Bakı Şəhəri üzrə Təhsil İdarəsi AXC-nin 100 illik yubileyini qeyd etdi

Dünən Heydər Əliyev adına İdman Sarayında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış ziyalılar, ali məktəb rektorları, Təhsil Nazirliyinin nümayəndələri, BŞTİ-nin müvafiq struktur bölmələrinin rəhbərləri, rayon icra hakimiyyətlərinin başçıları, ümumtəhsil müəssisələrinin direktorları, təhsil ekspertləri, şagirdlər və müəllimlər iştirak edirdilər.

Tədbirin təşkilində məqsəd gənc nəslə cümhuriyyətin tarixini daha əyani şəkildə təqdim etmək, dövlətçilik ənənələrimizlə bağlı maarifləndirmə işini gücləndirmək, xüsusi istedada malik yaradıcı məktəbliləri ictimaiyyətə tanıtmaq, onlarda özünə inam, Vətənə məhəbbət, dostluq, birlik, humanistlik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini tərbiyə etmək idi.

Çoxsaylı təhsil işçiləri və şagirdlər qarşısında çıxış edən təhsil naziri Ceyhun Bayramov iştirakçıları AXC-nin 100 illiyi münasibətilə təbrik edərək bildirdi ki, Prezident İlham Əliyev tərəfindən 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib. Onun sözlərinə görə, “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində təşkil olunan tədbirlər gənclərə doğma respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrətmək və sərbəst düşüncə tərzini formalaşdırmaq baxımından yüksək əhəmiyyətə malikdir. Belə ki, AXC-nin 23 aylıq fəaliyyəti dövründə bütün istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də əhəmiyyətli işlər görülüb. Ölkədə savadsızlığın aradan qaldırılması, milli müəllim kadrlarının yetişdirilməsi, Avropaya inteqrasiya sahəsində böyük addımlar atılıb. 100 nəfər gənc Avropa ölkələrinə ali təhsil almağa göndərilib. Azərbaycan ikinci dəfə dövlət müstəqilliyinə qovuşduqdan sonra isə ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev ölkədə təhsilin inkişafı üçün nəhəng işlər görüblər.

Sonra xalqımızın çoxəsrlik dövlətçilik tarixindən, 1918-1920-ci illərdə mövcud olmuş AXC-nin fəaliyyətindən, XX əsrin sonlarında ölkənin öz müstəqilliyini yenidən bərpa etməsindən sonra ulu öndər Heydər Əliyevin həyata keçirdiyi inkişaf strategiyasından, ümummilli liderin əsasını qoyduğu tərəqqi yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın respublikamızın inkişafındakı rolundan bəhs edən videoçarxlar nümayiş etdirildi.

Tədbirdə, eyni zamanda, 2017-2018-ci tədris ilində paytaxt təhsilinin uğurları haqqında məlumat verildi, parlaq nailiyyətləri ilə fərqlənən şagirdlər təqdim olundu. Konsert proqramında şagirdlər Azərbaycanın müasir dövlətçilik tarixi haqqında şeirlər səsləndirdi, vətənpərvərlik mövzusunda mahnılar oxudu və ədəbi-bədii kompozisiyalar
nümayiş etdirdilər.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında