Azərbaycanda infrastrukturun müasirləşdirilməsi əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir

Azərbaycanda qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına mühüm önəm verilməsi, yerlərdə əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Prezident İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqət çəkir. Dövlət başçımız hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını qlobal layihələrin reallaşdırılması istiqamətində səfərbər edir. Məhz elə bunun sayəsində Azərbaycan hazırda yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri arasında yer tutub. Son 10 il ərzində ümumi daxili məhsul 3 dəfədən çox, əhalinin gəlirləri 5,2 dəfə, minimum əməkhaqqı 3,5 dəfə və orta aylıq nominal əməkhaqqı 3,8 dəfə artıb.

Respublikamızda sosial siyasətin əsas istiqamətlərindən biri işsizlik probleminin həll edilməsilə bağlıdır. Bu prioritet məsələyə mühüm önəm verilməsinin nəticəsidir ki, ölkəmizdə işsizlik və yoxsulluq 5 faizə düşüb. Azərbaycanda  son 14 ildə minlərlə yeni müəssisə yaradılıb, 1,6 milyon yeni iş yeri açılıb.

Prezident İlham Əliyev sentyabrın 3-də Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində bununla bağlı deyib: “Əgər vaxtilə biz infrastruktur layihələrinə böyük vəsait ayırmasaydıq, bu gün inkişaf o qədər də sürətli olmazdı.

Biz son illərdə ölkəmizdə işsizliyin kəskin azalmasına nail olduq və Azərbaycan bu göstəriciyə görə dünya miqyasında qabaqcıl yerlərdədir. Azərbaycanda işsizlik təqribən 5 faiz səviyyəsindədir. Xüsusilə bu gün bu qədər ki, inkişaf var, kənd təsərrüfatına bu qədər vəsait qoyulur, son 2 il ərzində minlərlə ictimai iş yeri yaradılıbdır, işləmək istəyən özü üçün iş tapar. Yaradılan 1 milyon 600 mindən çox iş yeri də bizim siyasətimizin əlamətidir, onun təzahürüdür”.

Azərbaycanda infrastrukturun müasirləşdirilməsindən danışarkən, bir məqama xüsusi diqqət yetirmək istərdik. Prezident İlham Əliyevin ölkədə dayanıqlı inkişafı təmin edən siyasəti əsasında aparılan islahatlar iqtisadiyyatın şaxələndirilməsini sürətləndirib. Bu məsələdə özəl sektor önəmli rol oynayıb. Elə buna görə də sözügedən sahə dövlət tərəfindən ardıcıl şəkildə dəstəklənib, 2004-cü ildən indiyədək sahibkarlara 2 milyard manatdan çox güzəştli kreditlər verilib.   

Həyata keçirilən tədbirlərin nəticəsidir ki, özəl bölmənin ümumi daxili məhsulda xüsusi çəkisi 80 faizi ötməklə, onun məşğulluqda payı 75 faizə çatıb. Eyni zamanda, Azərbaycan Prezidentinin təşəbbüsü ilə qəbul edilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ölkənin bölgələrində inkişaf proseslərinin sürətlənməsinə səbəb olub. Xüsusən də aqrar sahənin dirçəlməsinə yönələn kompleks tədbirlər öz müsbət bəhrələrini verib. Məhz bunun sayəsində təkcə cari ilin 6 ayı ərzində respublikada kənd təsərrüfatı məhsulları istehsalı 2,2 faiz artıb, eyni zamanda, qeyri-neft məhsullarının ixracında 27 faiz, o cümlədən, kənd təsərrüfatı məhsullarının ixracında 40 faizdən çox artım qeydə alınıb. 

Burada bir məqamı da qeyd etməliyik. Ölkədə infrastruktur layihələrinin uğurla icrası ilk növbədə maliyyə dayanıqlılığından asılıdır. Təbii ki, bu məsələdə siyasi sabitlik də önəmli rol oynayır. Belə şərait isə şübhəsiz ki, Azərbaycanda mövcuddur  və sosial-iqtisadi sahələrdə inkişafın dinamik xarakter almasının ilkin şərtinə çevrilib.    

Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyev bununla bağlı bildirib ki,  cari ilin ötən 7 ayında Azərbaycanın ticarət dövriyyəsinin müsbət saldosu əhəmiyyətli dərəcədə artıb: “Biz 7 ay ərzində valyuta ehtiyatlarımızı böyük dərəcədə artıra bilmişik. Baxmayaraq ki, neftin qiyməti bu gün də çox aşağı səviyyədədir, biz 7 ayda valyuta ehtiyatlarımızı 3 milyard 600 milyon dollar səviyyəsində artırmışıq. Mən deyəndə ki, ölkə qarşısında heç bir maliyyə çətinliyi yoxdur, bax, bu rəqəmlər bunun bariz nümunəsidir”.

Əlbəttə, sosial-iqtisadi məsələlərin uğurla həllində yuxarıda qeyd etdiyimiz kimi, siyasi sabitlik də əsas rol oynayır. Təsadüfi deyildir ki, Azərbaycan yerləşdiyi bölgədə və dünyada sabitlik məkanı kimi tanınır. Sülh, əmin-amanlıq hökm sürən belə bir məkanda isə daxili və xarici investisiya qoyuluşunda, müxtəlif layihələrin reallaşmasında hansısa bir problemdən belə söhbət gedə bilməz. Bəli, dövlətimizin  başçısı cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı öz gələcəyini məhz təhlükəsizlik, əmin-amanlıq şəraitində qurur.

Yuxarıda vurğulanan fikrin bariz ifadəsi cari ilin altı ayının göstəricilərində də özünü aydın büruzə verir. Belə ki, ilin ilk yarısında ölkənin iqtisadi- sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7138,6 milyon manat vəsait yönəldilib. Həmin vəsaitin  69,8 faizi qeyri-dövlət sektorunun payına düşüb. Xarici müəssisə və təşkilatlar tərəfindən isə əsas kapitala 4282,7 milyon manat vəsait qoyulub.

Bu gün Azərbaycan iqtisadiyyatına Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Fransa, Cənubi Koreya, Türkiyə, Almaniya, Səudiyyə Ərəbistanı, İran, Rusiya, Çexiya kimi ölkələr sərmayə yatırır. Bu ölkələrin coğrafiyası ildən-ilə genişlənir. Eyni zamanda, Azərbaycan şirkətləri Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Qazaxıstan və digər dövlətlərin iqtisadiyyatına sərmayə qoyur, birgə iş fəaliyyəti qururlar. Heç şübhəsiz ki, hər iki tərəfin maraqlarına cavab verən belə əlaqələr bundan sonra da inkişaf edəcəkdir. Dövlət başçısı onu da vacib hesab edir  ki, xarici investisiyaların gələcəkdə digər sahələrə, xüsusilə də qeyri-neft sektoruna, müasir texnologiyalara, ixracyönümlü sahələrə, aqrar sektora, infrastruktura qoyulması diqqət mərkəzində saxlanılmalıdır.

Dövlət başçısı İlham Əliyevin qeyri-neft sektorunun üstün inkişafı istiqamətində atdığı cəsarətli addımlar öz müsbət nəticəsini verir. Naxçıvan Muxtar Respublikasında, Sumqayıt, Gəncə, Mingəçevir, Neftçala, Masallı və digər şəhər və rayonlarda sənaye məhəllələri, texnoparklar yaradılır, iri kimya, maşınqayırma, yüngül sənaye obyektlərinin istifadəyə verilməsi ilə bağlı intensiv işlər görülür. Son illər ərzində innovasiya xarakterli texnologiyaların tətbiqi davam etdirilmiş, yeni müəssisələr yaradılmış, mövcud müəssisələrin istehsal potensialı artırılmış, ölkə sənayesində 2,7 dəfə artım qeydə alınmışdır.

Azərbaycan dövlətinin sosial siyasətinin əsas məqsədlərindən biri aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşmasını reallaşdırmaqdır. Bunu ən vacib problemlərdən biri hesab edən Prezident İlham Əliyev deyib: “... Mənzil İnşaatı Dövlət Agentliyi - MİDA yaradılıb. Onun əsas vəzifəsi aztəminatlı ailələrə çox əlverişli şərtlərlə mənzillərin verilməsidir. Eyni zamanda, bu proses kütləvi xarakter alandan sonra bunun inşaat və tikinti materialları istehsalı sektorlarına və beləliklə, sənaye potensialımıza çox müsbət təsiri olacaq”.

Şübhəsiz ki, sosial mənzil tikintisi proqramının uğurla həyata keçirilməsi inşaat kompleksinə də yeni nəfəs verəcək, minlərlə iş yeri yaradılacaq, tikintidə ixtisaslaşdırılmış müəssisələrin texniki-iqtisadi göstəriciləri yaxşılaşacaq, inşaatla əlaqədar olan sahələrin inkişaf imkanları, xüsusilə tikinti materialları istehsalı daha sürətlə artacaqdır. Ən başlıcası, on minlərlə ailə yeni mənzillərində sevinc dolu illər yaşayacaqdır.

Respublikamızın şəhər və rayonlarında son illərdə yüzlərlə müasir bina, sənaye müəssisəsi, yaşayış məhəlləsi, turizm, idman kompleksi, hotel tikilib istifadəyə verilib. Regional inkişaf dövlət proqramlarının icrası çərçivəsində son 12 il ərzində 10 min kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları çəkilib və ya təmir olunub, regionlarda 310-dan çox yeni körpü və yol ötürücüsü tikilib və ya təmir edilib, Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala, Qəbələ və Yevlax şəhərlərində hava limanları istifadəyə verilib.

Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyevin müəyyən etdiyi tədbirlərin həyata keçirilməsi də diqqət mərkəzində saxlanılır. Bu gün ölkəmizdə bir dənə də olsun çadır şəhərciyi qalmayıb, yurd-yuvasından didərgin düşən insanların hamısı müasir tipli qəsəbələrə köçürülüb. Ümumiyyətlə, 2001-2016-cı illərdə 30 mindən çox ailə və ya 140 min nəfərdən çox daimi məskunlaşmayan qaçqın və məcburi köçkün üçün 80 qəsəbə, hündürmərtəbəli binalardan ibarət məhəllə və fərdi evlər tikilib. Ümumilikdə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 1993-2016-cı illərdə 6 milyard dollardan çox vəsait xərclənib.

Sosial infrastrukturun müasirləşməsindən danışarkən, son illərdə  “Ağ Şəhər” layihəsinin birinci mərhələsinin artıq başa çatdırılmasını, Bakının müxtəlif yerlərində müddəti keçən və yararsız vəziyyətdə olan binaların sökülərək, yerlərində hündürmərtəbəli binaların tikilməsini də  xatırlatmaq istərdik. Bununla yanaşı, Azərbaycanda qazlaşdırmanın səviyyəsinin getdikcə yüksəldilməsi, kəndlərdə yaşayan əhalinin təmiz içməli su ilə təminatının daha da yaxşılaşdırılması və  kənd yolları layihələrinin icrasına xüsusi önəm verilməsini də xüsusi vurğulamaq lazımdır.  

Azərbaycanda infrastrukturun müasirləşməsinin son nəticədə sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayan dövlət başçısı İlham Əliyev deyib: “...Əlbəttə, bizim bütün işlərimizin təməlində və mərkəzində insan amili dayanır. Hesab edirəm ki, bu, hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır. Hesab edirəm ki, bu istiqamətdə də böyük addımlar atılmış, uğurlar əldə edilmişdir. Azərbaycan vətəndaşları azad cəmiyyətdə yaşayırlar. Onlar bütün azadlıqlara malikdirlər və öz dövlətinin gücünü artırmaq üçün çalışırlar”.

Yazının sonunda deyilənləri yekunlaşdırıb belə qənaətə gəlmək olar ki, hazırda Azərbaycanın qarşısında duran ən mühüm strateji məqsəd ölkəmizin müstəqilliyini bundan sonra da gücləndirmək və respublikamızı dünyanın ən inkişaf etmiş dövlətləri səviyyəsinə yüksəltməkdir. Buna görə də respublikamızda sosial- iqtisadi inkişafla bağlı böyük layihələrin icrası diqqət mərkəzində saxlanılır, qeyri-neft sektorunun davamlı inkişafına mühüm önəm verilir, ictimai xidmətlər və sosial infrastruktur daha da təkmilləşdirilir.

 

 Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında