Gələn ilin dövlət büdcəsi Azərbaycanın sosial-iqtisadi inkişafını daha da sürətləndirəcək

Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı, makroiqtisadi sabitliyin təmini, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac potensialının artırılması, regional siyasətin davam etdirilməsi, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması, maliyyə intizamının, şəffaflığın gücləndirilməsi kimi məsələlərə daha çox önəm verilir. Bütün bunlarla bərabər, büdcənin sosialyönümlü xarakter daşıması da diqqət mərkəzində saxlanılır. Bu da təsadüfi deyil. Çünki indiyədək respublikamızda əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində reallaşdırılan ardıcıl tədbirlər milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləyib. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə həyata keçirilən islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkəmizin məşğulluq strategiyasının səmərəliliyinə əlverişli şərait yaradıb.

Onu da deyək ki, son illərdə dünya iqtisadiyyatında cərəyan edən proseslər bir sıra ölkələri ağır sınaqlara çəkib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş sosial-iqtisadi inkişaf strategiyası bu proseslərin ölkəmizə təsirini də azaltmağa imkan verib. Mövcud problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxlayıb. Milli Məclisdə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin müzakirəsi də göstərir ki, növbəti ildə də real iqtisadi artım proqnozlaşdırılır. Bu artım ölkə iqtisadiyyatının neft amilindən asılılığının getdikcə zəifləməsinin təzahürüdür.

Hazırda Azərbaycanda iqtisadi aktivliyin hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir göstərib, xaricdən gələn müəyyən inflyasiya meyillərinə baxmayaraq, makroiqtisadi sabitlik qorunub. Həmçinin, yüksək iqtisadi inkişaf meyilləri iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasına imkan verib. Bununla bərabər dünya iqtisadiyyatında baş verən mənfi tendensiyalar demək olar ki, əksər ölkələrdə sərmayə qoyuluşunu azaldıb. Ancaq Azərbaycandakı mövcud investisiya imkanları və Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılan əlverişli biznes mühiti yerli sahibkarlarla yanaşı, xarici investorları da ölkəmizə cəlb edir. Dövlət başçısının tapşırıqlarına əsasən, investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərin nəticəsidir ki, Azərbaycana sərmayə qoyan şirkətlərin sayı ilə yanaşı, onların coğrafiyası da getdikcə genişlənir. Məlumdur ki, investorlar ancaq sabit olan yerlərə sərmayə qoymaqda maraqlıdırlar. Elə bunun nəticəsidir ki, ölkə iqtisadiyyatına 2004-2017-ci illərdə 225 milyard dollar həcmində investisiya qoyulub. Son 14 ildə ölkə iqtisadiyyatına yatırılan xarici investisiyanın həcmi isə 107,2 milyard dollar təşkil edir.

Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət əsaslı vəsait qoyuluşu xərcləri son 14 ildə dinamik olaraq artıb, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olub.

Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu məsələyə toxunan dövlət başçısı vurğulayıb ki, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi investisiyaların cəlb edilməsini və yerli investorların sərmayələrinin ölkəmizə həvəslə yatırmalarını təmin edib: “Həm xarici investorlar, həm də yerli sahibkarlar tərəfindən ölkəmizin gələcəyinə çox böyük inam var və bu inam əsaslıdır. Təsadüfi deyil ki, bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulmuşdur. Onun böyük hissəsi xarici sərmayədir”.

Yeri gəlmişkən, ötən il ölkə iqtisadiyyatına 11 milyard 700 milyon dollar sərmayə qoyulub. Bunun 8 milyardı xarici, 3,7 milyardı isə daxili sərmayə idi. Bu isə bir daha təsdiqləyir ki, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir.

Bazar iqtisadiyyatı prinsipləri bir sıra liberal xüsusiyyətləri ilə yanaşı, əhalinin sosial müdafiəsi institutunun yaradılması kimi sosialyönümlü tədbirləri də özündə ehtiva edir. Sosial müdafiə sistemi ilk növbədə hər bir insanın konstitusion hüquqlarının müdafiəsini nəzərdə tutur. Onun vasitəsilə həm də əhalinin əmlak sahəsində mövcud olan bərabərsizliyinin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan, vətəndaşların bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır. Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq, ölkə iqtisadiyyatına kənardan mənfi təsirlərin minimuma endirilməsi istiqamətində atılan qətiyyətli addımlar nüfuzlu beynəlxalq maliyyə-iqtisadi təşkilatlar tərəfindən (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı) yaranan makroiqtisadi vəziyyətə adekvat qiymətləndirilməklə dəstəklənib.

Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin müzakirəsinin gedişindən aydın görünür ki, gələn ilin dövlət büdcəsi də sosialyönümlü olacaq. Başqa sözlə, dövlət büdcəsinin sosialyönümlüyünün davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamət olaraq saxlanılacaq. Sözügedən büdcə layihəsində sosialyönümlü xərclərin xüsusi çəkisinin 33,5 faiz təşkil etməklə 7 milyard 4,8 milyon manat vəsait proqnozlaşdırılması, bunun isə 2017-ci illə müqayisədə 147,9 milyon manat və ya 2,2 faiz çox olması xatırladılan fikirin bariz ifadəsidir.

Sosialyönümlü xərclərlə yanaşı, əhaliyə bilavasitə xidmət göstərən bir sıra dövlət müəssisələrinə və tədbirlərə də dövlət büdcəsindən maliyyə yardımı ediləcək. Bu xərclər də nəzərə alınmaqla dövlət büdcəsindən sosialyönümlü xərclərə 7 milyard 656,3 milyon manat vəsait yönəldiləcək ki, bu da dövlət büdcəsinin xərclərinin 36,6 faizinə bərabər olacaq.

Xatırladaq ki, büdcə layihəsində elm və təhsil xərclərinə xüsusi önəm verilib. Belə ki, növbəti ildə elm xərclərinə 128,1 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2017-ci illə müqayisədə 9,5 milyon manat və ya 8 faiz çoxdur. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi-tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönəldiləcək. Elm xərclərində maddi-texniki təminatın möhkəmləndirilməsi və digər tədbirlərin həyata keçirilməsi üçün 5,4 milyon manat vəsait nəzərdə tutulur.

Gələn il üçün dövlət büdcəsindən təhsil xərclərinə 2001,5 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu da 2017-ci illə müqayisədə 210,3 milyon manat və ya 11,7 faiz, 2016-cı ilin icrası ilə müqayisədə 247,1 milyon manat vəsait və ya 14,1 faiz çoxdur.

Növbəti ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 740,7 milyon manat vəsait ayrılıb. Həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,5 faiz təşkil edəcək. Səhiyyə xərcləri üzrə ayrılan vəsaitin 348,7 milyon manatı və ya 47,1 faizi xəstəxanaların, 109,7 milyon manatı və ya 14,8 faizi poliklinikaların və ambulatoriyaların saxlanılması xərclərinə, 270,7 milyon manatı və ya 36,5 faizi səhiyyə sahəsinə aid edilən digər xidmətlər üzrə xərclərə, 11,7 milyon manatı və ya 1,6 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar və digər xidmətlər üzrə xərclərə yönəldiləcək.

Büdcə layihəsində əhalinin sosial müdafiəsi də prioritetdir. Belə ki, pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2018-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 2197,2 milyon manat vəsait proqnozlaşdırılır. Gələn il real olaraq sosial müdafiə və sosial təminat xərclərinin 2017-ci illə müqayisədə 95,2 milyon manat və ya 4,5 faiz artırılması nəzərdə tutulur. Sosial müdafiə və sosial təminat xərclərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 10,5 faiz təşkil edir.

Yeri gəlmişkən, qaçqın və məcburi köçkünlər üçün kommunal ödənişlərə görə vahid müavinətin müəyyən edilməsi ilə bağlı fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində məcburi köçkünlər üçün müəyyən edilən istehlak normalarının, həmçinin limitlərin tətbiqinə növbəti ilin dövlət büdcəsində 50,5 milyon manat vəsait proqnozlaşdırılır.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyasının sığorta hissəsinin 1992-ci il yanvarın 1-dək qazanılan pensiya kapitalına əsasən formalaşan məbləği, habelə nəzərdə tutulan əlavələr dövlət büdcəsinin öhdəliyi kimi müəyyənləşdirilib.

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2018-ci il yanvarın 1-də qüvvəyə minməsi ilə əlaqədar sığortaedənlər tərəfindən ödənilən sığorta haqqı hesablanan əməyin ödənişi fondunun 0,5 faizi müəyyən edilib. Bununla əlaqədar dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işsizlikdən sığorta haqları üzrə növbəti ilin dövlət büdcəsində 16,9 milyon manat vəsait proqnozlaşdırılır.

Yuxarıda qeyd etdik ki, son illərdə yüksək iqtisadi inkişaf meyilləri iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasına imkan verib. Məhz elə buna görə də 2018-ci ildə ölkə iqtisadiyyatına 15,9 milyard manat həcmində investisiya qoyuluşu proqnozlaşdırılır. Eyni zamanda, biznes mühitinin daha da yaxşılaşdırılması üzrə sistemli tədbirlərin davam etdiriləcəyi nəzərdə tutulur.

Gələn il Azərbaycanın turizm sektorunun 6,6 faiz, sonrakı 3 ildə isə 6 faizdən çox artacağı proqnozlaşdırılır. Artım İKT sektorunda da gözlənilir. İKT sektorunda gələn il 5,1 faiz, növbəti illərdə 6 faizdən çox artım nəzərdə tutulur.

Yeri gəlmişkən, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat proqnozlaşdırılır. Bu, ÜDM-in 29 faizi həcmində olmaqla 2017-ci ilin təsdiq olunan proqnozu ilə müqayisədə 3,361 milyard manat və ya 20 faiz, ötən ilin faktiki icra göstəricisi ilə müqayisədə 2,621 milyard manat və ya 15 faiz çoxdur.

Gələn il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7,907 milyard manatı və ya 39,3 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 9,216 milyard manatı və ya 45,8 faizi Dövlət Neft Fondundan transfertin, 2,43 milyard manatı və ya 12,1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 574 milyon manatı və ya 2,8 faizi isə digər gəlirlərin payına düşür.

Gələn il ÜDM-in 1,5 faiz, növbəti illərdə isə 3,5 faiz artacağı proqnozlaşdırılır. Tədiyə balansı üzrə müsbət saldonun isə 1,4 milyard dollar olacağı gözlənilir.

Gələn il qeyri-neft sektorunda 2,9 faiz, növbəti illərdə isə orta hesabla 3 faizdən yuxarı artım proqnozlaşdırılır. Hasilatın azalması nəticəsində neft sektorunun 1 faiz azalacağı, neft-qaz hasilatının xüsusilə də “Şahdəniz 2” layihəsinin işə düşməsi qaz hasilatının artması ilə nəticələnəcək. Növbəti illərdə orta hesabla neft-qaz sektorunun 5 faizə yaxın artacağı proqnozlaşdırılır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında