Azərbaycanın uğurlu inkişaf yolu

Yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının  2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirildi. Konfransda qeyd edildiyi kimi, son 14 il ərzində regionların sosial- iqtisadi inkişafını hədəfləyən üç Dövlət Proqramı çərçivəsində Azərbaycanın bölgələrində mövcud durum kökündən dəyişib.

Bu günün prizmasından regionların  həyatının 14 il öncəki vəziyyətinə baxdıqda, bütün sahələrdə, sözün əsl mənasında, inqilabi dönüşün baş verdiyinin şahidi oluruq. Üçüncü Dövlət Proqramının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən ölkə Prezidenti cənab İlham Əliyev görülmüş işləri dəyərləndirməklə yanaşı, ötən 14 il ərzində bu proqramlar çərçivəsində ölkə həyatının bütün sahələrini əhatə edən yenidənqurmanın nəticələri barədə danışdı. Ötən müddətdə Azərbaycan iqtisadiyyatı öz inkişaf sürətinə görə dünya tarixində böyük  uğurlara imza atıb. Azərbaycanın bölgələrində yeni, müasir tələblər baxımından bütün standartlara cavab verən infrastruktur  yaradılıb. Məhz belə əlverişli mühitin yaradılması nəticəsində  həm xarici, həm də daxili investisiyaları cəlb etmək və ölkə iqtisadiyyatının sürətli inkişafını təmin etmək mümkün olub.

Əldə olunan bu uğurların kökündə isə ölkədə yaradılan  ictimai-siyasi sabitlik, iqtidar-xalq birliyi dayanırdı. Məlum həqiqətdir ki, iqtisadiyyatın normal durumu məhz belə vəziyyətin yaradılmasından çox asılıdır. Sabitlik olmayan yerdə inam, etibar olmur. Nəticədə inkişaf öz yerini tənəzzülə verir. Ölkə başçısı konfransdakı çıxışı zamanı belə durumu klassik  şəkildə dəyərləndirərək dedi: “Sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf da olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir. Bu, həqiqətdir və yaxın tarixin nəticələri, bölgəmizdə yaşanan böhranlı vəziyyət bunu təsdiqləyir. Azərbaycan isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir”.

Son 14 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən və ölkə iqtisadiyyatının bundan sonrakı sürətli inkişafını təmin edə biləcək məqamlar konfransa da Prezident İlham Əliyev tərəfindən ətraflı təhlil edildi. Bu illər ərzində əldə olunmuş göstəricilər özlüyündə regionların və bütövlükdə ölkənin necə böyük inkişaf yolu keçdiyini tam aydın şəkildə ortaya qoydu.

Rəqəmlərə diqqət edək. On dörd il ərzində ümumi iqtisadiyyatımız 3,2 dəfə, qeyri-neft iqtisadiyyatımız  2,8 dəfə, qeyri-neft ixracımız isə  4,1 dəfə artmışdır. Birinci proqramın ilk ilində – 2004-cü ildə valyuta ehtiyatları 1,8 milyard dollar olduğu halda, bu gün bizim valyuta ehtiyatlarımız 42 milyard dollar təşkil edir. Bu da 2004-cü ildəkindən 23 dəfə çoxdur.  Adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə bu gün Azərbaycan dünya ölkələri arasında qabaqcıl yerlərdən birini tutur. Ötən müddət ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə yatırılıb, bunun yarısını xarici investisiyalar təşkil edir. Azərbaycan adambaşına düşən sərmayələrin həcminə görə də dünya çapında lider dövlətlər
sırasındadır.

Əgər 2004-cü ilə qədər ölkəmizdə 3900 meqavat gücündə olan 9 elektrik stansiyası vardısa, 14 il ərzində yeni və müasir,  generasiya gücü 2500 meqavat olan  30 elektrik stansiyası tikilmişdir. Bu, Sovetlər dönəmində və ondan sonrakı 2004-cü ilə qədər mövcud olmuş elektrik stansiyalarının generasiya gücünün 64 faiz artması deməkdir. Bu il həmin artımın 74 faizə çatdırılması nəzərdə tutulur. Biz indi nəinki ölkəmizin elektrik enerjisinə olan tələbatını tam ödəyirik, hətta elektrik enerjisini ixrac da edirik.  Eyni uğurlar regionların qazlaşdırılması, su təchizatı və digər başqa sahələrdə də əldə olunub. 2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idisə, indi bu rəqəm 93 faizi ötüb. Cari ildə ölkədə qazlaşdırmanı 95 faizə çatdırmaq nəzərdə tutulur.

Ötən illər ərzində kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlər görülüb – Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay  kimi dörd su anbarı tikilərək istifadəyə verilib. Bunun nəticəsidir ki, keçən il 100 min hektardan çox suvarılmayan torpaq sahəsi istifadəyə yararlı vəziyyətə gətirilmiş və bu il də bir o qədər torpağın əkin dövriyyəsinə qaytarılması nəzərdə tutulub.

Son 14 il ərzində ölkəmizdə ümumilikdə 12 min 300 kilometr yol çəkilib. Regionların sosial – iqtisadi inkişafına dair üçüncü proqramın son ilində bu rəqəmin 15 min kilometrə çatdırılması gözlənilir.

Ölkə iqtisadiyyatının sürətli inkişafı ilə yanaşı, hökumət sosial sahədə də ciddi uğurlara nail olub. Ötən müddət ərzində əmək haqları beş dəfədən, pensiyalar isə səkkiz dəfədən çox artıb, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilb, yaxud təmir edilib, 43 Olimpiya İdman Kompleksi inşa olunub.

Nəqliyyat infrastrukturunun yenidən qurulması sahəsində də çox böyük uğurlar qazanılıb. 14 il ərzində yeddi aeroport tikilib istifadəyə verilib ki, onlardan da altısı beynəlxalq aeroport statusuna malikdir. Azərbaycanda inşa edilmiş gəmiqayırma zavodu bu gün bizə bütün növ gəmiləri istehsal etməyə imkan verir, zavodun qəbul etdiyi sifarişlərin həcmi ilbəil artır.

Xəzər hövzəsində istifadəyə verilən Ələt Dəniz Ticarət Limanı bölgədə ən böyük beynəlxalq liman olacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi isə Azərbaycan dövləti və xalqı qarşısında çox mühüm tarixi xidmətdir. Ölkəmizin bölgədə aparıcı tranzit yükdaşımalar məkanına çevrilməsində aparıcı yerlərdən biri də Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə əlaqədardır. Azərbaycan tərəfi bu nəqliyyat dəhlizinin yaradılması ilə bağlı öz ərazisində olan bütün məsələləri artıq həll edib.

Regionların sürətli inkişafını şərtləndirən əsas məsələlərdən biri  ora daha çox investisiyaların cəlb edilməsidir. Ölkə Prezidentinin son vaxtlar bu göstəricinin yerli icra hakimiyyətlərinin fəaliyyətinə qiymət veriləcək əsas meyar olacağına dair tələbləri öz səmərəsini verməyə başlayıb. Bu sahədə artıq yaxşı nümunələr ortadadır. Keçən il sərmayə qoyuluşuna görə  Salyan, Qəbələ, Qazax, Lənkəran, Abşeron, Ağstafa, Sumqayıt, Xaçmaz, Gəncə, İsmayıllı rayonları ilk onluqda qərarlaşıblar. Bu sıranın cari ildə daha da genişlənəcəyi şübhəsizdir.

Son illər ölkə iqtisadiyyatının qeyri-neft  sektoru daha üstün sürətlə inkişaf edir. Bu, hökumətin apardığı uğurlu islahatların məntiqi nəticəsidir. Real sektorda sürətlə inkişaf edən sahələrdən biri də qeyri-neft sənayesidir. Bu sahədəki uğurları özündə əks etdirən ən yaxşı nümunələrdən biri Sumqayıt Kimya Sənaye Parkıdır. Yola saldığımız 2017-ci ildə bu parkda dörd müəssisənin açılışı, üç müəssisənin təməlqoyma mərasimi keçirildi. Sumqayıt Kimya Sənaye Parkında rezidentlərin sayı artıq on beşə çatıb və cari ildə “SOCAR Polymer” və gübrə zavodlarının açılışı nəzərdə tutulur. Bu  müəssisələr nəinki daxili tələbatı tam ödəyəcək, eyni zamanda, onların ixrac imkanları hər il 100 milyonlarla dollar həcmində olacaqdır. Bu il Mingəçevir Yüngül Sənaye Parkının ilk zavodlarının açılışı gözlənilir, Neftçala Sənaye Məhəlləsi isə artıq fəaliyyətə başlayıb. İlin sonuna qədər Masallı, Hacıqabul, Sabirabad sənaye məhəllələri də işə salınacaq.

Konfransda ölkə başçısı cari ildə növbəti beş il üçün regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının işlənib hazırlanması ilə bağlı tapşırıqlar verdi. Yeni proqram çərçivəsində yerlərdə daha çox istehsal müəssisələrinin qurulmasına üstünlük veriləcək. Çünki əvvəlki proqramların reallaşdırılması nəticəsində yerlərdə yaradılan münbit şərait belə müəssisələrin uğurlu fəaliyyəti üçün geniş imkanlar açır. Bütün bunlar isə o deməkdir ki, regionlarda neçə-neçə yeni istehsal sahələri işə salınacaq, şəhər və kəndlərimiz daha da abadlaşacaq.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında