Azərbaycan dünyada dövlətə ən çox etimad göstərilən ölkələrin sırasındadır

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  sosial-iqtisadi uğurlarımızı  ölkədə yaşanan sabitliklə əlaqələndirib. Dövlətimizin başçısı bildirib ki, sabitlik olmadan heç bir dövlət inkişaf edə bilməz. Bu, aksiomadır. Bunu yaxın tarixdə dəfələrlə görmüşük.

Sabitlik pozulan zaman inkişaf da zəifləyir, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Respublikada isə sabitliyin mənbəyi xalqdır, onun iradəsidir və eyni zamanda, aparılan siyasətdir. Çünki Azərbaycanda reallaşdırılan siyasət milli maraqlara söykənir, milli maraqlar hakimiyyət üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır.

Prezident İlham Əliyev iclasda daha sonra deyib: “Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir və xalq-iqtidar birliyi bu gün də göz qabağındadır. Bizim uğurlu siyasətimizin təməlində xalq tərəfindən göstərilən dəstək dayanır. Bu müsbət meyillərin gücləndirilməsi, əlbəttə ki, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcəkdir”.

Azərbaycanda xalq-iqtidar birliyi beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirilir. Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasətçilərə ictimai etimad" adlanan kateqoriyasında ölkəmizin  dünyada 20-ci yerə yüksəlməsi birbaşa əhali və biznes nümayəndələri arasında aparılan sorğulara əsaslanır. Bununla da Azərbaycanda iqtidarla xalq arasında böyük etimadın mövcudluğu təsbit edilir. Belə bir etimad isə ictimai-siyasi və iqtisadi sabitliyi möhkəmləndirir.

Xatırladaq ki, sözügedən hesabatın “Siyasətçilərə ictimai etimad" adlanan kateqoriyası üzrə Azərbaycan “Böyük İyirmilik” ölkələrinin hər 4-dən 3-nü geridə qoyub. Bu kateqoriyada Azərbaycan bütün BRICS ölkələrini, postsovet respublikalarını və türk dövlətlərini qabaqlayır.

Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatında” daha bir kateqoriya – “Dövlət tənzimlənməsinin yükü” göstəricisinə görə isə dünyada 15-ci yerdə qərarlaşıb. Deməli, Azərbaycan dünyada dövlətə ən çox etimad göstərilən və dövlətin əhaliyə və biznesə ən az yük olduğu ölkələrin sırasındadır.

Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda “Siyasətçilərə ictimai etimad” kateqoriyası üzrə Azərbaycanın 137 ölkə arasında 20-ci pilləyə yüksəlməsi Prezident İlham Əliyevin siyasətinə əhalinin yüksək etimadının göstəricisi olmaqla yanaşı, həm də beynəlxalq ictimaiyyətin layiqli qiymətidir.

Yeri gəlmişkən, xalq-iqtidar birliyini möhkəmləndirən səbəblər arasında təkcə bir faktı qeyd etmək kifayətdir. Belə ki, Prezident İlham Əliyevin milli maraqlara söykənən siyasəti nəticəsində 2015-ci ildən başlayaraq neft qiymətlərinin kəskin düşməsinə baxmayaraq, Azərbaycanda heç bir sosial layihə dayandırılmayıb, əksinə, 2017-ci ildə rekord sayda - 221 min yeni iş yerinin yaradılması əhalinin hökumətə etimadının daha da artmasına səbəb olub. Məhz  xalq-iqtidar birliyinin nəticəsidir ki, bu gün yerli və xarici investorlar iqtidarın siyasətinə etimad göstərirlər. Ötən il ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulması da həmin siyasətin bariz ifadəsidir. Yaxud, başqa bir fakt: 2017-ci ildə Azərbaycana   gələn turistlərin sayı 500 min nəfər artaraq 2,7 milyon nəfərə - rekord həddə çatıb. İl ərzində qeyri-neft ixracı 24 faiz artıb. Azərbaycan hökuməti tərəfindən ixracatçılara 2,9 milyon manat məbləğində ixrac dəstəyi ödənilib. Əlbəttə, bütün bunlar dövlətin siyasətinə ictimai etimadın,  xalq-iqtidar birliyinin və xalqın öz Prezidentinə olan inamının təzahürüdür.

Prezident İlham Əliyevin daim xalqla bir yerdə olması, xalqın maraqlarını ifadə etməsi, verilən tapşırıqların icrası ilə yerində maraqlanması,  dövlət xidmətlərinin keyfiyyətinin və əlçatarlılığının daim artırılması, ölkə rəhbərinin tapşırığı ilə mərkəzi hakimiyyət qurumları nümayəndələri  rəhbərlərinin regionlarda mütəmadi keçirdikləri görüşlər, biznesə yaradılan münbit şərait, xarici siyasətdə uğurlar, ordu quruculuğu və düzgün kommunikasiya siyasəti xalqın dövlət institutlarına etimadını yüksəldir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında da bu məsələyə toxunaraq deyib: “Regionların inkişafı daim diqqət mərkəzində olmuşdur. Keçən il mən 30-dan çox rayona səfər etmişəm. Bu səfərlər çərçivəsində həm yeni müəssisələrin açılışları qeyd olunmuşdur, yeni müəssisələrin təməli qoyulmuşdur, həm də bölgələrdə gedən vəziyyətlə bağlı mənə məruzələr edilmişdir. Mən hər il bölgələrə səfərlər edirəm və keçən il demək olar ki, rayonlarımızın yarısında olmuşam. Bu, əlbəttə ki, həm mənim üçün çox əhəmiyyətlidir, çünki mən yerlərdə vəziyyətlə tanış oluram və müvafiq göstərişlər verirəm. Bilirəm ki, bu, bölgələrdə yaşayan vətəndaşlar üçün də çox önəmlidir. Əlbəttə ki, bu, nizam-intizamın möhkəmləndirilməsi üçün də çox önəmlidir. Çünki mən Azərbaycanın hər bir rayonunda dəfələrlə olmuşam və verilmiş tapşırıqların yerinə yetirilməsini də özüm şəxsən nəzarətdə saxlayıram”.

Hazırda qarşıda duran ən mühüm məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu gün ölkədə aparılan hər bir iqtisadi islahatın əsasında sosial problemlərin aradan qaldırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və hər bir vətəndaşın rifahının artırılmasına imkan verən mühitin yaradılması məqsədi dayanır. Belə bir mühitin yaradılması isə dayanıqlı iqtisadi inkişafın reallaşdırılması, maliyyə sisteminin, sahibkarlıq mühitinin inkişaf etdirilməsi, insanların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi yolu ilə, həmçinin sosial problemlərin birbaşa həllinə yönələn tədbirlər vasitəsilə həyata keçirilə bilər.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında