Baramaçılıq və ipəkçilik yeni inkişaf dövrünü yaşayır

Azərbaycanda ipəkçiliyin tarixi qədimdir. İstər mütəxəssis, istərsə də infrastruktur baxımından bu sahənin inkişafı üçün respublikamızda münbit şərait var. Bu baxımdan son illərdə əldə olunmuş tərəqqi belə düşünməyə əsas verir ki, baramaçılıq təsərrüfatı ötən illərdəki şöhrətini yenidən qazanmağa çox yaxındır və dövlətin xüsusi qayğısı və diqqəti sayəsində mühüm əhəmiyyətli təsərrüfat sektoruna çevrilmək şansı yüksəkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin baramaçılığın uzun fasilədən sonra bərpa olunması istiqamətində həyata keçirdiyi kompleks tədbirlər regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifah hallarının yüksəldilməsinə xidmət edir, həmçinin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir. Baramaçılığın inkişafı kənd əhalisinin sosial-rifahının yüksəldilməsinə, məşğulluğunun artırılmasına xidmət etməsi ilə bərabər valyuta tutumlu sahə olması da bu sektorun problemlərini diqqət mərkəzində saxlamağa şərait yaradır. Ötən ay keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində ölkə başçısı baramaçılığın Azərbaycanda geniş vüsət aldığını bildirmişdir. Qeyd etmişdir ki, fermerlər, kəndlilər tərəfindən ən çox maraq göstərilən sahələrdən biri də baramaçılıqdır. “Çünki dövlət hər şeyi öz üzərinə götürüb, bütün lazımi materialları, tingləri verir, bütün sahələr üzrə subsidiyalar verir. Kümçülər 30-40 gün ərzində yaxşı gəlir əldə edirlər”, – deyən Prezident İlham Əliyev bu ənənəvi sahənin inkişafı ilə bağlı əlavə tədbirlərin görüləcəyini diqqətə çatdırmışdır.

Mütəxəssislərin sözlərinə görə, baramaçılığın inkişafı fonunda ipəkçilik sənayesinin tərəqqisi baş verəcək və bu da, ilk növbədə, yüngül sənayenin inkişafına müsbət təsir göstərəcək. İpəkçilik və pambıqçılıq sahələrinin inkişafı Azərbaycanda son məhsulun istehsalı üçün də şərait yaradacaq. Xammaldan tam məhsula qədər bütün prosesin Azərbaycanda həyata keçirilməsi də gəlirlilik baxımından bu sahələrin strateji əhəmiyyətini artırır. Mütəxəssislər Prezident İlham Əliyevin “Azərbaycanda ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı sərəncamı respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması, barama toxumçuluğunun təşkili istiqamətində atılan növbəti mühüm addım kimi qiymətləndirirlər. Barama istehsalına dövlət dəstəyi var və baramanın növündən asılı olmayaraq, hər kiloqram baramaya görə subsidiya verilir. Baramaçılıqla məşğul olan kəndli 30-40 gün müddətinə ailə büdcəsini artıra bilər. Bu sahədə həyata keçirilən yeniliklərdən biri də Abşeron rayonunda baramanın inkişafı ilə bağlı tədbirlərin görülməsidir. Belə ki, Abşeron kəndlərində qədim tut bağları var. Ona görə də, bu ərazidə də baramaçılığın inkişafı məsələləri diqqət mərkəzində saxlanılır.

Bundan başqa, baramaçılıq ailə təsərrüfatlarının genişləndirilməsi və qazanc əldə edilməsi baxımından çox əlverişli sahədir. Buna görə də, baramaçılığın inkişafı üçün Çin Xalq Respublikasından 1,5 milyon tut tingi alınmış və barama toxumlarından 99-100 faiz səviyyəsində yüksək keyfiyyətli ipəkqurdu əldə edilmişdir. Onlar bəslənilmək üçün respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013 kümçü ailəsinə ödənişsiz paylanılmışdır. Barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində də qeyd olunmuşdu ki, barama istehsalçılarının məhsuldar tut ipəkqurdunun cins və hibrid toxumları ilə təmin edilməsi və bu sahədə seleksiya-damazlıq işlərinin təşkili məqsədilə Qax Damazlıq İpəkçilik Stansiyasının müasir standartlar səviyyəsində yenidən qurulması da barama istehsalının sürətli inkişafına zəmin yaradacaq.

2017-ci ilin payız mövsümündə Şəki rayonunda 50 min yerli, 25 min xaricdən gətirilmiş tut tingi əkilmiş, yeni kümxanalar qurulmuş və gənc kümçülərin yetişdirilməsi istiqamətində maarifləndirmə tədbirləri genişləndirilmişdir. Respublika müşavirəsində diqqətə çatdırılmışdı ki, həyata keçirilən tədbirlər Şəki rayonunda barama istehsalının dinamik inkişafına müsbət təsir göstərmişdir. Statistik rəqəmlər göstərir ki, baramaçılıq Şəkidə artım tempi ilə inkişaf edir. Belə ki, rayonda 2015-ci ildə cəmi 200 kiloqram barama istehsal edildiyi halda, 2017-ci ildə 18 min kiloqram barama istehsalına nail olunmuşdur. Şəki İpək Kombinatının fəaliyyətinin bərpa olunmasının da  barama tədarükünə müsbət təsir göstərəcəyi şübhəsizdir. Ümumiyyətlə, tarixən ipəkçilik diyarı kimi tanınan Şəkidə əhalinin əsas məşğuliyyət sahələrindən biri də məhz baramaçılıq olmuşdur.

Ötən əsrin 70-80-ci illərində Şəki İpək Kombinatının istehsal etdiyi məhsullar keçmiş Sovetlər Birliyinin bütün müttəfiq respublikalarına ixrac edilmiş və öz keyfiyyəti ilə fərqlənmişdir. Məhz ötən əsrin 70-80-ci illərində ölkəmizdə, eləcə də ipəkçiliyin qədim mərkəzlərindən olan Şəkidə bu sahənin inkişafına xüsusilə diqqət və qayğı göstərilmişdi. Həmin dövrdə ümummilli lider Heydər Əliyev tərəfindən qəbul olunmuş “Azərbaycanda ipəkçiliyin gələcək inkişafına dair tədbirlər” haqqında 1971-ci il qərarı baramaçılığın və ipəkçiliyin inkişafına böyük təkan vermişdir. Görülən tədbirlər nəticəsində sahənin maddi-texniki bazası, sənaye potensialı genişləndirilmişdi. Buna görə də, təsadüfi deyil ki, Azərbaycan keçmiş SSRİ-də barama istehsalına görə Özbəkistandan sonra 2-ci, baramanın və ipəyin keyfiyyətinə görə isə 1-ci yerdə olmuşdu. Həmin dövrdə Azərbaycanda ildə 5-6 min ton yaş barama və ondan 350-400 ton xam ipəyin istehsal olunduğu məlumdur. Bundan başqa, qeyd etdiyimiz dövrdə xam ipəkdən on milyonlarla kvadratmetr müxtəlif çeşidli ipək parça toxunmuşdu. İpəkqurdunun bəslənməsi və barama istehsalı ilə 150 mindən artıq kəndli ailəsinin məşğul olması bu sahəsinin çiçəklənməsinə şərait yaratmışdı.

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra baramaçılıq sahəsinə xüsusi diqqət göstərilmiş və bu diqqətin məntiqi nəticəsi kimi 2001-ci ildə imzaladığı müvafiq sərəncamla Şəki İpək  Kombinatının fəaliyyətinin bərpasına kömək məqsədilə dövlət büdcəsindən xeyli miqdarda vəsait ayrılmışdı. 

Tədqiqatçıların məlumatına görə, Azərbaycanda ipəkçilik dünyanın bir sıra ölkələri üçün əlçatmaz olan əlverişli iqlim və münasib təbii-coğrafi şərait əsasında yaranmış və inkişaf etmişdir. Tarixi mənbələr bildirir ki, Azərbaycan qədim zamanlardan bəri Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınmış və Şirvan əyaləti Azərbaycanda ən iri ipəkçilik rayonu olmuşdu. Bundan başqa, Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa bölgələrində də ipəkçilik istehsalı çox inkişaf etmişdi. Bu rayonlarda ipəkdən çox gözəl, naxışlı, zərif qadın baş örpəkləri – kəlağayılar istehsal olunurdu. Təqribən 2000 il yaşı olan ipəkçiliyin V-VI əsrlərdə Azərbaycan iqtisadiyyatında mühüm yer tutduğu məlumdur. Tədqiqatçılar qeyd edirlər ki, alban tarixçisi M.Kalankaytuklu "Alban tarixi" kitabında Kür çayı sahillərində çoxlu tut ağacından bəhs edir və bundan, əsasən, ipək parça istehsalında xammal kimi istifadə olunduğunu vurğulayır. Buna görə də, qədimdən dünyanın ipəkçilik mərkəzlərindən birinə çevrilmiş Azərbaycanın Şamaxı, Şəki və digər rayonlarında istehsal olunan ipək parçalarının şöhrətinin böyük ərazilərə yayılması təbiidir.

Beləliklə, son illər dövlətin baramaçılıq sahəsinə böyük diqqət ayırması bu sektorun intensiv inkişafına səbəb olmuşdur. Respublika müşavirəsində Prezident İlham Əliyev baramaçılığın gələcəyinə ümidlə baxdığını vurğulamışdır. Gələn il 500 ton barama tədarük edilə biləcəyini vurğulayan dövlət başçısı demişdir ki, əkilən və əkiləcək ağacları nəzərə alsaq, 2019-cu ildə ən azı 1000 ton səviyyəsinə qalxa bilərik. “Əgər bütün planlarımız həyatda öz əksini tapsa, biz 2025-ci ildə 6 min ton barama istehsal edə bilərik. Beləliklə, sovet vaxtının ən yüksək səviyyəsinə qalxıb, hətta onu keçə də bilərik”,– deyən Prezident İlham Əliyev bunun üçün real imkanların olduğunu da diqqətə çatdırmışdır. Ölkə başçısı bütün aidiyyəti qurumların baramaçılığın inkişafı prosesinə qoşulmasının zəruri olduğunu bildirməklə yanaşı, istehsalı artırmaq üçün kəndlilərin, fermerlərin də fərdi qaydada tut ağacları əkmələrini məsləhət görmüşdür. Azərbaycanda baramaçılığın kütləvi xarakter alacağını vurğulayan və hazırda 700-dən çox kənddə baramaçılıqla məşğul olunduğunu nəzərə çatdıran Prezident İlham Əliyev bunu baramaçılıq sahəsinə olan  böyük maraqla əlaqələndirmiş və bunun çox sevindirici hal olduğunu bildirmişdir. Ölkə başçısı çıxışında ixrac bazarlarının təftiş və təhlil olunmasının zəruriyyətinə də toxunmuş və burada da çox böyük rəqabətin olduğunu diqqətə çatdırmışdır. Bazarların, demək olar ki, artıq bölündüyünü və ixrac bazarlarına çıxmaq üçün əlavə səylər göstərilməsinin vacib olduğunu deyən Prezident İlham Əliyev xarici bazarlara hazır məhsulumuzla – həm ipək ipləri ilə, həm hazır məhsulla çıxmalı olduğumuzu vurğulamışdır. Baramaçılığın inkişafının bir çox istehsalat sahələrinə ciddi təkan verəcəyini vurğulayan ölkə başçısı tapşırıq da vermişdir ki, tütünçülükdə olduğu kimi, bu sahəni sürətlə inkişaf etdirmək üçün dövlət proqramı qəbul edilməlidir.

Bir sözlə, Prezident İlham Əliyevin ölkədə baramaçılığın və ipəkçiliyin inkişafına göstərdiyi yüksək diqqət və qayğı nəticəsində hazırda bu sahə yenidən inkişaf etməyə başlamışdır. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi”ndə aqrar istiqamətin prioritet sahəsi olan və regionların sosial-iqtisadi inkişafında önəmli yer tutan ipəkçiliyin inkişafına təkan verəcək əhəmiyyətli tədbirlər həyata keçirilir. Təbii-iqtisadi və aqroekoloji şərait Azərbaycanda ipəkçiliyin inkişafı baxımından çox əlverişlidir və ölkə başçısının  baramaçılığın və ipəkçiliyin inkişafı ilə bağlı imzaladığı sərəncam və fərmanlar bu sahənin qeyri-neft sektorunun tərəqqisinə öz töhfəsini verməklə yanaşı, ölkənin mühüm valyuta mənbələrindən birinə çevrilməsinə münbit şərait yaradacaq.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında