Azərbaycan beynəlxalq nəqliyyat layihələrinin fəal iştirakçısıdır

Azərbaycanda dayanıqlı inkişafın  təmin olunduğu bir şəraitdə respublikamızda nəqliyyat infrastrukturunun yenidən qurulması, modernləşdirilməsi ölkənin iqtisadi inkişafını daha da sürətləndirib. İlin əvvəlindən nəqliyyat sektorunda müsbət nəticələr əldə edilməsi, eyni zamanda, bununla bağlı iqtisadiyyatın digər sahələrində yüksək göstəricilər nəzərə çarpması da bunun bariz ifadəsidir.

Onu da vurğulayaq ki, bu gün Azərbaycanın güclü tranzit və yükdaşıma potensialı var. Əlverişli coğrafi mövqe, vurğuladığımız kimi, son illər nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, həyata keçirilən irimiqyaslı layihələr ölkəmizin tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə etməklə bu sahədən daxil olan gəlirlərin həcminin artmasına da geniş imkan yaradır.

Azərbaycan ərazisindən keçən dəhlizlərin fəaliyyətinin yenidən qurulması dəniz və dəmir yolu nəqliyyatı üçün uzunmüddətli etibarlı bazarın formalaşmasına, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə, yük daşımaları ilə bağlı infrastruktur sahələrinin inkişafına, yeni iş yerlərinin açılmasına müsbət təsir göstərir. Nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə, eyni zamanda, gələcəkdə sözügedən sahənin qeyri-neft sektorunda xüsusi çəkisinin artmasına əlverişli şərait yaradır. 

Böyük İpək yolunun Azərbaycandan keçən hissəsində dəmir yolu xəttinə paralel olaraq daha iki xəttin çəkilməsi və bununla da yolun dördzolaqlı olması üçün Asiya İnkişaf Bankı kredit ayırıb. Bu vəsait, eləcə də Azərbaycan hökumətinin maliyyə imkanları hesabına artıq yolun Bakıdan Gəncəyə qədər olan hissəsində yol dördzolaqlıdır. Gəncədən Gürcüstan sərhədinə qədər olan hissədə isə işlər davam edir.

Onu da xatırladaq ki, hazırda beynəlxalq miqyasda yükdaşımalar sahəsində ciddi rəqabət var. Təbii ki, belə bir şəraitdə, dövlətimizin  başçısı cənab İlham Əliyevin də vurğuladığı kimi, böyük tranzit potensialına malik olan Azərbaycan müşahidəçi mövqeyində dayana bilməz və daha əlverişli şərtlər irəli sürmək, tranzit daşımaları sahəsində səmərəli idarəçilik yaratmaq və müvafiq koordinasiya siyasəti reallaşdırmaqla ciddi irəliləyişlər əldə edə bilər. Azərbaycan Prezidenti, eyni zamanda, bu məsələyə toxunaraq qeyd edib: “Bu gün yükdaşımaları uğrunda ciddi mübarizə gedir. Bölgə ölkələri rəqabət aparır. Azərbaycan burada passiv müşahidəçi mövqeyi tutmamalıdır. Bəzi hallarda gözləyirik kimsə gəlib bizim qapımızı döysün ki, gəlin biz sizdən yük keçirək. Biz özümüz təşəbbüs göstərməliyik, yükləri müəyyən etməliyik, yaxşı şərtlər ortaya qoymalıyıq”.

Ölkəmizin tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə tranzit yükdaşımalar üzrə koordinasiya şurası yaradılıb. Bu sənədlə koordinasiya şurasının tərkibi və əsasnaməsi təsdiq edilib. Adıçəkilən şura qarşısında qoyulan vəzifələrin icrası üçün daşımaların vahid prinsip və şərtlərinin müəyyənləşdirilməsi, tariflərin optimallaşdırılması, daşıyıcılar ilə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, şəffaflığın təmin olunması, tranzit prosedurlarının asanlaşdırılması, eyni zamanda, təkmilləşdirilməsi, daşıma prosedurlarının sayının və müddətinin azaldılması, tranzit yükdaşımalarda əlverişli sistemin tətbiqi, yüklərin daşındığı ölkələr, habelə aidiyyəti qurumlar arasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Azərbaycanın beynəlxalq tranzit ölkə kimi bütün dünyada tanınmasında respublikamızın iştirakı ilə gerçəkləşən qlobal layihələr mühüm önəm daşıyır. Bu gün “Şimal-Cənub”, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Bakı-Tbilisi-Qars kimi nəhəng nəqliyyat layihələri uğurla həyata keçirilir. Belə genişmiqyaslı dəyişiklik Azərbaycanın Avropa ilə Asiya arasında əsas əlaqələndirici mərkəzə çevrilməsinə kömək edir. Bu, eyni zamanda, Azərbaycanın nəqliyyat qovşağı kimi mühüm rola malik olmasından xəbər verir.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə qoşulması Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. İqtisadi və siyasi baxımdan olduqca səmərəli olan dəhlizin formalaşdırılmasına gəldikdə isə, qeyd edilməlidir ki, bu məsələyə Azərbaycanla yanaşı, İran və Rusiya da mühüm önəm verir. Çünki adı çəkilən dəhliz  Şimal-Qərbi Avropa, Xəzər hövzəsi və Körfəz ölkələrini, habelə Mərkəzi və Cənub Şərqi Asiya dövlətlərini  nəqliyyat vasitəsilə birləşdirir. 

Mütəxəssislərin sözlərinə görə, dünyanın iki böyük qitəsini Azərbaycandan keçməklə birləşdirən  “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çoxfunksiyalıdır. Bu dəhlizlə bağlı hazırda əsas diqqət Qəzvin-Rəşt- Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin çəkilişinə yönəldilib. Yeri gəlmişkən, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara dəmir yolunun çəkilişi işləri hazırda davam edir. Yolun Qəzvin-Rəşt hissəsi artıq hazırdır. Rəşt-Astara hissəsinin inşası isə maliyyə problemi səbəbindən yubanır. Körfəz ilə Xəzər dənizini birləşdirəcək Qəzvin-Rəşt-Astara yolu İranın dəmir yolu sistemini Azərbaycan ərazisindən keçməklə Rusiyanın dəmir yolu sistemi ilə birləşdirəcək. İran üçün mühüm əhəmiyyət daşıyan və Avropaya çıxış imkanı yaradan  yol Çindən alınan kredit hesabına inşa ediləcək. Bununla bağlı Çinlə İran arasında memorandum imzalanıb və həmin memoranduma əsasən, adı çəkilən ölkə tərəfindən İranın müvafiq  banklarından ibarət konsorsiuma 10 milyard dollar həcmində kredit veriləcək.

Bu kreditdən əlavə, Azərbaycan və Rusiya yolun çəkilişinə sərmayə qoymaq niyyətindədirlər. Çünki bu yol hər iki dövlətin iqtisadi maraqlarını əks etdirir.

Beləliklə, yuxarıda deyilənləri nəzərə alaraq, qeyd etmək lazımdır ki, Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilişi artıq reallıqdır.

Burada bir məqamı da qeyd etmək yerinə düşər. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi təkcə dəmir yolundan ibarət deyil. Dəhlizin strukturuna avtomobil və dəniz yolları da daxildir. Bu yollar da ölkəmizdən keçməklə yüklərin tranzit keçidini reallaşdıracaq. 

Dəhliz, eyni zamanda, üç mühüm su hövzəsini birləşdirmək qabiliyyətinə də malikdir. Belə ki, Hindistanın Mumbai limanından Avropaya istiqamətlənən yüklər Xəzər dənizinə və Qara dənizin Rusiya və Gürcüstan limanlarına daşına bilər. Başqa sözlə, dəhliz vasitəsilə yükləri təkcə Rusiyaya deyil, həm də  Gürcüstana, oradan isə Türkiyə və Şərqi Avropaya yönəltmək imkanı var. Bunun üçün isə İranın və Azərbaycanın Xəzər sahilində lazımi infrastruktur mövcuddur. İranın Ənzəli limanı ilə Bakının Beynəlxalq Ticarət Limanı arasında gəmilər sərbəst şəkildə üzə bilər. Bundan başqa, Ənzəlidən çıxan gəmilər Azərbaycanın ərazi sularından keçməklə Rusiyanın Həştərxan limanına asan keçmək imkanına malikdir.

Ümumiyyətlə, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin formalaşmasında Bakı Limanının infrastruktur imkanları mühüm rol oynayır. Bu liman Avropa və Asiya arasında mərkəz rolu kimi çıxış edir, infrastruktur şəraiti isə daha çox yükdaşıma imkanını reallaşdırır. Bunu belə bir fakt da təsdiqləyir: limanın  yükaşırma imkanları artıq gələn ildən 15 milyon tona çatdırılacaq, Baş planın üçüncü fazasının icrasından sonra isə bu rəqəmin 25 milyon ton olması nəzərdə tutulur.

Mütəxəssislərin fikrincə, Bakı Limanı Çin malları üçün təkcə tranzit ərazi olmayacaq. Burada, həmçinin Ələtdə yaradılan Azad İqtisadi Zonada istehsal sahələri qurmaq, malların regional distributorluğunu həyata keçirmək  və məhsulu yaxın bazarlara ixrac etmək üçün Çin şirkətlərinə əlverişli şərait yaradılacaq.

Çinli ekspertlər bildirirlər ki, Ələtdə fəaliyyət göstərəcək yeni müasir liman və Azad İqtisadi Zona Azərbaycan hökumətinin mühüm layihəsidir. Eyni zamanda,  adıçəkilən ərazi Çin hökumətinin həyata keçirdiyi “Bir kəmər - Bir yol” konsepsiyasında strateji məntəqə kimi qəbul olunur. Bu isə o deməkdir ki, Ələt qəsəbəsində yaradılan Azad İqtisadi Zona Azərbaycanın, xüsusilə də Bakı Limanının beynəlxalq nəqliyyat dəhlizlərində əhəmiyyətini artıracaq.

Tranzit yükdaşımalarında avtomobil yolları da xüsusi əhəmiyyət kəsb edir. Asiyadan gələn yüklər İranın Bəndər-Abbas limanından dəmir yolu ilə Bakıya, buradan isə yük maşınları ilə Gürcüstanın Batumi limanına, oradan da gəmilərlə Şərqi Avropa ölkələrinin Qara dəniz sahillərindəki limanlarına çatdırılır.

Azərbaycanın beynəlxalq nəqliyyat layihələrində fəal iştirakından   danışarkən, diqqəti, eyni zamanda, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin tikintisinə də yönəltmək istərdik. Xatırladaq ki, bu dəmir yolunun rəsmi açılış mərasiminin bu il oktyabrın 28-də keçirilməsi nəzərdə tutulub.  XXI əsrin əsas layihələrindən olan və təkcə üç xalq, üç ölkə deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq BTQ dəmir yolu xətti bağlantısının reallaşması istiqamətində işlər artıq yekunlaşmaq üzrədir. 

Proqnozlar göstərir ki, bu dəmir yolu xətti vasitəsilə ilk illərdə 5 milyon ton, növbəti illərdə isə 15 milyon tona qədər yükün daşınması mümkün olacaq.

Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan tərəfi İsveçrənin “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal olunur. Müasir texnoloji üstünlüklərlə təchiz olunan vaqonların alt hissəsinin müvafiq rels ölçüsünə uyğunlaşdırılması avtomatlaşdırılan sistem sayəsində mümkün olacaqdır ki, bu da sərhəd-keçid məntəqələrində vaxt itkisinin qarşısını alacaq və sərnişinlərin daha rahat səfər etmələrini reallaşdıracaq.

Göründüyü kimi, Azərbaycanın yerləşdiyi coğrafi məkandan düzgün və uzaqgörənliklə istifadə edən Azərbaycan Prezidenti ölkəmizi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə qoşmaqla və Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısını reallaşdırmaqla ölkə iqtisadiyyatının inkişafına nail olmaq planını gerçəkləşdirir. Bu yolların tam formalaşacağı təqdirdə dövlət büdcəsinə tranzit gəlirlərinin daxil olması ilə iqtisadiyyatın qeyri-neft sektoru daha da inkişaf edəcək, bu da əhalinin məşğulluğunu reallaşdırmaqla həyat şəraitinin yüksəlməsinə səbəb olacaq. Digər tərəfdən, Azərbaycanın beynəlxalq siyasətin subyekti kimi nüfuzu artacaq və ölkəmiz siyasi zəmanət qazanacaq.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında