Azərbaycanda kənd təsərrüfatı yeni mərhələyə qədəm qoyur

Milli iqtisadiyyatın dinamik inkişafı, demokratiyanın möhkəmlənməsi və insanların günbəgün yüksələn rifahı müasir Azərbaycanın reallığı, hər bir vətəndaşın qürur və məsuliyyət mənbəyidir.Ölkədə həyata keçirilən iqtisadi siyasətin uğurları qeyri-neft sektorunun inkişafında özünü daha bariz şəkildə göstərir.Möhtərəm Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirdiyi kimi “qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Bu, son illərdə apardığımız siyasətin nəticəsidir. Çünki qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır”.

Ölkə başçısı qeyd etdi ki, son illər kənd təsərrüfatında çox böyük inkişaf var, böyük investisiyalar qoyulur. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə də gözəl nəticələr əldə edilmişdir. 2017-ci ilin doqquz ayı ərzində kənd təsərrüfatı 2,8 faiz artmışdır. Dünya miqyasında iqtisadi cəhətdən 35 ən rəqabətqabiliyyətli ölkə sırasında, MDB məkanında davamlı olaraq lider mövqeyini qoruyub saxlayan Azərbaycanda strateji yol xəritələrinin icrası təmin edilir. İqtisadi inkişafın lokomotivi olan sahibkarlıq fəaliyyəti dəstəklənir.

Bu gün investisiyanın səmərəli təşviq sisteminin fəaliyyəti şəraitində, infrastruktur layihələri uğurla həyata keçirilir. Həmin layihələr sırasında artıq real səmərə verən meliorasiya məsələləri xüsusilə önəmlidir. Təkcə onu demək kifayətdir ki, cari ildə 150 min hektar yeni sahəyə suyun verilməsi nəzərdə tutulur. 2018-ci ildə isə 100 min hektar sahəyə yeni kanallar çəkiləcəkdir. Suvarılan torpaqların ilbəil genişləndirilməsi, təbii ki, kənd təsərrüfatı məhsulları istehsalının sürətli inkişafına səbəb olacaqdır.

İntensiv və innovasiyalı inkişaf strategiyası aqrar sahə qarşısında qoyulan böyük vəzifələrin həllində aparıcı rola malikdir. Məhdud torpaq sahələri şəraitində bu, demək olar ki, alternativsiz yanaşmadır. Hazırda Azərbaycanın hər bir bölgəsində aqrar sahənin intensiv və innovasiyalı inkişafı üçün kompleks tədbirlər həyata keçirilir. Ölkə başçısının bildirdiyi kimi, “kənd təsərrüfatının sürətli inkişafı ancaq intensiv metodlardan asılı olacaqdır. Onların arasında, əlbəttə ki, aqrotexniki tədbirlər, laboratoriyaların qurulması, torpağın düzgün təhlili, – bütün bu məsələlər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təmin edilir”.

Kənd təsərrüfatında şaxələndirmə tədbirləri ilkin və uğurlu nəticələrini vermişdir. Əldə edilən uğurlarda sahəyə sistemli dövlət dəstəyinin rolu böyükdür. 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısının qeyd etdiyi kimi, cari il kənd təsərrüfatı texnikasının alınması baxımından rekord ildir. Əlbəttə, kənd təsərrüfatının inkişaf etdirilən yeni sahələri üçün xüsusi texnikanın alınması davam etdiriləcəkdir. Bununla belə, əminliklə demək olar ki, regionlarda aqrar sahənin texniki təminatında heç bir ciddi problem qalmamışdır.

Müasir kənd təsərrüfatı, o cümlədən heyvandarlıq elmin və istehsalın üzvi vəhdət təşkil etdiyi sahə olmalıdır. Azərbaycanda son illər heyvandarlığın innovasiyalı inkişafı üçün etibarlı zəmin formalaşdırılır. Ən qabaqcıl dünya təcrübəsinin ölkəyə gətirilməsi nümunəsi kimi bu yaxınlarda Göygöl rayonunda istifadəyə verilmiş Süni Mayalanma Mərkəzi heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması və yerli cinslərin sağlamlaşdırılmasını təmin etməklə ətlik və südlük maldarlığının inkişafına böyük töhfə verəcəkdir.

Dövlət ixrac infrastrukturunun yaradılmasına və bu istiqamətdə özəl bölmə ilə əməkdaşlığın inkişafına öz dəstəyini davam etdirir və möhtərəm Prezidentin bildirdiyi kimi, bu yardımı davam etdirəcəkdir. Demək olar ki, bütün regionlarda soyuducu kameralar və taxıl anbarları şəbəkəsi yaradılmışdır. Eyni zamanda müxtəlif rayonlarda logistik mərkəzlərin inşası uğurla davam etdirilir.Ölkə başçısı tədbirdə heyvandarlıq məhsulları istehsalında yüksək inkişaf tempinin indidən nəzərə alınması zərurətini qeyd etmiş və müvafiq istehsal gücünün artırılması, logistik şəbəkənin genişləndirilməsi üçün konkret tapşırıqlar vermişdir.

Örtülü sahədə bitkiçilik məhsulları istehsalı böyük ixrac potensialına malikdir. Odur ki, ali dövlət rəhbərliyi səviyyəsində irəli sürülən təşəbbüsün reallaşması sayəsində ölkədə 400 hektardan çox sahədə müasir istixana kompleksləri yaradılır. Böyük hissəsi ixraca hesablanan həmin istixanalarda məhsuldarlığın yüksək səviyyəsi təmin ediləcəkdir.Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda aqroparklar şəbəkəsinin yaradılmasının əhəmiyyəti, bu istiqamətdə əldə edilən uğurlar və qarşıda duran vəzifələrdən bəhs olunmuşdur. Belə bir əminlik ifadə olunmuşdur ki, aqroparkların uğurlu fəaliyyəti bu istiqamətdə sahibkarların fəallığını artıran güclü motiv olacaqdır.

Cari ilin səkkiz ayında Azərbaycanın qeyri-neft ixracı ciddi surətdə artmışdır. Həmin dövrdə təkcə pomidor ixracından ölkəyə 128 milyon dollar vəsait daxil olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 59 faiz artım deməkdir.Belə ki, pambıq lifi ixracı 8,4 dəfə, süd məhsulları ixracı 4 dəfə artmışdır. Bu siyahını, əlbəttə, xeyli uzatmaq olar, çünki digər kənd təsərrüfatı məhsulları üzrə də ixracın həcmi ciddi surətdə artmışdır.

Hər bir Azərbaycan vətəndaşı ölkə başçısının qeyri-neft ixracının artacağı barədə nikbinliyi ilə tamamilə şərikdir. Çünki, Azərbaycanda sosial və iqtisadi sahələrdə həyata keçirilmiş bütün islahatlar uğurla nəticənləmiş və artıq bir çox ölkələr üçün qabaqcıl nümunəyə çevrilmişdir.

Rəsul Balayev,
 Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya-Məsləhət Mərkəzinin
baş direktoru, iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında