kömür, dəmir filizi və s. - bunların heç birinin iqtisadi nöqteyi-nəzərdən dəyəri yoxdur. Biz ağacdan düzəlmiş mebeli alanda, neftdən alınan benzini avtomobilin çəninə dolduranda, böyük sayda insan əməyinin dəyərini ödəyirik. Bu təbii sərvətləri əldə edən, çıxaran, onları bizim aldığımız formaya salan və bizə çatdıran tamamilə müxtəlif peşə sahiblərinin - insan əməyinin dəyəridir.
Yəni, yalnız insan əməyinin dəyəri var. Çünki, yalnız həmin "kadrların", "heyətin", "işçilərin" əməyi dəyər yaradır. Bu mənada kadrlar təkcə hər şeyi həll etmir, həm də hər şeyi yaradır. Ona görə də iqtisadiyyatda yeganə və başlıca dəyər - kadrlardır.
Dünyanın bir çox məşhur şirkətləri bu gün çox fəal şəkildə tədris mərkəzləri ilə əməkdaşlıq edirlər. Bu, bizim çox tez-tez eşitdiyimiz və dünya mətbuatında oxuduğumuz istedadlar uğrunda müharibə adlanır.
- Tələbələrin istehsalat təcrübəsinə cəlb olunması və hətta bu dövrdə onlara əmək haqqının ödənilməsini müəyyən mənada, müəssisələrin özləri üçün kadr seçimi kimi də dəyərləndirmək olarmı?
- Doğrudur, istehsalat təcrübəsinə gələn tələbələrin həmin dövrdə əməkhaqqı ilə təmin olunması çox vacib məsələdir. Ancaq təcrübəyə qazanc əldə etmək vasitəsi kimi deyil, təhsil prosesinin davamı kimi baxmaq lazımdır.
Təsadüfi deyil ki, xarici ölkələrdə böyük şirkətlərə istehsalat təcrübəsinə gələn tələbə tyutora- yəni ustaya təqdim olunur. İnkişaf etmiş Qərb Universitetlərində tələbələrin təkcə akademik hazırlığına cavabdeh olan elmi rəhbəri deyil, həm də bilik və bacarığını təcrübədə tətbiq etməyə kömək edən tyutoru olur.
Ali məktəblə istehsal müəssisələri arasındakı bu əlaqə tələbələrin təhsillərini başa vurandan sonra dərhal işlə təmin olunmasına kömək edir. Təcrübə imkan verir ki, tələbə akademik təhsilə, biliyə istehsal keyfiyyətlərini əlavə etsin. Çünki bu əmək bazarında ona uğur gətirən əsas amil olur.
Digər bir tərəfdən istehsal təcrübəsi tələbəyə gələcək peşəsini real işdə tanımağa, onu dərk etməyə bir vasitə olur və bu da məzuna nəyin ona uyğun olub-olmadığını seçməkdə yardım edir.
Amma sosial sifarişə gəldikdə isə, elə düşünürəm ki, ali məktəb təkcə iş verən şirkətlərin qısamüddətli tələblərinə istiqamət götürə bilməz. Unutmaq olmaz ki, universitetlər, xüsusilə də bizim Neft Akademiyamız ilk növbədə fundamental akademik təhsil verir.
P.S. Elə bilirəm ki, bu yazı bir qrup tələbənin son sınağı - diplom işinin müdafiəsindən hazırlanan jurnalist qeydləri yox, həm də istehsalat təcrübələrinin kadr hazırlığında oynadığı çox mühüm mərhələnin təhlilinə həsr olunmuş bir məqalə oldu. Bəzən gənc, şıltaq tələbələrin, bəzən də təhsil müəssisələrinin barmaqarası baxdığı bu vacib məsələyə xüsusi diqqət yetirmək vaxtı çatıb. ADNA-da bunun fərqinə vardıqları üçün onun vaxtını heç zaman ötürmürlər. Ona görə də bu qocaman təhsil ocağının hazırladığı kadrların sorağı Azərbaycana həmişə başucalığı gətirir.

{nl}

İlqar RÜSTƏMOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında