Azərbaycan və Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib

Oktyabrın 27-də Litvanın paytaxtı Vilnüs şəhərində Azərbaycan Respublikası hökuməti və Litva Respublikası hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib. İclasda hökumətlərarası komissiyanın Azərbaycan tərəfdən həmsədri, vergilər naziri Fazil Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti, Litva tərəfdən həmsədr, xarici işlər naziri Linas Linkyaviçyusun başçılıq etdiyi Litva nümayəndə heyəti, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas iştirak ediblər.

Litva Respublikasının xarici işlər naziri L. Linkyaviçyus iclas iştirakçılarını salamlayaraq hökumətlərarası komissiyanın fəaliyyətini yüksək qiymətləndirildiyini bildirib. Komissiyanın son iclasından keçən müddət ərzində görülən işlər barədə məlumat verən nazir komissiyanın fəaliyyətinin Azərbaycan və Litva arasında iqtisadi əməkdaşlığın genişlənməsində xüsusi rola malik olduğunu və ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. L.Linkyaviçyus xatırladıb ki, Azərbaycan Cənubi Qafqazda Litvanın ən mühüm iqtisadi tərəfdaşıdır. Litva-Azərbaycan iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün çox böyük potensial var. Xüsusilə, yüksək texnologiyalar, neft-kimya, nəqliyyat, toxuculuq, yeyinti sənayesi kimi sahələrdə əlaqələri inkişaf etdirmək zəruridir.

Litva öz növbəsində Azərbaycan-Avropa İttifaqı münasibətlərinin daha da inkişaf etdirilməsi üçün körpü rolu oynaya bilər. Komissiyanın həmsədri əlavə edib ki, “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan hər bir ölkə bu proqrama böyük ümid bəsləyir. Litva Azərbaycan ilə Aİ arasında əməkdaşlığın möhkəmləndirilməsinə yardım edə bilər. L.Linkyaviçyus daha sonra vurğulayıb ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu bütün dünyada məlumdur. Nazir vurğulayıb ki, yeni “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırıb.

XİN rəhbəri Litvanın ali məktəblərində iki yüzdən çox azərbaycanlı tələbənin təhsil aldığını xüsusi qeyd edib və bu tələbələrin gələcək mütəxəssislər kimi hər iki ölkənin elçiləri olduğunu xatırladıb.

Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov səmimi qəbul üçün Litva tərəfinə öz təşəkkürünü bildirib və 2010-cu ildən fəaliyyət göstərən Azərbaycan-Litva Hökumətlərarası Komissiyasının ötən dövr ərzində ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da dərinləşməsinə, siyasi, iqtisadi və humanitar əməkdaşlıq sahələrində bir çox layihələrinin reallaşmasına müsbət təsir göstərdiyini bildirib.

F.Məmmədov bu dövrdə ölkələrimizin dövlət və hökumət qurumlarının, bələdiyyələrin, işgüzar dairələrin nümayəndələrinin iştirakı ilə çoxsaylı qarşılıqlı səfərlərin olduğunu xatırladaraq, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün kifayət qədər böyük potensialın olduğunu vurğulayıb.

Qeyd olunub ki, son üç il ölkələrimizin regionları arasında əlaqələrin inkişafı baxımından daha səmərəli olub. 2014-cü ildə “Azərbaycanın Şəmkir və Litvanın Şyaulyay şəhərləri arasında qardaşlaşma münasibətləri yaradılması haqqında” niyyət protokolunun imzalanması ikitərəfli münasibətlərdə yeni mərhələ olub. Bu baxımdan, Litvada istirahət mərkəzləri və müalicəvi kurortları ilə məşhur olan Druskininkay şəhəri ilə Azərbaycanın məşhur müalicəvi mərkəzləri – Naftalan şəhəri və Naxçıvandakı Duzdağ kompleksi arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanlarına xüsusi diqqət yönəldilməlidir.

F.Məmmədov Azərbaycanın iqtisadi imkanları və logistik potensialı barədə məlumat verərək qeyd edib ki, yaxın vaxtda Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə veriləcək. Vergilər naziri Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın müstəsna rolunu vurğulayaraq, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən neft-qaz layihələri barədə də məlumat verib.

Komissiyanın Azərbaycandan olan həmsədri iki ölkənin ali məktəbləri arasında əməkdaşlığı, Litva universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayının artmasını qeyd edərək Avropanın ən qədim universitetlərindən olan Vilnüs Pedaqoji Universitetində böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan auditoriya açılmasından məmnun olduğunu bildirib.

Vergilər naziri Aİ ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi prosesində, o cümlədən, Azərbaycan ilə Aİ arasında hərtərəfli saziş imzalanmasında Litvanın böyük dəstəyini xüsusi qeyd edib.

F.Məmmədov vurğulayıb ki, bununla bərabər, ikitərəfli əməkdaşlığın miqyası ölkələrimizin iqtisadi potensialına tam cavab vermir və bu potensialın daha tam səfərbər edilməsi Hökumətlərarası Komissiyanın işinin mühüm istiqamətlərindən biridir.

İclasda hər iki ölkənin iqtisadi durumu, ikitərəfli münasibətlərin inkişaf perspektivləri, müqavilə-hüquq bazasının inkişafı, energetika, kənd təsərrüfatı və ekologiya, gənclər və idman, mədəniyyət və turizm, təhsil və elm, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, gömrük, səhiyyə sahələrində, eləcə də Azərbaycan və Litvanın regionları arasında əməkdaşlıq məsələləri ətrafında geniş müzakirələr aparılıb. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artırılması üçün mövcud imkanların səfərbər edilməsi və qarşılıqlı ticarətin həcminin artırılması, habelə diversifikasiyası üçün səy göstərilməsinin vacibliyi, informasiya texnologiyaları, maliyyə, tikinti, enerji, elektronika, nəqliyyat və logistika sektorlarında biznes əlaqələrinin qurulması üçün geniş imkanlar olduğu xatırladılıb.

İclasın sonunda Azərbaycan ilə Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov və Litva Respublikasının xarici işlər naziri Linas Linkyaviçyus imzalayıblar.

Protokola əsasən, tərəflər əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı maraqları nəzərə alaraq bir sıra məsələlər barəsində razılığa gəliblər. Bunlara keçiriləcək sərgilər, konfranslar, biznes-forumlar barədə işgüzar dairələr üçün mütəmadi informasiya mübadiləsi, kimya və neft-kimya sənayesi, aqrokimya, əczaçılıq və tibbi avadanlıq üzrə ixtisaslaşan Litva şirkətlərinin Azərbaycanda yaradılmış sənaye parklarında, o cümlədən Sumqayıt kimya-sənaye parkında investorlar qismində iştirakının təşviq edilməsi daxildir.

Tərəflər ticari-iqtisadi əməkdaşlıq sahəsində əməkdaşlığın tənzimlənməsi, ikitərəfli əməkdaşlığın müqavilə-hüquqi bazasının, energetika, kənd təsərrüfatı və ətraf mühit, nəqliyyat, rabitə və informasiya texnologiyaları, səhiyyə, təhsil və elm, mədəniyyət və turizm, gənclər və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə razılaşıblar.

Azərbaycan tərəfi Litvadan Azərbaycanın işğal edilmiş ərazilərində, o cümlədən Dağlıq Qarabağ regionunda və ona bitişik rayonlarda istehsal edilmiş məhsulun idxalına, ixracına, satışına və reallaşdırılmasına icazə verməməyi xahiş edib.

İclasda “Azərbaycan Respublikası hökuməti və Litva Respublikası hökuməti arasında xidməti pasport sahiblərinin vizadan azad edilməsi haqqında saziş” imzalanıb. Sənədi Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Litva XİN başçısı Linas Linkyaviçyus imzalayıblar.

Bundan başqa, “Azərbaycan Respublikası Vergilər Nazirliyi və Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi arasında məlumat mübadiləsi sahəsində və vergi tələblərinin alınmasında qarşılıqlı inzibati yardım haqqında Anlaşma Memorandumu” imzalanıb.

Litvaya səfəri zamanı vergilər naziri F.Məmmədov bir sıra mühüm görüşlər keçirib.

Litva Seyminin sədri Viktoras Pranskietis ilə görüş zamanı Azərbaycan-Litva parlamentləri arasında əlaqələrin inkişafı müzakirə mövzusu olub. Parlamentlərarası əlaqələrin inkişafından danışarkən, F.Məmmədov iki ölkə parlamentində fəaliyyət göstərən dostluq qruplarının qarşılıqlı səfərlərinin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Litva Seyminin sədri V.Pranskietis Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə qrupun Seymdə ən böyük qruplardan biri olduğunu xatırladıb və Litvanın Azərbaycanla əlaqələrin gücləndirilməsində maraqlı olduğunu, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Səfər çərçivəsində vergilər naziri Fazil Məmmədovun Litva Respublikasının xarici işlər naziri Linas Linkyaviçyus ilə təkbətək görüşü keçirilib. Görüşdə ölkələrimiz arasında ikitərəli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, hər iki ölkənin dövlət başçılarının məhsuldar əməyinin nəticəsində dövlətlərarası münasibətlər artıq strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Qarşılıqlı əlaqələr intensiv şəkildə inkişaf edir, praktiki olaraq bütün sahələrdə ikitərəfli münasibətlər genişlənməkdədir. Litva Respublikasının Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi və hərtərəfli əməkdaşlıq sazişininin imzalanmasına hazırlıq prosesinə mühüm töhfə verdiyi qeyd edilib.

İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, vergilər naziri F.Məmmədov səfər çərçivəsində Şərqi Avropanın qədim ali təhsil ocaqlarından biri olan Vilnüs Pedaqoji Universitetində açılmış Azərbaycan auditoriyasına da baş çəkib, universitetdə oxuyan azərbaycanlı tələbələrlə görüşüb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında