Azərbaycan yeni yüksəliş mərhələsində

Yeni Azərbaycan Partiyası (YAP) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) üzrə təşkilatın sədri Xeyrulla Hümbətov söhbətimizin əvvəlində ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin respublikamızı fəlakətlərdən xilas etməsindən, Azərbaycanın demokratik, hüquqi və sürətlə inkişaf edən dövlətə çevrilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən danışdı. Bildirdi ki, ötən əsrin sonunda   ölkəmiz Ermənistanın təcavüzünə məruz qalmışdı, respublikada sosial-iqtisadi, siyasi böhran hökm sürürdü. Azərbaycanı bu ağır vəziyyətdən ümummilli lider Heydər Əliyev çıxardı. Dövlətimizin başçısı cənab İlham Əliyevin vurğuladığı kimi “Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyllərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu”.

Ümummilli lider Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri reallaşdırılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq etdi.  

Ulu öndərin rəhbərliyi ilə iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlandı və ölkəmizə maliyyə yardımının göstərilməsinə başlandı. Həmin beynəlxalq maliyyə-kredit institutları ilə sıx əməkdaşlıq şəraitində iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar gerçəkləşdirildi. Sərt və çevik pul-kredit, büdcə-vergi siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması, habelə xarici kapitalın cəlbi nəticəsində tezliklə ölkəmizdə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” həm respublikamızın daxilində sabitliyin bərqərar olunmasında, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı.

O zaman “Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı, hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarılıb tapılması da mühüm önəm daşıyırdı. Ona görə də dahi öndər neft kəmərinin çoxvariantlılığı ideyası ilə çıxış edərək Bakı-Supsa kəmərinin işə salınmasına, eyni zamanda, “Əsrin müqaviləsi” çərçivəsində hasil olunacaq əsas neftin nəqli üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası ilə bağlı danışıqların intensivləşdirilməsinə nail oldu. Müəyyən çətinliklərə, əngəllərə baxmayaraq, ümummilli liderin siyasi iradəsi və uzaqgörənliyi sayəsində maneələr dəf edildi və layihə reallığa çevrildi, 2003-cü ildə kəmərin tikintisinə başlanıldı. Eyni zamanda,  ölkəmizin iqtisadi həyatında Azərbaycan qazının həm də dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulan və regionun kifayət qədər əhəmiyyətli layihəsi hesab olunan  Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də təməli qoyuldu.

O dövrdə dahi şəxsiyyətin təşəbbüsü ilə neft gəlirlərinin şəffaf xərclənməsi və gələcək nəsillərə saxlanılması məqsədi ilə Dövlət Neft Fondu yaradıldı. Fonddan ilk vəsait isə Azərbaycan xalqının ən ağır şəraitdə yaşayan və ən həssas sosial təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə istiqamətləndirildi. 

Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düzgün iqtisadi siyasət nəticəsində iqtisadi sahələrdə islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

Əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətləri idi. Həmin siyasətin reallaşdırılması nəticəsində ölkəmizdə sahibkarlar təbəqəsi formalaşdı, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artdı. Beləliklə, ümummilli liderimiz  tərəfindən təməli qoyulan sosial-iqtisadi inkişaf strategiyası Azərbaycanın gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaratdı.

Ulu öndərin davamlı və dinamik inkişaf məntiqinə əsaslanan sosial-iqtisadi siyasəti 14 ildir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yeni çalarlarla zənginləşdirilərək uğurla həyata keçirilir. Elə buna görə də həmin dövrdə  makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənib, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunub, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılıb,   sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb.

Xeyrulla Hümbətov fikrinin təsdiqi kimi diqqəti bəzi statistik göstəricilərə də yönəltdi: --Son 14 il ərzində strateji valyuta ehtiyatları 2003-cü ilə nisbətən 26,2 dəfə artaraq bu ilin noyabr ayının əvvəlinə 42 milyard ABŞ dolları səviyyəsinə çatıb. 2004-2016-cı illərdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,7 dəfə, sənaye real ifadədə 3,8 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı 1,6 dəfə, tikinti 3,4 dəfə, ticarət 3,9 dəfə, turizm 14,2 dəfə, nəqliyyat 2,6 dəfə, rabitə 10,6 dəfə artıb.

Ölkə iqtisadiyyatına 2004-2017-ci illərdə 225 milyard ABŞ dolları həcmində investisiya qoyulub. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədi ilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri son 14 ildə dinamik olaraq artıb, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olub.

Reallaşdırılan sosialyönümlü siyasətin nəticəsi olaraq, orta aylıq əməkhaqqı 2003-cü ildəki 77,4 manatdan 2016-cı ildə 498,6 manatadək yüksəlib. Bu dövrdə əhalinin nominal gəlirləri 7,9 dəfə artıb, yoxsulluğun səviyyəsi 2003-cü ildəkinə nisbətən 8 dəfəyədək, işsizlik səviyyəsi isə 5 faizədək azalıb. Son 14 ildə ölkə iqtisadiyyatına 107,2 milyard dollar xarici investisiya qoyulub.

Bu dövrdə xarici ticarətin coğrafiyası genişlənib, onun əmtəə strukturu təkmilləşib. Bu illər ərzində Azərbaycan 190-a yaxın ölkə ilə xarici ticarət əməliyyatları aparıb, xarici ticarət dövriyyəsi 3,4 dəfə, ixrac 3,5 dəfə, o cümlədən qeyri-neft ixracı 3,3 dəfə artıb.

Görülmüş tədbirlər nəticəsində Azərbaycanda güclü özəl sektor formalaşıb, müasir texnologiyalara əsaslanan minlərlə müəssisə açılıb, özəl bölmənin payı ÜDM-də 80 faizi, məşğulluqda 75 faizi, dövlət qeydiyyatına alınan sahibkarlıq subyektlərinin sayı isə 880 mini ötüb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində 2004-2017-ci ilin ötən dövrü ərzində 1,43 milyonu daimi olmaqla, 1,9 milyondan artıq yeni iş yeri yaradılıb. Daimi iş yerlərinin 67,5 faizi regionların payına düşür.

YAP “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) üzrə təşkilatın sədri söhbətində son illərdə Azərbaycanın tranzit imkanlarının genişlənməsi istiqamətində həyata keçirilən tədbirlərdən də bəhs etdi. Eyni zamanda, bir müddət bundan əvvəl istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun mühüm önəm daşıdığını da diqqətə çatdırdı:-- Bu gün Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilən Azərbaycan, həm də dünyada öz tranzit imkanlarını artırmağa yol açan yeni təşəbbüslərin müəllifi kimi nüfuz qazanıb. Belə təşəbbüslərdən birinin-Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin reallığa çevrilməsi məhz Prezident İlham Əliyevin siyasi iradəsi və böyük əməyi sayəsində mümkün olub.

Cari il oktyabrın 30-da BTQ dəmir yolu dəhlizinin istifadəyə verilməsi ölkəmizin həyatında möhtəşəm hadisəyə çevrildi. Bu yol infrastrukturu logistikanın gücləndirilməsi ilə yanaşı, yeni biznes imkanlarının yaranmasına və ticarətin artmasına səbəb olacaq. Eyni zamanda, Azərbaycanla bir çox dünya ölkələri, o cümlədən Mərkəzi Asiya arasındakı nəqliyyat əlaqələrini daha da yaxşılaşdıracaq, qədim İpək Yolu boyu Avropa ilə Asiya arasında quru ilə sürətli və etibarlı nəqliyyat bağlantısını təmin edəcək.

BTQ dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 840 kilometrdir. Bunun 500 kilometri Azərbaycan, 260 kilometri Gürcüstan, 80 kilometri isə Türkiyə ərazisindən keçir. Dəmir yolu xəttinin Gürcüstan-Türkiyə sərhədindəki hissəsində uzunluğu 5 kilometrə yaxın olan tunel inşa edilib.

İqtisadi və siyasi əhəmiyyəti barədə isə təkcə onu deyə bilərik ki, BTQ dəmir yolu xətti Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə oluna bilər. Əsas iştirakçıları Azərbaycan, Türkiyə və Gürcüstan olan BTQ dəmir yolu Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya dövlətləri tərəfindən dəstəklənir.      

Yeri gəlmişkən, burada mühüm bir məqama da toxunmaq istərdim. Azərbaycan dəmir yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunmasını zəruri edən əsas amil Azərbaycanın tranzit daşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsidir. Belə ki, Böyük İpək yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də  iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Eyni zamanda, respublikamızda yaradılan müasir yol-nəqliyyat infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da tranzit imkanları artır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycanın yol-nəqliyyat infrastrukturunun ən müasir səviyyəyə qaldırılması istiqamətində görülən işləri yüksək qiymətləndirərək deyib: “Belə infrastrukturların qurulması qədim İpək Yolu marşrutu üzrə Asiya ilə Avropa arasında ticarət və tranzit daşımalarının inkişafına, eləcə də, Xəzər regionunun nəqliyyat və tranzit potensialının daha səmərəli istifadəsinə töhfədir”.

Xeyrulla Hümbətov söhbətinin sonunda yuxarıda qeyd edilənlərlə bərabər, həm də təmsil etdiyi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində son dövrlərdə əldə olunan uğurlar barədə də ətraflı danışdı. Bildirdi ki, Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları”na sədr təyin olunması ilə bu qurumun tarixində   ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü  başlanıb. Respublikanın dəmir yollarında mövcud infrastrukturun yenilənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Qısa   müddətdə ümumilikdə 500 kilometrə yaxın dəmir yolu əsaslı təmir olunub, kontakt şəbəkə üzrə əsaslı təmir və yenilənmə işləri aparılıb. Bakı-Böyük Kəsik sahəsində yolun enerji təchizatı sisteminin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi üçün yarımstansiyalarda tikinti işləri başa çatdırılıb, kontakt şəbəkə üzrə yenilənmə və dəyişikliklər, rabitə və işarəvermə sisteminin təkmilləşdirilməsi reallaşdırılıb.    

Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı və xeyir-duası ilə 2015-ci il sentyabrın 12-də 84 kilometr uzunluğu olan Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən sürətli elektrik qatarı istifadəyə verilib. Hazırda 98 kilometr uzunluğu olan Bakı-Pirşağı-Sumqayıt dəmir yolunun təmiri aparılır ki, bunun da nəticəsində Bakı-Biləcəri-Sumqayıt-Pirşağı-Bakı dairəvi dəmir yolu sərnişinlərin istifadəsinə veriləcək.

Sərnişinlərin rahatlığı məqsədilə yenidən qurulan Bakı dəmir yolu vağzalı binası əsaslı təmir olunduqdan sonra, cənab Prezidentin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilib.

Son illərdə Azərbaycanın vaqon parkının yenilənməsi məqsədilə 3 mindən çox yeni yük vaqonları alınaraq vaqon parkına daxil edilib. Lokomotiv parkının sağlamlaşdırılması məqsədilə 10 ədəd yeni teplovoz və 4 ədəd yeni elektrovoz, Gürcüstanda əsaslı təmir olunan 3 ədəd elektrovoz, 5 ədəd teplovoz alınaraq istifadəyə verilib, səhmdar cəmiyyət tərəfindən təmir edilən 5 ədəd lokomotiv də istismara buraxılıb.

Fransanın “ALSTOM” şirkətinin istehsalı olan 50 ədəd müasir elektrovozun alınmasına dair müqavilə imzalanıb və elektrovozların Bakı-Böyük Kəsik marşrutunda istifadəyə verilməsi planlaşdırılır. Həmçinin Azərbaycan Prezidentinin Fransaya səfəri çərçivəsində həmin elektrovozların standartlara uyğun texniki istismarını təmin etmək üçün Biləcəri qəsəbəsi və Gəncə şəhərində depoların inşasının maliyyələşdirilməsi məqsədilə Fransa İnkişaf Agentliyi ilə kredit müqaviləsi imzalanıb.

İslahatlar çərçivəsində aparılan sağlamlaşdırma prosesi sərnişin vaqon parkını da əhatə edir. İsveçrənin “Stadler Reil Qrup” şirkətinin istehsalı olan 4 vaqondan ibarət 5 ədəd ikimərtəbəli sürət qatarı alınaraq ölkəyə gətirilib və həmin şirkətlə Bakı-Tbilisi-Qars marşrutu ilə hərəkət edəcək daha 30 vaqonun alınmasına dair təchizat müqaviləsi imzalanıb, maliyyələşməni təmin etmək üçün kredit müqaviləsi ilə bağlı danışıqlar aparılıb.

Möhtərəm dövlət başçımızın Azərbaycanda yürütdüyü müdrik sosial siyasət dəmiryolçuların rifahının yaxşılaşdırılması istiqamətində də əməli işlərin görülməsinə təkan verib. Uzun müddət mənzil növbəsində dayanan 200-ə yaxın dəmiryolçu ailəsi yeni mənzillə təmin olunub. Dəmiryolçuların iş şəraitinin yaxşılaşdırılması məqsədilə “Azərbaycan Dəmir Yolları”nın inzibati binası əsaslı təmir edilərək istismara verilib. Artıq formalaşdırılan və dünya səviyyəsində tanınaraq Azərbaycan brendinə çevrilən “ASAN xidmət” innovasiya sisteminin bir hissəsi olan “ASAN qatar” uğurla fəaliyyət göstərir və qısa müddət ərzində regionlarda 10 mindən çox vətəndaşa xidmət edib. 

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında