Şriftin ölçüsü:
04.02.2011 10:29 | Oxunma sayı: 648
Vergilər Nazirliyində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və dövlətimizin başçısının göstərişi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yanvarın 27-də keçirilmiş iclasında verilmiş tapşırıqların müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilmişdir.
Nazirlikdən bildirmişlər ki, kollegiya iclasında çıxış edən vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu prosesinin dönməz xarakter aldığını, sosial-iqtisadi sahədə bir çox problemlərin uğurla həll edildiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı cari ildə ölkəmizin sosial-iqtisadi inkişafının əsas istiqamətlərini müəyyənləşdirmiş, azad rəqabətin təmin edilməsi, inhisarçılıq meyillərinin qarşısının alınması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması ilə bağlı konkret tapşırıqlar vermişdir.
Dövlət başçısının Nazirlər Kabinetinin iclasındakı çıxışında vergi xidmətinin fəaliyyəti üzərində xüsusi dayandığını iclas iştirakçılarının nəzərinə çatdıran vergilər naziri qeyd etmişdir ki, Prezident İlham Əliyev vergilərdən yayınanların sayının hələ də kifayət qədər olduğunu, bu kimi hallarla mübarizənin daha ciddi və məqsədyönlü aparılmasının, 2011-ci ildə vergi bazasının genişləndirilməsinin, nağd ödəmələrin minimuma endirilməsinin vacibliyini vurğulamış, bu sahədə vəziyyətin inkişaf etmiş ölkələrdəkindən fərqlənməməsi üçün cari ildə köklü və əsaslı tədbirlər görülməsini tapşırmışdır.
Nazir bildirmişdir ki, iqtisadiyyatda inhisarçılıq meyillərinin qarşısının alınması, azad rəqabət mühitinin yaradılması, müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoyulması, rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparılması aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi qarşıya qoyulmuşdur.
Bu məsələlərin dövlətimizin başçısının tapşırığı əsasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yanvarın 27-də keçirilmiş geniş iclasında da ətraflı müzakirə edildiyi barədə məlumat verən nazir qeyd olunan məsələlərin həlli ilə bağlı vergi orqanlarının üzərinə böyük məsuliyyət düşdüyünü vurğulamışdır.
Nazir demişdir ki, 2011-ci ildə vergi bazasının genişləndirilməsi məqsədi ilə bütün təsərrüfat subyektləri pasportlaşdırılacaq, vergilərin vaxtında və tam həcmdə ödənilməsinə nəzarət gücləndiriləcək, bu məqsədlə müasir informasiya-kommunikasiya texnologiyalarından daha geniş istifadə olunacaq, nağdsız ödənişlərin stimullaşdırılması və nağd şəkildə ödəmələrin minimuma endirilməsi ilə bağlı vergi qanunvericiliyində lazımi dəyişikliklər aparılması məqsədi ilə müvafiq təkliflər hazırlanaraq yaxın vaxtlarda dövlət başçısına təqdim olunacaqdır. Vergi xidmətinin fəaliyyətində şəffaflığın artırılması üçün son illər görülən bəzi işlərə baxmayaraq, vergi əməkdaşları tərəfindən yol verilən kobud neqativ halların bütün vergi xidmətinin nüfuzuna xələl gətirdiyini bildirən nazir sistemdaxili nəzarətin və şəxsi heyətlə aparılan işlərin gücləndirilməsinin vacibliyini də qeyd etmişdir.
F.Məmmədov bildirmişdir ki, ayrı-ayrı vergi işçilərinin qanunla müəyyən edilmiş vəzifələrinə uyğun olmayan hərəkətləri vergi ödəyicilərinin haqlı narazılığına və vergi orqanlarına etimadsızlığına səbəb olur. İlk növbədə bu, səyyar vergi yoxlamaları və ya operativ nəzarət tədbirləri aparılarkən Vergi Məcəlləsinin tələblərinin pozulması və ayrı-ayrı hallarda korrupsiya və rüşvətxorluq faktlarının olması ilə bağlıdır. Ötən il vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsinə, attestasiyanın yekunlarına görə müasir tələblərə cavab verməyən, habelə vətəndaşların müraciətləri və şikayətlər üzrə aparılmış araşdırmalar nəticəsində neqativ hallara yol vermiş vergi işçilərinin sistemdən kənarlaşdırılmasına baxmayaraq, bu kimi hallara hələ də rast gəlinməsi daha ciddi tədbirlər görülməsini tələb edir.
Vergi orqanlarında vətəndaşların müraciətlərinə mahiyyəti üzrə baxılması və onların vaxtında və düzgün cavablandırılması məsələsi üzərində dayanan nazir vəziyyətin hərtərəfli araşdırılaraq qısa müddətdə mövcud nöqsanların tamamilə aradan qaldırılması məqsədi ilə onun əmri ilə xüsusi işçi qrupu yaradıldığını və həmin qrupun verəcəyi təkliflər əsasında vergi orqanlarında vətəndaşlardan daxil olan ərizə və şikayətlərə baxılması prosesinin müasir texnologiyalardan istifadə etməklə daha da təkmilləşdiriləcəyini bildirmişdir.
Korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizədə qətiyyətlilik və ardıcıllıq nümayiş etdirilməsinin vacibliyini struktur rəhbərlərinin nəzərinə çatdıran F.Məmmədov Vergilər Nazirliyinin "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə 2007-2011-ci illər üçün Tədbirlər Planı"nın icrasının bütün parametrlər üzrə təmin edilməsinin vergi orqanlarının rəhbərlərinin ən mühüm vəzifələrindən biri olduğunu vurğulamışdır.
İclasın sonunda F.Məmmədov 2011-ci ildə büdcə daxilolmaları üzrə proqnozların icrasının təmin olunması, korrupsiya ilə mübarizə tədbirlərinin gücləndirilməsi, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi inzibatçılığının müasirləşdirilməsi, insan resurslarının idarə edilməsi sahəsində şəffaflığın təmin olunması və vergi ödəyicilərinin hüquqlarının qorunması işlərinin daim nazirliyin bütün qurumlarının diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq göstərişlər vermişdir.
Kollegiya iclasının yekununda müzakirə edilən məsələyə dair müvafiq qərar qəbul edilmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.