Azərbaycanın inklüziv inkişaf indeksinin lideri olan ilk üç ölkə sırasına daxil olması ölkəmizdə həyata keçirilən uğurlu islahatların göstəricisidir

Azərbaycan 2018-ci ildə Dünya İqtisadi Forumunun ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında üçüncü yeri tutub.

Dünya İqtisadi Forumunun saytında bildirilir ki, ümumi daxili məhsulun alternativi kimi işlənib hazırlanan  inklüziv inkişaf indeksi insanların öz ölkələrində iqtisadi tərəqqini qiymətləndirdikləri meyarları daha dəqiq əks etdirir.

Builki hesabatda Azərbaycan yalnız Litva və Macarıstandan geri qalaraq, yeddi mümkün baldan 4,69 bal alıb.

İnkişaf etmiş ölkələrin indeksində Norveç, İslandiya və Lüksemburq liderlik edirlər.

Xatırladaq ki, inklüziv inkişaf iqtisadi inkişaf dövründə iqtisadi proseslərin iştirakçılarına cəmiyyətin hər bir sahəsi üçün faydaları olan bərabər imkanlar təmin edən konsepsiyadır. Bu konsepsiya iqtisadi inkişafın ənənəvi modellərini genişləndirir, səhiyyə sahəsində bərabərliyə, insan kapitalına, ətraf mühitin keyfiyyətinə, sosial müdafiəyə və ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetirir.

İnklüziv inkişaf indeksi  ümumi daxili məhsulun alternativi kimi işlənib hazırlandığından əvvəlcə ötən ilin bəzi statistik göstəricilərinə diqqət yetirək. İlkin məlumatlara görə, 2017-ci ildə ölkənin ümumi daxili məhsulu əvvəlki illə müqayisədə 0,1 faiz artaraq 70135,1 milyon manata çatıb. 

Ümumi daxili məhsulun 62,8 faizi iqtisadiyyatın qeyri-neft sahələrində, 37,2 faizi isə neft-qaz sektorunda istehsal edilib.  Bu dövrdə iqtisadiyyatın neft sektorunda istehsal olunan əlavə dəyər 5 faiz azalsa da, qeyri-neft sektorunda 2,7 faiz artım qeydə alınıb. Eyni zamanda, qeyri-neft sənayesində məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz, bu sahədə yaradılan əlavə dəyər isə 3,8 faiz artıb. Şübhəsiz ki, bu göstəricilər  Azərbaycanda sosial-iqtisadi inkişafın dinamik xarakter almasını şərtləndirən düzgün strategiyanın işlənib hazırlanması və reallaşdırılması, səhiyyəyə, insan kapitalına, ətraf mühitin keyfiyyətinə, sosial müdafiəyə, habelə  ərzaq təhlükəsizliyinə xüsusi önəm verilməsi sayəsində əldə edilib.  

Azərbaycanın  2018-ci ildə Dünya İqtisadi Forumunun ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında üçüncü yeri tutmasında səhiyyə sahəsində həyata keçirilən islahatlar mühüm rol oynayıb. Bu, təsadüfi deyil. Belə ki, respublikamızda insanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir və bu məsələ ötən ildə də dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub.

Son illərdə maliyyə böhranı dünya dövlətlərini büdcə xərclərini azaltmağa məcbur edib. Əksər ölkələrdə bu,  məhz sosial sahələr hesabına reallaşdırılıb. Azərbaycanda isə, əksinə, səhiyyənin inkişafina, maddi-texniki bazasının gücləndirilməsinə ayrılan vəsait ildən-ilə artırılıb. Həm paytaxtda, həm də ölkənin müxtəlif bölgələrində yeni səhiyyə müəssisələri istifadəyə verilib, köhnələr isə müasirləşdirilib. 

Başqa bir mühüm məqama da diqqət yetirək. Dövlətimizin başçısı qarşıya belə bir məqsəd qoyub ki, insanlar tibbi yardımı məhz yaşadığı yerdə almalı, hər bir müayinə və əməliyyat üçün paytaxta gəlmək məcburiyyətindən xilas olmalıdırlar.   Artıq bu, reallaşıb. Hazırda əminliklə deyə bilərik ki, Azərbaycanın hər bir bölgəsində, hər bir rayonunda əhali müasir xəstəxanalarda, müalicə-diaqnostika mərkəzlərində keyfiyyətli tibbi yardım ala bilir.

Ölkə səhiyyəsinin inkişafında, insanların sağlamlığının qorunmasında dövlət proqramları da mühüm rol oynayır. Ümumiyyətlə, bu proqramlar səhiyyənin ən ağır, həyati əhəmiyyət daşıyan problemlərinin həllinə yönəlib. Həmin proqramlara ayrılan vəsait həm minlərlə insanın müalicəsini, həm də səhiyyənin müxtəlif sahələrinin inkişafını təmin edib.

Qeyd etmək lazımdır ki, ötən il tibb müəssisələri ilə yanaşı,  müayinələrin böyük bir qismi insanların rahatlığı üçün “ASAN xidmət” mərkəzlərində həyata keçirilib. Bu müayinələr həm xəstəliklərin vaxtında aşkarlanmasına, həm də insanların düşünülmüş qərar qəbul etməsinə xidmət edir.   

Azərbaycan əhalisinin rifah halının yüksəlməsini reallaşdıran sosial siyasət Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyət göstərdiyi ötən illər ərzində dövrün tələblərinə uyğun şəkildə zənginləşdirilərək hazırda yeni keyfiyyət mərhələsinə daxil olub və daha da güclənib. Ölkəmizdə  yoxsulluğun azaldılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar nəticəsində əhalinin maddi rifah halı və yaşayış, eləcə də məşğulluq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəldilib.  

Son illərdə dünyada müşahidə edilən mənfi proseslərin fonunda meydana çıxan əsas çağırışlardan biri işsizlik və yoxsulluqla bağlıdır. Sosial dövlət olan Azərbaycanda bu məsələyə daim həssaslıqla yanaşılır. İqtisadiyyatın sosialyönümlülüyünün təmin edilməsi prioritet hədəflərdən biri kimi diqqətdə saxlanılır. Buna görə də konkret məqsədlərə hesablanaraq, hazırlanan və qəbul edilən proqramların icrasına mühüm önəm verilir. Ölkənin güclü iqtisadi inkişafı, maliyyə imkanlarının artması da işsizlik və yoxsulluq probleminin həllini sürətləndirir. Beləliklə, respublikada iqtisadi fəallığın davamlı şəkildə artması fonunda yeni iş yerləri açılır, bu da təbii ki, insanların həyat səviyyəsinin yüksəlməsində özünü qabarıq büruzə verir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib: “2017-ci ildə 221 min yeni iş yeri açılmışdır ki, onların 177 mini daimi iş yeridir. Bu, çox böyük göstəricidir. Hesab edirəm ki, son illər ərzində açılan iş yerlərinin sayına görə bu, rekord göstəricidir. Onu da qeyd etməliyəm ki, keçən il 47 min iş yeri bağlanmışdır. Ancaq eyni zamanda biz ciddi təhlil aparmalıyıq, görməliyik ki, hansı səbəblər üzündən 47 min iş yeri bağlanmışdır. Ancaq bununla belə 177 min daimi iş yerinin açılması, 47 min iş yerinin bağlanması yenə də burada da müsbət saldonu təmin edir və beləliklə, ölkəmizdə işsizliyin aşağı səviyyədə saxlanması üçün yaxşı imkanlar yaradır”.

Ölkəmizdə iqtisadiyyatın sosialyönümlülüyünün təmin edilməsi, o cümlədən də yeni iş yerlərinin yardılmasının daimi prosesə çevrilməsi istiqamətində nəzərə çarpan uğurları digər faktlardan da  görmək mümkündür. Belə ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Respublikamız insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.

Azərbaycanın irəli sürdüyü qlobal geoiqtisadi təşəbbüslər, yeni iş yerlərinin yaradılmasının prioritet vəzifə kimi qarşıya qoyulması, yoxsulluq səviyyəsinin getdikcə azaldılması, respublika vətəndaşlarının maliyyə imkanlarının mərhələlərlə və mütəmadi artırılması, çoxsaylı infrastruktur layihələri, ölkəmizin nəqliyyat yollarının şaxələndiyi məkana çevrilməsi, yol infrastrukturunun əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, idarəçilərin yeni kreativ sinfinin yaradılması bu gün  dövlətimizin gələcək üçün formalaşdırdığı tədbirlər portfelidir.

Nüfuzlu beynəlxalq təşkilatlar da etiraf edirlər ki, Prezident İlham Əliyevin enerji resurslarından asılılığın azaldılmasına, innovasiyalı və ya başqa sözlə, “ağıllı” iqtisadiyyatın yaradılmasına yönələn siyasəti,  “qara qızıl”ın intellektual kapitala çevrilməsi nəzərə çarpan real nəticələr verir. 

Cənab İlham Əliyevin sosialyönümlü siyasəti ölkəmizdə sosial proqramların uğurla davam etdirilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində irəliyə doğru yeni mühüm addımların atılmasına imkan yaratmaqla bərabər, həm də əmək və sosial müdafiə sistemində şəffaf iş mexanizminin qurulması üçün mütərəqqi islahatları sürətləndirib.  

Dövlət başçısının “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır” strateji xəttinə uyğun olaraq, əhalinin sağlamlığının qorunması, təhsilin səviyyəsinin yüksəldilməsi, səmərəli məşğulluğunun təmin edilməsi və s. istiqamətlərdə kompleks tədbirlər davam etdirilir, bu sahəyə yönəldilən vəsaitlərin həcmi ildən-ilə artırılır.

Həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biri də əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsinə, o cümlədən əlillərə, müharibə veteranlarına, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə xüsusi diqqətin göstərilməsidir. Bu dövrdə əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılmasına mühüm əhəmiyyət verilib,    5 mindən çox əlil və şəhid ailəsi mənzillə təmin olunub. Son 14 il ərzində məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə onlarla qəsəbə salınıb, 37 min ailə mənzillə təmin edilib.

Bütün bu layihələrin reallaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələr Azərbaycanda sosial sahənin inkişafına mühüm töhfələr verib, minlərlə insanın sosial şəraitinin yaxşılaşması üçün yeni imkanlar yaradıb. Ölkə miqyasında, həmçinin çoxsaylı xarici dövlətlərdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşdirilən sosial layihələr, eyni zamanda,  respublikamızın  dünyada nüfuzunun artmasında əhəmiyyətli rol oynayıb.    

Sosial müdafiə sisteminin yoxsulluğun azaldılmasında böyük rola malik komponentləri sırasında ən mühüm yeri pensiya təminatı tutur. 2006-cı ilin əvvəlindən ölkəmizdə müasir sığorta-pensiya modelinə keçilməsi bazar iqtisadiyyatı şəraitində sosial rifah tələblərinə adekvat layiqli pensiya təminatı sisteminin formalaşdırılmasında əhəmiyyətli rol oynayıb. Bu sistemin müsbət nəticələri kimi, 2006-cı il yanvarın 1-dən 2017-ci ilin 1 oktyabr tarixinədək əmək pensiyalarının orta aylıq məbləği 6,8 dəfə artaraq 204 manata, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 7,7 dəfə artaraq 228 manata yüksəlib.

Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının 2017-ci ilin yekunları üzrə statistikasına əsasən, orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinə görə Azərbaycan postsovet ölkələri arasında ilk ikilikdə yer almaqla, 42,8 faizlik yaşa görə pensiya üzrə əvəzetmə əmsalı ilə 1-ci yerdə qərarlaşıb. 2017-ci ilin 1 oktyabr tarixinə isə bu göstərici daha da artaraq 43,4 faizə yüksəlib.

Son illər Azərbaycanın inklüziv inkişaf konsepsiyasında xüsusi yer tutan ərzaq təhlükəsizliyinə də mühüm önəm verilib.  Aqrar sektorun inkişafı istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilib, texniki və maliyyə bazası möhkəmləndirilib, ənənəvi bitkiçilik sahələri dirçəldilib və nəticədə pambıqçılıqda, üzümçülükdə, tütünçülükdə, baramaçılıqda, çəltikçilikdə, çayçılıqda, fındıqçılıqda məhsul istehsalı dəfələrlə artıb. Kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisindən savayı, bütün növ vergilərdən azad olunublar, fermerlərə yanacaq, motor yağları, toxum, gübrə, damazlıq heyvanların verilməsində, texnikalarının satılmasında böyük güzəştlər tədbiq edilib. Eyni zamanda, dövlət tərəfindən sahibkarlara güzəştli kreditlər ayrılarkən aqrar sektorda çalışanlara daha çox üstünlük verilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə kənd təsərrüfatında əlavə dəyər 4,2 faiz artıb. ÜDM istehsalının 5,6 faizi kənd təsərrüfatının payına düşüb.

Dövlət başçısının artıq ənənəvi hal alan regionlara səfərləri sayəsində bölgələrdə sosial infrastruktur müasirləşib, aqrar sektor və sənayenin inkişafında yeni mərhələ başlanıb. Rayonlarda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması geniş vüsət alıb. Bütün bunlar isə respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsinə, əhalinin etibarlı kənd təsərrüfatı məhsulları ilə təminatının yaxşılaşmasına və yüksək standartlarla istehsal olunan məhsulların xarici bazarlara göndərilməsinə real zəmin yaradıb.

Ötən il kənd təsərrüfatı məhsulları ixracının 2016-cı illə müqayisədə 40 faiz artması Azərbaycanda kənd təsərrüfatı sahəsində yaxın gələcəkdə daha böyük nəticələrin əldə olunacağından xəbər verir. Hazırda istehsal olunan məhsulların “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarılması da Azərbaycan brendinin dünyada tanınmasına xidmət edir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında