Azərbaycan iqtisadiyyatı dinamik və davamlı inkişaf yolunda

2018-ci ilin yanvar ayında ölkədə ümumi daxili məhsul 2 faiz artıb

Son illərdə Azərbaycanda aparılan ardıcıl iqtisadi islahatlar və düşünülmüş daxili və xarici siyasət nəticəsində ölkəmiz Cənubi Qafqaz regionunun ən nüfuzlu dövlətinə çevrilib. İndi bir qayda olaraq Azərbaycan beynəlxalq təşkilatların keçirdikləri reytinqlərdə nəinki MDB dövlətlərini, hətta dünyanın bir sıra inkişaf etmiş ölkələrini geridə qoyur.  Ölkədə iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Məlum olduğu kimi, ­2014-cü ilin ikinci yarısında heç kimin gözləmədiyi halda, dünya bazarlarında neftin qiymətləri kəskin şəkildə aşağı düşdü. Neft gəlirlərinin qısa zaman kəsiyində belə azalması ölkə iqtisadiyyatının yenidən qurulması və onun qeyri-neft sektoruna davamlı şəkildə transformasiya olunması sahəsində bəzi problemlər yaratdı. Qiymətlər ətrafında baş verən proseslərin nə qədər davam edəcəyini müəyyənləşdirmək çətin idi və elə bu səbəbdən də Azərbaycan hökuməti ölkədə post-neft dövrünün başlandığını elan etdi. 2015-ci ilin son aylarından ölkədə azad sahibkarlığın inkişafını təmin edən və ona hər sahədə “yaşıl işıq” yandıran mühüm qərarlar qəbul olundu. Azərbaycan iqtisadiyyatının  bütün istiqamətləri üzrə hərtərəfli inkişafı nəzərdə tutan Strateji Yol xəritələri təsdiq olundu.

Nəticədə real sektorun bütün sahələrində inqilabi dəyişikliklər baş verdi. Ötən il iqtisadiyyatın qeyri-neft sektoru 2,7 faiz, sənayedə qeyri-neft sektoru 3,7 faiz, kənd təsərrüfatı 4,1 faiz, valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır. Bu ilin yanvar ayının göstəriciləri belə deməyə əsas verir ki, 2018-ci il Azərbaycanda sürətli inkişaf ili olacaq. Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, yanvar ayında ölkədə 6049,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 3,9 faiz artmış,
neft sektorunda isə 0,5 faiz azalmışdır.

Əlavə dəyərin 48,4 faizi sənayedə, 9,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 6 faizi tikinti, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə, 15,8 faizi  digər sahələrdə istehsal edilmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 618,5 manata bərabər olmuşdur. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar ayında 3,9 milyard manatlıq və ya əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 1,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,7 faiz artmış, neft sektorunda isə əvvəlki ilin yanvar ayının səviyyəsində qalmışdır.

Sənaye məhsulunun 75,9 faizi mədənçıxarma sektorunda, 19,1 faizi emal sektorunda, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Mədənçıxarma sektorunda neft hasilatı 0,2 faiz, əmtəəlik qaz hasilatı isə 5,9 faiz azalmışdır.

Emal sektorunda tütün məmulatlarının istehsalı 2,8 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 73,9 faiz, dəri və dəri məmulatları, ayaqqabı istehsalı 3,2 dəfə, poliqrafiya məhsullarının istehsalı 3,3 faiz, əczaçılıq məhsullarının istehsalı 3,1 dəfə, tikinti materiallarının istehsalı 22,2 faiz, hazır metal məmulatlarının istehsalı 81,5 faiz, mebel istehsalı 8 faiz artmışdır.

İstehsal edilmiş sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 fevral 2018-ci il tarixinə 523,6 milyon manatlıq hazır məhsul olmuşdur.

Dövlət Statistika Komitəsinin məlumatında vurğulanır ki, kənd təsərrüfatında yaz-tarla işlərinə hazırlıqla yanaşı,  yanvar ayında diri çəkidə 39,4 min ton ət, 151,1 min ton süd, 168,6 milyon ədəd yumurta, 9,5 min ton tərəvəz istehsal olunmuşdur. Ötən ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 3,4 faiz, süd istehsalı 0,6 faiz, yumurta istehsalı 16  faiz, tərəvəz istehsalı 1,6 dəfə artmışdır.

Keçən ilin yanvar ayı ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4,3 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 3,6 faiz, bitkiçilik məhsullarının istehsalı 33,5 faiz artmışdır.

Cari ilin yanvar ayında əsas kapitala 960,3 milyon manat məbləğində vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 801,9 milyon manatı və ya 83,5 faizi məhsul istehsalı obyektlərinin, 105,5 milyon manatı (11 faizi) xidmət sahələri üzrə obyektlərin, 52,9 milyon manatı (5,5 faizi) isə ümumi sahəsi 121 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 500,5 milyon manatını və ya 52,1 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 695,7 milyon manatı və ya 72,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar ayında 16,9 milyon ton yük və 143,7 milyon sərnişin daşınmışdır. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,3 faiz, sərnişin daşınması isə 1,6 faiz artmışdır. Yüklərin 57,6 faizi avtomobil, 31,1 faizi boru kəməri, 7,2 faizi dəmir yolu, 4 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınmışdır. Sərnişinlərin 86,8 faizi avtomobil, 12,9 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə mənzil başına çatdırılmışdır.

 İnformasiya və rabitə müəssisələri tərəfindən göstərilən 141,8 milyon manatlıq xidmətlərin 71,5 faizi əhali sektoruna aid olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar ayında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 16 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 80,3 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.

2018-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2794,6 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 737,5 milyon manatlıq ödənişli xidmət göstərilmişdir. Keçən  ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 2,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 1,3 faiz artmış, ticarət şəbəkəsində 1411,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1383,2 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri də nəzərə alınmaqla ötən ilin yanvar-dekabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 24257,6 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 15475,6 milyon dollarını və ya 63,8 faizini ölkədən ixrac olunmuş məhsulların, 8782 milyon dollarını (36,2 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 6693,6 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2016-cı ilin yanvar-dekabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 12,3 faiz artmışdır.

Ötən ilin yanvar-dekabr aylarında qeyri-neft məhsullarının ixracı 2016-cı ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 24,4 faiz, real ifadədə isə 22,2 faiz artaraq 1538,4 milyon dollar təşkil etmişdir.

Cari ilin yanvar ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 5,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 5,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,9 faiz artmışdır.

İlkin məlumatlarına əsasən, ötən il  muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2016-cı ilə nisbətən 5,7 faiz artaraq 528,2 manat təşkil etmişdir. Cari ilin yanvar ayında əhalinin gəlirləri nominal ifadədə 11,7 faiz artaraq 3882,3 milyon manata çatmışdır.

Maliyyə Nazirliyinin operativ məlumatlarına görə bu ilin yanvar ayında dövlət büdcəsinə 1393,1 milyon manat vəsait daxil olmuş, büdcədən 976,5 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında 416,6 milyon manatlıq profisit yaranmışdır. Mərkəzi Bankın məlumatlarına əsasən, 2018-ci il yanvar ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 11757,8 milyon manat təşkil etmiş, onun 9656,5 milyon manatı uzunmüddətli kreditlər olmuşdur. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 13,8 faizini təşkil etmişdir.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği cari ilin yanvar ayının 1-nə 7561,2 milyon manat təşkil etmişdir.  Yanvar ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,7001 manata, 1 avroya nisbətində isə  2,07 manata bərabər olmuşdur.

Statistika Komitəsinin məlumatında daha sonra bildirilir ki, ötən  ilin yanvar-dekabr aylarında ölkədə əhalinin sayı 88 min 104 nəfər və ya 0,9 faiz artaraq  9 milyon 898 min 85 nəfərə çatmışdır.

Hazırladı:
Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında