2018-ci ilin dövlət büdcəsinin gəlir və xərclərinin artım dinamikası

Gələn il ölkə iqtisadiyyatına 15,9 milyard manat investisiya qoyuluşu proqnozlaşdırılır

Bu günlərdə ölkə Prezidenti cənab İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat, xərcləri isə 21 milyard 47 milyon manat səviyyəsində müəyyənləşdirilib. Dövlət büdcəsinin gəlirləri ÜDM-in 29 faizi həcmində olmaqla 2017-ci ilin təsdiq olunan proqnozu ilə müqayisədə 3,361 milyard manat və ya 20 faiz, ötən ilin faktiki icra göstəricisi ilə müqayisədə 2,621 milyard manat və ya 15 faiz çoxdur.

Gələn ilin dövlət büdcəsinin xərcləri ilkin layihədə olduğundan 141,3 milyon manat artırılıb. Artırılmış xərclər əsasən sosialyönümlü xərclərdir və bu artım nəzərə alınmaqla 2018-ci il üçün dövlət büdcəsinin xərclərinin ÜDM-də xüsusi çəkisi 30,3 faiz təşkil edəcəkdir ki, bu da 2017-ci illə müqayisədə 4 faiz artım deməkdir. Mütləq ifadədə 2018-ci ilin dövlət büdcəsinin xərcləri 21 milyard 47 milyon manat səviyyəsində müəyyənləşdirilib. Bu, 2017-ci illə müqayisədə 3106 milyon manat və ya 17,3 faiz çoxdur. Xərclərin artan məbləği qədər büdcənin kəsiri artmış və o, bütövlükdə 920 milyon manat təşkil etmişdir. Büdcə kəsirinin ümumi daxili məhsula nisbətdə 1,3 faiz səviyyəsində müəyyən edilməsi tam normaldır.

Dövlət büdcəsinin gəlir və xərclərinin belə böyük artımının əsasları nədən ibarətdir? Bütövlükdə büdcə gəlirlərinin və onun xərclərinin bu qaydada artırılması gələn il üçün hökumətin müəyyən etdiyi iqtisadi və sosial strategiyaya nə qədər uyğundur? Bu təhlilimizdə qoyulan suallara cavab tapmağa çalışacağıq.

2014-cü ilin ortalarından başlayaraq dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşması ölkənin valyuta gəlirlərinin azalmasına və müəyyən çətinliklərin meydana çıxmasına səbəb oldu. Yaranmış vəziyyətdən ən qısa zamanda çıxmağın yeganə düzgün yolu ölkə iqtisadiyyatının qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək idi. Bu islahatlar neftin qiymətlərinin yüksək olduğu dönəmdə də aparılırdı və onların nəticəsi olaraq iqtisadiyyatda real sektorun payı 70 faizə yaxınlaşmışdı. Lakin yeni durumda islahatların sürətini elə artırmaq lazım idi ki, real sektorda ən qısa vaxtda inqilabi dəyişikliklər baş versin. Mövcud vəziyyəti düzgün qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev kifayət qədər qətiyyətli addımlar atmaqla vəziyyətdən çıxmağın konturlarını ortaya qoydu.

Dünya bazarlarında neftin qiymətləri ətrafında baş verən proseslərin daha çox siyasi motivlərə söykəndiyini yaxşı bilən Azərbaycan Prezidenti bundan sonra onun nə qədər davam edəcəyini gözləmədən sürətli iqtisadi islahatlara start verdi. İslahatların yüksək nəticələr verməsi üçün hələ böyük neft pullarının daxil olduğu illərdə ölkəmizdə nəhəng infrastruktur layihələrinin reallaşdırılması hesabına möhkəm bünövrə yaradılmışdı. Məhz həmin layihələrin reallaşdırılması hesabına Azərbaycanın bütün bölgələrində enerji, su, qaz təminatı sahəsində problemlər aradan qaldırılmış, paytaxt Bakı da daxil olmaqla ölkənin yol infrastrukturu əsaslı şəkildə yenidən qurulmuşdu. Görülən işlər Azərbaycana xarici kapitalın cəlb edilməsi, ölkədə azad sahibkarlığın, biznesin inkişafı üçün əlverişli mühit formalaşdırmışdı.

2015-ci ilin sonlarından ölkə iqtisadiyyatının qeyri-neft sektorunun sürətli inkişafı istiqamətində tədbirlərin reallaşdırılmasına başlanıldı. Bir neçə ay ərzində real sektorda inqilabi dəyişiklikləri hədəfləyən onlarca qərar və sərəncam qəbul olundu. Nəhayət, Azərbaycan iqtisadiyyatının yaxın, orta və uzaq perspektivdə inkişaf konturlarını özündə əks etdirən Strateji Yol Xəritələri təsdiq edildi.

Nəticələr özünü çox gözlətmədi. Bu gün aidiyyatı beynəlxalq təşkilatlar Azərbaycanın ötən iki il müddətində qeyri-neft sektorunda apardığı sürətli iqtisadi islahatlar hesabına əldə olunan nəticələri iqtisadiyyatın real sektora transformasiya olunmasının nümunəsi kimi təqdim edirlər. Son iki ildə neftin qiymətlərinin və onun hasilatının aşağı düşməsi üzündən ümumi daxili məhsulda müəyyən azalmalar qeydə alınsa da, qeyri-neft sektorunun inkişafı hesabına ümumi iqtisadi geriləmə uğurla aradan qaldırılır. Gözləntilər onu deməyə əsas verir ki, real sektorda qazanılan bu uğurlar bizə cari ili iqtisadi artımla başa çatdırmağa imkan verəcəkdir.

İndi Azərbaycan hökumətinin qeyri-neft sektorunun sürətli inkişafını təmin edən islahatlar strategiyasının ana xəttini ölkədə istehsal olunan xam məhsulların emalını yüksək səviyyədə təşkil etməklə, rəqabət qabiliyyətli son məhsul istehsalını təmin etməkdir. Bu xammallardan hazırlanacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, onların xaricə ixracı ölkəmizə daxil olacaq möhkəm valyutanın həcmini də qat-qat artıracaq. Ona görə də hökumət ölkədə emal sənayesinin inkişafını ön plana çəkir. Ölkə başçısının bilavasitə təşəbbüsü ilə xam neftin, qazın, aqrar sektorda və digər sahələrdə istehsal edilən xam məhsulların emal olunacağı sənaye müəssisələrinin tikintisini nəzərdə tutan bir sıra layihələr reallaşdırılır və bu istiqamətdə işlər getdikcə daha da genişləndirilir.

Heç şübhəsiz, ölkədə pambıqçılığın, ipəkçiliyin, tütünçülüyün və digər sahələrin inkişafı Azərbaycanda sənayenin də inkişafına yaxşı zəmin yaradacaq. Mingəçevirdə Sənaye Parkının yaradılması, Şəki İpək Kombinatının yenidən qurulması, Sumqayıt Kimya Sənaye Parkı kimi layihələrin reallaşdırılması buna yaxşı misaldır. Biz artıq məhsullarımızın dünya bazarlarına çıxarılması istiqamətində dövlət səviyyəsində çox önəmli addımlar atmağa başlamışıq.

Cari ilin yekunları 2017-ci ilin ölkə iqtisadiyyatında əsaslı dönüş ili kimi tarixə düşəcəyindən xəbər verir. Azərbaycan yenə də iqtisadi inkişaf tempinə görə liderlik etmək iddiasındadır. Lakin indi bunu neftdən, qazdan asılı olmayan bir iqtisadiyyatın – real sektorun hesabına etməyi hədəfləyir.

Dövlət Statistika Komitəsinin rəsmi məlumatları göstərir ki, cari ilin on ayının yekunları kifayət qədər pozitivdir. Ötən 10 ay ərzində ümumi daxili məhsulun 0,7 faiz azalması qeydə alınsa da, hər kəs bunun neft hasilatının azalması ilə bağlı olduğunu yaxşı bilir. Bəs mövcud iqtisadi duruma bir başqa prizmadan yanaşsaq, vəziyyəti necə qiymətləndirməliyik? Burada rəqəmlərin dili ilə danışmaq daha çox yerinə düşər. 2016-cı ilin 10 ayı ərzində ÜDM 2015-ci ilin 10 ayı ilə müqaisədə 3,7 faiz azalmışdı, cari ilin 10 ayı ərzində isə bu azalma 2016-cı ilin 10 ayı ilə müqaisədə 5,2 dəfə kiçilmiş və dediyimiz kimi, bu da əsasən 2017-ci ildə neft hasilatının aşağı düşməsi ilə bağlıdır. Deməli, 2016-cı ilin 10 ayı ilə müqayisədə hazırkı ümumi iqtisadi durum bütövlükdə pozitivdir və demək olar ki, cari ilin ötən dövrü ərzində 2016-cı ildə baş vermiş iqtisadi geriləmələr praktik olaraq aradan qaldırılmışdır.

 Dediklərimizi əsaslandıra biləcək digər göstəricilərə də nəzər salaq. Cari ilin 10 ayı ərzində qeyri-neft ümumi daxili məhsulu 2,1 faiz artıb, halbuki 2016-cı ilin 10 ayı ərzində bu göstərici 2015-ci ilin 10 ayı ilə müqaisədə 5,5 faiz azalmışdı. Eyni qayda ilə demək olar ki, ötən 10 ay ərzində bütün başqa göstəricilər üzrə nəticələr də kifayət qədər pozitivdir. Sənaye məhsulunun həcmi ötən ilin 10 ayı ilə müqayisədə cəmi 0,2 faiz azalıb, halbuki bu azalma 2016-cı ildə 2015-ci illə müqaisədə 4,6 faiz təşkil edirdi. Əsas kapitala yönəldilmiş vəsaitlər 2016-cı ildə, 2015-ci illə müqaisədə 26,3 faiz azalmışdısa, cari ilin 10 ayında bu azalma cəmi 3 faiz olmuşdur.

 Kənd təsərrüfatı məhsullarının istehsal həcmində cari ilin 10 ayında 4 faiz artım qeydə alınıb. Ancaq ötən ildə bu artım cəmi 1,8 faiz olmuşdur. Anoloji olaraq nəqliyyat sektoru üzrə yükdaşımalarda və sərnişin daşınmasında artımlar da qeydə alınmış, dövlət büdcəsinin gəlir və xərcləri keçən ildəkinə nisbətən müvafiq olaraq 12 faiz və 13,5 faiz artmışdır. Ötən 9 ay ərzində xarici ticarət dövriyyəsində artım 9,2 faiz olmuşdur. 2016-cı ilin 9 ayında isə bu göstərici 2015-ci ilin müvafiq dövrü ilə müqaisədə 19,1 faiz azalmışdı. Bu sahədə diqqət çəkən əsas məqam qeyri-neft ixracının həcmində baş vermiş artımla bağlıdır.

Azərbaycan iqtisadiyyatının real sektorunda bütün istiqamətlərdə uğurlu nəticələr əldə edilir. Bu sektorun aparıcı sahəsi olan aqrar bölmənin göstəriciləri kifayət qədər cəlbedicidir. Əgər 2015-ci ildə Azərbaycanda cəmi 200 kiloqramdan bir qədər çox barama istehsal olunmuşdusa, 2016-cı ildə bu rəqəm 70 tona çatdırılmışdır. Bu il isə artıq 244 ton yaş barama tədarük edilmişdir. Ötən il 51 min hektar sahədə, cari ildə isə 136 min hektar sahədə pambıq əkilmişdir. Əgər hektardan orta hesabla 20 sentner pambıq yığılarsa bu, 270 min ton pambıq tədarükü deməkdir. Nəzərə alaq ki, 2015-ci ildə 18 min hektar sahədən cəmi 35 min ton pambıq yığılmışdı.

Yaradılan əlverişli biznes mühiti yerli sahibkarlarla yanaşı, xarici investorları da ölkəmizə cəlb edir. Bunun nəticəsidir ki, Azərbaycana sərmayə qoyan şirkətlərin sayı ilə yanaşı, onların coğrafiyası da getdikcə genişlənir. Hər bir investor ancaq ictimai-siyasi sabitliyin mövcud olduğu ölkəyə sərmayə qoymaqda maraqlı ola bilər. Məhz bu ictimai-siyasi sabitliyin nəticəsidir ki, ölkə iqtisadiyyatına 2004-2017-ci illərdə 225 milyard dollar həcmində investisiya yatırılıb.

Təkcə ötən ildə ölkə iqtisadiyyatına 11 milyard 700 milyon dollar sərmayə qoyulub. Bunun 8 milyard dolları xarici, 3,7 milyard dolları isə daxili investisiya idi. Bu isə bir daha təsdiqləyir ki, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir.

2018-ci ilin dövlət büdcəsi də sosialyönümlü olacaq. Başqa sözlə, dövlət büdcəsinin sosialyönümlüyünün davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamət olaraq saxlanılacaq. Büdcədə sosialyönümlü xərclərə 7 milyard 48 milyon manat vəsait ayrılmışdır ki, bu da ümumi xərclərin 33,5 faizini təşkil edir və bu, 2017-ci illə müqayisədə 147,9 milyon manat və ya 2,2 faiz çoxdur.

Sosialyönümlü xərclərlə yanaşı, əhaliyə bilavasitə xidmət göstərən bir sıra dövlət müəssisələrinə və tədbirlərə də dövlət büdcəsindən maliyyə yardımı ediləcək. Bu xərclər də nəzərə alınmaqla dövlət büdcəsindən sosialyönümlü xərclərə 7 milyard 656,3 milyon manat vəsait yönəldiləcək. Bu isə ümumilikdə dövlət büdcəsi xərclərinin 36,6 faizi deməkdir.

Gələn ilin dövlət büdcəsində elm və təhsil xərclərinə 128,1 milyon manat vəsait ayrılacaq. Bu da 2017-ci illə müqayisədə 9,5 milyon manat və ya 8 faiz çoxdur. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi-tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönəldiləcək. Elm xərclərində maddi-texniki təminatın möhkəmləndirilməsi və digər tədbirlərin həyata keçirilməsi üçün 5,4 milyon manat vəsait nəzərdə tutulub.

Növbəti ildə dövlət büdcəsindən təhsil xərclərinə 2001,5 milyon manat vəsait yönəldiləcək. Bu da 2017-ci illə müqayisədə 210,3 milyon manat və ya 11,7 faiz, 2016-cı ilin icrası ilə müqayisədə 247,1 milyon manat və ya 14,1 faiz çoxdur.

2018-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 740,7 milyon manat vəsait ayrılıb. Həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,5 faiz təşkil edəcək. Səhiyyə xərcləri üzrə ayrılan vəsaitin 348,7 milyon manatı və ya 47,1 faizi xəstəxanaların, 109,7 milyon manatı və ya 14,8 faizi poliklinikaların və ambulatoriyaların saxlanılması xərclərinə, 270,7 milyon manatı və ya 36,5 faizi səhiyyə sahəsinə aid edilən digər xidmətlər üzrə xərclərə, 11,7 milyon manatı və ya 1,6 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar və digər xidmətlər üzrə xərclərə yönəldiləcək.

Gələn ilin büdcəsində də əhalinin sosial müdafiəsi yenə prioritetdir. Belə ki, pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2018-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 2197,2 milyon manat vəsait proqnozlaşdırılır. Gələn il real olaraq sosial müdafiə və sosial təminat xərclərinin 2017-ci illə müqayisədə 95,2 milyon manat və ya 4,5 faiz artırılması nəzərdə tutulur. Sosial müdafiə və sosial təminat xərclərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 10,5 faiz təşkil edir.

Yeri gəlmişkən, qaçqın və məcburi köçkünlər üçün kommunal ödənişlərə görə vahid müavinətin müəyyən edilməsi ilə bağlı fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində məcburi köçkünlər üçün müəyyən edilən istehlak normalarının, həmçinin limitlərin tətbiqinə növbəti ilin dövlət büdcəsində 50,5 milyon manat vəsait proqnozlaşdırılır.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyasının sığorta hissəsinin 1992-ci il yanvarın 1-dək qazanılan pensiya kapitalına əsasən formalaşan məbləği, habelə nəzərdə tutulan əlavələr dövlət büdcəsinin öhdəliyi kimi müəyyənləşdirilib.

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2018-ci il yanvarın 1-də qüvvəyə minməsi ilə əlaqədar sığortaedənlər tərəfindən ödənilən sığorta haqqı hesablanan əməyin ödənişi fondunun 0,5 faizi müəyyən edilib. Bununla əlaqədar dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işsizlikdən sığorta haqları üzrə növbəti ilin büdcəsindən 16,9 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

2018-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7,907 milyard manatı və ya 39,3 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 9,216 milyard manatı və ya 45,8 faizi Dövlət Neft Fondundan transfertin, 2,43 milyard manatı və ya 12,1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 574 milyon manatı və ya 2,8 faizi isə digər gəlirlərin payına düşür.

Gələn il ÜDM-in 1,5 faiz, növbəti illərdə isə 3,5 faiz artacağı proqnozlaşdırılır. Tədiyə balansı üzrə müsbət saldonun isə 1,4 milyard dollar olacağı gözlənilir. Cari ildə ölkədə baş verən iqtisadi inkişaf meyilləri iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasına meydan açır və bu səbəbdən də 2018-ci ildə ölkə iqtisadiyyatına 15,9 milyard manat həcmində investisiya qoyuluşu proqnozlaşdırılır. Gələn il qeyri-neft sektorunda 2,9 faiz, növbəti illərdə isə orta hesabla 3 faizdən yuxarı artım proqnozlaşdırılır.

Növbəti ilin büdcəsinin gəlir və xərclərinin artım dinamikası məhz sürətli inkişafı əks etdirən bu göstəricilərə uyğun müəyyən edilmişdir.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında