Prezident İlham ƏLİYEV: Ötən il Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin qorunması ilə bağlı mühüm tədbirlər görülüb

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, bu il də ölkə iqtisadiyyatı öz inkişaf yolu ilə gedəcək. İl ərzində bir çox önəmli layihələr icra ediləcək. Əlbəttə, biz   2018-ci ildə makroiqtisadi vəziyyətin sabit qalmasına çalışacağıq. Şübhə etmirəm ki, belə də olacaq. Makroiqtisadi sabitlik hər bir ölkə üçün önəmli amildir. Keçən ilin son aylarında makroiqtisadi vəziyyət sabitləşib, inflyasiyanın səviyyəsi aşağı düşüb. Əminəm ki, bu müsbət meyillər 2018-ci ildə daha da güclənəcək. Əldə edilən  6,2 milyard dollar müsbət saldo makroiqtisadi sabitlik üçün çox önəmli amildir.

Dövlətimizin başçısı daha sonra qeyd edib: “Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən, makroiqtisadi mühitə görə Azərbaycan dünya miqyasında 39-cu, MDB məkanında isə birinci yerdədir. Yəni, bu, Davosun qiymətləndirməsidir. Əlbəttə, çox əlamətdar haldır ki, beynəlxalq təşkilatlar Azərbaycanda makroiqtisadi vəziyyətlə bağlı görülmüş işlərə çox müsbət reaksiya verirlər və yüksək qiymətləndirirlər.

Biz çalışmalıyıq ki, Neft Fondunun gəlirlərini artıraq. Ümumiyyətlə, bizim valyuta ehtiyatlarımız, Dövlət Neft Fondunun valyuta ehtiyatları ildən-ilə artır. Əlbəttə, bu, bizə imkan verəcək ki, ölkə qarşısında duran önəmli layihələr üçün vəsait ayıraq və ölkəmizin iqtisadi dayanıqlığını təmin edək. Valyuta ehtiyatlarının həcmi və artması bizə iqtisadi müstəqillik verir. Biz heç bir maliyyə qurumundan asılı deyilik. Biz kreditlər alırıq. Ancaq onu da qeyd etməliyəm ki, kreditlərin alınması ilə bağlı biz daha da ciddi siyasət aparmalıyıq. Hesab edirəm ki, bundan sonrakı illərdə dövlət xarici borcunun azaldılması istiqamətində işlər aparılmalıdır. Bu gün də xarici borcumuz məqbul səviyyədədir. Dünya miqyasında biz xarici borcun səviyyəsinə görə müsbət mənada qabaqcıl ölkələrdənik. Ancaq mən qarşıya vəzifə qoymuşam, çalışmalıyıq ki, bundan sonra xarici borcu artırmayaq, əksinə, bunu azaldaq”.

Yeri gəlmişkən, mütəxəssislərin fikrincə, qlobal maliyyə çətinliyi dövründə investisiyalar əsasən, siyasi, təhlükəsizlik və iqtisadi baxımından sabit, makroiqtisadi şərait yaşanan ölkələrə yatırılır. Bu çərçivədə Azərbaycanın 2017-ci ildə 15 milyard dollaradək investisiya cəlb etməsi böyük göstəricidir. Bu, həm ölkəmizdə iqtisadiyyatın gələcək inkişafına, həm də Azərbaycan dövlətinin nüfuzuna olan inamdan irəli gəlir.  

Hesabat dövründə həm neft, həm də qeyri-neft sahələrinə investisiyalar yatırılıb. Cari ildə də bu dinamikanı qoruyub saxlamaq prioritet vəzifə kimi qarşıya qoyulub. Bununla əlaqədar kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Əlverişli investisiya mühitinin, biznes şəraitinin daha da yaxşılaşdırılması prioritet istiqamət kimi müəyyənləşdirilib. 

Artıq ölkəmizdə reallaşdırılan islahatlar nəticəsində investisiya təşviqi mexanizminin tətbiqinə başlanılıb. Kənd təsərrüfatında geniş dəstək tədbirləri həyata keçirilib, sənaye məhəllələri, sənaye parkları yaradılıb.

Bütün bunlar isə Azərbaycanın investisiya mühitinə inamın güclənməsinə  və ölkəyə investisiya axınının sürətlənməsinə  müsbət təsir göstərib. Məhz həyata keçirilən islahatların nəticəsidir ki, son illərdə Rusiya, Böyük Britaniya, Türkiyə və Fransa şirkətləri tərəfindən respublikamızın neft və qeyri-neft sahələrinə geniş həcmdə investisiya yatırılıb.

 

Sənaye parklarının yaradılması davam etdiriləcək

 

Azərbaycan Prezidenti Nazirlər Kabinetinin iclasında sənaye parklarının yaradılmasına mühüm önəm verildiyini, 2017-ci ildə bu istiqamətdə praktiki addımlar atıldığını vurğulayıb. Dövlətimizin başçısı deyib: “Keçən il Neftçala Sənaye Məhəlləsi istifadəyə verilib. Hacıqabul, Masallı və Sabirabad sənaye məhəllələrinin yaradılması prosesi davam etdirilib.

Mingəçevirdə Yüngül Sənaye Parkının ilk fabriklərinin açılışı bu il gözlənilir. Sumqayıt Kimya Sənaye Parkında isə işlər çox uğurla gedir. Keçən ilin sonunda dörd yeni müəssisənin açılışı oldu və üç müəssisənin təməli qoyuldu. Əminəm ki, onların istifadəyə verilməsi bu il, ya da ki, gələn ilin əvvəllərində nəzərdə tutulacaq. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 15-ə çatıb və qoyulan, qoyulacaq sərmayənin həcmi 2,7 milyard dollara bərabərdir. Bax, bu təşəbbüs görün nə qədər gözəl nəticə verir. 2,7 milyard dollar sərmayə qoyuluşu böyük rəqəmdir. Halbuki Sumqayıt Kimya Sənaye Parkının ərazisində hələ iki-üç il bundan əvvəl dağılmış binalar, çürümüş borular, infrastruktur – hamısı bərbad vəziyyətdə idi. Dövlət bu yükü öz üzərinə götürdü, vəsait ayırdı və bütün lazım olan infrastrukturu yaratdı. Digər sənaye parklarımızda da bu işi dövlət öz üzərinə götürür və götürməlidir. O cümlədən dövlət kənd təsərrüfatı ilə bağlı olan işləri – infrastruktur işlərini, meliorativ tədbirləri, kanalların çəkilməsini, suyun sahələrə verilməsini öz üzərinə götürür. Deyə bilərəm ki, bu da dünya praktikasında çox nadir hallarda rast gəlinən məsələdir. Çünki bir çox ölkələrdə sahibkarlar özləri bu işləri görürlər”.

Cənab İlham Əliyev, eyni zamanda, 2018-ci ilin sənayenin inkişafı ilə bağlı əlamətdar il olacağına əminliyini bildirib. Qeyd edib ki, respublikada on yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. Beləliklə, ilin sonuna qədər xalça fabriklərinin sayı 20-yə çatmalıdır. Bu da minlərlə iş yeri deməkdir. Xüsusilə bu müəssisələrdə  işləyənlər qadınlardır. Onlar həmin fabriklərdə öz biliklərini əks etdirə bilir və ölkəmiz üçün yaxşı maliyyə imkanları yaradırlar. Məhsullar isə ixrac potensialımız, Azərbaycan xalçasının dünyada təbliği üçün gözəl imkanlar yaradır. 

Onu da xatırladaq ki, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanı da keyfiyyətcə yeni mərhələdə iqtisadi inkişafı stimullaşdırmaq və qarşıya çıxan qlobal çətinliklərin mənfi təsirlərini aradan qaldırmaq, eləcə də  sənaye parklarının yaradılmasına mühüm önəm vermək məqsədi daşıyır.

Strateji yol xəritələrinə əsasən, yaxın illərdə respublikamızın qarşısında duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sahəsinin hesabına təmin etməkdir. Bu baxımdan dövlət investisiya siyasətində əsas istiqamətlərdən biri də sənaye şəhərciyi infrastrukturunun formalaşdırılması və qeyri-neft sənayesinin inkişaf etdirilməsi ilə bağlıdır. Sumqayıt, Balaxanı, Mingəçevir, Neftçala və s. sənaye parkı və məhəllələrinin yaradılması bu istiqamətdə atılmış ilk addımlardır. Bu baxımdan orta və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parklarında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik vergi güzəştləri nəzərdə tutulub. 

Bu gün müasir istehsal infrastrukturuna malik sənaye parkı və məhəllələrinin fəaliyyəti ölkədə sənaye sahələrinin tərəqqisinin, iqtisadiyyatın tarazlı yüksəlişinin reallaşdırılmasını nəzərdə tutan dövlət siyasətinin gerçəkləşdirilməsinə yönəldilir. Belə sənaye komplekslərinin yaradılması respublikanın  qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, bölgələrdə məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlbi kimi önəmli vəzifələrin yerinə yetirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.   

Azərbaycanda sənaye parkı və məhəllələrinin fəaliyyətindən danışarkən, bir cəhəti də  xatırlatmaq istərdim. Belə ki, ölkəmizdə sənaye parklarının yaradılması dövlətimizin başçısı cənab İlham Əliyevin  24 aprel 2013-cü il tarixli fərmanı ilə təsdiq edilən “Sənaye parkları haqqında nümunəvi əsasnamə”də, eləcə də “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub. Bununla bağlı son illərdə xarici ölkələrin bu sahədəki müsbət təcrübəsinin ölkəmizdə tətbiqi istiqamətində bir sıra layihələr həyata keçirilib. Həmçinin BMT-nin Sənaye İnkişafı Təşkilatının, Türkiyənin Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin ekspertlərinin tövsiyələri nəzərə alınmaqla müvafiq təkliflər hazırlanıb, ardıcıl tədbirlər reallaşdırılıb.

 

Ötən il qeyri-neft məhsullarının ixrac imkanları daha da artıb

 

Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidenti İlham Əliyev hesabat dövründə ölkəmizin ixrac imkanlarından bəhs edərkən, bildirib ki, keçən il dörd ticarət nümayəndəliyi yaradılıb, müxtəlif ölkələrə ixrac missiyaları göndərilib.  Burada əsas məqsəd odur ki, ixrac artsın, qeyri-neft sektorunun dinamik inkişafı təmin olunsun.

Ötən il qeyri-neft ixracı 24 faiz artıb,  14 min fiziki və hüquqi şəxs xarici ticarət fəaliyyəti ilə məşğul olub, Azərbaycan 3100 çeşiddə məhsul ixrac edib. 2017-ci ildə 160-dan çox şirkətə ixrac üzrə fərdi qaydada xidmətlər göstərilib, 44 sahibkarlıq subyektinə 2,8 milyon manat ixrac təşviqi ödənilib.

Ötən il ərzində 10 ölkəyə 10 ixrac missiyası təşkil edilib. Bu ixrac missiyalarında 160-dan çox şirkət iştirak edib. Bundan başqa, müxtəlif xarici ölkələrdə 251-ə yaxın görüş keçirilib, 11 ölkə ilə əməkdaşlığa dair müqavilələr imzalanıb.

“Buta Airways” təyyarələrində reklam yerləşdirilib, təyyarələrdə təklif olunan Azərbaycan məhsullarının siyahısı genişləndirilib. “SOCAR Georgia Petroleum” şirkətinin yanacaqdoldurma məntəqələri üçün 10 stend hazırlanıb və bu ilin yanvar ayının sonunadək məntəqələrdə yerləşdiriləcək.

Rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların “Made in Azerbaijan” brendi altında təşviqi yerli şirkətlərin daxili və xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Milli brendlərimizin yaradılması və inkişafı, daha geniş coğrafiyada tanıdılması istiqamətində tədbirlər görülür. Bu məqsədlə həyata keçirilən tədbirlərdən biri də "Made in Azerbaijan" loqosunun hazırlanaraq Patent və Əmtəə Nişanları Mərkəzində qeydiyyata alınmasıdır.

Mütəxəssislərin qənaətinə görə, regionlarda arqoparkların yaradılması, bu çərçivədə müxtəlif beynəlxalq layihələrin həyata keçirilməsi ölkənin ixrac potensialının artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, proqressiv metodların geniş tətbiqində, istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq.

Ölkədə ixrac potensialının güclənməsində Prezident İlham Əliyevin sərəncamı ilə ötən il iyulun 14-də təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” da mühüm rol oynayacaq, respublikamızda aqrar sektorun inkişafına əlavə təkan verəcək.

Kənd təsərrüfatında kooperasiyanın inkişafı Prezident İlham Əliyev tərəfindən qəbul olunan siyasi qərarlar əsasında həyata keçirilən aqrar islahatların müasir mərhələsində prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilib. Belə ki, dövlət başçısının müvafiq tapşırıqlarının icrası çərçivəsində Azərbaycanda dayanıqlı əsaslara malik kənd yerlərinin inkişafı və ərzaq təhlükəsizliyi sisteminin təmin edilməsi siyasəti çərçivəsində bütövlükdə kənd təsərrüfatı kooperasiyasının inkişafı, o cümlədən kənd təsərrüfatı kooperativləri şəbəkəsinin formalaşdırılması baxımından əlverişli biznes mühitinin yaradılması istiqamətində kompleks islahatların aparılmasına başlanılıb.

Bütün bunların sayəsində sektorun ixrac qabiliyyəti daha da artıb, nəticədə ən çox ixrac edilən 5 məhsul novündən 3-ü məhz bu sahənin payına düşüb. Ümumilikdə isə 2017-ci ilin 11 ayı ərzində meyvə-tərəvəzin ixracı 35 faiz, çay ixracı 65 faiz, pambıq ixracı 2,3 dəfə artıb.  

Onu da qeyd edək ki, Azexport.az portalının yaradılması, xarici ölkələrə ixrac missiyalarının reallaşdırılması və s. kimi tədbirlər ötən il ərzində qeyri-neft məhsullarının dünya bazarlarına çıxışı imkanlarını artırıb. Keçən ilin yanvar- noyabr aylarında yerli istehsalçılar tərəfindən Azexport.az portalı vasitəsi ilə 444,6 milyon ABŞ dolları həcmində ixrac sifarişi qəbul edilib. 

 

Xarici iqtisadi əlaqələr getdikcə genişlənir

 

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 114 ölkəyə məhsul ixrac edib, 176 ölkədən məhsul idxal olunub.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilən dəyəri nəzərə alınmaqla keçən ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 21 milyard 809,4 milyon dollar, o cümlədən ixracın dəyəri 14 milyard 18,7 milyon dollar, idxalın dəyəri 7 milyard 790,7 milyon dollar olub və nəticədə 6 milyard 228 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 11,6 faiz artıb, real ifadədə isə 10,9 faiz, o cümlədən ixrac 6,5 faiz, idxal isə 17,6 faiz azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, ixracın 31,4 faizini İtaliyaya, 10,5 faizini Türkiyəyə, 4,5 faizini İsrailə, 4,2 faizini Rusiyaya, 3,9 faizini Kanadaya, 3,8 faizini Çexiyaya, 3,6 faizini Almaniyaya, 3,5 faizini Çinə, 3,4 faizini Gürcüstana, 3,2 faizini İndoneziyaya, 3 faizini Portuqaliyaya, 2,9 faizini Hindistana, 2,7 faizini Fransaya, 2,4 faizini Ukraynaya, qalan 17 faizini isə digər ölkələrə göndərilən məhsulların dəyəri təşkil edib. 

Ölkəmizə idxal olunan məhsulların ümumi dəyərinin 17,5 faizi Rusiya, 14,7 faizi Türkiyə, 9,8 faizi Çin, 8,7 faizi ABŞ, 5,2 faizi Ukrayna, 4,9 faizi Almaniya, 3,6 faizi İtaliya, hər biri 2,7 faiz olmaqla İran və Birləşmiş Krallıq, 2,2 faizi Braziliya, 1,9 faizi Yaponiya, hər biri 1,7 faiz olmaqla Norveç və Fransa, 22,7 faizi isə digər ölkələrlə aparılan idxal əməliyyatlarının payına düşüb.

Ötən ilin yanvar-noyabr aylarında 1 milyard 386,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin müvafiq dövrünə  nisbətən faktiki qiymətlərlə 24,1, real ifadədə 21,8 faiz çoxdur.

 

Yeni ildə qarşıda yeni vəzifələr durur

 

Prezident İlham Əliyev Nazirlər Kabinetinin sözügedən iclasında 2018-ci ilin yeni inkişaf istiqamətlərini və hədəflərini də müəyyənləşdirib. Bildirib ki, cari ildə  büdcədən heç bir xərc etmədən sahibkarlara güzəştli şərtlərlə 170 milyon manat kredit veriləcək. Yeni iş yerlərinin açılması istiqamətində işlər davam etdiriləcək. Özünüməşğulluq proqramı üçün 35 milyon manat vəsait nəzərdə tutulub və bu, təqribən 7 min ailənin büdcəsinə böyük dəstək olacaq.

Bu il yeni məcburi köçkün şəhərcikləri, qəsəbələri salınacaq. 2018-ci ildə yeni mənzillərlə təmin ediləcək məcburi köçkünlərin sayı keçən illə müqayisədə təxminən iki dəfə artacaq. Əgər 2017-ci ildə 12 min insan yeni mənzillərə, evlərə köçürülübsə, bu il ən azı, 20 min köçkünün yeni evlərə, mənzillərə köçürülməsi nəzərdə tutulur. Bu rəqəm çox da ola bilər.

Yuxarıda sadalananlarla bərabər bu il sosial infrastruktur layihələrinin icrası ilə bağlı dövlət investisiya proqramında da kifayət qədər vəsait var. Bölgələrdə modul tipli 137 məktəb tikiləcək. Yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək.

Altı şəhərdə yeni mərkəzi rayon xəstəxanası istifadəyə veriləcək. Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboy şəhərlərində xəstəxanalar açılacaq, Xırdalan, Qəbələ şəhərlərində və Füzuli rayonunda müasir xəstəxanaların tikintisi davam etdiriləcək. Dörd olimpiya idman kompleksinin tikintisi nəzərdə tutulur.

Bu il Mingəçevir, İmişli və Şəki şəhərində “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq. Bununla da “ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq.

Cari il Masallı Sənaye Məhəlləsinin istifadəyə verilməsi, Hacıqabul Sənaye Məhəlləsinin tikintisinə başlanılması və 10 yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. Beləliklə, ilin sonuna qədər xalça fabriklərinin sayı 20-yə çatacaq. Bu isə minlərlə iş yeri deməkdir.

Bölgələrdə qazlaşdırma işlərinin aparılması üçün Neft Şirkətinə dövlət büdcəsindən təxminən 100 milyon manat vəsait ayrılacaq. Bu il 2 min kilometrdən çox avtomobil yolu çəkiləcək.  Ümumiyyətlə, bu layihələr daxil olmaq şərtilə 2004-cü ildən bu ilin sonuna qədər Azərbaycanda 15 min kilometr avtomobil yolunun tikintisi təmin ediləcək.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında