Prezident İlham ƏLİYEV: Biz Gəncənin timsalında ölkəmizin ümumi inkişafını görürük

 

 

 

 

 

 

 

 

 

 


Gəncə qədim mədəniyyət mərkəzidir və öz qədimliyini saxlamaqla bu gün yeniləşir, gözəlləşir. Mən son illər ərzində Gəncədə dəfələrlə olmuşam. Bu, mənim Prezident kimi Gəncəyə 15-ci səfərimdir. Gəncənin yeniləşməsi ilə bağlı bir çox addımlar atılıbdır. Bu gün həm qədim, həm müasir Gəncə nəinki Azərbaycanın, regionun mərkəzlərindən biridir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


 

Sənaye istehsalı, iş yerlərinin, insanlar üçün şəraitin yaradılması, humanitar sahədəki fəaliyyətimiz – bütün bunlar hərtərəfli inkişaf deməkdir. Bu gün Azərbaycan cəmiyyəti bu inkişafdan bəhrələnir. Bu gün ölkəmizdə sabitlik, inkişaf təmin olunur. Biz bir çox önəmli layihələrə imza atdıq. Təkcə bu ilin hadisələrini sadalamaq kifayətdir ki, bizim energetika, nəqliyyat, dəmir yolu, idman sahələrində nə qədər uğurlarımız var.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycanda 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin və əhalinin rifahının yaxşılaşmasına səbəb olub, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilən məqsədlərə çatmasına əhəmiyyətli töhfəsini verib.

Prezident İlham Əliyevin bölgələrə vaxtaşırı səfərləri  çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılışı və təməlqoyma mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli məqsədilə müəyyən vəsaitin ayrılması barədə imzaladığı çoxsaylı sərəncam regionların inkişafına göstərilən diqqətin bariz nümunəsidir.

Son illərdə Azərbaycanın regionlarında ən çox diqqət yetirilən məsələlərdən biri magistral, eyni zamanda, kənd yollarının yenidən qurulmasıdır. Bu da təsadüfi deyil. Çünki bölgənin, eləcə də hər bir yaşayış məntəqəsinin abadlığının əsas şərti yolların rahat olmasıdır. İndi respublikamızın demək olar ki, əksər regionlarında yolların təmiri və yenidən qurulması prosesi uğurla davam edir.

Regionlarda insanların rahat və maneəsiz şəkildə gediş-gəlişini təmin etmək, yükdaşımaları asanlaşdırmaq məqsədilə təkcə ötən il yol infrastrukturunun yenidən qurulması ilə bağlı ölkə Prezidenti tərəfindən 48 sərəncam imzalanıb. Bu sərəncamlarla nəzərdə tutulan layihələrin icrası 2 milyon əhalinin yaşadığı 356 yaşayış məntəqəsini birləşdirən 900 kilometr avtomobil yolunu əhatə edib.

Cari ilin ötən aylarında da bu istiqamətdə tədbirlər davam etdirilib və daha 40 kənd-qəsəbələrarası avtomobil yollarının tikintisi ilə bağlı sərəncam verilib. Dövlətimizin başçısı ölkədə həyata keçirilən yol-infrastruktur layihələrinin əhəmiyyətini vurğulayaraq deyib:  “Bu il 40 kənd yolu layihəsi icra edilməlidir. Bu layihələrin icrası yüzlərlə kəndin yol təsərrüfatını yaxşılaşdıracaq və əlbəttə ki, həm insanlara rahatlıq verəcək, eyni zamanda, iqtisadi inkişaf üçün də bunun böyük müsbət təsiri olacaq. Keçən il də kənd yolları layihələri uğurla icra edilmişdir. Bu il bu proses davam etdiriləcək. Əminəm ki, yaxın gələcəkdə bir dənə də olsun təmirsiz kənd yolu qalmayacaq”.

Son illərdə infrastruktur layihələrinin icrası, biznes və investisiya mühitinin yaxşılaşdırılması, həyata keçirilən dövlət dəstəyi tədbirləri regionların iqtisadi potensialını gücləndirməklə, Prezident İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri kimi sahibkarlığın inkişafına təkan verib. 

Bu ilin ötən ayları ərzində bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə mühüm işlər görülüb, elektron xidmətlərin sayı artırılıb. 

Azərbaycanda investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, yeni iş yerlərinin açılması, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi sosial-iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqət çəkir. Dövlət başçımız hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını qlobal layihələrin reallaşdırılması istiqamətində səfərbər edir. Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 10-da Gəncə şəhərinə səfəri çərçivəsində  sosial-iqtisadi önəm daşıyan bir sıra obyektlərin açılışı mərasimlərində iştirakı, həmçinin ictimaiyyət nümayəndələri ilə görüşü də bunun bariz ifadəsi idi. Bu, eyni zamanda, son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi ilə bağlı reallaşdırılan tədbirlərin əhatəliliyindən xəbər verirdi.

Xatırladaq ki, bölgələrdəki mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını və aqrar sektorda islahatları sürətləndirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir müəssisələr və yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin reallaşdırılması siyasəti  ümummilli lider Heydər Əliyevin neft strategiyasının hədəflərini-neft gəlirlərindən səmərəli şəkildə istifadə olunmaqla Azərbaycanın uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırıb. 

Böyük uzaqgörənliklə müəyyənləşdirilən qeyri-neft sektorunun inkişafı strategiyasının düzgünlüyü artıq  öz bariz təsdiqini tapıb, respublikamızın şəhər və kəndlərinin siması köklü şəkildə dəyişib, əhalinin paytaxta axını səngiyərək əks proses başlayıb, rayonlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı isə artıb. Hazırda hər bir ailə, hər bir vətəndaş sözügedən strategiyanın real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.

Prezident İlham Əliyev Gəncə şəhərinə səfəri çərçivəsində əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub. Daha sonra dövlətimizin başçısı “Majestic Palace” otelinin tikintisi ilə tanış olub.

“Gəncə Mall” Ticarət Mərkəzi, 1 saylı tam orta məktəbi, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni inşa olunan yataqxana kompleksi,  “Grand Qafqaz” Ticarət Kompleksi, Mirzə Şəfi Vazeh muzeyi, Əziz Əliyev adına mədəniyyət və istirahət parkı və  “Yeni Gəncə” yarımstansiyası ilə tanışlıq ölkə rəhbərində Gəncə şəhəri ilə bağlı  xoş təəssürat yaradıb. 

Azərbaycan Prezidenti İlham Əliyev səfər çərçivəsində Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında da iştirak edib. Xatırladaq ki, bu mədəniyyət ocağının təməli dövlətimizin başçısı tərəfindən 2012-ci ildə qoyulub. Burada inşaat işləri 2017-ci ilin noyabrında başa çatdırılıb.

Filarmoniyanın yeni binasında mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsi, əməkdaşların və yaradıcı kollektivlərin səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Ətrafda geniş abadlıq-quruculuq işləri aparılıb, dekorativ gül kolları əkilib. Binanın qarşısında iki fəvvarə quraşdırılıb və milli ornamentlərlə bəzədilib.

Azərbaycan Prezidenti İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışı mərasimində şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlətimizin başçısı mərasimdə çıxış edərək Gəncənin son illərdə sürətli dinamik inkişaf yolu keçdiyini, əhalinin sosial şəraitinin yaxşılaşdığını, şəhərin simasının daha da gözəlləşdiyini diqqətə çatdırıb. Ölkə rəhbəri deyib: “Gəncə qədim mədəniyyət mərkəzidir və öz qədimliyini saxlamaqla bu gün yeniləşir, gözəlləşir. Mən son illər ərzində Gəncədə dəfələrlə olmuşam. Bu, mənim Prezident kimi Gəncəyə 15-ci səfərimdir. Gəncənin yeniləşməsi ilə bağlı bir çox addımlar atılıbdır. Bu gün həm qədim, həm müasir Gəncə nəinki Azərbaycanın, regionun mərkəzlərindən biridir. Burada infrastrukturla bağlı bir çox layihələr icra edilib. Qazlaşdırma 100 faiz səviyyəsindədir, elektrik enerjisi tam təmin edilir, içməli su layihəsi icra olunur. Bildiyiniz kimi, bu layihə çox böyük vəsait tələb edən layihədir, texniki cəhətdən də o qədər də asan layihə deyil. Bu layihənin icrası üçün əlavə addımlar atılacaq. Əminəm ki, 2019-cu ildə Gəncədə içməli su problemi də tamamilə aradan qaldırılacaq və sakinlər 24 saat təmiz içməli su ilə təmin olunacaqlar”.

Cənab İlham Əliyev nitqində, eyni zamanda, yol infrastrukturunun təkmilləşdirilməsi, müasirləşməsi üçün ciddi addımlar atıldığını, Bakı-Gəncə avtomagistralının dünyanın ən yüksək standartlarına cavab verdiyini, dördzolaqlı gözəl, hamar, sürətli bir yol çəkildiyini, gələn ildən başlayaraq Gəncə-Gürcüstan sərhədi avtomobil yolunun da genişləndiriləcəyini diqqətə çatdırıb. Azətbaycan Prezidenti, həmçinin Bakı-Gəncə sürət qatarının işə salınması ilə bağlı məsələlərin araşdırılması üçün göstəriş verdiyini də xatırladaraq bildirib: “İndi Azərbaycan dünyanın ən müasir qatarlarını alır və bu proses davam etdiriləcək. Birinci sürət qatarları Bakı-Sumqayıt, Bakı-Gəncə qatarları olacaqdır. Dəmir yolunun yenidən qurulması prosesi uğurla gedir. Bakı-Böyük Kəsik dəmir yolu indi də təbii ki, tam istismardadır, ancaq o yolun keyfiyyətinin yaxşılaşdırılması nəticəsində qatarların sürəti təqribən 120 kilometrə bərabər olacaq. Beləliklə, Bakıdan Gəncəyə qatarla çox qısa müddət ərzində və çox komfortlu şəkildə gəlmək mümkün olacaqdır. Bütün bu layihələr ona görə icra edilir və ediləcək ki, biz insanlar üçün daha da yaxşı şərait yaradaq, insanlar daha yaxşı yaşasınlar. İnfrastruktur layihələrinin icrası məhz bu məqsədi güdür. Onların bir çoxu həll olunub, qalan məsələləri də həll edəcəyik”.

Dövlətimizin başçısı Gəncədə sosial-iqtisadi layihələrin uğurla reallaşdırılması, yeni iş yerlərinin yaradılması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi, habelə perspektivdə qarşıda duran vəzifələr barədə də danışıb.

Azətbaycan Prezidenti  İlham Əliyev çıxışının sonunda qazanılan   uğurlar  münasibətilə gəncəliləri, şəhər rəhbərliyini təbrik edərək, onların fəaliyyətini yüksək qiymətləndirib. Gəncənin bundan sonra da hərtərəfli inkişafı üçün qayğısını əsirgəməyəcəyini, şəhərin daha da gözəlləşməsi, abadlaşması istiqamətində mühüm layihələr reallaşdırılacağını diqqətə çatdırıb. 

Mərasimdə xatırladılıb ki, ulu öndərimiz 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələrkən ilk səfər etdiyi şəhər Gəncə olub. Ümummilli liderimiz bu şəhərdə böyük istehsal, sənaye obyektlərində, elm, mədəniyyət sahələrində çox böyük işlər görüb. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin də bünövrəsi ulu öndərimiz tərəfindən 1980-ci illərdə qoyulub. Buna görə də şəhərin üç universitetində kadr potensialının formalaşmasına, birgə elmi tədqiqatların aparılmasına hələ o dövrdən şərait yaranıb.

Gəncə tarixən regionun mərkəzi olub. Bu gün artıq şəhər sənaye mərkəzinə çevrilib və burada on minlərlə yeni iş yeri açılıb. Hazırda “DET-AL” alüminium zavodunun məhsulları dünyaya ixrac olunur. Bu da Azərbaycanda  innovativ texnologiyalar əsasında görülən işləri bir daha   bütün beynəlxalq aləmə çatdırır.

Mərasimdə dövlətimizin başçısının ulu öndər Heydər Əliyevin ənənələrinə sadiq qalaraq,  mədəniyyət və incəsənətin inkişafına daim qayğı ilə yanaşması, zəngin musiqi ənənələrinin yaşadılmasına xüsusi diqqət göstərməsi, son illərdə Azərbaycan Milli Konservatoriyasının yeni inzibati tədris kompleksinin, Beynəlxalq Muğam Mərkəzinin tikilməsi, Azərbaycan Dövlət Filarmoniyasının, Yaşıl Teatrın, Dövlət Musiqili Teatrının əsaslı təmirinin bunun bariz ifadəsi olduğu barədə ətraflı danışılıb.

Bildirilib ki, cənab İlham Əliyevin iştirakı ilə Gəncə Dövlət Filarmoniyasının yeni inşa edilmiş binasının istifadəyə verilməsi ilə doğma Azərbaycanımızın mədəniyyət və incəsənət tarixinin növbəti səhifəsi yazılır. Məhz elə bu mühüm hadisə də dövlət başçımızın   Azərbaycan musiqi mədəniyyətinə verdiyi növbəti töhfə və göstərdiyi qayğının təzahürüdür.

Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışı mərasimində, həmçinin ölkəmizin mədəniyyətinin inkişafı və bütün dünyada uğurla təbliği işindəki böyük xidmətlərinə görə, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın da fəaliyyəti yüksək qiymətləndirilib. Bildirilib ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən, müxtəlif ölkələrdən tanınmış ifaçıları, kollektivləri bir araya gətirən və dünya musiqi xəritəsində Azərbaycanın adını tanıdan “Muğam aləmi”, Qəbələ, Üzeyir Hacıbəyli və digər beynəlxalq musiqi festivalları bu müsabiqələri ənənəyə çevirərək müasir mədəniyyət tariximizə yeni səhifələr yazıb. Artıq Azərbaycan musiqi mədəniyyəti dünya musiqisinin ən nüfuzlu nümunələrindən birinə çevrilib.

Bütün bu deyilənlər isə Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini bir daha təsdiqləyir. Bu dövrdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə artması, inflyasiyanın optimal həddə saxlanılması hökumətin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin əyani göstəricisidir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında