Azərbaycan yeni sənayeləşmə dövrünə qədəm qoyub

Azərbaycanda iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına da xüsusi önəm verilir. Son illərdə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, yüzlərlə müasir sənaye müəssisəsi fəaliyyətə başlayıb, ölkəmizdə yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib. Müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan sənaye müəssisələrində tullantıların təkrar emalı kimi yeni sahələr inkişaf etdirilməklə, xammal idxalından asılılıq azaldılıb, resurslara və enerjiyə qənaət olunub ki, bu da ölkədə “yaşıl iqtisadiyyat”ın yüksəlişinə geniş imkan yaradıb.

Bu gün innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parkları və sənaye zonalarının yaradılması uğurla davam etdirilir.

Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bildirib ki, sənayenin inkişafı istiqamətində çox ciddi addımlar atılır, proqramlar icra edilir. Əvvəlki dövrdə proqram kimi təqdim edilən layihələr artıq reallaşır. Xüsusilə sənaye parklarının yaradılması uğurla həyata keçirilir. Sumqayıt Sənaye parklarında rezidentlərin sayı, investisiyaların həcmi artır və buna maraq da çox böyükdür. Orada böyük sənaye kompleksləri yaradılır və dövlət tərəfindən lazım olan bütün infrastruktur layihələri gerçəkləşdirilir.

Dövlətimizin başçısı daha sonra deyib: “Mingəçevir Sənaye Parkında 9 zavod tikiləcək. Bu müəssisələrin fəaliyyəti nəticəsində 5 mindən çox iş yeri yaradılacaq. İlin sonunda birinci zavodun açılışı da olacaq və Mingəçevir böyük sənaye şəhəri kimi özünün imkanlarını genişləndirəcək. Balaxanı Parkında 5 zavod fəaliyyətə hazırdır. Neftçala Sənaye Zonasında yaxın vaxtlarda iki müəssisə fəaliyyətə başlayacaq. Pirallahı adasında iki dərman zavodunun təməli qoyulub. Masallı Sənaye Zonasında isə artıq torpaq sahəsi ayrılıb və 30 milyon manatdan çox investisiya təklifi qəbul edilib. Bax, bu, artıq görülən işlərin gözəl təzahürüdür. Əminəm ki, bütün rayonlarımızda tapşırıq verdiyim kimi, tezliklə sənaye zonaları yaradılacaqdır.

Aqrar sahədə yeni aqroparkların yaradılması da sürətlə gedir. Bu proses geniş vüsət almışdır. Bu günə qədər bizim təşəbbüsümüzlə və maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılmışdır. İndi 38 böyük aqropark yaradılır. Özəl sektor bizim təşəbbüsümüzə çox məsuliyyətlə yanaşdı. Tezliklə 38 aqroparkın yaradılması bizim ixrac potensialımızı böyük dərəcədə artıracaqdır”.

Respublikamızda sənaye parkları sırasında Balaxanı Sənaye Parkı da mühüm yer tutur. Sentyabrın 22-də isə Prezident İlham Əliyev həmin parkın açılışında iştirak edib.

Bu parkın yaradılması ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, o cümlədən “yaşıl iqtisadiyyat”ın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədinə xidmət edir.

Balaxanı Sənaye Parkının rezidentlərinə, digər sənaye parklarının rezidentləri kimi dövlət tərəfindən bir sıra güzəştlər edilib. Belə ki, rezidentlər 7 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən azad olunur, sənaye parkında istehsal sahəsinin qurulması və məhsul istehsalı məqsədilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğular ƏDV-dən və idxal rüsumundan azad edilir.

Xatırladaq ki, Balaxanı Sənaye Parkının ərazisində infrastruktur obyektlərinin qurulması və rezidentlərin tələblərinə uyğunlaşdırılan istehsalat binalarının tikintisi dövlət vəsaiti hesabına həyata keçirilib. Bundan başqa, parkda rezidentlər üçün xarici və daxili infrastruktur qurulub, yol salınıb, əraziyə elektrik, qaz, su, kanalizasiya və rabitə xətləri çəkilib, lazımi kommunikasiya sistemi yaradılıb, istehsal sahələri, ofis və əməliyyat binası tikilib.

Artıq ümumi sahəsi 12 min kvadratmetr olan anqar tipli 15 istehsalat binası rezidentlərin istifadəsi üçün tam hazırdır. Sənaye Parkının Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonuna, tullantıların çeşidlənməsi və yandırılması zavodlarına, o cümlədən əsas nəqliyyat qovşağına yaxın olması, logistika, xammal və enerji təchizatına, eləcə də istehsal olunmuş məhsulun asanlıqla satış bazarına çıxarılmasına əlverişli imkan yaradır.

Hazırda Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri üzrə qeydiyyata alınan 5 rezident tərəfindən 23 milyon manat investisiya yatırılıb. Burada ilkin mərhələdə ümumilikdə 400-ə yaxın daimi iş yerinin yaradılacağı nəzərdə tutulub.

Gəmiqayırma sahəsində ixtisaslaşan Qaradağ Sənaye Parkında Bakı Gəmiqayırma Zavodu fəaliyyət göstərir və müəssisədə yüksək yükgötürmə qabiliyyətinə malik tanker, dəniz təchizat gəmisi və digər təyinatlı gəmilərin istehsalı həyata keçirilir. Artıq Bakı Gəmiqayırma Zavodunda onlarla gəmi tikilərək istifadəyə verilib, 60-dan çox gəmi təmiri işləri həyata keçirilib. 

Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən ayaqqabı, tibbi kosmetika, iplik, boyama, toxuma, tikiş və corab istehsalı üzrə 9 fabrikin yaradılması və 5 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq bu sənaye parkının rezidenti “Mingəçevir Tekstil” MMC 2 növdə ipliklərin istehsalı fabrikinin tikintisinə başlayıb. Dəyəri 46 milyon ABŞ dolları olan layihə çərçivəsində 550 yeni iş yerinin yaradılması və fabrikin bu ilin sonunda istismara verilməsi nəzərdə tutulub.

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən mühüm tədbirlərdən biri də ölkəmiz üçün yeni sənaye sahəsi olan əczaçılıq məhsulları istehsalının yaradılmasıdır. Bu məqsədlə Pirallahı Sənaye Parkında artıq 2 dərman zavodunun təməli qoyulub. Dəyəri 4 milyon ABŞ dolları olan və birdəfəlik şprislərin istehsalını nəzərdə tutan “Diamed Co” müəssisəsinin gələn ilin birinci yarısında istismara veriləcəyi nəzərdə tutulub.

Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı baxımından sənaye zonalarının yaradılması mühüm önəm daşıyır. Belə ki, Neftçala Sənaye Zonasında 3 müəssisə artıq fəaliyyətə başlayıb, daha 6 müəssisənin isə bu il fəaliyyətə başlaması nəzərdə tutulur.

Masallı Sənaye Zonasına sahibkarlar tərəfindən böyük maraq göstərilir və artıq onlar tərəfindən dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub. Sənaye zonasının layihələndirmə işləri tamamlanıb və bu yaxınlarda infrastrukturunun yaradılması işlərinə başlanılacaq.

Hazırda Ağdam, Ağstafa, Qazax və digər rayonlarda da sənaye zonalarının yaradılması imkanları araşdırılır.

Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə “Azərxalça” ASC tərəfindən 10 rayonda xalça müəssisələrinin tikintisinə başlanıb və artıq Füzuli və Şəmkir rayonlarında belə  müəssisələr uğurla fəaliyyət göstərir. Səkkiz müəssisənin tikintisi isə ilin sonunadək başa çatdırılacaq. Bu müəssisələr işə başladıqdan sonra ümumilikdə 1600 yeni iş yerinin açılması təmin ediləcək.

Xalça istehsalı üçün etibarlı xammal bazasının yaradılması, habelə ixrac potensialının artırılması məqsədilə yunun tədarükü sistemi yaradılır. Artıq 4 rayonda yun tədarükü məntəqəsinin təşkili istiqamətində iş aparılır. Bundan başqa, "Azərxalça" ASC tərəfindən əyirici-boyaq müəssisəsinin tikintisi davam etdirilir.

Dövlət başçısı vurğulayıb ki, bu gün Azərbaycanın qarşısında duran ən mühüm strateji məqsəd ölkəmizin müstəqilliyini bundan sonra da gücləndirmək və respublikamızı  dünyanın ən inkişaf etmiş və rəqabətə davamlı dövlətləri səviyyəsinə yüksəltməkdir. Buna görə də müasir dünyanın çağırışları da nəzərə alınmaqla, regionlardakı sürətli inkişaf davam etdiriləcəkdir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın və digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradacaq, ictimai xidmətlər və sosial infrastruktur daha da təkmilləşəcək və Azərbaycan dünyanın aparıcı ölkələri sırasına çıxacaqdır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında