Qeyri-formal məşğulluğun səviyyəsinin aşağı salınması istiqamətində mühüm tədbirlər həyata keçirilir

Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınması,  əhalinin sosial hüquqlarının pozulmaması üçün prioritetlər müəyyənləşdirilib.  Son illərdə bununla bağlı müvafiq layihələr hazırlanıb, sahibkarlarla görüşlər təşkil edilib və onlar arasında əmək münasibətlərinin tənzimlənməsinə dair maarifləndirmə işləri aparılıb.

Xatırladaq ki, 2003-cü ildən indiyədək ölkədə təxminən 1,9 milyon iş yeri yaradılıb. 2000-ci ildə yoxsulluq səviyyəsi təqribən 50 faiz təşkil edirdisə, hazırda bu rəqəm 4-5 faizədək azalıb. Bu, çox böyük uğurdur. Yeni iş yerlərinin yaradılması rəsmi məşğulluğun daha da artmasında mühüm rol oynayır.

Azərbaycanda iş qabiliyyəti olan əhalinin sayı təxminən 5 milyon nəfər təşkil edir, bunun da təxminən 4,7 milyon nəfəri hazırda məşğul əhalidir. Onların təxminən 1,5 milyon nəfəri muzdla işləyir, 1,7 milyon nəfəri isə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Yerdə qalan əhali isə əmək fəaliyyəti ilə qeyri-rəsmi formada məşğuldur.

Hazırda qeyri-formal məşğulluğun səviyyəsinin aşağı salınmasına çalışılır, çünki bu, ilk növbədə həmin formada çalışanların gələcək sosial təminat hüquqlarının sual altına düşməsinə səbəb olur. Bunu nəzərə alaraq pensiya təminatı sistemi dəyişdirilib. Artıq tam sığorta prinsiplərinə əsaslanan pensiya təminatı sistemi fəaliyyət göstərir. Hər kəs qeydiyyata düşüb sosial sığorta haqqı ödəyirsə, bu, tam şəkildə onun fərdi hesabına köçürülür. Gələcək pensiya təminatı da məhz bundan asılıdır. Hazırda bu sahədə işlər davam etdirilir.

Cari ilin 9 ayında məşğulluq mərkəzlərinə iş üçün müraciət edənlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən təqribən iki dəfə azalıb. Bu il ərzində ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun 2,5 faiz artımı şəraitində yeni iş yerlərinin yaradılması prosesinin davam etdirilməsi işsizliyin aşağı səviyyədə saxlanmasını təmin edib.

Hazırda muzdla çalışan işçilərin sayında artım nəzərə çarpır. Rəsmi statistikaya əsasən, bu il sentyabrın 1-nə olan məlumata görə, ölkədə muzdla çalışan işçilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 min nəfər artaraq 1526,3 min nəfərə çatıb. Həmçinin əmək bazarında müsbət meyillərin davamı olaraq, bu ilin yanvar-avqust aylarında orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,4 faiz yüksələrək 524,7 manat təşkil edib. 

Dünyanın bir çox dövlətlərində, o cümlədən Avropa ölkələrində qeyri-rəsmi məşğulluqla ciddi mübarizə aparılır. Azərbaycanda onların təcrübəsindən yararlanılır. Bununla bağlı hüquqi aktlar təkmilləşdirilir,   normativ baza yaradılır,  təbliğat və nəzarət mexanizmləri işə salınır.    

Yeri gəlmişkən, 2021-ci ilədək sahibkarlıq sahəsində yoxlamalar aparılması dayandırılıb. Buna görə də bir çox iş yerlərində qeyri-rəsmi məşğulluqla bağlı araşdırmaların həyata keçirilməsi çətinləşib. Ancaq bütün bunlara baxmayaraq, monitorinqlər və digər nəzarət mexanizmləri vasitəsilə qeyri-rəsmi məşğulluq fəaliyyəti göstərən iş yerləri araşdırılıb üzə çıxarılır, bu barədə müvafiq tədbirlər həyata keçirilir, təbliğat aparılır.

Belə tədbirlərdən birinə diqqət yetirək. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən hazırda “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi davam etdirilir.  “ASAN xidmət”in yaydığı məlumatda bildirilir ki, monitorinqlərin keçirilməsində məqsəd tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsidir.

Məlumata əsasən, bu günədək mərkəz tərəfindən ümumilikdə 22 səyyar monitorinq həyata keçirilib. Monitorinq Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 76 hüquqi və fiziki şəxsi əhatə edib.

Monitorinqlərin keçirildiyi dövr ərzində 264 şəxsin əmək və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyənləşdirilib. Bunun nəticəsində aşkar olunan faktlarla bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Baş Prokurorluğa müraciət olunub.

“ASAN xidmət”in yaydığı məlumatda, həmçinin xatırladılır ki,  dövlət orqanları tərəfindən tikinti şirkətləri ilə bağlı mərkəzə daxil olan məlumatlar ilkin olaraq, Analitik Monitorinq Sistemi vasitəsilə təhlil edilir və əsas yarandığı halda mərkəzin səyyar monitorinq qrupu tərəfindən tikinti obyektlərində səyyar monitorinqlər həyata keçirilir.

Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7 min manatdan 10 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi xəbərdarlıq edir ki, səyyar monitorinqlərin mütəmadi davam etdirildiyini nəzərə alaraq əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək bildirişləri sistemində müqavilə qüvvəyə minmədən işçi tikinti ərazisində işə cəlb olunmamalıdır. Mərkəz tərəfindən monitorinqlər davam etdirilir və nəticələri mütəmadi olaraq açıqlanacaq.

Burada bir məqamı da xatırlatmaq istərdim. Son illər ölkəmizin sosial-iqtisadi inkişafının müasir mərhələsi sosial münasibətlərin, elmin və texnikanın sürətli inkişafı ilə səciyyələnir. Məlumdur ki, robot texnikasının inkişafı, istehsalın avtomatlaşdırılması, yeni texnologiyaların həyatın hər bir sahəsinə geniş tətbiqi və yeni istehsal üsullarının, nəticə etibarı ilə əmək münasibətlərinin yeni formalarının (distant işçilər, evdə şəraitində işləyənlər və s.) meydana gəlməsi ölkənin əmək bazarının inkişafına öz təsirini göstərir. Bu bir tərəfdən əmək bazarın inkişafına, ümumi məşğulluğun genişlənməsinə, əhalinin gəlirlərinin artmasına və əmək bazarında gərginliyin azalmasına müsbət təsir edir, digər tərəfdən isə bu gün əmək bazarının müstəqil seqmentinə çevrilən qeyri-formal məşğulluğa və əmək bazarında digər neqativ hallara yol açır.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev mətbuata verdiyi açıqlamada bildirib ki, son zamanlar özəl işədüzəltmə şirkətləri tərəfindən geniş vüsət almış autsorsinq xidmətlərinin (“kirayə verilmiş” əmək) təklifi əmək münasibətlərində işəgötürənlər və işçilərlə yanaşı, üçüncü tərəfin də münasibətini nəzərdə tutur və bu halda “kirayə verilmişlərin” sosial-əmək hüquqları müəssisənin daimi işçiləri ilə nisbətdə daha zəif təmin edilir. Bununla əlaqədar olaraq, əmək bazarında yaranan yeni əmək münasibətləri formaları çərçivəsində işçilərin və işəgötürənlərin hüquqlarının təmin olunması, bu sahədə hər hansı sui-istifadə hallarının qarşısının alınması məqsədilə dövlətin dəqiq normativ hüquqi tənzimlənmə mexanizmləri mövcud olmalıdır. Bu baxımdan özəl işədüzəltmə şirkətlərinin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının qəbul olunması, onların akkreditasiya qaydalarının müəyyən olunması, Dövlət Məşğulluq Xidməti orqanları ilə razılaşmalar əsasında məlumat və təcrübə mübadiləsinin, bərabərhüquqlu əməkdaşlığın həyata keçirilməsi bütövlükdə əhalinin səmərəli məşğulluğunun təmin edilməsinə öz töhfəsini verəcək.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında