Son 14 il Azərbaycanın müasir tarixinə iqtisadi, sosial, siyasi və mədəni inkişafının dönüş mərhələsi kimi daxil olub. Bu dövr ərzində uğurla həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyat 3 dəfədən çox artıb, Azərbaycan dünyanın ən dinamik inkişaf yolu keçən iqtisadiyyatı kimi tanınıb, özünün nadir iqtisadi inkişaf modelini təqdim edib.
Ölkənin maliyyə imkanları tarixi maksimuma çatdırılıb. Azərbaycan Cənubi Qafqazın və ətrafın iqtisadi coğrafiyasını dəyişdirməyə qadir olan möhtəşəm layihələrin təşəbbüskarı missiyasını qətiyyətlə öz üzərinə götürüb.
Respublikamız regional iqtisadiyyatın lokomotivinə çevrilib, Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından biri kimi özünü təqdim edib, hazırda isə beynəlxalq Şərq-Qərb, Şimal-Cənub nəqliyyat qovşağı kimi məsuliyyətli vəzifəni layiqincə yerinə yetirməkdədir. Bütün bunların sayəsində təbii olaraq Azərbaycanın regional və dünya iqtisadiyyatında rolu və əhəmiyyəti xeyli yüksəlib.
Ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial siyasət nəticəsində insanların həyat şəraitinin yüksəldilməsi, rifahının yaxşılaşdırılması sahəsində möhtəşəm nailiyyətlər əldə edilib. Hər şeydən əvvəl yoxsulluq həddinin 50 faizdən 5 faizə endirilməsi, başqa sözlə, təxminən 10 dəfə azaldılması, 1 milyon 900 min yeni iş yerinin yaradılması kimi tarixi nailiyyətlər qeyd olunmalıdır. Bu müddət ərzində maaşlar orta hesabla 5 dəfə, pensiyalar 8 dəfə, əhalinin real gəlirləri orta hesabla 2,6 dəfə artıb.
Sosial infrastrukturun yenilənməsi sahəsində əldə olunan uğurlar, sözün həqiqi mənasında, möcüzə sayıla bilər. Belə ki, 2003-2017-ci illərdə 3100 məktəb tikilib və ya əsaslı surətdə təmir olunub, 642 xəstəxana istifadəyə verilib, 43 müasir idman kompleksi yaradılıb.
Məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 92 qəsəbə və yaşayış kompleksi, 48,3 min mənzil və ya fərdi ev tikilib, 245 min məcburi köçkün müasir mənzillərlə təmin olunub. Cari ildə isə 20 mindən çox məcburi köçkünün yaşayış şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub. Bu siyasətin davam etdirilməsi prioritet vəzifə kimi qarşıya qoyulub.
Ölkənin siması köklü surətdə yenilənib, modernləşmə Azərbaycanın müasir tarixinin fərqləndirici xüsusiyyətinə çevrilib. Bakı dünyanın ən gözəl şəhərlərindən biri kimi şöhrət qazanıb, bölgələrdə həyatın keyfiyyəti köklü surətdə dəyişdirilib. Əzəmətli
infrastruktur layihələrin miqyası inşa olunan 12,3 min kilometr müasir yollarda, 443 körpü və yol qovşağında, qazlaşdırmanın 93 faizə çatdırılmasında, əhalinin içməli su ilə təminatının 67 faizə yüksəlməsində ifadə olunur.
Hərtərəfli siyasi islahatlar ölkənin siyasi sisteminin təkmilləşməsini və müasir standartlara uyğunlaşmasını əsaslı surətdə təmin edib. İnsan hüquq və azadlıqları, o cümlədən siyasi azadlıqlar, söz və mətbuat azadlığı tam təmin edilib, idarəetmənin optimallaşdırılması və səmərəliliyinin artırılması sahəsində ciddi addımlar atılıb.
2016-cı ildə keçirilən referenduma əsasən, həyata keçirilən Konstitusiya islahatları, vitse-prezident institutunun yaradılması siyasi islahatların dərinləşməsi istiqamətində ən uğurlu addımlardan sayıla bilər. Bu islahatlar nəticəsində Azərbaycan dövlətinin daha qüdrətli və möhtəşəm görkəm alması haqlı olaraq xalqımızın qürur və iftixar mənbəyinə çevrilib. 2012-ci ildə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, mötəbər beynəlxalq təşkilatlarda respublikamızın layiqincə təmsil olunması, tam müstəqil xarici və daxili siyasət yürütməsi dövlətimizin gücünün və müstəqilliyinin ən bariz ifadəsidir.
Bu qüdrətin digər bir nümunəsi isə ordumuzun döyüş qabiliyyətinin heç zaman olmadığı qədər yüksəlməsi hesab edilməlidir. 2016-cı ilin Aprel döyüşlərində düşmənə endirilən sarsıdıcı zərbə, işğaldan azad olunaraq yenidən qurulan Cocuq Mərcanlı qəhrəman Azərbaycan Ordusunun döyüş şücaətinin unudulmaz səhifəsi, dövlətin uğurlu siyasətinin parlaq nümunəsidir.
Yeri gəlmişkən, Azərbaycanda
2014-2018-ci illərdə baş verən ən mühüm hadisələrə də qısa nəzər salaq. Xatırladaq ki, bu müddətdə köklü iqtisadi islahatlar icra edilib. Bölgələrin siması müasirləşib, həyata keçirilən tikinti, abadlıq-quruculuq işləri, yeni sənaye müəssisələrinin yaradılması, iş yerlərinin açılması ölkəmizin ümumi inkişafına böyük təkan verib, dövlətimizin qüdrətini artırıb, müstəqilliyimizi möhkəmləndirib. Respublikada reallaşdırılan nəhəng transmilli infrastruktur layihələri Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişib. Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri inşa edilib. Ceyranbatanda dünyanın ən böyük sutəmizləyici qurğusu tikilib. Bu qurğudan çıxan su keyfiyyətinə görə Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir.
Azərbaycanda böyük gəmiqayırma zavodu inşa edilib. Bu müəssisə hazırda bütün növ gəmilər istehsal edə bilmək gücündədir. Yeni istifadəyə verilən Ələt Dəniz Ticarət Limanı isə Xəzər hövzəsində ən böyük beynəlxalq dəniz ticarət limanıdır.
Bölgədə, Avrasiyada nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində son illərdə ən önəmli layihə olan Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin tikintisi iqtisadiyyata böyük valyuta axınını təmin edib.
“ASAN xidmət” kimi Azərbaycan brendi dünyaya təqdim edilib və bu, beynəlxalq miqyasda yüksək qiymətləndirilib. Mənzil İnşaatı Dövlət Agentliyinin – MİDA-nın fəaliyyətə başlaması ilə vətəndaşların sosial evlərlə təminatı məsələsi də öz həllini tapıb.
Sənaye istehsalı ilə bağlı mühüm tədbirlər həyata keçirilib. Sumqayıt Kimya Sənaye Parkında onlarla müəssisə işə salınıb. Adıçəkilən parkda hazırda rezidentlərin sayı on beşə çatıb və qoyulan sərmayənin həcmi 2,7 milyard dollar təşkil edib.
Nəhayət, Azərbaycanda 2014-2018-ci illərdə əldə edilən bəzi ən mühüm göstəricilərə də diqqət yetirək. Belə ki, son 14 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilib. Bu stansiyaların generasiya gücü 2500 meqavata bərabərdir. Bu il həmin rəqəm 2900 meqavata çatacaq. 2004-cü ilə qədər isə Azərbaycanda bütün dövrlər ərzində 9 elektrik stansiyası tikilib.
2004-cü ildə respublikamızda qazlaşdırmanın səviyyəsi 51 faiz idi. Hazırda Azərbaycanda qazlaşdırma 93 faizə çatıb. Bütün şəhərlərimiz qazla 100 faiz təmin edilib.
2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz idi, hazırda bu 67 faizə çatıb, Bakı şəhərində 81, bölgələrdə isə 43 faizdir.
Son 14 il ərzində 4 su anbarı - Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları tikilib.
2004-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollar idi. Bu gün isə valyuta ehtiyatları 42 milyard dollara bərabərdir. On dörd il ərzində valyuta ehtiyatları 23 dəfə artıb.
Ölkə iqtisadiyyatına 14 il ərzində 231 milyard dollar sərmayə qoyulub. Bunun yarısı xarici, yarısı isə daxili sərmayədir. Adambaşına düşən sərmayənin həcminə görə Azərbaycan yenə də dünya miqyasında lider dövlətlər arasındadır.
Müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi son 14 il ərzində qoyulub.
Biznesin inkişafı üçün əlverişli şəraitin yaradılması istiqamətində son 14 ildə ciddi addımlar atılıb. Sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib.
Azərbaycan kosmik dövlətə çevrilib. Bunu hələ bir neçə il bundan əvvəl təsəvvür etmək belə çətin idi. Hazırda Azərbaycanın iki peyki var: telekommunikasiya və əraziləri müşahidə peykləri. Üçüncü peyk isə bu il orbitə buraxılacaq. Respublikamız dünyanın məhdud olan kosmik klubunun üzvüdür.
Son 14 ildə yeddi aeroport tikilib. Onlardan altısı beynəlxalq aeroportdur. Birinci regional proqram qəbul olunana qədər respublikamızda bir beynəlxalq aeroport var idi – Bakı aeroportu. Digər aeroportlar yerli əhəmiyyətli aeroportlar idi. Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala - altı beynəlxalq aeroport, bir də Yevlax aeroportu yenidən qurulub. Bu gün onlar fəaliyyət göstərir və beynəlxalq reyslər təşkil olunur.
Yeri gəlmişkən, sözügedən dövrdə regionların tarazlı və yüksək inkişafı Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasətin başlıca istiqamətlərindən biri olub. Təsadüfi deyil ki, 2004-cü ildən başlayaraq ölkəmizdə regionların inkişafı ilə bağlı mühüm dövlət proqramları icra edilir. Bunun da nəticəsində ötən müddətdə regionların sosial-iqtisadi inkişafında ciddi dönüşə nail olunub, bölgələrdəki mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi insanların həyat şəraitinin və rifahının yüksəlməsinə gətirib çıxarıb.
Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi yolu ilə iqtisadiyyatın şaxələndirilməsinə, əhalinin rifah halının yaxşılaşdırılmasına xüsusi önəm verən ölkə Prezidenti İlham Əliyev regionların sürətli inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır, müntəzəm olaraq bölgələrə səfər edir. Həmin səfərlər çərçivəsində yerlərdə görülmüş işlərlə yaxından tanış olan dövlət başçısı sakinlərin də rəyini nəzərə alır, onları narahat edən məsələlərin həlli ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirir.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın fevralın 27-də Mingəçevir şəhərinə səfərləri də bunun bariz ifadəsidir. Həmin səfər çərçivəsində Mingəçevir Su Elektrik Stansiyasının, su təchizatı sisteminin yenidənqurmadan sonra istismara verilməsi, Mingəçevirin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin işə salınması, Mingəçevir-Bəhramtəpə yolunun 26 kilometrlik hissəsinin istismara
buraxılması, habelə “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin fəaliyyətə başlaması və “ASAN həyat” kompleksinin açılışı deməyə əsas verir ki, təkcə adıçəkilən bu şəhərdə deyil, eyni zamanda, bütün ölkədə ötən 14 il ərzində xalqın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq əməli-praktik addımlar atılıb, həyata keçirilən siyasətin təməlində Azərbaycan vətəndaşının maraqları dayanıb, ölkəmizin daha da gücləndirilməsi, dövlətimizin qüdrətinin artırılması, müstəqilliyimizin möhkəmləndirilməsi əsas strateji məqsəd və vəzifə kimi diqqət mərkəzində saxlanılıb.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.