Prezident İlham ƏLİYEV: Bizim uğurlu siyasətimizin təməlində xalq tərəfindən göstərilən dəstək dayanır

Azərbaycan Prezidenti İlham Əliyevin ötən il imzaladığı müvafiq fərman və sərəncamlar qeyri-neft sektorunda ixrac imkanlarının genişləndirilməsinə, valyuta axınına yol açan sahələrə diqqətin artırılmasına, sahibkarlığın və sərmayələrin təşviqinə, yoxlamalar və lisenziyaların verilməsi ilə bağlı prosedurların sadələşdirilməsinə önəmli təsir göstərib. Bu, iqtisadi islahatların hüquqi tərəfini reallaşdırıb  və gələcəkdə qeyri-neft sektorunun hesabına Azərbaycan iqtisadiyyatının inkişafına əlverişli şərait yaradıb. 

 

 

 Dərin iqtisadi islahatlar ilindən sürətli inkişaf dövrünə

 

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bütün bunlar barədə ətraflı danışılıb. Dövlətimizin başçısı giriş nitqində bildirib ki, hesabat dövründə ölkəmiz sürətlə və uğurla inkişaf edib. Həyatımızın bütün sahələrində qazanılan müsbət nəticələr respublikamızın ümumi inkişafına böyük töhfə verib.

Prezident İlham Əliyev daha sonra deyib: “Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomadır. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda, bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır”.

Dövlətimizin başçısı nitqində 2018-ci ildə də Azərbaycanda bu müsbət meyillərin daha da güclənəcəyinə əminliyini ifadə edib, həmçinin xalq-iqtidar birliyinin uğurlarımızın əsas şərti olduğunu, reallaşdırılan siyasətin təməlində xalq tərəfindən göstərilən dəstəyin dayandığını diqqətə çatdırıb.

Azərbaycan Prezidenti nitqində hesabat dövründə əldə edilən sosial-iqtisadi uğurlara da toxunub. Bildirib ki, 2017-ci il dərin iqtisadi islahatlar ili olub. Bu, mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz təsdiqini tapıb. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Azərbaycanda gedən proseslərə yüksək qiymət verilib, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb. 

Dövlətimizin başçısı nitqində il ərzində qeyri-neft sektorunun 2,5 faiz, bu göstəricinin sənaye sahəsinin qeyri-neft sektorunda 3,6 faiz, kənd təsərrüfatında isə 4,1 faiz artdığını, valyuta ehtiyatlarının 4,5 milyard dollara yüksəldiyini və hazırda təxminən 42 milyard dollar təşkil etdiyini vurğulayıb.  

Prezident İlham Əliyev daha sonra xatırladıb: “Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu da çox gözəl göstəricidir. Onu göstərir ki, həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. Bu, eyni zamanda, qeyd etdiyim sabitliyin təzahürüdür. Çünki indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə xarici ölkələrə vəsait qoymaq bir çox investorlar tərəfindən o qədər də məqbul sayılmır. Ancaq sabit olan ölkələrə və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur. Ona görə il ərzində təxminən 15 milyard dollar investisiyaları cəlb etmək hesab edirəm ki, böyük nailiyyətdir”.

Nazirlər Kabinetinin iclasında ixrac potensialı ilə bağlı mövcud vəziyyətə də toxunulub. Hesabat dövründə ixracın 19 faiz, qeyri-neft ixracının isə 24 faiz artması diqqətə çatdırılıb və bu göstəricilərin həyata keçirilən islahatların   məntiqi nəticəsi olduğu vurğulanıb. 

İclasda regionların inkişafının daim diqqət mərkəzində olması mühüm məsələ kimi qeyd edilib. Dövlətimizin başçısı bununla əlaqədar deyib: “Keçən il mən 30-dan çox rayona səfər etmişəm. Bu səfərlər çərçivəsində həm yeni müəssisələrin açılışları qeyd olunmuşdur, yeni müəssisələrin təməli qoyulmuşdur, həm də bölgələrdə gedən vəziyyətlə bağlı mənə məruzələr edilmişdir. Mən hər il bölgələrə səfərlər edirəm və keçən il demək olar ki, rayonlarımızın yarısında olmuşam. Bu, əlbəttə ki, həm mənim üçün çox əhəmiyyətlidir, çünki mən yerlərdə vəziyyətlə tanış oluram və müvafiq göstərişlər verirəm. Bilirəm ki, bu, bölgələrdə yaşayan vətəndaşlar üçün də çox önəmlidir. Əlbəttə ki, bu, nizam-intizamın möhkəmləndirilməsi üçün də çox önəmlidir. Çünki mən Azərbaycanın hər bir rayonunda dəfələrlə olmuşam və verilmiş tapşırıqların yerinə yetirilməsini də özüm şəxsən nəzarətdə saxlayıram”.

Nazirlər Kabinetinin iclasında, həmçinin  2017-ci ildə 221 min yeni iş yerinin açılması, onların 177 mininin daimi olması, işsizliyin 5 faiz, yoxsulluğun isə 5,4 faiz təşkil etməsi,  ölkəmizin 93 faizinin qazlaşdırılması,100 min hektardan çox sahənin suvarılmağa başlanılması, 1300 kilometr avtomobil yolunun salınması, 133 yeni məktəbin tikilməsi, 14 məktəbdə əsaslı, 500-ə yaxın məktəbdə isə cari təmir aparılması diqqətə çatdırılıb. 

 

Azərbaycan Avropanın enerji xəritəsinin müəyyənləşməsində mühüm rol oynayır

 

İclasda 2017-ci ildə energetika sahəsində baş vermiş tarixi hadisələrdən də danışılıb. “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması önəmli hadisə kimi dəyərləndirilib. Bunun isə Azərbaycanda 2050-ci ilə qədər hasilat səviyyəsinin sabit qalmasına, respublikanın neft sektoruna xarici investorlar tərəfindən bundan sonra da böyük həcmdə sərmayə qoyulmasına imkan yaradacağı vurğulanıb. Cənab İlham Əliyev bu məsələyə belə münasibət bildirib: “Burada söhbət on milyardlarla dollardan gedir. Əlbəttə ki, bu investisiyalar iqtisadiyyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərəcək, yeni iş yerlərinin, yeni yerli müəssisələrin yaradılması nəzərdə tutulur. Əlbəttə, neft hasilatının sabit saxlanması imkan verəcək ki, biz öz iqtisadi inkişafımızı planlaşdıraq və tədricən bundan sonra da neftdən asılılığı azaldaq. Son iki il ərzində biz buna demək olar ki, böyük dərəcədə nail olmuşuq”.

Azərbaycan Prezidenti çıxışında diqqəti, eyni zamanda, “Cənub” Qaz Dəhlizinin icrasının uğurla reallaşdırıldığına yönəldib. Bildirib ki, “Şahdəniz-2” layihəsinin icrası 99 faizə çatıb. Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəməri 93 faiz icra edilib və TANAP layihəsinin icrası 90 faizə çatıb. Bu, artıq onu göstərir ki, “Cənub” Qaz Dəhlizi reallaşıb. TAP layihəsinə gəldikdə isə orada da işlər demək olar ki, qrafik üzrə gedir, indiyədək işlər 60-62 faiz səviyyəsində reallaşdırılıb. 

 

Bakı-Tbilisi-Qars dəmir yolu səmərəli və təhlükəsiz layihədir

 

Nazirlər Kabinetinin sözügedən iclasında xatırladılıb ki, son illər Azərbaycanın nəqliyyat infrastrukturunda həyata keçirilən yenidənqurma işləri, beynəlxalq layihələr, qəbul olunan dövlət proqramları bu sahənin inkişafına güclü təkan verib, Asiya ilə Avropanın qovuşuğunda yerləşən respublikamızın nəqliyyat dəhlizi kimi önəmini daha da artırıb. Bununla da Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilən ölkəmiz həm də dünyada öz tranzit imkanlarını artırmağa yol açan yeni təşəbbüslərin müəllifi kimi nüfuz qazanıb. Belə təşəbbüslərdən biri də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsidir.

Keçən il oktyabrın 30-da BTQ dəmir yolu xəttinin istifadəyə verilməsi təkcə Azərbaycan və region dövlətləri üçün deyil, eyni zamanda, qlobal əhəmiyyətli tarixi hadisəyə çevrildi.  Bu dəmir yolu Bakıdan başlayaraq, Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinədək uzanır  və beləliklə, Azərbay-canla Türkiyəni, Şərqlə Qərbi birləşdirir.

Azərbaycan Prezidenti iclasda Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışarkən deyb: “Yol açılandan sonra qısa müddət ərzində - cəmi iki ay ərzində bir çox ölkələrdən Bakı-Tbilisi-Qarsa qoşulmaq haqqında bizə müraciətlər olmuşdur. Artıq bir neçə həmkarımla bu məsələni mən şəxsən müzakirə etmişəm. İndi müvafiq göstərişlər verilmişdir ki, bir çox ölkələrlə işçi qrupları yaradılsın və bu xəttə qoşulmaq istəyənlərin yük potensialı təhlil edilsin. Əlbəttə ki, biz bütün tərəfdaşlarla bu layihə çərçivəsində uğurlu əməkdaşlıq etməyə hazırıq.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bu barədə məlumat verməklə bərabər, eyni zamanda, qeyd edib ki, bunun həm turizm, həm də yükdaşımalar üçün böyük əhəmiyyəti olacaq. Turizmin inkişafı üçün daha bir layihə dövlət investisiya proqramına salınıb. Bu da Ləki-Qəbələ dəmir yolunun tikintisidir. Bu gün Qəbələ Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir. Dəmir yolunun Qəbələyə çatdırılması turistlərin axınını daha da sürətləndirəcək.

“Növbəti illərdə Şahdağ xizək kurortuna da dəmir yolunun çəkilişini təmin etmək bizim planlarımızdadır. Bu layihəni biz əlbəttə ki, Bakı-Yalama dəmir yolu ilə uzlaşdırmalıyıq. Çünki Şahdağa dəmir yolu ilə getmək üçün gərək o sürətli yol olsun. İndi Bakı-
Yalama yolu o vəziyyətdə deyil ki, orada sürətli qatar işləyə bilsin. Bakı-Yalama yolu ilə Qusar rayonuna gedən dəmir yolu bir layihədə öz həllini tapacaq. Bu da bizim planlarımızda var. Ona görə, istərdim ki, Azərbaycan ictimaiyyəti bunu bilsin” – deyə Prezident İlham Əliyev vurğulayıb.

 

Əhalinin sosial müdafiəsi dövlətin prioritet məqsədi olaraq qalır

 

2017-ci ildə zəruri resurslar səfərbər olunmaqla makroiqtisadi sabitliyin təmin edilməsi, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun sürətli inkişafı əmək bazarının stabilləşməsinə, əhalinin sosial təminatının dəyişkən valyuta bazarlarının mənfi təsirlərindən səmərəli qorunmasına, yüksək rifahın həlledici amillərindən olan məşğulluq imkanlarının genişləndirilməsinə şərait yaradıb. Bunun sayəsində hesabat dövründə dövlət şirkətləri ilə birgə 15 min işçi ilə əmək müqaviləsinin müddəti uzadılıb, 7 min işaxtaranla yeni əmək müqaviləsi bağlanıb, ictimai işlərin təşkili proqramı üzrə 19 min nəfər yerli icra hakimiyyətləri tərəfindən təmir və abadlıq işlərinə cəlb edilib. Ümumilikdə, ötən il dövlət məşğulluğu tədbirləri hesabına 41 min 400 nəfər işaxtaran iş yeri ilə təmin olunub. Bundan əlavə, regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin sürətli inkişafı 200 min nəfərdən çox əmək resursunu istehsal prosesinə cəlb etməyə imkan verib. İl ərzində məşğulluq orqanları tərəfindən ümumilikdə 47 min 900 nəfər işlə təmin edilib, 1160 nəfər haqqı ödənilən ictimai işlərə, 3560 nəfər peşə hazırlığı kurslarına, 3120 nəfər müvəqqəti xarakterli işlərə cəlb olunub, 14 min 820 nəfərə isə işsizlik müavinəti ödənilib.

Məşğulluq imkanlarının genişlənməsi, xüsusilə də regionlarda əhalinin kənd təsərrüfatı işlərinə geniş cəlb olunaraq gəlir əldə etmək imkanlarının güclənməsi ünvanlı sosial yardım proqramına müraciətlərin sayını azaldıb. 2017-ci ilin əvvəlində 159,5 min ailə ünvanlı sosial yardım alırdısa, ilin sonuna belə ailələrin sayı iki dəfə azalaraq 80 min, il ərzində orta aylıq sayı 116 min olub, müraciətlərin sayı isə ilin əvvəlinə nisbətən dörd dəfə azalıb. İl ərzində bu məqsədlərə büdcədən 215 milyon manat vəsait xərclənib.

2017-ci ildə 483 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 60 min nəfərə isə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilib. Bu məqsədlərə sərf edilən 371 milyon manat 2016-cı ilin göstəricisindən 9,3 faiz çoxdur.

Sonda diqqəti mühüm bir məqama yönəltmək istərdik. Prezident İlham Əliyev iclasda 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etdi. Dövlətimizin başçısı il ərzində bununla əlaqədar həm respublikamızda, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini bildirdi. 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında