Strateji yol xəritələri qeyri-neft sektorunun inkişafı baxımından mühüm önəm daşıyır

Bu gün həyata keçirilən iqtisadi islahatlar nəticəsində Azərbaycan Avrasiya məkanının uğurla inkişaf edən ölkələri sırasına daxil olub. İlk növbədə, milli inkişafı, iqtisadi təhlükəsizliyi reallaşdıran respublikamız artıq dünya iqtisadiyyatında özünəməxsus mövqeyini müəyyənləşdirib. Gerçəkləşdirilən davamlı islahatlar nəticəsində hazırda Azərbaycan dünya iqtisadiyyatında yeni çağırışlara cavab verir.

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və bu siyasətin prioritet istiqamətlərini özündə əks etdirən dövlət proqramları müstəsna önəm daşıyır.  Ötən il dekabrın 7-də Prezident İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman isə iqtisadiyyatın əsas prioritet istiqamətləri üzrə yeni hədəfləri müəyyənləşdirdi. Dayanıqlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyin və sosial rifahın daha da yüksəlməsinə xidmət edən strateji yol xəritələri hazırlandı. Bu sənəd qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyini bir qədər də gücləndirən mühüm sənəd oldu.

Neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın, ixtisaslaşmış turizm sənayesinin, logistika və ticarətin, uyğun qiymətə mənzil təminatının, peşə təhsili və təliminin, maliyyə xidmətlərinin, telekommunikasiya və informasiya texnologiyalarının, kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair hazırlanan strateji yol xəritələri ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsi üçün geniş imkan və perspektivlər açdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan, iqtisadi inkişafın lokomotivi olan bu strateji yol xəritələri Azərbaycanın indiyədək yürütdüyü sosial bazar modeli fəlsəfəsini qoruduğunu və bundan sonrakı strategiyanın mərkəzində məhz insan amilinin dayandığını bir daha təsdiqlədi.

“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə müəyyənləşdirilən tədbirlərin bir hissəsi ötən müddətdə uğurla həyata keçirilib. Bununla bağlı əvvəlcə özəlləşdirmə sahəsində görülən işlərə nəzər salaq. Belə ki, ilin ilk altı ayı ərzində hərrac yolu ilə 395 kiçik dövlət müəssisə və obyektinin 221-i, icarəyə verilən 246 qeyri-yaşayış sahəsinin 89-u, ümumilikdə isə 310 müəssisə və obyekt satılıb.

Özəlləşdirmə prosesinə investorların daha fəal cəlbi sahəsində əməkdaşlıqla bağlı Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə əməkdaşlıq haqqında memorandumun imzalanması reallaşdırılıb,   Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə yaxın əməkdaşlıq qurulub, yerli və xarici biznes forumlarda özəlləşdirmə layihələri təqdim edilib. 

Cari ilin ilk yarısında iqtisadiyyatda dövlət sektorunun rolunun səmərəliliyinin artırılmasına dair ümumi yanaşmanın koordinasiya edilməsi ilə əlaqədar yerli və xarici investorlarla əməkdaşlığın genişləndirilməsi, özəlləşdirmə prosesinin təbliği və bu zaman şəffaflığın təmin olunması üçün “Özəlləşdirmə portalı” yaradılıb. Özəlləşdirməyə açıq elan olunan müəssisə və obyektlərdə müvafiq inventarlaşdırma  işləri aparılıb, ümumilikdə 304 müəssisə və obyektdən 254-nün, həmçinin  Mədəniyyət və Turizm Nazirliyinin balansında olan mədəniyyət evləri və klublarından 339-nun texniki pasport və baş planları hazırlanıb. Əmlak Məsələləri Dövlət Komitəsi hazırda özəlləşdirmə prosesinə xarici investorların cəlbi  məqsədilə dünyada yüksək reytinqə malik olan məsləhətçi şirkətlərlə əməkdaşlıq edərək onlarla birlikdə bu istiqamətdə müvafiq işlər aparır.

Özəlləşdirmə prosesində hərraclara daha çox üstünlük verilir. Çünki belə şəraitdə dövlət əmlakının özəlləşdirilməsi daha optimal, rahat və operativ qaydada reallaşır, əmlaklara investisiyaların cəlbi sürətlənir. Özəlləşdirilən iri, orta və kiçik portfelli müəssisələrə, qeyri-yaşayış obyektlərinə müxtəlif həcmdə investisiyalar yatırılır. Onlar biznesə cəlb olunur və ya digər qanunla icazə verilmiş gəlir mənbələrinə çevrilir. İnvestisiyalar hesabına belə müəssisə və obyektlərin maddi-texniki bazası yenidən qurulur, yeni sistemlər və texnologiyalar tətbiq olunur. Fəaliyyəti yenidən tam gücü ilə bərpa edilən müəssisələrə yeni işçilər cəlb edilir. Bu isə öz növbəsində ölkədəki iqtisadi aktivliyə öz müsbət təsirini göstərir.

Hərraca çıxarılan dövlət əmlakları çoxçeşidlidir. Bura iri müəssisələrlə yanaşı, kiçik obyektlər və nəqliyyat vasitələri daxildir. Müəssisələr sənaye, tikinti, xidmət, nəqliyyat və digər iqtisadi sahələri əhatə edir. Belə əmlaklar sahəsi, mövcud vəziyyəti və yerləşdiyi zonadan asılı olaraq müxtəlif start qiyməti ilə təklif olunur.

Hərracda istənilən şəxs iştirak etmək hüququna malikdir. Bunun üçün vətəndaşın “Özəlləşdirmə portal” üzərindən əmlakı seçib sifariş verməsi kifayətdir. Sifarişçi portal vasitəsilə hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə məlumatları əldə edə bilər.

Yeri gəlmişkən, yeni formatda 40-dan artıq hərrac keçirilib və həmin hərraclarda 1400-ə yaxın dövlət əmlakı satışa çıxarılıb. 

Hesabat dövründə əmək məhsuldarlığının yüksəldilməsini təmin etmək üçün insan kapitalının inkişafının stimullaşdırılması da diqqət mərkəzində saxlanılıb. Bununla əlaqədar 2016-cı ildə və bu ilin birinci yarısında 158 sahibkarlıq subyektinə (141 hüquqi şəxs, 17 fərdi sahibkar) 169 investisiya təşviqi sənədi təqdim olunub. İnvestisiya təşviqi sənədi təqdim edilən layihələrin reallaşması nəticəsində yerli istehsala 1,6 milyard manat investisiya yatırılacaq, 11113 yeni iş yeri açılacaqdır.

Xatırladaq ki, investisiya təşviqi sənədi alan 70 müəssisə artıq fəaliyyət göstərir, digərləri isə 2018-ci ilin sonuna qədər fəaliyyətə başlayacaqdır.

Ötən müddətdə Azərbaycan Prezidentinin sənayeləşmə siyasətinə uyğun olaraq, qeyri-neft sənayesində idxalı əvəzləyən, rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin təşkilinə, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri daha da gücləndirilib. Bu sahədə sənaye parkları və məhəllələrinin yaradılması xüsusi əhəmiyyət kəsb edib.

Sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziya və icazələrin sayının və rüsumların əhəmiyyətli şəkildə azaldılması, sənədlərin alınma prosedurlarının sadələşdirilməsi, vergi və gömrük güzəştləri, qeyri-neft ixracının təşviqi tədbirləri və s. sahibkarlığın inkişafı üçün yeni imkanlar açıb. Bu cür dəstək mexanizmlərindən olan Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı və Qaradağ Sənaye Parkı artıq fəaliyyət göstərir və burada rezidentlərin səmərəli işi  üçün güzəştli rejim yaradılıb.

Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli şəkildə yararlanmaqla sənaye sahələrinin inkişaf etdirilməsi, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması üçün sənaye məhəllələrinin yaradılmasına da xüsusi diqqət yetirilib.  

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanda investisiyaların təşviqi mühüm vəzifə kimi qarşıya qoyulub. Hazırda bu,  Azərbaycanda həyata keçirilən iqtisadi islahatların mühüm istiqamətlərindən biridir. İndiyədək 18 sahibkara investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 194 milyon manatdan çox investisiya yatırılacaq və 1700-ə yaxın yeni iş yeri açılacaq. Artıq investisiya təşviqi sənədi alan sahibkarlıq subyektlərinin sayı 30-a çatıb. İnvestisiya təşviqi sənədi verilən layihələr 7 iqtisadi rayonu əhatə edir. Ümumiyyətlə, investisiya təşviqi sənədi verilmiş layihələr çərçivəsində 300 milyon manata yaxın investisiya qoyuluşu və 2700-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur.

Sonda bir məqamı da qeyd edək. “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın irəliləməsinə mühüm təsir göstərib. Belə ki,  sözügedən yol xəritəsində ilin ilk yarısında sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyinin təmin edilməsi, rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitinin yaradılması, ölkənin investisiya cəlbediciliyinin artırılması istiqamətlərində reallaşdırılan tədbirlər Azərbaycanın 140 ölkə arasında bir sıra dövlətləri geridə qoyaraq 35-ci yerdə qərarlaşmasında önəmli rol oynayıb. Bu isə Azərbaycanda iqtisadi inkişafın neft faktoru üzərində deyil, bilavasitə dövlətimizin başçısının rəhbərlik etdiyi iqtisadi islahatlar amili üzərində dayandığını göstərir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında