Qazmaçılar neft sənayesinin inkişafına mühüm töhfələr verirlər

20 sentyabr “Neftçilər Günü”dür

 

 

 

 

 

 

 

 

 

 

 

 


“Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.

Heydər ƏLİYEV
Ümummilli lider



Azərbaycanda neftçilər bütün dövrlərdə böyük hörmətə malik adamlar olmuşlar, bu gün də belədir. Neftçi peşəsi çox şərəfli peşədir və neftçilər həmişə dövlət tərəfindən yüksək qiymətləndirilir və bundan sonra da belə olacaqdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycanın yeni neft strategiyasının müəllifi, ulu öndər Heydər Əliyevin “Neftçilər Günü” peşə bayramının təsis edilməsi haqqında 2001-ci il avqust ayının 16-da imzaladığı tarixi fərman, ötən illər ərzində neft sənayesindəki fədakar əməklərinə görə fərqlənənlərin orden, medal və fəxri adlarla təltif olunması bu şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının parlaq təzahürüdür. Artıq ölkə neftçiləri peşə bayramlarını on yeddinci dəfədir ki, qeyd edirlər. Hazırda əsl ümumxalq bayramına çevrilmiş “Neftçilər Günü”  ölkəmizdə neftçi peşəsinə hörmət və ehtiramı bir qədər də artırmışdır. Yüksək dövlət qayğısına əməli işlə cavab verən şərəfli peşə sahibləri “Neftçilər Günü”nü həmişə uğurlu nəticələrlə, yüksək iqtisadi göstəricilərlə qarşılayırlar. Ancaq builki bayram onlar üçün daha əlamətdar olmuşdur. Sentyabrın 14-də Heydər Əliyev Mərkəzində “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin 2050-ci ilə qədər uzadılması neftçilərin də qəlbini sonsuz fərəh və qürur hissi ilə doldurmuşdur. Onlar qəti əmindirlər ki, bu mühüm tarixi sənədin reallaşdırılması nəticəsində Azərbaycanın gələcək inkişafı sürətləndiriləcək və onun maliyyə imkanları daha da möhkəmlənəcək.

Ölkəmizin neft-qaz sənayesinin inkişafında yeraltı zənginliyə yol açan qazmaçıların da əməyi olduqca böyükdür. Xatırladaq ki, nef-qaz hasilatının stabil saxlanılması və yeni yataqların kəşf edilib istismara verilməsi  məqsədilə 2007-ci il martın 12-də  Kompleks Qazma İşləri Testi yaradılıb. Ötən on il ərzində mühüm nailiyyətlərə imza atan trestin kollektivi “Bulla-dəniz”, “Qoşadaş”, “Cahandar”, “Türkan”, “Bəyimdağ-Təkçay”, “Pirallahı adası”, “Qum adası”, “Muradxanlı” yataqlarında qazma işləri apararaq qarşıya qoyulmuş axtarış-kəşfiyyat planını artıqlaması ilə yerinə yetirib. Bu şərəfli peşə sahibləri  hazırda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Bulla-dəniz”, “Günəşli”, “Neft Daşları”, “Darvin Bankası”, “Çilov”, “Qərbi Abşeron” yataqlarında, quruda isə  “Pirallahı”, “Qaradağ” və “Sədan” sahələrində qazma işlərini uğurla davam etdirirlər. 

Bundan əlavə, son illər ölkə əhalisinin payız-qış mövsümündə “mavi yanacaq”la təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verən trest kollektivi  Dövlət Neft Şirkəti tərəfindən hazırlanmış tədbirlər proqramına əsasən ölkə ərazisində fəaliyyət göstərən Qaradağ yeraltı qaz anbarının imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl işlər görür. Hazırda “Azneft” İstehsalat Birliyi Qaz Anbarlarının İstismarı İdarəsinin “Qaradağ” sahəsində yeni quyuların qazılması davam etdirilir. 

Bütövlükdə isə son illər Dövlət Neft Şirkəti üzrə neft və qaz hasilatını artıqlaması ilə yerinə yetirən  bu fədakar insanlar ölkəmizin dəniz və quru sahələrində bir-birinin ardınca müxtəlif dərinlikdə quyular qazaraq neftçilərə təhvil verirlər. Kompleks Qazma İşləri Trestinin  kollektivi həmişə olduğu kimi, bu dəfə də  “Neftçilər Günü” peşə bayramını yüksək uğurlarla qeyd edir.  Qazmaçılar cari ilin səkkiz ayında 48 yeni quyuda  77 min  401 metr əvəzinə  78 min 608 metr qazma işi aparmışlar ki, bu da planın 101,6 faiz yerinə yetirilməsi deməkdir. Hesabat dövründə  nəzərdə tutulmuş 46 əvəzinə 48 quyuda qazma işləri başa çatdırılmış,  47 quyu  mədənçilərə təhvil verilmişdir.

Yeri gəlmişkən, trest fəaliyyətə başladığı ilk gündən qazma prosesində ən müasir və qabaqcıl texnologiyaların, yüksək texniki göstəricilərə malik avadanlıqların tətbiqinə xüsusi önəm verir. Bu baxımdan beynəlxalq standartlara cavab verən ZJ-70, ZJ-50, ZJ-40, ZJ-30 tipli qazma qurğularının alınması, “Top driver”, “Pover driver” tipli yeni avadanlıqların, quyudibi mühərriklərin, hidrogenişləndiricilərin, yüksək texniki iqtisadi göstəricilərə malik PDC və bisentrik tipli baltaların, LWD,  MWD telemetrik ölçü cihazlarının, karbohidrogenəsaslı qazma məhlullarının tətbiqi, “Leuza” və “Empriqa”  tipli  avadanlıqlarından istifadə etməklə qazmanın texniki-texnoloji parametrlərinə nəzarət istiqamətində görülən tədbirlər diqqəti cəlb edir. 2014-cü ildə Xəzərin Azərbaycan sektorunda ilk dəfə olaraq,  təsdiq edilmiş layihəyə uyğun olaraq  “Pirallahı” yatağında 1211 nömrəli istismar quyusu horizontal  üsulla qazılaraq  mədənçilərə təhvil verilib. Hazırda “Qərbi Abşeron” sahəsindəki 54 nömrəli özüldən sayca ikinci, 36 nömrəli horizontal quyunun qazılması davam etdirilir.  Bütövlükdə isə sözügedən özüldən 10  quyunun  qazılması nəzərdə tutulub.

Kompleks Qazma İşləri Trestinin nəzdində yaradılmış logistika bölümü dənizdə və quruda qülləquraşdırma işlərini, meydançaların hazırlanmasını, ən müxtəlif ölçülü qoruyucu kəmərlərin endirilməsini, quyuya endirilməzdən əvvəl kəmərlərin hermetikliyinin  yoxlanılmasını həyata keçirməklə yanaşı, maili quyuların müasir tələblərə  uyğun qazılmasını təmin edir. Yeri gəlmişkən, SOCAR-ın Kompleks Qazma İşləri Tresti neçə illərdir ki, Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının üzvüdür.

Onu da deyək ki,  “Ümid” yatağında  ilk quyu da məhz sözügedən  trestin kollektivi tərəfindən qazılıb. Burada yerləşən 1 nömrəli platforma ABŞ və Çin Xalq Respublikasından alınmış müasir texniki-texnoloji tələblərə cavab verən “Top drive” mexanizmi ilə təchiz olunub, dünya qazmaçılarının son nailiyyətlərindən olan müasir ZJ 70/4500DZ  qurğusu ilə qazma işləri həyata keçirilib. Bu platforma milli sektorda Azərbaycan neftçilərinin öz gücləri ilə quraşdırdıqları ilk unikal qurğudur. “Ümid” strukturunda yerləşən 1 nömrəli platformadan qazılan 10 nömrəli kəşfiyyat quyusunda qazma işləri 2012-ci ilin yayında--vaxtından dörd ay əvvəl başa çatdırılıb. 6400 metr dərinlikdə qazılmış  bu quyuda yüksək hasilat əldə edilib, quyunun məlumatları “Ümid” yatağında böyük karbohidrogen ehtiyatlarının mövcudluğunu və “Şahdəniz” yatağından sonra ən böyük qaz ehtiyatına malik olduğunu bir daha  təsdiqləyib.   Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra kəşf olunmuş ilk yataq kimi “Ümid”də qazanılmış bu nailiyyət neftçilərimizin daha bir mühüm uğuru kimi tarixə düşüb. Bundan sonra, sözügedən yataqda 12 nömrəli quyu yüksək sürətlə və keyfiyyətlə qazılaraq istismara verilib.

“Bakı arxipelaqı”nda kəşf olunmuş yataqlar içərisində zənginliyi və gələcək axtarış-kəşfiyyat işlərinin perspektivliyi baxımından mühüm əhəmiyyət kəsb edən “Bulla-dəniz” yatağında yerləşən 122 nömrəli özüldən qazılmış 124 nömrəli quyuda qazma işləri uğurla başa çatdırılıb. Gündəlik hasilatı  1 milyon 250 min kubmetr qaz və 250 ton kondensat olan quyu  mədənçilərə təhvil verilib. Bu yataqda yerləşən 122 nömrəli özüldən növbəti, layihə dərinliyi 6200 metr  olan 125 nömrəli istismar  quyusunun qazılmasında da dünya üzrə qazma sahəsində mövcud olan ən mütərəqqi texniki və texnoloji yeniliklərdən istifadə edilib. 

Qazmaçıların  fasiləsiz və gərgin əməyinin nəticəsi olaraq qazma işləri 6182 metr dərinliyə kimi aparılıb, layihə horizontu tam açılıb. 2016-cı il noyabr ayının 3-də isə hazır süzgəclərdən istifadə etməklə 6182-6003,5 metr intervalına paker yığımlı “alt” istismar kəməri endirilərək mənimsəmə işlərinə başlanılıb və quyu noyabr ayının 11-də gündəlik 550 min kubmetr qaz və 130 ton kondensat hasilatı ilə N.Nərimanov adına NQÇİ-nin istismar fonduna daxil  edilib.

2017-ci il yanvar ayının 5-də “Bulla-dəniz” yatağında yerləşən 122 nömrəli özüldən layihə dərinliyi 6200 metr olan 123 nömrəli quyunun qazılmasına başlanılıb.  Layihə üzrə quyunun qazılmasına 296 gün vaxt müəyyənləşdirilsə də, onun  qazılması 227 günə başa çatdırılaraq rekord nəticə əldə edilib. Bu, həm də Azərbaycanın neft və qaz ehtiyatlarının xalqımızın istifadəsinə vermək bacarığına malik olan qazmaçıların peşəkarlığını bir daha təsdiqləyən faktdır.

Kompeks Qazma İşləri Trestinin müdiri, texnika elmləri doktoru, Əməkdar mühəndis İskəndər Şirəli söhbət zamanı dedi:

--Xalqımızın ümummilli lideri Heydər  Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış Azərbaycanın  yeni neft strategiyasının hər bir uğuru neft sənayesində çalışan insanlar üçün, sözün əsl mənasında, bayramdır. Ulu öndərin ikinci dəfə hakimiyətə gəlişindən sonra Azərbaycan neft sənayesinin inkişafında yeni parlaq dövr başladı. 1994-cü il sentyabrın 20-də Bakıda  dünyanın 11 transmilli neft şirkəti ilə bağlanmış və tarixə “Əsrin müqaviləsi” kimi düşmüş sənədin qüvvəyə minməsindən sonra  Azərbaycan yeni-yeni nailiyyətlərə  imza atdı. Hazırda Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev neft strategiyasını yeni çalarlarla inkşaf etdirir. “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin 2050-ci ilə qədər uzadılması dediklərimizə əyani misaldır.  Ulu öndərin gərgin əməyi sayəsində imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın qlobal enerji bazarında mövqeyini möhkəmləndirdi, ölkəmizə valyuta axınını sürətləndirdi. Bu müqavilə dövlətimizin kommersiya maraqlarını təmin etməklə bərabər respublikamızda dayanıqlı iqtisadi inkişafın əsasını qoydu, neft gəlirləri hesabına əhalinin rifah halı yaxşılaşdırıldı. Heç şübhəsiz, “Azəri–Çıraq–Günəşli” yataqlarının işlənməsi üzrə hasilatın Pay Bölgüsü sazişinin müddətinin 2050-ci ilə qədər uzadılması da Azərbaycanın gələcək iqtisadi yüksəlişində müstəsna rol oynayacaq, onun beynəlxalq aləmdə nüfuzunu, etibarlı tərəfdaş imicini qat-qat artıracaq.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında