Saxta sənaye və mühərrik yağları istehsalının qarşısının alınması istiqamətində əməli tədbirlər görülməlidir

Bu gün AMEA-da sənaye və mühərrik yağları sahəsində tədqiqatlarla, yüksək keyfiyyətli yağların əldə edilməsi istiqamətində 4 elmi müəssisə – Neft Kimya Prossesləri, Aşqarlar Kimyası, Qeyri-üzvi Kimya və Polimer Materialları institutları fəaliyyət göstərir. Bu qurumların elmi potensialı əsas etibarilə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin nəticəsi olaraq keyfiyyətli yağların əldə edilməsinə istiqamətlənib. 

Bu barədə məlumatı AMEA Yüksək Texnologiyalar Parkının (YTP) direktoru,  aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev verib. Onun sözlərinə görə, 2013-2018-ci illərdə AMEA-da bu istiqamətdə yerinə yetirilən innovativ layihələr çərçivəsində elmtutumlu istehsalın gücləndirilməsi, sənayedə elmin rolunun artırılması və bir sıra strateji əhəmiyyətli məhsulların respublikaya idxalının qarşısı alınaraq onların elmi əsaslarla yerli istehsalı təşkil edilib.

Qısa müddət ərzində alim və mütəxəssislərin iştirakı ilə “AMEA Təcrübə Sənaye Zavodu” MMC-də onlarla yeni adda sürtkü materiallarının yerli xammal əsasında xarici analoqlarını bir çox əsas göstəricilərinə görə üstələyən yeni nəsil sürtkü materiallarının istehsalına başlanılıb. TSZ “Ekstremal aşağı temperatur şəraitində işləyən sürtkü materiallarının alınması üsuluna və “Yüksək sürətli lokomotivlərin dartı reduktorlarında işlədilən yarımmaye sürtkü materialının alınması üsulu”na aid patentlər alıb. Zavodda 2013-2018-ci illər ərzində bir sıra yeni məhsulların istehsal texnologiyaları mənimsənilib, normativ-texniki sənədləri işlənib hazırlanıb və həmin məhsulların kütləvi istehsalına başlanılıb.

Son bir il ərzində respublikada sənaye və mühərrik yağları istehsal edən bir neçə müəssisə fəaliyyətə başlayıb və qısa müddətdə onlarla çeşiddə strateji əhəmiyyətli məhsul istehsal edilərək satışa çıxarılıb. Bu, ölkəmizdə iqtisadiyyatın inkişafı üçün ilk baxışdan yaxşı göstərici hesab edilir. Lakin yalnız normativ-texniki sənədlər və resepturlar əsasında geniş laboratoriya-stend sınaqları ilə məhsulların keyfiyyəti yoxlanıldıqdan sonra və alınan müsbət rəyə uyğun olaraq onların kütləvi istehsalına icazə verilməlidir.

Hazırda bu prosedurların həyata keçirilməsi icbari xarakter daşımadığı üçün yeni yaranmış irili-xırdalı yerli müəssisələrin təklif etdikləri yağların keyfiyyəti alıcılarda haqlı olaraq narazılıqlar yaradır. Respublikamızda yağların istehsalı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsulların keyfiyyətinə obyektiv nəzarəti təmin etmək məqsədilə müvafiq texniki komitə və ya elmi-ekspertiza şurasının yaradılmasına ciddi ehtiyac vardır.

Ölkəmizdə sənaye və mühərrik yağlarının keyfiyyətinə nəzarət etmək hüququna malik akkreditasiya edilmiş nadir laboratoriyalardan biri də AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “AMEA Təcrübə-Sənaye Zavodu” MMC-yə məxsusdur. Görülən bütün bu işlər Azərbaycanda artıq ciddi problemə çevrilmiş saxta  və keyfiyyətsiz sənaye və mühərrik yağlarının istehsalının qarşısının alınmasına yönəlib.

Əlipənah BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında