Sabitlik və strateji inkişaf büdcəsi

Dövlətin sоsiаl-iqtisаdi funкsiyаlаrının həyаtа кеçirilməsində dövlət büdcəsinin хüsusi rоlu vаr. Onun siyаsi, iqtisаdi, sоsiаl və digər çохşахəli vəzifələrinin yеrinə yеtirilməsi yаlnız dövlət büdcəsi vаsitəsilə mаliyyələşir. Dövlət büdcəsi dövlətin əsаs mаliyyə plаnını müəyyən dövr ərzində, məsələn, bir il müddətində ölкədə gеniş təкrаr istеhsаlı təmin еtməк, insаnlаrın mаddi və mənəvi tələbаtlаrını, dövlətin zəruri еhtiyаclаrını ödəməк məqsədilə yаrаdılаn mərкəzləşdirilmiş pul vəsаitləri fоndudur.

2018-ci il və sonrakı üç il üçün ölkəmizin dövlət büdcəsinin layihəsi hazırlanarkən qlobal iqtisadiyyatda gedən son meyillərin təhlili aparılmış, onların makroiqtisadi göstəricilərə, o cümlədən icmal və dövlət büdcələrinin əsas parametrlərinin proqnozuna mümkün təsirləri qiymətləndirilmişdir. 2017-ci ildə dünya iqtisadiyyatı, qlobal ticarət və sənaye istehsalı, investisiya qoyuluşları, habelə bir sıra əmtəələrin, o cümlədən qızılın qiyməti artmışdır. Bu artım dünyanın əsas iqtisadi güclərində– Amerika Birləşmiş Ştatlarında, Avropada, Çin Xalq Respublikasında və Yaponiyada müşahidə olunmaqdadır. Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya Federasiyası və Mərkəzi Asiya dövlətlərində də iqtisadi tənəzzül iqtisadi artımla əvəz olunmuşdur.

Dünya Bankının hesabatında deyilir ki, cari ildə əmtəə ixrac edən inkişaf etməkdə olan ölkələrin ümumi inkişaf sürəti 1,8 faiz artacaq, növbəti ildə isə bu artım 2,7 faiz olacaq. Qlobal iqtisadiyyatda bərpa meyillərinin güclənməsi nəticəsində neftin qiyməti ötən illərdə kəskin enmədən sonra müəyyən qədər yüksəlməklə yanaşı, cari ildə onun bir barelinin qiyməti (“Brent” markalı) 50-55 ABŞ dolları ətrafında dəyişir.

Beləliklə, dünya iqtisadiyyatında gedən proseslər bütövlükdə Azərbaycan iqtisadiyyatı üçün əlverişli xarici mühit formalaşdırır. Neftin qiyməti ilə bağlı qeyri-müəyyənliklər hələlik qalsa da, qlobal artım və ticarət meyillərinin güclənməsi bir tərəfdən neftin qiymətinin kəskin azalması ehtimalını istisna edir, digər tərəfdən isə ölkə iqtisadiyyatının diversifikasiyasına və qeyri-neft ixracının artmasına şərait yaradır.

Azərbaycan iqtisadiyyatında 2017-ci ilin yanvar-avqust aylarının göstəriciləri makroiqtisadi sabitliyin bərpa edilməsi, manatın məzənnəsinin sabitləşdirilməsi və ona olan inamın tədricən qayıtması, milli istehsalçıların maraqlarının qorunması, ticarət və tədiyə balanslarının müsbət saldoya doğru meyillərin güclənməsi, həyata keçirilmiş fiskal və monetar, habelə digər iqtisadi siyasət tədbirləri hökumətin nəzərdə tutduğu hədəflərə əsasən nail olunduğunu nümayiş etdirir.

Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında geriləmənin sürəti 2 faiz-bənd azalmış (geriləmənin əsas səbəbi neft sektorunda hasilatın azalması ilə bağlıdır), 37,6 milyard manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdir. Ümumi daxili məhsulda qeyri-neft sektoru üzrə istehsal edilmiş əlavə dəyər ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 2,4 faiz çox olmuş, onun ümumi daxili məhsulda xüsusi çəkisi isə 3 faiz artaraq 61,8 faiz təşkil etmişdir.

2017-ci ilin ilk 7 ayında ölkə üzrə xarici ticarət dövriyyəsi 10,5 milyard ABŞ dolları, o cümlədən idxal əməliyyatlarının həcmi 4,4 milyard dollar, ixrac əməliyyatlarının həcmi isə 6,2 milyard dollar olmuş, xarici ticarətdə 2,2 milyard dollar məbləğində müsbət saldo qeydə alınmışdır. 6 ayda ölkənin valyuta ehtiyatları 2324,1 milyon dollar və ya 6 faiz artaraq iyulun 1-nə 39,8 milyard dollar təşkil etmişdir ki, bunun da 34,8 milyard dolları Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF), 5 milyard dolları isə Azərbaycan Respublikası Mərkəzi Bankının payına düşür.

“Azərlayt” markalı neftin 1 barelinin qiymətinin orta göstəricisi 2016-cı ildə 41,9 dollar, 2017-ci ildə isə 52,3 dollar olmuşdur. 2017-ci ilin səkkiz ayında dövlət büdcəsinin mədaxil proqnozu 10689,3 milyon manat əvəzinə 10788,8 milyon manat və ya 100,9 faiz icra olunmuşdur ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2507,4 milyon manat və ya 30,3 faiz çoxdur.

Cari ilin səkkiz ayı ərzində dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 101,7 faiz və ya 11327,5 milyon manat, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1979 milyon manat və ya 21,2 faiz çox icra edilmişdir.

İqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsi xərclərinin 38,8 faizi və ya 4393,3 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 357,7 milyon manat və ya 8,9 faiz çoxdur. Bu dövrdə nəzərdə tutulan bütün sosial proqramların və tədbirlərin maliyyələşdirilməsi təmin edilmişdir.

Makroiqtisadi göstəricilərin təhlili göstərir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 2018-ci il və sonrakı üç il üzrə hazırlanmış ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən 2018-ci ildə ölkədə ÜDM-in real ifadədə artımı 1,5 faiz olmaqla 69,4 milyard manat təşkil edəcəkdir.

Qeyri-neft sektorunda ÜDM-in real ifadədə 2,9 faiz artaraq 47,6 milyard manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 83 faiz həcmində nəzərdə tutulur.

2018-ci ildə əsas kapitala yönəldiləcək investisiyaların həcmi 15,9 milyard manat proqnozlaşdırılır ki, bunun da 51,5 faizi daxili investisiyaların, 48,5 faizi isə xarici investisiyaların payına düşür.

Ümumi investisiyaların 9,5 milyard manatının qeyri-neft sektoruna, 6,4 milyard manatının isə neft sektoruna yönəldilməsi nəzərdə tutulur. 2018-ci ildə qeyri-dövlət investisiyalarının həcmi 9,1 milyard manat olmaqla, ümumi investisiyaların 57,2 faizini, dövlət investisiyalarının həcmi isə 6,8 milyard manat olmaqla, ümumi investisiyaların 42,8 faizini təşkil edəcəyi proqnozlaşdırılır.

Növbəti ildə orta aylıq əməkhaqqının ötən illə müqayisədə real ifadədə 0,5 faiz artaraq 549,7 manat olacağı proqnozlaşdırılır.

Ölkənin büdcə-vergi siyasəti hazırlanarkən milli, regional prioritetlər, o cümlədən, fiskal siyasətdən optimal nəticə əldə etmək üçün vergi dərəcələrinin dəyişməsinin işgüzar aktivliyə, büdcə xərclərindəki dəyişikliklərin inflyasiya və faiz dərəcələrinə, büdcə kəsirinin isə makroiqtisadi tarazlığa təsiri, həmçinin ölkə iqtisadiyyatının mövcud vəziyyəti, onun perspektiv inkişaf dinamikası nəzərə alınmışdır.

Azərbaycan Respublikasının iqtisadi siyasətinin əsas məqsədlərindən biri qısa və ortamüddətli perspektivdə baş verən qlobal iqtisadi proseslərin və meyillərin yaratdığı risklərin ölkə iqtisadiyyatına mövcud təsirləri, həmçinin ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafının prioritet istiqamətləri nəzərə alınmaqla makroiqtisadi sabitliyin təmin edilməsidir. Bu məqsədə nail olmaq üçün orta və uzunmüddətli dövrdə büdcə-vergi siyasətinin qarşısında duran əsas vəzifələrdən biri məcmu fiskal dayanıqlığın təmin olunmasıdır. Dünya bazarlarında xam neftin qiymətinin müəyyən qədər sabitləşdiyi bir şəraitdə icmal büdcənin neft gəlirlərinin əvvəlki illərdə olduğu kimi artmaması, digər tərəfdən isə qlobal mühitdən irəli gələn risk amilləri iqtisadiyyatda qeyri-müəyyənliyi saxlamaqla, qeyri-neft gəlirlərinin artımının səngiməsi ilə müşayiət olunur. Ölkə iqtisadiyyatının ortamüddətli resurs zərfinin məhdudlaşdığı belə bir vaxtda dövlətin borc yükünün və ona xidmət edən xərclərin məqbul səviyyədə saxlanılmasını şərtləndirir və bununla fiskal siyasətin dayanıqlığını təmin etmiş olur.

Büdcə-vergi siyasətinin qarşısında duran digər mühüm vəzifə qeyri-neft sektorunun dinamik inkişafı və həmin sektordan daxilolmaların qeyri-neft ümumi daxili məhsulunda və büdcə gəlirlərində xüsusi çəkisinin artırılmasıdır. Bununla yanaşı kiçik və orta sahibkarlıq sahəsində stimullaşdırıcı vergi islahatlarının davam etdirilməsi, azad rəqabət mühitinin formalaşdırılması, istehsalın və investisiyanın təşviqinin növbəti illərdə də aparılması əsas vəzifələrdəndir.

Növbəti il dövlət büdcəsinin xərcləri ölkədə kənd təsərrüfatının stimullaşdırılması, son illərdə yaradılmış və yenidən qurulmuş təhsil, səhiyyə, sosial, mədəniyyət, idman obyektlərini, habelə fiziki infrastrukturların saxlanılması ilə bağlı yaranmış öhdəliklərin, dövlətin məşğulluq səviyyəsinin yüksəldilməsi və əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin, ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, habelə dövlət borcu və beynəlxalq təşkilatlara üzvlük haqları üçün maliyyə təminatını yaradacaqdır.

Beləliklə, ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına və ortamüddətli makroiqtisadi proqnozlarına, həmçinin Azərbaycan Respublikasının milli iqtisadiyyat və iqtisadiyyatın başlıca sektorları üzrə Strateji Yol Xəritələrinə uyğun olaraq iqtisadiyyatın inkişaf etdirilməsini və səmərəli fiskal siyasətin həyata keçirilməsini təmin etmək üçün məqsədyönlü işlər davam etdiriləcəkdir.

2018-ci ildə büdcə-vergi siyasətinin əsas prioritet istiqaməti qeyri-neft sektorunun dinamik inkişafı və həmin sektordan daxil-olmaların qeyri-neft ÜDM-də və büdcə gəlirlərində xüsusi çəkisinin artırılmasıdır.

Beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün xam neftin 1 barelinin 50 ABŞ dolları ətrafında proqnozlaşdırılmasını nəzərə alaraq 2018-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanması zamanı neft gəlirlərinin hesablanmasında neftin ixrac qiyməti 45 ABŞ dolları səviyyəsində qəbul edilmişdir. 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20127 milyon manat proqnozlaşdırılır ki, bu da ÜDM-in 29 faizi həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3361 milyon manat və yaxud 20 faiz, 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə 2621,2 milyon manat və yaxud 15 faiz çoxdur. Neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi 55,1 faiz və ya 11096 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3156 milyon manat və ya 39,7 faiz çoxdur.

Neft sektoru üzrə büdcə gəlirlərinin 83,1 faizini və ya 9216 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) transfertlər, 16,9 faizini və ya 1880 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir.

Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin 66,7 faizini və ya 6027 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 26,9 faizini və ya 2430 milyon manatını Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən daxilolmalar, 6,4 faizini və ya 574 milyon manatını isə digər gəlirlər təşkil edir. Qeyri-neft büdcə gəlirləri 2009-cu ildə 3624 milyon manatdan 2018-ci ildə 9031 milyon manata qədər yüksəlmişdir. Yəni qlobal böhran dövründə 2,9 dəfə artmışdır.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə 2018-ci il üzrə proqnozlaşdırılan daxilolmaların 76,2 faizi və ya 6027 milyon manatı qeyri-neft sektorunun, 23,8 faizi və ya 1880 milyon manatı neft sektorunun payına düşür.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi xətti üzrə daxilolmaların proqnozu ÜDM-in 3,5 faizi həcmində olmaqla 2430 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozundan 180 milyon manat və ya 8 faiz çox, 2016-cı ilin icrası ilə müqayisədə 138,4 milyon manat və ya 6 faiz çoxdur.

2018-ci il dövlət büdcəsinin xərclərinin tərtibi zamanı ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafının prioritet istiqamətləri, o cümlədən kənd təsərrüfatının stimullaşdırılması, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman infrastruktur layihələrinin, ölkədə məşğulluğun səviyyəsinin yüksəldilməsi və əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, beynəlxalq təşkilatlara üzvlük haqları və dövlət borcuna xidmətlə bağlı məsələlərin maliyyə təminatı diqqətdə saxlanılmışdır.

Gələn il üçün dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 30,1 faizdən çox təşkil edəcəkdir. Mütləq ifadədə 2018-ci il dövlət büdcəsinin xərcləri 21 milyard 47 milyon manat proqnozlaşdırılır.

2018 -ci ildə də dövlət büdcəsinin sosialyönümlülüyünün davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi əsas prioritet istiqamət olaraq saxlanılır.

2018-ci il dövlət büdcəsi xərclərində sosialyönümlü xərclərin (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) xüsusi çəkisi 33,5 faizdən çox olacaqdır.

Yuxarıda qeyd olunan sosialyönümlü xərclərlə yanaşı, əhaliyə bilavasitə xidmət göstərən bir sıra dövlət müəssisələrinə və tədbirlərə (Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi, vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri və sosial ipoteka üzrə – 250 milyon manat, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər (20 il və daha çox xidmət etmiş, işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyanın verilməsi ilə bağlı xərclər) üzrə – 30 milyon manat, kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üzrə – 19,8 milyon manat, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti üzrə – 89 milyon manat və “Azərbaycan Hava Yolları”
Qapalı Səhmdar Cəmiyyəti üzrə – 10 milyon manat) dövlət büdcəsindən maliyyə yardımı edilir.

Həmin xərclər də nəzərə alınmaqla dövlət büdcəsindən sosialyönümlü xərclərə 7656,3 milyon manat vəsait yönəldiləcəkdir ki, bu da dövlət büdcəsi xərclərinin 36,6 faizinə bərabər olacaqdır.

Azərbaycan Respublikasında təhsil sistemini təkmilləşdirərək onun daha da inkişafını və müasir səviyyədə qurulmasını və iqtisadi inkişafın mühüm amilinə çevrilməsini, habelə biliklərə əsaslanan iqtisadiyyata keçidin yeni təhsil modelinə tələbatını təmin etmək məqsədilə təhsilin inkişafı üzrə strateji fəaliyyət hədəflərinin, təhsil sahəsində islahatların davam etdirilməsi nəzərdə tutulur.Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla 2018-ci il üçün dövlət büdcəsindən təhsil xərclərinə 2001,5 milyon manatdan çox vəsait ayrılmışdır.

Gələn ilin dövlət büdcəsində əsaslı xərclər üçün 7873,4 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2017-ci ilə nisbətən 2481,1 milyon manat və ya 46 faiz çoxdur.

Əsaslı xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 37,7 faizə bərabərdir ki, bu da 2017-ci ilə nisbətən 7,6 faiz artım deməkdir. Əsaslı xərclərin tərkib hissəsi olan dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərinə növbəti ilin dövlət büdcəsi xərclərindən 4924,2 milyon manat vəsait sərf ediləcəkdir ki, bu da cari illə müqayisədə 2232,2 milyon manat və ya 82,9 faiz çoxdur.

2018-ci il dövlət büdcəsinin əsaslı xərclərinin 2949,2 milyon manatı dövlət büdcəsinin müvafiq xərc bölmələrində öz əksini tapmaqla xüsusi dövlət alışlarının həyata keçirilməsinə, sosial-mədəni və məişət, inzibati, istehsalat təyinatlı layihələrin, bina və qurğuların, yolların yenidən qurulmasına və əsaslı təmirinə, qeyri-maliyyə aktivlərinin (əsas vəsaitlər, bina və tikililər, yaşayış və qeyri-yaşayış binaları) alınmasına yönəldiləcəkdir.

Dünyamalı VƏLİYEV,
iqtisad elmləri doktoru,
AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında