Ötən il Azərbaycanın xarici iqtisadi əlaqələri daha da genişlənib

Azərbaycan bu gün ayrı-ayrı ölkələrlə ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verir. Son illərdə bu sahədə müsbət nəticələr əldə edilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlər müəyyənləşdirilib. Prezident İlham Əliyevin xarici dövlətlərə səfərləri, eləcə də Azərbaycanın və tərəfdaş ölkələrin müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı görüşləri bu işə güclü təkan verib. 

Diqqətəlayiq haldır ki, respublikamızın beynəlxalq əlaqələrinin coğrafiyası da ildən-ilə genişlənir. Ölkəmiz təkcə Avropa və Asiya ölkələri ilə deyil,  həm də Latın Amerikası, Mərkəzi Amerika və Afrika dövlətləri ilə ikitərəfli əməkdaşlığa xüsusi diqqət yetirir.

Azərbaycanda aparılan islahatlar, sosial siyasət, həyata keçirilən infrastruktur layihələri və digər zəruri tədbirlər düzgün, düşünülmüş strategiyaya əsaslanır, ölkəmizin davamlı inkişafına və həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Respublikamızda mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılan münbit şərait, ən başlıcası isə Azərbaycanın yerləşdiyi əlverişli coğrafi şərait nəticəsində xarici ticarət əlaqələrinin həcmi və miqyası getdikcə artır.

Azərbaycan hökuməti yerli sahibkarları kreditlə təmin etməklə bərabər, xarici sahibkarları da Azərbaycan iqtisadiyyatına kapital qoyuluşuna maraqlandırır. Bu məqsədlə artıq ölkəmizdə qanunvericilik bazası dünya standartlarına uyğunlaşdırılıb. Nəticədə xarici şirkətlərdə Azərbaycana inam güclənib. Məhz elə buna görə də hazırda  Azərbaycan MDB məkanında ən çox xarici kapital qoyulan ölkəyə çevrilib. Bu,  beynəlxalq təşkilatların  Azərbaycana dair hesabatlarında da öz təsdiqini tapıb. Başqa sözlə, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycandakı əlverişli investisiya mühitinin təsdiqi ölkəmizə daha çox xarici kapitalın cəlb olunmasına imkan yaradır.

Son vaxtlar Azərbaycanın qeyri-neft məhsullarının xarici bazarlara ixrac imkanlarının daha da genişləndirilməsi  məqsədilə mühüm işlər görülüb. Belə ki,  qanunvericilik bazası təkmilləşdirilib, ixrac mallarının istehsalı stimullaşdırılıb, ixracın infrastruktur təminatı yaxşılaşdırılıb. Sənaye şəhərciklərinin, potensial ixrac bazarı ölkələrində Azərbaycan ticarət evlərinin yaradılması sözügedən istiqamətdə görülən mühüm işlər sırasındadır.

Azərbaycan məhsulları xarici ölkələrdə təşkil olunan sərgilərdə də uğurla nümayiş etdirilir və böyük maraqla qarşılanır. Son vaxtlar Almaniyanın Berlin, Fransanın Leql, Belçikanın Brüssel, Rusiyanın Moskva və Həştərxan şəhərlərində keçirilən sərgilərdə ölkəmiz geniş çeşidli məhsullarla təmsil olunub.

2017-ci ildə ölkə iqtisadiyyatına qoyulmuş 14,6 milyard dollar sərmayənin təxminən 50 faizi xarici investisiyaların payına düşür.

Ötən il Azərbaycanda qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin təxminən 900-ü xarici investisiyalı şirkətlər olub. Son 13 ildə ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin sayı 7 mini ötüb. Həmin şirkətlərin daha çox maraq göstərdikləri sahələr sənaye, tikinti, nəqliyyat, ticarət, turizm və xidmət sektorlarıdır.

Xarici şirkətlərin 32,1 faizi Türkiyəyə məxsusdur. Rusiya, Böyük Britaniya, ABŞ və Fransaya məxsus investisiyalı müəssisələrin sayı da az deyil. Koreya Respublikası, Yaponiya, İran, Belarus, Litva, Latviya, İtaliya və digər ölkələrin şirkətlərinin sayında son vaxtlar artım qeydə alınıb. Həmin şirkətlər Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə, qeyri-neft sənayesində podratçı, subpodratçı qismində də fəal iştirak edirlər.

2017-ci ildə Azərbaycandan 1 milyard 540 milyon ABŞ dolları məbləğində qeyri-neft məhsulları ixrac olunub.

Qeyri-neft ixracı sahəsində qida məhsullarının payı 40 faizdən çox, təxminən 650 milyon dollar civarındadır. Azərbaycanın qida məhsulları təkcə MDB ölkələrinin bazarlarına deyil, yeni bazarlara, o cümlədən Şərqi Asiya, Avropa İttifaqı və Körfəz ölkələrinə, Çinə, Afrika qitəsinə də ixrac olunur.

Azərbaycan Respublikasının Prezidenti son 10 ildə Avropa İttifaqı ölkələrinə 6 rəsmi səfər edib. Azərbaycan və Aİ arasında Tərəfdaşlıq və Əməkdaşlıq, Şərq Tərəfdaşlığı Təşəbbüsü, Viza və Readmissiya haqqında sazişlər imzalanıb, Avropa Qonşuluq Siyasəti çərçivəsində fəaliyyət planı təsdiq edilib. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2017-ci ilin 11 ayında Azərbaycanın xarici ticarətində Avropa İttifaqı ölkələrinin payı 41 faiz təşkil edib. Avropa İttifaqı ölkələri tərəfindən 2012-ci ildən Azərbaycana təqribən 15 milyard ABŞ dolları həcmində investisiya yatırılıb. Azərbaycanda Avropa İttifaqı ölkələrinin 1400-dən çox şirkəti fəaliyyət göstərir.

Avropa İttifaqının 24 üzv ölkəsi ilə Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılması, 17-si ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər, 9 üzv ölkə ilə Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalanıb, 16 üzv dövlətlə Hökumətlərarası Komissiya və İşçi Qrupu fəaliyyət göstərir.

Bu il fevralın əvvəlində Azərbaycan nümayəndə heyəti Çinə səfər edəcək və səfər zamanı ölkəmizin tranzit imkanlarına dair təqdimat keçiriləcək. Bundan başqa, mart ayında Brüsseldə Avropa İttifaqı ilə keçiriləcək görüşlərdə Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı ilə 2017-ci ildə Bakıda keçirilmiş görüşün nəticəsi olaraq müzakirələr davam etdiriləcək, Avropa İttifaqına üzv ölkələrin investisiyalarının Azərbaycana cəlb edilməsi və Azərbaycan məhsullarının güzəştli şərtlərlə Avropa bazarlarına daxil olması, nəqliyyat və yükdaşıma sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək, beynəlxalq nəqliyyat layihələri təşviq olunacaq.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında