Azərbaycanın milli sığorta bazarının yüksəlişi maliyyə xidmətlərinin inkişafına dair strateji yol xəritəsinin mühüm hədəflərindəndir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin gələcək iqtisadi və sosial inkişafının iqtisadiyyatın qeyri-neft sektorundan asılı olacağını bəyan edərək neft-qaz kapitalını insan kapitalına, intellekt və ideya kapitalına çevirməyi  mühüm vəzifə kimi qarşıya qoymuşdur.

Azərbaycan hökumətinin məqsədyönlü iqtisadi siyasəti də məhz ölkəmizin qeyri-neft sektorunun mütəmadi olaraq davamlı inkişafına yönəldilmişdir. Ölkə iqtisadiyyatında, xüsusilə, qeyri-neft sektorunda iqtisadi yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf perspektivini əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlər həyata keçirilməsi zərurətini yaradır. 2017-ci ilin 9 ayı ərzində ÜDM 50 milyard manatı ötmüşdür. Neft sektoru üzrə ÜDM azaldığı halda, qeyri-neft sektoru üzrə ÜDM 2,5 faiz artmışdır ki, bu da ÜDM-in 61 faizi deməkdir. Bunu dövlət tərəfindən qeyri-neft sektorunun inkişafına göstərilən dəstəyin nəticəsi kimi qiymətləndirmək olar.

Qeyri-neft sektorunda da maliyyə və sığorta xidmətləri  sistemi bazar iqtisadiyyatının dinamik inkişaf edən sahələrindən biridir. Strateji Yol Xəritəsi qlobal iqtisadiyyat və maliyyə bazarında müşahidə edilən proseslərə çevik adaptasiya və postneft iqtisadi inkişaf modelinin dəstəklənməsi üçün maliyyə sektoru qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb. Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək strateji baxış və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Məlumdur ki, maliyyə xidmətlərinin inkişafı üçün 5 strateji hədəf və 16 prioritet hazırlanmışdır.

Birinci hədəf dinamik və sağlam institutlardan ibarət maliyyə sisteminin formalaşdırılması ilə bağlıdır. Sığorta sistemində bu, yeni çağırışların həlli istiqamətində sığorta şirkətlərinin kapitallaşması, aktivlərin sağlamlaşdırılması, sığorta bazarının inkişafı, maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində tədbirləri əks etdirən strateji məqsədləri əhatə edir.

İkinci strateji hədəf maliyyə bazarlarının inkişafı, maliyyə bazarlarında investor və emitentlərin aktivliyi ilə bağlıdır. Potensial investorların və emitentlərin kapital bazarı və maliyyə alətləri haqqında məlumatlarının az olması, informasiya asimmetriyası və ənənəvi təksahiblik düşüncə tərzi kimi amillər qiymətli kağızlar bazarının inkişafını məhdudlaşdırır, iqtisadiyyatda maliyyə resurslarının qeyri-səmərəli bölüşdürülməsinə səbəb olur. Məhdudlaşdırıcı amillərin aradan qaldırılması məqsədilə kapital və pul bazarının inkişafı, bazar iştirakçıları üçün əlverişli mühitin yaradılması istiqamətində strateji hədəflər müəyyən edilib.

Üçüncü strateji hədəf kimi infrastrukturun gücləndirilməsi, sığortaçıların hüquqlarının müdafiəsi və öhdəliklərin yerinə yetirilməsi üzrə məhkəmə sistemi və icra mexanizmləri, habelə kredit məlumatlarının mübadiləsi infrastrukturunun yaradılması, infrastrukturun təkmilləşdirilməsi məqsədilə kredit məlumatlarının mübadiləsi sisteminin inkişafı, kreditorların hüquqlarının müdafiəsi üzrə işlək mexanizmlərin yaradılması, məhkəmə qərarlarının standartlaşdırılması və icra intizamının yaxşılaşdırılmasına yönəlmış strateji məqsədlər müəyyən edilib.

Dördüncü strateji hədəf tənzimləmə və nəzarət mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır. Mövcud iqtisadi mühitdə maliyyə institutlarının risklərə həssaslığının artması və yeni risk zonalarının yaranması sektorda risklərin idarə edilməsi təcrübəsinin təkmilləşdirilməsini tələb edir. Maliyyə institutlarında sağlam risk idarəetməsi proseslərini və rəqəmsal transformasiyanı təşviq edən yeni tənzimləmə və nəzarət arxitekturasının formalaşdırılması üzrə strateji hədəflər müəyyən edilib.

Nəhayət, beşinci hədəf maliyyə savadlılığının yüksəldilməsini nəzərdə tutur. Maliyyə sistemində çalışanların bilik və bacarıqlarının keyfiyyətcə yeni müstəviyə qalxması, habelə maliyyə xidmətləri istehlakçılarının maliyyə savadlılığının artırılması sağlam, etibarlı, dayanıqlı və effektiv maliyyə sisteminin formalaşdırılmasına təkan verə bilər. Buna nail olmaq məqsədilə maliyyə sistemi mütəxəssislərinin ixrisaslaşmasının dərinləşməsinə və maliyyə savadlılığının artırılmasına yönəlmiş strateji hədəflər müəyyən edilib. 

Qeyd edək ki, maliyyə xidmətlərinin təkmilləşdirilməsi üzrə tədbirlərin mühüm bir hissəsi sığorta bazarının payına düşür. Öz unikallığı ilə fərqlənən sığorta seqmenti bazar sərbəstliyinə əsaslansa da dövlət tənzimlənməsinə həmişə ehtiyac duyulmuşdur. Təcrübə göstərir ki, dünya iqtisadiyyatının inkişafının bütün tarixi boyu iqtisadi münasibətlərin bazar sistemində dövlətin tənzimləyici rolu ilə bağlı məsələlər elmi-ictimai fikrin həmişə diqqət mərkəzində olmuşdur. Bir çox aparıcı iqtisadi məktəblərin (neoklassik, keynsçi, institusional) nümayəndələri iqtisadiyyatın dövlət tənzimlənməsinin mahiyyəti, məqsədi, forması və digər məsələlər üzrə müxtəlif fikirlər söyləmişlər. İqtisadiyyatın dövlət tənzimlənməsi və özünütənzimləmə alətləri arasında optimal nisbətin axtarılması  mütəmadi olaraq davam edir.

Sığorta bazarlarının dövlət tənzimlənməsi sistemlərinin tədqiqi birmənalı olaraq, bu sistemlərin əsasında, məhz maliyyə tənzimlənməsi alətlərindən istifadənin durduğunu çox aydın şəkildə sübut edir. Dövlət maliyyə tənzimlənməsinin əsas məqsədi cəmiyyətdə sosial və iqtisadi sabitliyin yüksəldilməsi üçün milli sığorta bazarlarının davamlı və etibarlı inkişafını təmin etməkdən ibarətdir.

Davamlı iqtisadi inkişaf şəraitində sığorta sahəsində həyata keçirilən yeni islahatların əsas qayəsi və vəzifələri, hər şeydən öncə milli sığorta sisteminin möhkəmləndirilməsi və onun maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin tələblərinə uyğun təkmilləşdirilməsindən ibarətdir.

Sığorta xidmətləri seqmenti bazar iqtisadiyyatının çevik inkişaf edən sferalarından biridir. Milli iqtsadiyyatda sığorta penetrasiyasi tədricən dinamik olaraq artmaqdadır. Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən 2016-cı ildə sığorta sektorunun maliyyə dərinliyini ifadə edən sığorta haqqlarının ÜDM-ə nisbəti 0,8 faiz təşkil etmişdir.

Son dövrdə maliyyə bazarının əsas tərkib hissələrindən  olan sığorta seqmentinə  maraq daha da artmışdır. Ölkədə sığorta xidmətləri bazarına nəzarət və onun tənzimlənməsi sahəsində mühüm dəyişikliklər edilmişdir. 2015-ci ildə Azərbaycanda 27 sığorta şirkəti fəaliyyət göstərmişdir. Həmin ildə Azərbaycanda sığorta sistemi üzrə sığorta yığımları  444 milyon manat təşkil etmişdir. 2010-2015-ci illər ərzində orta illik artım 20 faiz təşkil etmişdir. 

Strateji Yol Xəritəsində qeyd edildiyi kimi hələ ki, ölkəmizdə sığorta seqmentinin  inkişafı səviyyəsi qaneedici deyil. Belə səviyyənin həm  keyfiyyət, həm də kəmiyyət baxımından təkmilləşməsinə  böyuk zərurət vardır. Ölkə Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi müasir yüksək templi dinamik inkişaf kursu, milli iqtisadiyyatımızın davamlı tərəqqisini, xarici, eləcə də yerli investisiyaların  cəlb olunması prosesini sürətləndirir. Prezidentimizin sahibkarlıq fəaliyyəti üzrə yaratdığı əlverişli sosial-iqtisadi mühit öz müsbət nəticələrini getdikcə daha aydın göstərir.

Sığortanın inkişafına əlverişli sosial mühitin yaradılmasında, eyni zamanda, Heydər Əliyev Fondunun, şəxsən onun prezidenti, Birinci xanım Mehriban Əliyevanın xidmətləri böyükdür.

UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyeva özünəxas nəcib, humanist və insanpərvər xarakterlə cəmiyyətdə mənəvi aşınma yaradan, eləcə də saf və ali dəyərləri ucuzlaşdıran mənfi meyillərə qarşı barışmaz mövqe tutur, insanlığın təntənəsinə xidmət edən nəcib təşəbbüsləri ilə həm də sivilizasiyalararası dialoq prosesinə öz töhfəsini verir. Onun elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı ciddi elmi əsaslara söykənir. Buna görə də Mehriban xanımın hərtərəfli fəaliyyəti cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. 

Dövlət başçısı cənab İlham Əliyev tərəfindən respublikamızda bütün sahələrə olduğu kimi, səhiyyə sektoruna da xüsusi diqqət göstərilir. Əminliklə deyə bilərik ki, bu diqqət və qayğı nəticəsində tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə işlər uğurla davam etdirilir. Belə ki son illər ərzində ölkəmizdə 600-dən artıq tibb müəssisəsi tikilib və əsaslı təmir olunaraq, müasir avadanlıqla təchiz edilib. Təkcə ötən il ərzində 26 yeni tikilmiş və əsaslı təmir olunmuş tibb ocağı istifadəyə verilib. Heç şübhəsiz ki, Azərbaycanın səhiyyə sisteminin müasir dünya standartları səviyyəsində yenidən qurulmasında, dövlət proqramlarının uğurla həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır.

Dünyanın əksər ölkələrində səhiyyə xidmətlərinin maliyyələşdirilməsi icbari tibbi sığorta vasitəsilə həyata keçirilir. Bəzi ölkələrdə bizim sovet dövründə olan model fəaliyyət göstərir - səhiyyə xidmətləri tam pulsuz olur və bütün xərclər tam olaraq, dövlət tərəfindən ödənilir. Məsələn, Norveçdə, İngiltərədə sistem belədir. Ancaq bəzi ölkələrdə dövlət və bələdiyyə səhiyyə sistemi pulsuz, özəl səhiyyə isə tam pulludur. Bunlardan ən yaxşısı icbari tibbi sığorta modelidir ki, burada həm özəl, həm bələdiyyə tabeliyində olan tibb müəssisələri icbari tibbi sığorta vasitəsilə maliyyələşə bilər.

Ölkədə gələn ildən icbari tibbi sığortanın tətbiq edilə bilməsi üçün lazımi şərait var. Bu gün Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün qanunvericilik baxımından da heç bir problem yoxdur və bu sahədə qanunvericilik bazası kifayət qədər mükəmməldir.

Ölkə Prezidentinin sərəncamı ilə Dövlət İcbari Tibbi Sığorta Agentliyi yaradılıb. Bu iş üçün büdcədən maliyyə vəsaiti ayrılır. Ölkədə bu sistemin tətbiq edilməməsi üçün iki obyektiv səbəb ola bilər ki, onların da hər ikisi artıq aradan qalxıb. Bunlar səhiyyə müəssisələrinin maddi-texniki bazasının zəif olması, ölkənin hər yerində kifayət qədər keyfiyyətli xidmət göstərə biləcək səhiyyə müəssisələrinin olmaması idi. Ancaq artıq son illər ərzində bu sahədə çox ciddi islahatlar aparılıb. Demək olar ki, ölkənin bütün regionlarında, hətta rayonlarında müasir tələblərə cavab verən Müalicə-Diaqnostika mərkəzləri, klinikalar var. Yeni tikilən və əsaslı təmir olunan tibb müəssisələrinin müasir avadanlıqlarla təminatı yüksək səviyyədədir. Eyni zamanda, ölkədə kifayət qədər kadr potensialı var. Bu baxımdan icbari tibbi sığortanın tətbiqi üçün olan maneələr artıq aradan qaldırılıb. Ancaq sığorta şirkətləri şəbəkəsi genişləndirilməlidir.

İcbari tibbi sığortanı səhiyyə sisteminin maliyyələşməsinin ən mükəmməl forması kimi işəgötürən müəssisə icbari tibbi sığorta ayırmalarının sərfəli xərclənməsində, işçinin çox xəstələnməməsində, işçi xəstələndikdə də onun çox qısa vaxt ərzində müalicə olunması və işə geri qayıtmasında maraqlı olacaq. İcbari tibbi sığorta agentliyi xəstə olan şəxsin əlavə müayinələrə cəlb olunmamasına, onun reseptində əlavə dərmanların yazılmamasına, müalicə müddətinin həddindən artıq uzadılmamasına, bir sözlə əlavə vəsaitlərin xərclənməməsinə çalışacaq. Səhiyyə müəssisəsinin marağı isə yaxşı, keyfiyyətli tibbi xidmət göstərə bilmək olacaq. O çalışacaq ki, icbari tibbi sığorta şirkəti yaxşı xidmət göstərən tibb müəssisəsi kimi onunla yenidən müqavilə bağlasın, seçim zamanı başqa tibb müəssisəslərinə üstünlük verməsin. Nəticədə isə bu sistemin tətbiqindən tərəflərin hər biri fayda götürəcək.

Azərbaycanda sığorta məhsulları bazarının  inkişafı üçün sığorta qanunvericiliyinin davamlı olaraq təkmilləşdirilməsi, sığorta operatorları üzərində nəzarəti gücləndirməklə bərabər, həm də sığortalılara, o cümlədən, deməli bütün cəmiyyətə sığortanın məzmunu düzgün izah edilməli, sığorta sazişi bağlayarkən nələrə diqqət yetirmələrinin lazım olduğunu və sığorta sənədləri imzalandıqdan sonra sığortaçının və sığortalının hansı hüquq və vəzifələri daşıdıqlarını bilməlidirlər. Bunun üçün isə təcrübə təkmilləşdirilməli, sığorta sistemi davamlı olaraq inkişaf etdirilməlidir. Əsas məqsəd sığorta fəaliyyətinin konseptual, nəzəri-metodoloji və praktiki araşdırılması əsasında milli iqtisadiyyatın davamlı inkişafı şəraitində sığorta seqmentinin maliyyə resurs tutumunun artırılması  və onun hüquqi-normativ bazasının təkmilləşdirilməsindən ibarətdir. Qoyulan məqsədə nail olmaqdan ötrü davamlı milli iqtisadi inkişaf modelinin srtukturlaşmasında sığorta sisteminin əhəmiyyətinin aşkarlanması, sığorta xidmətlərinin  təşkili zamanı  xarici ölkələrin təcrübəsinin öyrənilməsi, milli sığorta xidmətləri bazarının idarəedilməsi və tənzimlənməsinin GZİT təhlil əsasında özünəməxsus xüsusiyyətlərinin  qiymətləndirilməsi, davamlı iqtisadi inkişaf  şəraitində sığorta sisteminin pul resurslarının  təşkilində  bazarın maliyyə dərinliyinin kompleks  öyrənilməsi kimi konkret vəzifələrin icrası mütləqdir.

Bu gün ölkəmizin milli sığorta şirkətləri maliyyə sisteminin ən aktiv elemetləri olaraq maliyyə bazarlarının yeni çağırışlarına cavab verməli, yeni məkanlar və texnologiyalar əldə etməlidirlər. Çünki müasir dövrdə maliyyə xidmətləri getdikcə rəqəmsallaşır, başqa sözlə oflayndan onlayna keçid edir. Digitallaşmağa, texnologiyalaşmağa istiqamətlənmiş bu proseslərdən sığorta sistemi heç bir halda geri qala bilməz.

Sığortalama işindən əldə edilən gəlirlərin əsas elementini sığorta mükafatları təşkil edir. Sığorta haqqı sığorta xidmətinin realizasiya qiyməti hesab olunur. Sığorta qurumları tərəfindən sığorta haqlarının toplanması bir sıra obyektiv faktorlarla müəyyən olunur. Bunlara konyuktura şəraiti, inflyasiyanın səviyyəsi, qanunvercilik bazası, vergi sistemi, sığorta bazarının rəqabətlilik səviyyəsi, bank faizlərinin dinamikası, sosial müdafiə sisteminin inkişaf səviyyəsi və başqalarını aid etmək olar. 2016-cı ildə ölkəmizdə 486 milyon manat sığorta haqqı toplanmışdır. 2016-cı ildə 2010-cu ilin yekunu ilə müqayisədə 300,5  milyon manat artım müşahidə edilmişdir.

Sığorta məbləğlərinin və ödənişlərinin icrası xərcləri sığorta işinin ekvivalentlik prinsipinə əsaslanmaqla ümumi məsrəflərin 70-80 faizini təşkil etməlidir. Bu mühüm göstərici sığorta münasibətlərində tərəfdaşların öz öhdəliklərini necə icra etməsini, bazarın durumunu, ayrı-ayrı sığorta növləri üzrə zərərlik məbləği dərəcəsini, bazarın il ərzində gördüyü zərəri, sığorta orqanlarının ödəniş qabiliyyətini xarakterizə edir.  Statistik araşdırmalar göstərir ki, sığorta ödənişlərinin həcmi 2000-ci illə müqayisədə 2016-cı il hesabatında təxminən 15,2 dəfəyə yaxın artmışdır. Bu tendensiyanı əlbəttə ki, məqbul hal hesab etmək olar. Çünki, bu  son illərdə daha çox sığorta tədiyyəsi, daha çox sığorta polisi, daha çox sığorta predmeti, daha çox sığorta hadisəsi demək olduğundan sığorta mükafatlarının artımı, həm də sığorta məbləğlərinin artacağını planlaşdırmağa əsas verir. Bu zaman təbii ki, daha çox sığorta riskinin baş verməsi sığorta ödənişlərinin artmasına gətirib çıxarır.

Məcmu sığorta ödənişlərinin strukturunda könüllü sığorta sinifləri üzrə ödənişlər icbari sığorta növləri ilə müqayisədə xeyli üstünlük təşkil edir. 2000-ci ildə sığorta ödəmələrinin tərkibində könüllü və icbari siniflər üzrə sığorta ödənişləri uyğun olaraq 75,4 faiz və 24,6 faiz, 2005-ci ildə 88,3 faiz və 11,7 faiz, 2007-ci ildə 78,5 faiz və 21,5 faiz, 2016-cı ildə isə 75,5 faiz və 24,5 faiz olmuşdur.

Azərbaycan milli sığorta bazarı müasir tələblər, ehtiyaclar və bütövlükdə dünya maliyyə bazarında baş verən dəyişikliklər nəticəsində intensiv olaraq inkişaf etməkdədir. Son illər ərzində Azərbaycanda milli sığorta xidmətləri bazarının strukturlaşması prosesi, onun təmərküzləşmə səviyyəsi daha böyük templərlə irəliləyir. Sığorta sisteminin sabit inkişafı ölkə iqtisadiyyatının davamlı və sabit inkişafı fonunda aydın görünməkdədir.

Sığorta operatorlarının maliyyə dayanıqlığını təmin etmək məqsədilə sığorta müəssisələrinin nizamnamə kapitalının həcmi daim artırılmışdır. Belə ki, 2011-ci ildə sığorta şirkətləri üçün 3  milyon manat, təkrarsığortaçılara 6 milyon manat, 2012-ci ildə müvafiq olaraq 4 və 8 milyon manat, 2013-cü ildə uyğun olaraq 5 və 10 milyon manat, 2016-cı ildə 7,5 və 12,5 milyon manat müəyyən edilmişdir.

Bütün bu  tədbirlər sığorta şirkətlərinin ödəmə qabiliyyətinin və bu şirkətlərin kapitallaşma dərəcəsinin artırılması məqsədi daşımışdır.

Beynəlxalq və milli sığorta sistemlərinin inkişaf ideologiyası belə bir fundamental təməl üzərində qurulur ki, sığorta bazarı nə qədər genişdirsə və keyfiyyətli xidmət göstərmək qabiliyyətindədirsə, onda o bir o qədər çox pul vəsaitlərini və maliyyə resurslarını cəlb edə bilər . Çünki, müasir dünyada pul axınlarının səmərəli təşkili və idarəedilməsi əsasən, şirkətlərin və ümumilikdə, sığorta bazarının inkişafından asılı olur. Milli sığorta bazarının dünya sığorta iqtisadiyyatına harmonik inteqrasiyasına nail olunması üçün, hər şeydən əvvəl, ölkəmizin sığorta sistemində dərin keyfiyyət dəyişikliklərinə nail olunmalıdır.

Sığorta bazarının fəaliyyət mexanizminin bu istiqamətdə modernləşdirilməsi həm dövlətin, həm də sığortaçıların fəaliyyətini şərtləndirir. Xarici ekspertlərin də qeyd etdikləri kimi sığorta sferasında dövlətin rolunun aktivləşdirilməsi zəruriliyi elmi cəhətdən əsaslandırılmış, məqsədyönlü yeni sığorta strategiyasını tələb edir. Bu strategiyanın reallaşdırılması üçün ilk növbədə sığorta xidməti istehlakçılarının suverenliyi prinsipi önə çəkilməli, öz növbəsində sığorta bazarında sonuncunun reallaşması üçün müvafiq tədiyyəqabiliyyətli sığorta marağının formalaşdırılması təmin edilməlidir. Bu baxımdan, hər şeydən əvvəl sığorta təşkilatları arasında həqiqi rəqabət mühiti yaradılmalıdır. Sığorta olunanların maraqları sığortaçı tərəfindən obyektiv reallıq kimi qəbul edilmişdir. Bu marağın keyfiyyətli təminatı üçün sığortaçılar arasında sağlam rəqabət mühiti formalaşdırılmalı və sığorta biznesinin cəlbediciliyi yüksəldilməlidir.

Təhlillər göstərir ki, ölkədə sığorta xidmətləri bazarının inkişafını ləngidən mühüm səbəb sığorta şirkətlərinin xüsusi resurslarının, eləcə də mövcud rezervlərin sığorta bazarının real tələblərinə cavab verməməsidir. Nəticədə sığorta şirkətləri iri risklərin sığortalanmasını icra etmək, məsuliyyətin böyük hissəsini öz üzərinə götürmək iqtidarında deyillər. Məhz buna görə də onlar böyük həcmdə maliyyə axınlarını xaricə təkrarsığortaya ötürməyə məcbur olurlar.

Ümumiyyətlə, ölkəmizdə sığorta sisteminin tərəqqisi və onun dünya sığorta bazarına inteqrasiyasının sürətləndirilməsi və sistemli transformasiya olunması  üçün aşağıdakı tədbirlər mütləq şəkildə həyata keçirilməlidir:

- ölkənin sığorta operatorlarının sığorta, maliyyə, iqtisadi və investisiya fəaliyyətinin başlıca istiqamətləri müəyyən edilməli və ölkə sığorta şirkətlərinin vergiyə cəlbetmə mexanizminin təkmilləşdirilməsi yolu ilə sığorta vəsaitlərinin hərəkəti üzərində səmərəli dövlət nəzarəti mexanizminin işlənib hazırlanması.

- beynəlxalq sığorta bazarının qloabbaşması meyllərinin tədqiqi əsasında milli sığorta operatorlarının maliyyə sabitliyinin faktoru kimi təkrarsığorta institutunun davamlı inkişaf perspektivlərinin müəyyənləşdirilməsi;

- milli sığorta şirkətlərinin maliyyə strategiyası, proqnozlaşdırılması və büdcələşdirilməsi metodikasının işlənib hazırlanmasının uçot və statistika üzrə müvafiq  beynəlxalq standartlara tam uyğunlaşdırılması;

- sığorta ehtiyatlarının və nizamnamə kapitalının investisiyaya yönəldilməsinin artımı və səmərəliliyinin yüksəldilməsi;

- əhalinin sığorta mədəniyyəti sahəsində maarifləndirilməsinin təmin edilməsi üçün kütləvi informasiya vasitələri ilə geniş izahat işlərinin daha səmərəli və intensiv aparılması;

- sığorta işi üzrə tədris, seminar və treninq mərkəzlərinin yaradılması, sığorta üzrə elmi-tədqiqat işlərinin aparılması, sığortaya dair elmi əsərlərin, dərsliklərin və digər elmi materialların hazırlanması işinin genişləndirilməsi.

Bunlarla yanaşı yeni şəraitdə sığorta seqmentinin təşkili prinsiplərində əsaslı dəyişikliklər edilməsi, sığorta bazarının strukturlaşması, sığorta seqmentində inhisarçılıq meyllərinin aradan qaldırılması, müştərilər arasında sığorta xidmətlərinin çeşidinin genişlənməsi və onun keyfiyyətinin əsaslı şəkildə yüksəldilməsi mühüm əhəmiyyət daşıyır.

Sonda qeyd edək ki, maliyyə xidmətlərinin də daxil olduğu Azərbaycan iqtisadiyyatının yenidən qurulması arxitekturasının memarı məhz dövlət başçısı möhtərəm İlham Əliyev cənablarıdır. Artıq bu faktın özü “Strateji Yol Xəritə”lərinin bizim qarşımızda qoyduğu bütün vəzifələrin tam və vaxtında yerinə yetirilməsinə imkan verəcək ən mühüm təminatdır.

Əvəz Ələkbərov,
Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və maliyyə institutları kafedrasının müdiri,
iqtisad elmləri doktoru, professor,
Nizami Xudiyev,
iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında