BTQ qədim İpək Yoluna yeni həyat verəcək

Bakı-Tbilisi-Qars dəmir yolu qədim İpək Yolunun polad magistrallarla bərpasıdır

Ölkəmizin paytaxtında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı münasibətilə təşkil edilən təntənəli mərasim bu layihənin mahiyyətini, strateji önəmini bir daha əyani şəkildə göstərdi. Mərasimdə çıxış edən dövlət və hökumət başçıları əminliklə bildirdilər ki, tarixi İpək Yolunun bərpası çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində böyük addım olan BTQ dəmir yolu, şübhəsiz ki, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yeni səviyyədə inkişafına şərait yaradacaq. Ən əsası, bu dəmir yolu xətti Şərq-Qərb enerji-nəqliyyat dəhlizinin əsas elementlərindən olmaqla, region üçün bəyan edilən davamlı iqtisadi artımın, sabitliyin və rifahın yüksəldilməsinə müsbət təsir göstərəcək.

Beynəlxalq standartlara uyğun tikilən BTQ dəmir yolu yüklərin və sərnişinlərin fasiləsiz, vaxtında və təhlükəsiz daşınmasını təmin edərək daşımaların həcminin artmasına, tariflərin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq, nəqliyyat infrastrukturunun geniş miqyasda inkişafına, logistik əlaqələrin səmərəliliyinin artmasına, beynəlxalq bazarlara daha əlverişli çıxışın təmin olunmasına üstün şərait yaradacaq. Bütün bunlarla yanaşı, bu dəmir yolu xəttinin istismara verilməsi ilə həm bərə, həm də konteyner – vaqon daşımaları daha da inkişaf edəcək, beynəlxalq daşımalarda mühüm artım əldə olunacaq.

BTQ dəmir yolu kimi tarixi layihənin həyata keçirilməsi yük və sərnişinlərin Avropaya və Asiyaya təhlükəsiz çatdırılması ilə yanaşı, ixrac mallarının Azərbaycan ərazisindən tranzitinin artmasına, Xəzər hövzəsi regionunun Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin qurulmasına geniş meydan açır. “Polad İpək Yolu” adı alan BTQ Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, əmtəə və xidmətlərin nəqli yollarının diversifikasiyasına da xidmət edəcək, ölkəmizin və region dövlətlərinin xarici iqtisadi əlaqələrinin səmərəliliyini daha da yüksəldəcək. Bir sözlə, bu dəmir yolu Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında əvəzsiz rol oynamaqla bərabər, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq. İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə Prezident İlham Əliyev bu barədə deyib: “Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaqdır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasına böyük sərmayələr qoyur. Bu nəqliyyat dəhlizləri Avrasiyanın iqtisadi inkişafı üçün yeni imkanlar açacaqdır”.

BTQ dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilən təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev bəyan etdi: “Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq”.

Yeni dəmir yolu marşrutunun tam işə düşməsi bu layihəyə qoşulan ölkələrin tranzit və logistik potensialından daha səmərəli istifadə etməyə imkan yaradacaq, regionun nəqliyyat və ticari statusunu möhkəmləndirəcək. BTQ dəmir yolunun istismarı, eyni zamanda, müasir infrastrukturun inkişafına böyük töhfə verəcək, yeni bazarlar mənimsəniləcək, turizm və emal sektoru inkişaf edəcək, yeni iş yerləri yaradılacaq. Əlbəttə, bütün bunlar regionun iqtisadi inkişafı üçün mühüm amildir.

BTQ dəmir yolunun istifadəyə verilməsi həm də Çinlə ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir edəcək. Bu gün konteyner qatarı Qazaxıstan və Azərbaycan ərazisindən keçməklə Çindən Gürcüstana 8 günə çatır.

Məlumdur ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Türkiyəyə və Şərqi Avropaya, Aralıq dənizinə çıxışı təmin edir. Bu isə o deməkdir ki, Avropaya qədər uzanacaq və Transxəzər beynəlxalq daşımalarında əsas təməl layihələrdən biri olacaq sözügedən dəmir yolundan faydalanan ölkələrin iqtisadiyyatı daha da sürətlənəcək, eyni zamanda, nəqliyyat və logistik imkanlar genişlənəcək.

 Avrasiyanın mərkəzində yerləşən, Bakı-Tbilisi-Qars layihəsini dəstəkləyən Qazaxıstan Xəzər infrastrukturunda yük axını layihələrini stimullaşdırır, optimal logistikanı formalaşdırır, regionda iqtisadi artımı və ticarəti genişləndirir. Ümumiyyətlə, Qazaxıstanın formalaşan səmərəli nəqliyyat infrastrukturu optimal logistik bəndin istifadəsi ilə Şərq-Qərb, Çin-Avropa istiqamətləri üzrə yük axınını təmin edir. Bu bənd yükləri Xəzərdən keçməklə Çinin Lyanyunqan limanından Türkiyəyə, Cənubi Avropaya dəniz nəqliyyatına nisbətən iki dəfə az vaxtda çatdırmağa imkan verir.

Xatırladım ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı münasibətilə təşkil edilən təntənəli mərasim günü Qazaxıstanın Kurık limanından bərə ilə Bakının Ələt limanına Qazaxıstanda və Çində formalaşan ilk konteyner qatarları gəldi. Bu qatarlar Bakı-Tbilisi-Qars marşrutu ilə Türkiyədə yükü qəbul edən məntəqəyə yola salındı.

Hazırda inkişaf etmiş ölkələrdə gömrük prosedurlarının sinxronlaşdırılması, tranzitin və yüklərin gətirilməsinin təşkili zamanı uzunmüddətli əsasda tarif və qeyri-tarif üstünlüklərinin təqdim edilməsi mühüm önəm daşıyır. Bu, təsadüfi deyil. Çünki belə şərait tranzit dəhlizlərinin cəlbediciliyinin artmasına, nəqliyyat infrastrukturunun səmərəli işləməsinə və müxtəlif istiqamətlərdə yük daşımaları həcminin yüksəlməsinə təkan verir. Bu cəhətdən tezliklə genişmiqyaslı Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm bəndinə çevriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun həm Mərkəzi Asiya ölkələri, həm də bütövlükdə, qitənin müvafiq hissəsi üçün əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Şübhə yoxdur ki, regionda işə salınan iri dəmir yolu magistralı Çin ilə Avropa arasında ən qısa dəmir yolu dəhlizi yaratmağa imkan verəcək.

Bu mühüm məsələ ilə bağlı BTQ dəmir yolunun açılışı mərasimində çıxış edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dedi: “Bu gün yaşadığımız dövrlə yanaşı, gələcəyimiz üçün də çox mühüm addım atırıq. Bu mərasimlə Asiyanı, Avropanı və Afrikanı bir-biri ilə birləşdirmək məqsədilə başladılan yeni “İpək Yolu” təşəbbüsünün vəsilələrindən birini istifadəyə veririk. Bakı-Tbilisi-Qars dəmir yolunda ilk səfərin reallaşması ilə “Orta dəhliz” layihəsinin ən önəmli mərhələsi başa çatdırılmış olur. Beləliklə, Londondan Çinə birbaşa dəmir yolu xəttinin qurulduğunu da bəyan edirik”.

Burada mühüm bir məqamı da xatırlatmaq istərdik. BTQ dəmir yolu ilə yanaşı, bu layihənin səmərəli istismarına müsbət təsir göstərəcək böyük bir infrastruktur şəbəkəsi də yaradılıb. Məsələn, Türkiyədə “Marmaray” sürətli qatar xətlərinin inşası, mövcud dəmir yolu xətlərinin yenilənməsi, İstanbulda inşa edilən və üzərindən dəmir yolu xəttinin də keçəcəyi üçüncü körpü, Azərbaycanın Ələt limanı bunun bariz ifadəsidir. Bütün bunlar yalnız üç ölkəni deyil, bütün Orta Asiya respublikalarını Qərb nəqliyyat marşrutları ilə birləşdirir. Eyni qaydada, Türkmənbaşı limanı vasitəsilə Türkmənistanın, Aktau limanı vasitəsilə Qazaxıstanın Avropaya çıxışı gerçəkləşdi.

Beləliklə, görülən genişmiqyaslı işlər nəticəsində Bakı-Tbilisi-Qars dəmir yolu ilə üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacaq. Bu dəmir yolu ilə bir günə Qarsa, iki gün yarıma isə İstanbula getmək mümkün olacaq. Bu isə regionda turizmin inkişafına güclü təsir göstərəcək. Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlığını, sürət və vaxt tezliyini aydın göstərir. Belə ki, bu yol tam istifadəyə veriləndən sonra mövcud yükdaşımalarla müqayisədə zaman fərqi iki-üç dəfəyədək azalacaq.

Müstəqillik tariximizin möhtəşəm layihələrindən birinin reallaşmasına rəhbərlik etməklə Azərbaycan növbəti dəfə təsdiqlədi ki, regional və qlobal əhəmiyyətli layihələri uğurla həyata keçirə bilər. Bunu Bakı-Tbilisi-Qars dəmir yolunun geosiyasi və geoiqtisadi səmərəsinə nəzər saldıqda da görürük. Belə ki, bu dəmir yolu xəttinin işə düşməsi regionda sabitliyə və iqtisadi inkişafa böyük töhfədir və onun imkanları sayəsində Azərbaycan, Gürcüstan və Türkiyə mühüm tranzit qovşağına çevrilir.

Bakı-Tbilisi-Qars layihəsinin əsas üstünlüklərindən biri də odur ki, Azərbaycan Gürcüstan ərazisindən keçməklə Türkiyə ilə qısa dəmir yolu əlaqəsinə sahib olur, bu isə iki qardaş dövlət arasında münasibətləri daha da möhkəmləndirməyə xidmət edir. Digər strateji məsələ, bu layihənin Naxçıvan Muxtar Respublikasına qədər uzanmasıdır. Gələcəkdə Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur ki, bu da muxtar respublikanın Ermənistanın blokadasından çıxarılmasına və onun nəqliyyat sərbəstliyinin təmin edilməsinə səbəb olacaq.

 Bununla da Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası xüsusi strateji əhəmiyyət daşıyır. Çünki Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında yeni strateji amildir. Bu, həm də layihənin icrasında nadir əməkdaşlıq formatı göstərən üç ölkə – Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı əlaqələrin strateji məzmununu bütün dünyaya nümayiş etdirir.

Yeri gəlmişkən, uzun illər polad magistralda çalışan bir mütəxəssis kimi, bir məqama da toxunmaq istərdim. Bu, tanınmış gürcü politoloqu Qiorqi Xuxaşvilinin BTQ dəmir yolu layihəsi ilə bağlı mətbuata verdiyi müsahibədə Ermənistanla bağlı açıqladığı fikirlərdir. BTQ dəmir yolunun tikintisini “Əsrin layihəsi” adlandıran Q. Xuxaşvili Ermənistanın belə bir gəlirli beynəlxalq iqtisadi layihədən kənarda qalmasını məhz rəsmi İrəvanın ölümə bərabər səhvinin nəticəsi olduğunu bildirib. Politoloq deyib ki, “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi səbəbindən Cənubi Qafqaz ölkələrindən biri – Ermənistan bu layihədən kənarda qalmaqla özünə çox böyük zərər vurdu. Bununla da ölkənin iqtisadi problemləri daha da dərinləşəcək”.

Doğrudan da, problem Ermənistanın özü tərəfindən yaradılıb. Rəsmi İrəvanın siyasi ambisiyaları onun iqtisadi maraqlarını üstələyir. Ona görə də rəsmi İrəvan onu regional layihələrdən kənarda qoyan tarixi səhvinə görə, iqtisadi perspektivdə çox böyük ziyan ödəyəcək.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta isə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Avrasiyada daha yaxşı ticarət və kommersiya əlaqələrinin qurulması baxımından atılmış mühüm addım olduğunu vurğulayıb. Səfir bu layihənin yeni İpək Yolunun mühüm hissəsi olduğunu da diqqətə çatdırıb.

Sonda bildirək ki, qlobal hədəflərə xidmət edən Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha bir tarixi qələbəsidir.

Məhərrəm MƏMMƏDOV,
Fəxri dəmiryolçu, iqtisadçı-ekspert


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında