Regionların sürətli və tarazlı inkişafı ölkəmizin iqtisadi qüdrətini artırır

Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlət proqramları uğurla icra olunur. Bugünlərdə Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın dördüncü ilinin yekunlarına həsr olunan konfransda ölkə Prezidenti cənab İlham Əliyev son 14 il ərzində görülən işlər barədə ətraflı danışdı və post-neft dövründə iqtisadiyyatın diversifikasiyası ilə bağlı prioritetləri müəyyənləşdirdi.

 Ən əvvəl onu qeyd etmək lazımdır ki, regionların proqram təminatlı inkişafa keçidi tarixi hadisə idi və 2004-cü ilin əvvəllərində qəbul edilmiş ilk proqram Azərbaycanın bölgələrinin sosial-iqtisadi  inkişafı istiqamətində əsl dönüş yaratdı. Regionların tarazlı və sürətli inkişafı ilə bağlı qəbul edilmiş üç dövlət proqramının icrası nəticəsində ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artmış, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Bütün mötəbər beynəlxalq qurumların reytinqlərində Azərbaycan ön mövqelərdə qərarlaşmışdır.

 Ölkəmizdə təhlükəsizlik, əmin-amanlıq və sabitlik təmin edilmişdir. Məlumdur ki, davamlı inkişafın da əsasında məhz bu mühüm amillər dayanır.  Yaradılmış  sabitliyin nəticəsidir ki, son 14 il ərzində Azərbaycanda 30 elektrik stansiyası tikilmiş, təbii qazla təminat 93 faizə çatdırılmışdır. Əgər 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat cəmi 26 faiz idisə, hazırda bu rəqəm 67 faizə çatdırılıb. Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri inşa edilib, Ceyranbatanda dünyanın ən böyük sutəmizləyici qurğularından biri tikilib. O cümlədən, kənd təsərrüfatının inkişafı üçün zəruri olan su təminatının yaxşılaşdırılması məqsədilə Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları istifadəyə verilib.

Post-neft dövrünün prioritet istiqaməti kimi dəyərləndirilən nəqliyyat sektorunda nəhəng işlər görülüb, ən ucqar qəsəbələrə belə  rahat yollar çəkilib. 14 ildə ölkə üzrə 12 min 300 kilometr müasir avtomobil yollarının çəkilişi, 400-dən çox yol-ötürücü qurğuların tikintisi təmin edilib. Sübut olunmuş həqiqətdir ki, nəqliyyat sektorunun inkişafı həm də regional və ümumi iqtisadi tərəqqi baxımından çox önəmlidir. 

Ölkəmizdə ardıcıl və düşünülmüş şəkildə həyata keçirilən layihə və proqramların nəticəsidir ki, son 14 il ərzində iqtisadiyyatımız 3,2 dəfə, o cümlədən  qeyri-neft iqtisadiyyatımız 2,8 dəfə artmışdır. Konkret sahələrə gəldikdə isə sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə, qeyri-neft ixracında 4,1 dəfə artım qeydə alınmışdır. 2004-cü ildə valyuta ehtiyatlarımız cəmi 1,8 milyard dollar olduğu halda, hazırda  42 milyard dollara çatdırılmışdır. Bu da 14 il ərzində valyuta ehtiyatlarının 23 dəfə artması  deməkdir. Ölkə Prezidenti cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi,  valyuta ehtiyatları  həm böyük sərvətdir, həm də  iqtisadi müstəqillik üçün müəyyən bir qarantdır.

Regional inkişafın prioritet kimi seçilməsi və ölkədə əlverişli sosial-iqtisadi sabitliyin təmin olunması sayəsində 2004-cü ildən bəri ölkə iqtisadiyyatına 231 milyard dollar həcmində sərmayə qoyulmuşdur. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan  hazırda  dünya miqyasında aparıcı dövlətlər sırasındadır. İnvestisiyaların 50 faizdən çoxu xarici investisiyaların payına düşür. Bu da hər şeydən əvvəl müstəqil Azərbaycan dövlətinin gələcəyinə olan inam və ümidin göstəricisidir. Çünki gələcəyi qaranlıq olan ölkələrə, təbii ki, heç bir sahibkar, heç bir dövlət, heç bir şirkət investisiya qoymaz.

Ötən dörd ildə Azərbaycanda  əhalinin sayı 1,5 milyon nəfər artıb. Bu, ölkədə sosial-iqtisadi durumu ifadə edən əsas göstəricidir. Təbii ki, əhali artımı yeni iş yerlərinin də yaradılmasını zəruri edir. Son 14 il ərzində ölkədə 1,9 milyon  yeni iş yeri yaradılıb ki, onlardan 1,4 milyonu daimi iş yeridir. Demoqrafik vəziyyət  iş yerlərinin yaradılması və yoxsulluğun azaldılması tədbirlərinin Azərbaycanda daimi proses olmasını tələb edir. Sevindirici haldır ki, bu vacib məsələ ölkə Prezidenti cənab İlham Əliyevin və Azərbaycan hökumətinin həmişə diqqət mərkəzindədir.

 

 

Aqil ƏSƏDOV,
AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri,  iqtisad üzrə fəlsəfə
doktoru, dosent 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında