Prezident İlham ƏLİYEV: Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Azərbaycanın qeyri-neft sektoru uğurla inkişaf edir

Azərbaycanda investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqət çəkir. Dövlət başçımız nəzərdə tutulan tədbirlərin icra prosesini daim nəzarətdə saxlayır, ölkənin strateji resurslarını qlobal layihələrin reallaşdırılması istiqamətində səfərbər edir. Bu baxımdan son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi ilə bağlı həyata keçirilən tədbirləri xüsusi vurğulamaq olar.

Xatırladaq ki, bölgələrdəki mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını və aqrar sektorda islahatları sürətləndirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin reallaşdırılması siyasəti  ümummilli lider Heydər Əliyevin neft strategiyasının hədəflərini-neft gəlirlərindən səmərəli şəkildə istifadə olunmaqla Azərbaycanın  uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırıb. 

Böyük uzaqgörənliklə müəyyənləşdirilən qeyri-neft sektorunun inkişafı strategiyasının düzgünlüyü ötən müddətdə öz bariz təsdiqini tapıb, şəhər və kəndlərimizin siması köklü şəkildə dəyişib, əhalinin paytaxta axını səngiyərək əks proses başlayıb, rayonlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı isə artıb. Hazırda hər bir ailə, hər bir vətəndaş sözügedən strategiyanın real nəticələrini öz gündəlik həyatında aydın hiss edir. 

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin Neftçala rayonuna səfəri çərçivəsində də bir daha öz ifadəsini tapıb. Dövlətimizin başçısı burada əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, sonra Neftçala Sənaye Məhəlləsinin açılışı mərasiminə qatılıb. Mərasimdə sənaye məhəlləsi ilə bağlı ölkə Prezidentinə ətraflı məlumat verilib.  Bildirilib ki, cənab İlham Əliyevin   2014-cü ildə Neftçalaya səfəri zamanı verdiyi tapşırığa və bundan bir il sonra, fevral ayında imzaladığı müvafiq sərəncama əsasən, sənaye məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib. Hazırda Neftçala Sənaye Məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb. Bununla belə, iş adamlarının sənaye məhəlləsinə cəlbi istiqamətində tədbirlər davam etdirilir. Sənaye məhəlləsində ümumilikdə 474 daimi iş yeri yaradılıb.

Məhəllədəki ən böyük müəssisələrdən biri “Azərmaş”
ASC – “İran Khodro” birgə avtomobil zavodudur. Müəssisənin illik istehsal gücü 10 min avtomobildir. Zavodda “İran Khodro” şirkəti 25 faizlik paya malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulacaq müəssisədə “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri buraxılacaq. Qeyd edək ki, artıq bu model avtomobillərdən yerli bazarda 4 min ədəd satılıb. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Ümumi investisiya dəyəri 24 milyon manat olan müəssisəyə verilən investisiya təşviqi sənədi hesabına təqribən 2 milyon manata qənaət edilib. Zavodda 300 nəfər işlə təmin ediləcək. Müəssisənin bu ilin dekabrında istifadəyə verilməsi planlaşdırılır.

Sənaye məhəlləsində balıq yemi istehsalı müəssisəsinin fəaliyyəti də böyük maraq doğurub. İllik istehsal gücü 25 min ton olan müəssisədə balıq yemi ilə yanaşı, gələcəkdə mal-qara üçün və digər növ yemlərin istehsalı nəzərdə tutulur. Zavodun yaradılmasına 12 milyon manat investisiya yönəldilib. Müəssisədə 26 nəfər işlə təmin ediləcək.

Dövlətimizin başçısı Neftçala Sənaye Məhəlləsində “Metak”,  “Gilan PİVOT”,  “Toğrul-2008”, “Providence Limited”, “Azproduct” və  “Sun Rise Production” məhdud məsuliyyətli cəmiyyətlərinin yaratdıqları  müəssisələrin fəaliyyətləri ilə də tanış olub. 

Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlətimizin başçısı görüşdə çıxış edərək bildirib: “İki il əvvəl Neftçalada Sənaye Məhəlləsinin yaradılması ilə bağlı mənim tərəfimdən müvafiq sərəncam imzalanmışdır. İki il ərzində yaradılan bu gözəl sənaye şəhərciyi artıq istifadəyə verilir. Bu, onu göstərir ki, bizim qəbul etdiyimiz bütün qərarlar həyatda tezliklə, qısa müddət ərzində və yüksək səviyyədə öz əksini tapır. Bu sənaye məhəlləsinin fəaliyyəti həm rayonun iqtisadiyyatına, həm ölkə iqtisadiyyatına çox böyük təkan verəcək. Bu sənaye məhəlləsinin yaradılması əslində bu istiqamətdə görülmüş işlərin yeni mərhələsinin başlanmasıdır. Çünki bu gün ölkəmizdə sənayeləşmə siyasəti uğurla aparılır, bizim iri sənaye mərkəzlərimizdə - xüsusilə Bakı, Sumqayıt və Gəncə şəhərlərində böyük sənaye müəssisələri yaradılır. İndi Mingəçevir şəhərində böyük sənaye zonası yaradılır və kiçik şəhərlərdə də belə layihələrin icrası çox əlamətdar hadisədir. Böyük şəhərlərdən sonra ilk sənaye zonası Neftçala rayonunda yaradılıb, yaxın vaxtlarda əlavə iki sənaye zonası Masallı və Hacıqabul rayonlarında fəaliyyətə başlayacaq”.

Cənab İlham Əliyev çıxışında daha sonra ölkədə sənayeləşmə siyasətinin uğurla aparıldığını, sənaye zonalarının yaradılması ilə iş adamlarına dövlət tərəfindən böyük dəstək göstərildiyini diqqətə çatdırıb. Bildirib ki, sözügedən məhəllədə istehsal olunan mallar idxalın əvəzlənməsinə mühüm təsir göstərəcək. Çünki indi əsas məqsəd yerli istehsalı daha da gücləndirmək, idxaldan asılılığı azaltmaqdır.

Sənaye məhəlləsinin ən böyük müəssisəsi avtomobil zavodudur. Bu müəssisənin fəaliyyəti nəticəsində avtomobil idxalından asılılıq müəyyən dərəcədə aradan qalxacaq və eyni zamanda, ixrac üçün imkanlar yaranacaq. Zavodun fəaliyyətə başlaması, həmçinin İran-Azərbaycan tərəfdaşlığının bariz ifadəsidir.

Prezident İlham Əliyev daha sonra deyib: “Neftçala Sənaye Məhəlləsində 500-ə yaxın insan işlə təmin olunacaq. Bu, işsizliyin aradan qaldırılması istiqamətində növbəti addım sayıla bilər. Bilirsiniz ki, bu göstəriciyə görə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır, Azərbaycanda işsizlik çox aşağı səviyyədədir. Ancaq biz daim yeni iş yerlərinin yaradılması ilə məşğul olmalıyıq. Çünki Azərbaycanda əhali artır. Hər il əhalinin sayı ən azı 100 min nəfər artır. Əlbəttə, iş yerlərinin yaradılması daimi proses olmalıdır. Elə iş yerləri yaradılmalıdır ki, onlar həm sənayenin, həm kənd təsərrüfatının inkişafına xidmət göstərsin və bu iş yerlərinin yaradılması nəticəsində istehsal olunan məhsullar idxalı da əvəzləsin. Biz Neftçala Sənaye Məhəlləsində bunu görürük. Burada demək olar ki, təqdim edilən bütün müəssisələr idxalı azaldacaq, əvəzləyəcək, yerli məhsul daxili və xarici bazarlara çıxarılacaq”.

Prezident İlham Əliyev  adıçəkilən rayonda səfərdə olarkən “Neftçala” yarımstansiyasının və  əkin sahələrinə suvarma suyunun verilməsi mərasimlərində iştirak edib, Neftçala Mərkəzi Rayon Xəstəxanasında yenidənqurmadan sonra yaradılan şəraitlə, habelə    pambıq sahəsi ilə tanış olub.

Prezident İlham Əliyevin Salyan rayonuna səfəri də yaddaqalan olub. Dövlətimizin başçısı burada əvvəlcə ulu öndərimizin  şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Sonra ölkə rəhbəri  “Qaraqaşlı” yarımstansiyasının və  1200 şagird yerlik şəhər 2 saylı tam orta məktəbin yeni binasının və Bayraq Muzeyinin açılışı mərasimlərində iştirak edib,  Xıdırlı kəndində dəniz suyunun duzsuzlaşdırılması kompleksinin fəaliyyəti ilə tanış olub.

Dövlət başçısının rayonun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışı mərasimində iştirakı da rayon sakinləri tərəfindən böyük razılıq hissi ilə qarşılanıb. 

Mərasimdə xatırladılıb ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq son illərdə ölkəmizdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsinin vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla reallaşdırılır. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər, ilk növbədə, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. Belə layihələr sırasında Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi xüsusi əhəmiyyəti ilə seçilir.

Bildirilib ki, ümumi uzunluğu 30 kilometrdən çox olan yolun 17,4 kilometri Prezident İlham Əliyevin 2014-cü və 2015-ci illərdə imzaladığı sərəncamlara əsasən, ayrılan vəsait hesabına yerli icra hakimiyyəti tərəfindən yenidən qurulub. Yolun qalan 12,8 kilometrinin yenidən qurulması isə dövlətimizin başçısının ötən il imzaladığı sərəncamla “Azəravtoyol” ASC-yə həvalə edilib.

Torpaq və çınqıl örtüklü olduğundan vətəndaşların gediş-gəlişinə maneələr yaradan avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, kipləşdirilmə işləri görülüb, yola asfalt-beton örtüyü döşənib. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə suötürücü boruların tikintisi işləri aparılıb. Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhə quraşdırılıb, yola nişanlama xətləri çəkilib.

Qeyd edək ki, Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi 5 mindən çox əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, kənd təsərrüfatı məhsullarının rahat şəkildə daşınmasına imkan yaranacaq.

Dövlət başçısı sözügedən avtomobil yolunun açılışı mərasimində çıxış edərək son illərdə bu sahəyə mühüm önəm verildiyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti deyib: “Yol infrastrukturu ölkəmizdə prioritet məsələlərdən biridir. Salyan sakinləri yaxşı bilirlər ki, Bakı-Salyan yolu əsaslı şəkildə tikilib, indi Bakı-Salyan-Astara yolunun tikintisi uğurla gedir. Bir sözlə, Salyan rayonunun digər bölgələrlə, xüsusilə Bakı şəhəri ilə yol əlaqəsi böyük dərəcədə yaxşılaşıb. Ölkəmizdə, ümumiyyətlə, bu sahəyə çox böyük diqqət göstərilir. Bu il, - bu layihəyə şərti ad vermişik, - “40 yol” layihəsi icra edilir. Əslində bu, yüzlərlə kəndi birləşdirir. Gələn il artıq yeni yolların salınması ilə bağlı təkliflər hazırlanır. Hesab edirəm ki, gələn il bu işlər daha da böyük həcmdə görüləcək. Çünki yol rahatlıqdır, inkişafdır. Yol olan yerdə inkişaf da var. Yol həm sosialyönümlü layihədir, həm də iqtisadi layihədir. Çünki yol olmayan yerdə kənd təsərrüfatı ilə məşğul olmaq da çətin olur. Fermerlər öz məhsullarını bazarlara çıxarmaqda çətinlik çəkirlər. Ona görə də yol layihələri bundan sonra da uğurla icra ediləcək. Biz demək olar ki, bütün magistral yol layihələrimizi artıq icra etmişik. Şəhərlərarası yol layihələrinin böyük hissəsi icra edilib. İndi kəndlərarası yolların tikintisi gündəlikdə duran vacib məsələlərdəndir”.

Prezident İlham Əliyev çıxışında son illər qeyri-neft sektorunda reallaşdırılan islahatların müsbət nəticələrinə də toxunub. Bildirib ki, bundan sonrakı dövrdə də sənayenin və kənd təsərrüfatının inkişafı ölkəmizin uzunmüddətli tərəqqisini təmin edəcək.

Dövlət başçısı, həmçinin diqqətə çatdırıb ki, Azərbaycanda aqroparkların yaradılması geniş vüsət alıb. Bu, tezliklə   işsizliyin daha da aşağı salınmasına, yerli istehsalın artırılmasına, ixracyönümlü məhsulların geniş həcmdə istehsalına, bir sözlə, ölkə iqtisadiyyatının neft və qazdan asılılığının azaldılmasına müsbət təsir göstərəcək. “İndi də bu asılılıq azalır və regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bu gün Azərbaycanın qeyri-neft sektoru uğurla inkişaf edir. Son vaxtlar mənim təşəbbüsümlə kənd təsərrüfatının müxtəlif sahələrinə dəstək, yeni təkan vermək üçün müşavirələr keçirilibdir – pambıqçılıq, tütünçülük, baramaçılıq, fındıqçılıq, çayçılıq, çəltikçilik, sitrusçuluq – biz bütün bu sahələrə xüsusi diqqət göstəririk. Hər bir rayonun özünə xas olan kənd təsərrüfatı sahələri var və ixtisaslaşma istiqamətində də çox ciddi addımlar atılır”.

Yuxarıda qeyd edilənlər isə sosial-iqtisadi islahatları uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf yolu ilə inamla irəlilədiyini bir daha təsdiqləyir. 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında