UNEC-in inkişaf strategiyasının əsasını ulu öndərin tövsiyələri təşkil edir

Mayın 3-də UNEC-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Heydər Əliyev və Azərbaycan ali iqtisad təhsili” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

Öncə konfrans iştirakçıları ulu öndərin büstünü ziyarət edərək, önünə gül dəstəsi düzüb, ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər. UNEC-in tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.

Dövlət himni səslən-dirildikdən sonra UNEC-in rektoru, professor Ədalət Muradov “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində qəbul edilən dövlət proqramları və strategiya sayəsində təhsilin bütün pillələrində ciddi nailiyyətlər əldə edildiyini bildirib. UNEC-in Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olduğunu diqqətə çatdıran rektor, UNEC-in inkişaf strategiyasının əsasında ulu öndərin tövsiyələrinin dayandığını diqqətə çatdırıb.

UNEC-in Şimali Amerika və Qərbi Avropanın tanınmış universitetləri ilə bir sırada dayanmağı qarşısına məqsəd qoyduğunu bildirən rektor, 20 minə yaxın tələbə kontingenti olan bu ali təhsil ocağının orta müddətdə həmin rəqəmi 35 minə çatdırmaq istiqamətində görülən işlərdən bəhs edib. “Bu, həm də qarşımızda keyfiyyətli təhsilin təmin edilməsi vəzifəsini qoyur”, deyən rektor ali iqtisadi təhsil bazarında ədalətsiz rəqabət riski olduğunu diqqətə çatdırıb. O, bu rəqabəti təmin etmək üçün ali təhsil müəssisələrinə tədris standartlarının hazırlanmasında müstəqillik verilməsini qaçılmaz adlandırıb.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Ə.Muradovun səsləndirdiyi təklifləri dəstəklədiyini bildirərək, ali iqtisad təhsilinin keyfiyyətinin artırılmasının Azərbaycan iqtisadiyyatının inkişafında ciddi rol oynayacağını qeyd edib. İqtisad elminin Azərbaycanın inkişaf strategiyasında əhəmiyyətindən bəhs edən akademik iqtisadçı kadrların hazırlığında yeni tədris texnologiyalarının vacibliyini qaçılmaz adlandırıb, UNEC-in bu istiqamətdə çox uğurlu addımlar atdığını bildirib.

Regionlarının inkişafında yeni mərhələdən bəhs edən AMEA-nın müxbir üzvü, akademik Əli Nuriyev bu sahədə əldə olunan nailiyyət və pespektivlərdən danışıb. O, milli iqtisadiyyatın inkişaf göstəricilərinin təmin olunmasında regionların inkişafı ilə bağlı həyata keçirilən xüsusi dövlət proqramlarına diqqət çəkərək, regional siyasətdə ali təhsilli iqtisadçı kadr hazırlığının əsas faktorlardan olduğunu vurğulayıb.

UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, professor Damət Bağırov “Heydər Əliyev: Azərbaycan ali iqtisad təhsilinin dünəni, bu günü və sabahı” mövzusunda məruzə ilə çıxış edib. Ümummilli liderin Azərbaycanın ali iqtisad təhsilinin qarşısına qoyduğu vəzifələrdən danışan prorektor, bu gün UNEC-də həyata keçirilən bütün yeniliklərin ulu öndərin tövsiyələri əsasında həyata keçirildiyini qeyd edib.

Konfrans işini bölmələrdə davam etdirib. Alim və gənc tədqiqatçılar ali təhsil sistemində innovasiya və sahibkarlıq fəaliyyəti, beynəlxalq təcrübə və meyllər, tədrisin keyfiyyəti və əhatəliliyi problemləri mövzuları ətrafında maraqlı çıxışlar ediblər.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında