Azərbaycanın dinamik inkişafında neft sənayesinin və neftçi əməyinin rolu böyükdür

Ölkəmizin neft sənayesinin qabaqcıl müəssisələrindən sayılan “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin kollektivi, həmişə olduğu kimi, hazırda da neftçıxarmanın önündə gedir. Xatırladaq ki, idarə ötən əsrin əvvəllərində “Pirallahı” yatağının quru hissəsində ilk quyunun istismara verilməsi ilə yaradılıb. 1935-ci ildə isə adıçəkilən yatağın dəniz hissəsində dəmir konstruksiyalar üzərindən qazılan  157 saylı quyudan neftin çıxarılmasına başlanılıb və bununla da, idarənin istismar etdiyi sahələr Xəzər dənizinə doğru genişləndirilib. Yeri gəlmişkən,  bu həm də dünya üzrə açıq dənizdə qazılan ilk hasilat quyusudur.

Hazırda “Abşeronneft” NQÇİ  “Qərbi Abşeron”, “Abşeron”, “Darvin bankəsi”, “Pirallahı” və “Gürgan” yataqlarının istismarını həyata keçirir. İki cəbhədə--dənizdə və quruda neft çıxaran bu çətin və şərəfli peşə sahibləri “Neftçilər Günü”nü və “Əsrin müqaviləsi”nin imzalanmasının 23-cü ildönümünü yüksək nailiyyətlərlə, uğurlu iqtisadi göstəricilərlə qeyd edirlər. Belə ki, bu ilin səkkiz ayında idarə üzrə 234 min 420 ton əvəzinə 261 min 797 ton neft hasil edilərək proqnoz tapşırığına 111,7 faiz əməl olunub. Bu isə ötən ilin müvafiq dövründəkindən 19 min 643 ton və ya 8,1 faiz çoxdur. Bir məqamı da qeyd edək ki, son illər idarənin istismar etdiyi yataqlarda yeni özüllərin quraşdırılması, əlavə quyuların qazılaraq neftçilərə təhvil verilməsi nəticəsində gündəlik hasilatın həcmi xeyli artıb.

“Abşeronneft” NQÇİ-nin istismar etdiyi yataqlarda neft hasilatı ilə bərabər, qaz istehsalı və təhvili üzrə əldə olunan  göstəricilər də uğurludur. Belə ki, yanvar-avqust  ayları ərzində Pirallahı neftçiləri 26 milyon 640 min kubmetr əvəzinə 28 milyon 316 min kubmetr qaz hasil ediblər ki, bu da proqnoz tapşırığının 106,3 faiz yerinə yetirilməsi deməkdir. Yeri gəlmişkən, Pirallahı adasının 20 minə yaxın  əhalisinin, eləcə də buradakı sosial obyektlərin “mavi yanacağa” olan tələbatı məhz “Abşeronneft” NQÇİ tərəfindən istehsal edilən təbii qaz hesabına ödənilir. Cari ilin səkkiz ayında idarənin kollektivi 20 milyon 18 min kubmetrdən artıq “mavi yanacaq” təhvil verərək bu göstərici üzrə plana 109,1 faiz əməl edib. 

Neft  hasilatının artırılması üçün bütün imkanları səfərbər edən “Abşeronneft” Neft və Qazçıxarma İdarəsində hesab edirlər ki,  əldə olunmuş bu uğurların başlıca səbəbi ölkənin neft sənayesinə, neftçilərə göstərilən dövlət qayğısının məntiqi nəticəsidir. Elə idarənin rəisi Şahmar Hüseynov da  söhbət əsnasında bu məsələni önə çəkərək dedi:

– Son illər Dövlət Neft Şirkəti və “Azneft” İstehsalat Birliyi rəhbərliklərinin diqqət və qayğısından ruhlanan neftçilərimiz bütün bunlara əməli işlə cavab verməyə çalışırlar. Neftçilərimiz sadə bir həqiqəti dərk edirlər ki, ölkəmizin iqtisadi qüdrətinin ilbəil artması, xalqımızın rifah halının anbaan yaxşılaşması həm də onların fədakar əməyindən asılıdır. Onu da qeyd etmək istəyirəm ki, qayğı və diqqət sayəsində idarəmizdə texniki-təşkilati tədbirlərin sayı getdikcə artırılır. Neft və qaz hasilatı üzrə proqnoz tapşırıqlarının artıqlaması ilə yerinə yetirilməsinin əsas səbəblərindən biri isə, heç şübhəsiz,  istismar fonduna daxil olan quyuların hər birinin imkanlarının diqqətlə öyrənilməsi, işlək fondun təzələnməsi üçün məqsədyönlü tədbirlərin vaxtında həyata keçirilməsi ilə bağlıdır. Hazırda idarəmizin ümumi istismar fonduna 590 quyu daxildir. Həmin quyulardan 539-u işlək fonda aiddir ki, bu da ümumi istismar fondunun 91,4 faizini təşkil edir.

Müəyyən səbəblər üzündən istismarı dayandırılan  quyulardan isə daha məhsuldar hesab olunanların bərpa edilərək yenidən işlək fonda qaytarılması üçün lazımi tədbirlər görürük. Cari ilin səkkiz ayında  fəaliyyətsiz fondda olan 17 quyu təmir edilərək yenidən istismara daxil edilib ki, bu da nəzərdə tutulduğundan 3 quyu çoxdur. Həmin quyulardan isə 2908 ton əvəzinə 6974 ton əlavə neft alınıb. Bu istiqamətdə səylərimizi getdikcə artırırıq. Təkcə onu deyə bilərəm ki, hazırda idarə üzrə 5 neft və bir qaz quyusu mənimsəmə prosesindədir.

İdarənin istismar etdiyi yataqlar ehtiyatlarla zəngin olduğundan son illər qazma işləri xeyli intensivləşdirilib.  Təkcə onu qeyd etmək kifayətdir ki, bu ilin səkkiz ayında qazmadan 17 quyu alınıb ki, bunlardan da 12 min 798 min ton neft çıxarılıb. 

İdarə üzrə neft və qaz hasilatının sabit saxlanılması məqsədilə geoloji-texniki tədbirlərin, eləcə də cari və əsaslı təmir işlərinin vaxtında aparılmasına da diqqəti getdikcə artırırıq. Sevindirici haldır ki, bu istiqamətdə həyata keçirdiyimiz tədbirlərin sayını artırmaqla yanaşı, yüksək iqtisadi səmərə də əldə etməyə müvəffəq oluruq. Təkcə onu vurğulamaq  kifayətdir ki, cari ilin yanvar-avqust  ayları ərzində 58  quyuda həyata keçirilmiş geoloji tədbirlər hesabına 9067 ton əlavə neft çıxarmışıq.

İşlək quyuların sabit və ahəngdar rejimdə işləməsini təmin etmək məqsədilə təmir briqadaları da yüksək əzmkarlıq nümayiş etdirirlər. Belə ki, bu ilin səkkiz ayında 14 yeraltı təmir briqadamızın  səyi ilə quyularda 2244 yeraltı təmir işi aparılıb. Əsaslı  təmir briqadaları da ilin ötən dövründə  əzmkarlıq göstərərək yüksək səmərə əldə ediblər. Məhz həmin briqadaların gücü ilə görülən 160 təmir işi hesabına 2017-ci ilin səkkiz ayında 12 min 547  ton əlavə neft çıxarılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 300 ton çoxdur.

Neftçilərimiz Pirallahı rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərində də yaxından iştirak edirlər. Bu da təsadüfi deyil. Çünki rayon mərkəzi sayılan Pirallahı qəsəbəsi sakinlərinin əksəriyyəti neftçi ailələridir. Məhz buna görə də qəsəbənin sosial problemlərinin həlli, həm də neftçilərimizin məişət şəraitinin yaxşılaşdırılması deməkdir. Elə qəsəbənin simasının dəyişdirilməsi üçün görülmüş işlər də bütün sakinlər kimi neftçilərimizdə də xüsusi rəğbət doğurur.

Hesabat dövründə müxtəlif ölçülərdə 1880 metr neft kollektoru, 1160 metr qaz xətti, neftyığma məntəqəsində, sexlərdə 36 ədəd su və 86 ədəd neft nasosu təmir edilib. Bundan əlavə, ilin ötən dövründə qurudulan neft gölməçələrinin ərazisi məişət və istehsalat tullantılarından təmizlənib, quyuların   ətrafında abadlaşdırma işləri aparılıb. İdarənin daxili imkanları hesabına inzibati binanın həyətində, eləcə də ayrı-ayrı sex və sahələrdə yaşıllaşdırma işləri həyata keçirilib, çoxsaylı ağac, bəzək kolları, mövsümü güllər  əkilib. Əsas məqsədimiz qəsəbəmizin simasını daha da gözəlləşdirmək, neftçilərimizin sosial şəraitini yaxşılaşdırmaq, onların asudə vaxtlarının səmərəli təşkilinə nail olmaqdan ibarətdir.

Hazırda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan neft strategiyası biz neftçilərin üzərinə mühüm vəzifələr qoyur. Ölkəmizdə neft sənayesinə, neftçilərə göstərilən dövlət qayğısının ilbəil güçləndirilməsi, onların əmək şəraitlərinin daha da yaxşılaşdırılması üçün həyata keçirdikləri tədbirlər kollektivimizi yeni-yeni nailiyyətlərə ruhlandırır. 20 sentyabr—“Neftçilər Günü”nü və “Əsrin müqaviləsi”nin imzalanmasının 23-cü ildöünümünü yüksək nailiyyətlərlə  qeyd edən neftçilərimiz 2017-ci ili də uğurlu göstəricilərlə başa vurmaq əzmindədirlər.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında