Regionun gələcək inkişafına yönələn qlobal layihə – Bakı-Tbilisi-Qars

 

 

 

 

 

 

 

 

 


Bu yolun tikintisi bütün bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət kəsb edir və mən əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi bölgəyə daha da çox təhlükəsizlik, daha da çox əməkdaşlıq gətirəcək və bu imkanlardan istifadə edən ölkələr, əlbəttə ki, regional əməkdaşlıq baxımından da bir-birinə yaxın olacaqlar.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Yol hələ qədim dövrlərdən bəşəriyyətin diqqət mərkəzində olub. Təsadüfi deyildir ki, fəlsəfi və bədii söz xəzinəsinin nəhəngləri öz hikmətli fikirlərini çox vaxt cəmi üç hərfdən ibarət olan “yol” sözü ilə ifadə etmişlər. Qədim Çin filosofu Konfutsi deyirdi: “İnsan yolu genişləndirməlidir, yol insanı yox”. Başqa bir yerdə isə o deyirdi: “Ağıllı insan kasıblıq haqqında deyil, yol haqqında düşünər”. Yol barədə ayrıca bir əsər yazmış qədim Çin filosofu Lao-Tzunun isə belə bir obrazlı ifadəsi var: “Böyük yol rəvan və düzdür, ancaq insanlar cığırlarla getməyi sevirlər”. Onun fikrincə, böyük yolla getmək xeyirxah iş görmək, cığırlarla getmək isə şər iş görmək deməkdir.

Yol və nəqliyyat insanın həyat uğrunda mübarizəsinin, özü üçün əlverişli və təhlükəsiz həyat şəraitinin yaradılması uğrunda səylərinin nəticəsidir. Başqa sözlə desək, yol tarixin cığırdaşı, Yer üzünün əşrəfi olan insanın təbiətdə və cəmiyyətdə hökmranlıq vasitəsidir. Yol vasitəsi ilə insanlar yeni həyat məkanı təmin etmiş, maddi və mənəvi mübadilə prosesinin əsasını qoymuşlar. Çox vaxt hərbi məqsədlə çəkilən yollar dövlətlərin, nəhəng imperiyaların döyüş və iqtisadi gücünün mühüm göstəricisi olmuşdur və onların hegemonluğunu təmin etmişdir.

2000-ci ildə Davosda Dünya İqtisadi Forumunun təşkil etdiyi konfransda xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: “Böyük İpək Yolu bəşəriyyətin tarixində, xüsusən Avrasiya regionunun tarixində dərin iz buraxıb və vaxtilə Avropa ilə Asiya arasında yüklərin daşınmasında çox böyük rol oynamışdır”.

Şərq və Qərb mədəniyyəti və iqtisadiyyatının bir-birinə yaxınlaşmasında, bir-birini qarşılıqlı olaraq tamamlamasında Böyük İpək Yolu adı altında hələ eramızdan əvvəl fəaliyyət göstərməyə başlamış beynəlxalq tranzit ticarət yolu mühüm tarixi rol oynamışdır. Bu iki sivilizasiyanın bir vəhdət kimi birləşməsinin bəşəriyyətə verdiyi sonsuz faydalar XX əsrin II yarısında özünü “Yapon möcüzəsi”, “Cənub-Şərqi Asiya möcüzəsi” və “Çin fenomeni” ilə əyani şəkildə göstərmişdir. Bu ölkələrdə sosial-iqtisadi tərəqqi sahəsində əldə edilmiş güclü sıçrayışlar bəşəriyyət qarşısında geniş perspektivlər açmışdır.

Qərbin maddi və mədəni dəyərlərindən geniş istifadə etməyə çalışan Orta Asiya və Qafqaz xalqları həm də özlərinin zəngin təbii ehtiyatlarını Qərbin ehtiyaclarının təmin edilməsi üçün mənimsəməyə başlamışlar. Böyük İpək Yolunun bərpası probleminin yenidən aktuallaşması da Şərq və Qərb, Çin və Avropa dövlətləri arasında inteqrasiya proseslərinin intensivləşdirilməsi, enerji daşıyıcılarının Qərbə asan ötürülməsi üzərində gedən ciddi işlə, yeni kommunikasiya xətlərinin açılması ilə əlaqədardır.

Böyük İpək Yolu layihəsi əhalinin sıx yaşadıgı və bu layihənin əsas hədəfini təşkil edən Orta Asiya və Qafqazın müstəqil ölkələrinin ümumdünya təsərrüfat dövriyəsinə fəal cəlb olunması, onların 70 illik sovet dövründə yığılıb qalmış sosial-iqtisadi problemlərinin həll edilməsi və nəhayət, bu dövlətlərin siyasi və iqtisadi müstəqilliklərinin möhkəmləndirilməsi üçün daha geniş perspektivlər açır. Tamamilə aydındır ki, bol təbii sərvət potensialı olan Xəzər hövzəsi və Qafqaz ölkələrinin gələcək sosial-iqtisadi tərəqqisi həlledici dərəcədə onların ümumdünya təsərrüfatı sisteminə fəal və səmərəli qoşulması prosesindən asılıdır. Təsadüfi deyildir ki, dünya təsərrüfatı sistemi ilə iqtisadi inteqrasiya bu ölkələrin iqtisadi siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir.

XXI əsrdə beynəlxalq iqtisadi inteqrasiya daha da dərinləşir. Bir regionda və  dövlətdə sosial-iqtisadi proseslərin gedişi əhəmiyyətli dərəcədə bu region və ya dövlətin dünyada mövcud olan hansı nəhəng inteqrasiya birliklərinə daxil olacağından əhəmiyyətli dərəcədə asılıdır. Texnoloji inqilabların beşiyi olan Avropaya alternativ yollarla çıxış bu ölkələrdə istər iqtisadiyyatın müasir texniki və texnoloji əsaslarda yenidən qurulması və dirçəldilməsində, istərsə də bazar iqtisadiyyatının formalaşmasında mühüm rol oynayacaqdır.

Böyük İpək Yolu layihəsi, ilk növbədə, Qərblə Şərq arasında etibarlı nəqliyyat dəhlizinin formalaşmasına yönəldilmiş olsa da, region ölkələrinin inkişafında, dünya birliyi ilə əlaqələrin genişlənməsində keyfiyyətcə yeni proseslərin başlanğıcını qoymuşdur.  Bu yol ilə yük dövriyyəsi son illər Asiya ölkələrində istehsalın, ixracın və idxalın artmasına müvafiq olaraq daha da çoxalacaqdır. Bu öl-kələrin gələcək inkişafı Avropanın inkişaf etmiş sənaye ölkələri ilə əlaqələr yarat-mağı və inkişaf etdirməyi zəruri edir. Bu magistral üzrə Asiya ölkələrinin məhsulla-rı Avropaya yönələcəkdir. Misal üçün, hazırda Yaponiya ixracının 60 faizini Avro-paya göndərir. Eyni zamanda, Çin və Cənubi Koreya da Avropaya öz ixracını artırmağa çalışır.

Qərbi Sibir dəmir yolu və Yeni İpək Yolu arasındakı rəqabət nəqliyyat xərclə-rinin və tariflərin azalmasına, daşımaların keyfiyyətinin və təhlükəsizliyinin artma-sına səbəb olacaq. Yeni İpək Yolunun iqtisadi məqsədəuyğunluğu şübhəsizdir, çünki bu yol daha qısadır. Avropa Birliyi ekspertlərinin rəyinə görə, Yeni İpək Yolu  yükün 2 dəfə tez və 30 faiz ucuz çatdırılmasını təmin edəcək.

Qərb-Şərq  nəqliyyat dəhlizi perspektivdə nəinki dayanıqlı olaraq artan gəliri təmin edəcək və yeni iş yerləri yaradacaq, ticarət şərtlərinin yaxşılaşmasına da ciddi təsir göstərəcək. Bütün bunlar Azərbaycanın, digər region ölkələrinin və dünya təsərrüfat sisteminin inkişafına  böyük təkan verəcək. Bu xətt dövlətlər arasında inteqrasiyanı, elmi və mədəni əlaqələri, turizmin inkişafını, yük və sərnişin daşınmalarını daha da sürətləndirəcək. 

Böyük İpək Yolu üzrə  ümumi uzunluğu 27 min kilometr olan TAE (Trans-Asiya-Avropa) optik kabel şəbəkələri keçəcək. Perspektivdə avtomobil, aviasiya, telekommunikasiya, nəqliyyat koridorları Avropanın vahid bazar məkanına daxil olacaq. Avropa-Qafqaz-Asiya nəqliyyat koridorunun yaradılmasını Süveyş və Panama kanalları kimi mühüm  layihələrlə müqayisə etmək olar.

  Azərbaycan təkcə neft-qaz kəmərlərinin keçdiyi tranzit ölkə deyil. Ölkəmiz, həmçinin dünyanın müxtəlif regionlarını birləşdirən ticarət yollarının kəsişdiyi mühüm strateji mövqeyə malikdir. Bu səbəbdən ötən əsrin qlobal layihələrindən biri olan Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin yaradılmasında Azərbaycan xüsusi rol oynamışdır. Dəhlizin istifadəyə verilməsi bir-birindən uzaqda yerləşən müxtəlif ölkələrə ticarət əlaqələrini genişləndirməyə böyük imkanlar yaratmış, Azərbaycan isə regionun ən böyük tranzit ölkəsinə çevrilmişdir. Həmin mövqeyin möhkəmləndirilməsində artıq istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun mühüm əhəmiyyəti vardır.

 Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazından dəmiryol tunelinin inşası Trans-Avropa və Trans-Asiya dəmiryol şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çatdırılmasını təmin etmişdir. Layihənin həyata keçirilməsi, həm də iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi daşımaların həcmini qat-qat artıracaq.

“Dəmir İpək Yolu” adlandırılan, Avropadan Çinə qədər birbaşa əlaqəni təmin etməyə imkan verən Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi həm də Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı 1993-cü ildə Türkiyə və Orta Asiya arasında kəsilmiş dəmir yolu əlaqəsini yenidən bərpa edəcək. Bakı-Tbilisi-Qars dəmir yolu istər ümumdünya təsərrüfat sisteminin, istərsə də region ölkələrinin sosial-iqtisadi inkişafına güclü təkan verəcək. Region ölkələrindən Orta Asiya və Qafqaz dövlətləri bu layihədən daha çox faydalanacaq.

Orta Asiya ölkələrinin hər biri öz sosial-iqtisadi inkişafının xüsusiyyətlərinə görə bu layihədən daha çox  faydalanacaq. Sovet dövründə bu region imperiyanın ucqar və geri qalmış ölkələri idi, adambaşına düşən məhsul istehsalına görə ümumittifaq göstəricilərindən qat-qat geri qalırdı. Sosial və mədəni-maarif göstəriciləri də zamanın tələblərinə cavab vermirdi. Geriliyin əsas səbəblərindən biri yuxarıda qeyd edildiyi kimi, yol problemi ilə əlaqədar idi. Belə ki, sovet dəmir pərdələri bu ölkələri dünya birliyindən təcrid etmişdi. Onlar Avropa dəyərlərinə yalnız Rusiyadan keçən yollarla nail ola bilərdilər. Müstəqillik əldə etdikdən sonra bu ölkələr də Azərbaycanın yolu ilə gedərək Avropaya inteqrasiya etməyə başladılar.

Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu  Orta Asiya və Qafqaz ölkələrinin sosial-iqtisadi inkişafına güclü təkan verəcək. Həmin ölkələrin hər biri özlərinin inkişaf potensialı və xüsusiyyətlərinə görə işə salınmış nəhəng dəmir yolundan bəhrələnəcək. Məsələn, Orta Asiyanın ən inkişaf etmiş ölkəsi olan Qazaxıstan güclü sənaye potensialına və  kənd təsərrüfatı sahələrinə malikdir. Həmin sahələrin məhsullarını Avropaya çıxarmaq çox çətin idi. Orta Asiyanın digər ölkələri də eyni çətinliklərlə üzləşirdi. Bakı-Tbilisi-Qars dəmir yolu bu çətinliklərin aradan qaldırılmasına və həmin ölkələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə güclü təkan verəcək.

Ulu öndər Heydər Əliyev Böyük İpək Yolu layihəsində Azərbaycanın xüsusi rol oynadığını bəyan edərək demişdir: “Azərbaycan “İpək Yolu”nun mərkəzində yerləşir. Bu yol Yaponiya, Çin və Mərkəzi Asiyadan keçib Xəzərə çıxacaqdır. Xəzərin Şərq və Qərb sahilləri arasında keçid bərəsi var və bu bərə Azərbaycana məxsusdur. Bakı “İpək Yolu”nun üstündə yeganə iri dəniz limanıdır. Ona görə də Azərbaycan burada çox mühüm strateji mövqe tutur”.

Ümummilli liderimizin uzaqgörənliklə söylədiyi bu fikir onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin gərgin əməyi və qətiyyətli mövqeyi ilə artıq reallığa çevrilməkdədir. Mühüm strateji mövqeyi olan Azərbaycan son illərdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində dünya nəqliyyat arteriyasının qlobal mərkəzinə və Şərq ilə Qərb arasında mühüm əlaqələndirici körpüyə çevrilib. Bütün bunlar regionda Azərbaycanın siyasi və iqtisadi təsirini gücləndirir, onu lider mövqeyinə yüksəldir, ölkənin sosial-iqtisadi tərəqqisi üçün böyük imkanlar açır. Bu gün Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya edən bir ölkədir. Bu inteqrasiya daha da artacaq, Bakı–Tbilisi–Qars dəmir yolu Azərbaycanın istehsal sahələrinə yeni impuls verəcək, ticarət dövriyyəsini genişləndirəcək, sosial-mədəni inkişaf üçün yeni imkanlar yaradacaq.

Ölkəmizi regionun ən böyük tranzit mərkəzinə çevirən bu dəmir yolu Azərbaycan iqtisadiyyatının gələcək inkişafında da əhəmiyyətli rol oynayacaq. İlk illərdə respublikamız tranzitdən, ən azı, 50 milyon dollar gəlir əldə edəcək. BTQ dəmir yolunun  açılışı münasibətilə keçirilən təntənəli mərasimdə çıxış edən Prezident  İlham Əliyevin qeyd etdiyi kimi, artıq reallaşan layihə Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsi olacaq, onun fəaliyyəti nəticəsində yolboyu yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq, yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək.

 BTQ dəmir yolu sabitliyə və təhlükəsizliyə xidmət edəcək. Yeni nəhəng magistral regionda turizmin inkişafına da güclü təkan verəcək. Xüsusi vurğulamaq lazımdır ki, Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin geosiyasi əhəmiyyətini daha da artıracaq və Azərbaycan üçün əlavə imkanlar yaradacaq, ölkəmizdə biznesin inkişafına  geniş yol açacaq.

Dünyamalı VƏLİYEV,
iqtisad elmləri doktoru,
AMEA Şərqşünaslıq İnstitunun şöbə müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında