Beyləqan: Su təchizatının etibarlı təminatı mühüm vəzifələrdəndir

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

“Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik”.

Heydər ƏLİYEV
Ümummilli lider

 


 

Azərbaycanda sosial-iqtisadi inkişaf sahəsində həyata keçirilən islahatlar, aparılan uğurlu siyasət, qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə edilməklə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, yeni iş yerlərinin yaradılması, ən başlıcası isə insanların həyat şəraitinin yaxşılaşdırılması məqsədilə qarşıya qoyulan vəzifələr dövlətimizin strateji inkişaf konsepsiyasının əsasını təşkil edir. Prezident İlham Əliyevin yaxın gələcəyə hesablanmış bu inkişaf konsepsiyası son illər uğurlu nəticələri ilə tarixə yazılmaqdadır.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında fərmanında qeyd olunduğu kimi, ölkədə iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək, habelə sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, eləcə də cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə, inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq Azərbaycan dövlətinin fəaliyyətində mərkəzi yer tutur. Son illər “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn vəzifələrin – qeyri -neft sektorunun inkişafı, xüsusilə ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edən sahələrdən biri kimi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına çox böyük diqqət ayrılmış, müasir texnologiyaların tətbiqi yolu ilə mövcud aqroemal müəssisələrinin istehsal gücünün artırılması və yeni belə müəssisələrin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Beynəlxalq təcrübəyə uyğun olaraq aqrar sektorun intensiv və səmərəli inkişafının stimullaşdırılması üçün dövlət dəstəyi tədbirləri ardıcıl şəkildə davam etdirilmişdir. Həyata keçirilən konkret proqramlar çərçivəsində meliorasiya və irriqasiya tədbirləri gücləndirilmiş, torpaqların eroziyaya uğramasının, suvarılan əkin sahələrinin şoranlaşmasının qarşısının alınması və münbitliyinin artırılması istiqamətində tədbirlər gücləndirilmişdir.

Əlbəttə, kənd təsərrüfatının su təchizatı kimi mühüm sahəsinin dövlətin diqqət mərkəzində saxladığı və son dərəcə böyük qayğı göstərdiyi əsas məsələlərdən biri olması melioratorların üzərinə böyük vəzifələr qoyur. Aydın məsələdir ki, ölkənin kənd təsərrüfatı üzrə ixtisaslaşmış rayonlarında, ümumiyyətlə əkinçiliyin inkişafı, digər sahələrlə yanaşı, həm də etibarlı su təchizatı ilə bağlıdır.

Mütəxəssis və alimlərimizin qeyd etdiyi kimi, ölkənin təbii-iqlim şəraiti kənd təsərrüfatı bitkilərinin bütün il ərzində əkilib becərilməsinə imkan verir. Lakin Azərbaycanda torpaq fondunun kənd təsərrüfatına yararlı olan 52,4 faizinin əksəriyyəti rütubət çatışmayan quraq zonaya aiddir. Burada suvarma tətbiq etmədən kənd təsərrüfatı məhsullarının istehsalı mümkün deyildir. Ona görə də kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mövcud su ehtiyatlarından səmərəli istifadə olunması çox vacib məsələ sayılır. Bu baxımdan suvarma suyuna daha çox ehtiyacı olan rayonlardan biri də Beyləqandır.

Son illər Prezident İlham Əliyevin ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsi çağırışını və dövlət başçısının bununla bağlı həyata keçirdiyi tədbirləri beyləqanlılar yüksək coşqu ilə dəstəkləyirlər. İndi rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılması, əkin dövriyyəsinə yeni torpaqların cəlb edilməsi, xüsusilə taxılçılıq, pambıqçılıq və bostançılığın inkişafı ilə bağlı yeni layihələrin icrası diqqətdə saxlanılır. Bu istiqamətdə görülən işlər sırasına, təbii ki, su təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi də daxildir.

Çünki Azərbaycanda aqrar sahənin inkişafı bütövlükdə suvarma əkinçiliyinə əsaslanır. Bu gün ənənəvi sahə kimi bərpa etməyə başladığımız, bitkiçilik məhsullarının 85-90 faizi, pambığın isə hamısı suvarılan torpaqlarda becərilir. Ona görə də suvarma əkinçiliyinin iqtisadi səmərəliliyinin artırılması, kənd təsərrüfatı bitkilərindən sabit və yüksək məhsul əldə olunması torpaqların meliorativ vəziyyətinin normal səviyyədə saxlanılması, suvarmanın aqrotexniki və texnoloji cəhətdən düzgün və dəqiq aparılması və operativ idarə olunması yolu ilə əldə oluna bilər.

Bütün bunları nəzərə alan müstəqil Azərbaycan Republikasının memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyev bu sahəni daim diqqətdə saxlamış və onun inkişafı üçün səylərini əsirgəməmişdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi sovet dövründə respublikada meliorasiya və su təsərrüfatının tam yeni infrastrukturunu yaratmağa nail oldu. Təəssüf ki, o, hakimiyyətdən ədalətsizcəsinə uzaqlaşdırıldıqdan sonra, bütün sahələr kimi kənd təsərrüfatının, xüsusilə də su təsərrüfatının inkişafı, demək olar, tamamilə dayanmışdı. Sonrakı illərdə respublikaya rəhbərlik edən şəxslərin təcrübəsizliyi və bu sahəyə laqeyd münasibəti nəticəsində su təsərrüfatı tamamilə baxımsız vəziyyətə düşmüşdür.

Lakin 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı meliorasiya və su təsərrüfatı sahəsinə yeni həyat bəxş etdi. Ölkənin ərzaq təminatında mühüm sahə olan meliorasiyaya dövlətin diqqət və qayğısı artdı, onun inkişaf istiqamətləri müəyyənləşdirildi. Ulu öndərin göstərişləri əsasında meliorasiya və su təsərrüfatında da islahatların həyata keçirilməsinə başlanıldı. Ölkənin meliorasiya və su təsərrüfatının normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 40-dan artıq normativ-hüquqi sənəd hazırlandı ki, bunlardan da ən mühümü 1996-cı ildə imzalanmış “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunudur.

Yeri gəlmişkən, 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin respublikamızda kənd təsərrüfatı regionlarına tez-tez səfər etməsinin özü də rayonlarda bu sahənin canlanmasına, əkinçilik mədəniyyətinin inkişaf etməsinə, bol məhsul istehsalına stimul vermişdir. Diqqət yetirsək görərik ki, 1980-ci ildə Beyləqanda 80,3 min ton pambıq istehsal olunmuşdur ki, bu da respublika göstəricisinin təxminən 10 faizini təşkil edirdi. Bütün bunların arxasında böyük zəhmət və bir də Yer kürəsinin üçdə ikisini əhatə edən ilahi nemət, su amili dayanırdı. Hər bir canlıya həyat bəxş edən su olmadan nəinki pambıq, heç bir tikanlı kol da yetişdirmək mümkün olmazdı. Müdriklərin belə bir deyimi var: “Su həyat mənbəyidir”.

Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasi strateji planlarının reallaşması nəticəsində regionlara, rayonlarımıza yeni həyat gəlir. Ənənəvi kənd təsərrüfatı sahələri çox böyük sürətlə bərpa edilir. Bu ənənələri uğurla bərpa edən rayonlardan biri də Beyləqan rayonudur. Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair bu il martın 28-də Saatlıda keçirilən respublika müşavirəsində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin də çıxışında qeyd etdiyi kimi, 2016-cı ildə rayon üzrə 2015-ci illə müqayisədə 1,9 dəfə artıq, yəni 3958 hektar sahədə pambıq əkilib və hər hektardan orta hesabla 20 sentner məhsul yığılıb. Pambıq sahələrinin əkilib-becərilməsində və məhsulun toplanmasında rayonun 7900-dən çox sakini işlə təmin edilib və onlar 4,8 milyon manatdan çox qazanc əldə ediblər. Bu il isə 8500 hektar sahədə pambıq əkilib ki, bu da ötən illə müqayisədə 4500 hektar çoxdur. Pambıq əkilən torpaqların hamısı suvarılan torpaqlardır. Rəqəmlər və əldə edilən nəticələr göstərir ki, Beyləqan həqiqətən əvvəlki şöhrətini bərpa etməkdə israrlıdır.

Əlbəttə, rayonun ənənəvi əkinçilik sahələrindən olan “Ağ qızıl”ın bu gün öz şöhrətini yenidən geri qaytarmasında Beyləqan Suvarma Sistemləri İdarəsinin özünəməxsus rolu vardır. Təkcə bu sahədə deyil, ümumiyyətlə ölkə iqtisadiyyatında önəmli rol oynayan Beyləqan rayonunda su təchizatının yaxşılaşdırılması, əkinə yararlı torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.

Yeri gəlmişkən, ölkənin ən yaşlı su təchizatı təşkilatlarından biri olan Beyləqan Suvarma Sistemləri İdarəsi Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 1939-cu ildə yaradılmışdır. İdarə Xan qızı kanalı vasitəsi ilə Araz çayının Qarabağ kanalı vasitəsilə Kür çayının suyundan istifadə edərək, Beyləqan rayonunda 50 min 497 hektar, İmişli rayonunda isə 639 hektar sahəni suvarma suyu ilə təmin edir. Hazırda idarənin balansında 1288,5 kilometr uzunluğunda suvarma kanalı, 1571 hidrotexniki qurğu, 547 körpü və keçid var.

Aydın məsələdir ki, suvarmanın vaxtında aparılması hər şeydən əvvəl kollektor-drenaj və suvarma sistemlərinin, onların üzərindəki hidrotexniki qurğuların saz vəziyyətdə saxlanmasından asılıdır. Ona görə də Beyləqan Suvarma Sistemləri İdarəsi tərəfindən istismar tədbirlər planına uyğun olaraq, 2017-ci ilin ikinci rübündə Araz çayında 59 min kubmetr məcra tənzimləmə işi görülmüş, 219,1 kilometr uzunluğunda suvarma kanalı lildən təmizlənmiş, 391 min kubmetr həcmində torpaq işi görülmüş, 99 ədəd hidrotexniki qurğu cari təmir edilmişdir.

Ümumiyyətlə, təsərrüfatdaxili drenaj və kollektor şəbəkələrinin lildən və çöküntüdən təmizlənməsi işləri mütəmadi aparılır. Ərazidəki hidrotexniki qurğular təmir olunur, Araz çayında daşqın və selə qarşı mübarizə məqsədi ilə bəndvurma və torpaqbərkitmə işləri görülür. Ayrı-ayrı yaşayış məntəqələrindəki suvarma kanalları lildən və çöküntülərdən təmizlənir, qurunt sularının səviyyəsinin aşağı salınması üçün tədbirlər həyata keçirilir.

Su istifadəçilərinə suvarma suyunun vaxtında və itkisiz çatdırılması məqsədilə rayonda 15 SİB fəaliyyət göstərir. Görülən işlər deməyə əsas verir ki, Beyləqan rayonunda torpaqların meliorativ vəziyyəti qənaətbəxşdir. Müəyyən ərazilərdə müşahidə olunan şoranlaşma həyata keçirilən layihələr nəticəsində dərhal aradan qaldırılır.

2017-ci ilin ikinci rübündə Beyləqan Rayon Suvarma Sistemləri İdarəsi üzrə sudan isitifadə planı əsasən iki su mənbəyinə görə hesablanmışdır - Araz çayı Baş Mil kanalı ( Xan qızı kanalı ) və Yuxarı Qarabağ kanalı. Bu müddətdə Beyləqan rayonu üzrə suvarılacaq sahə 50 min 497 hektar, sistem üzrə 51 min 136 hektar olmuşdur. Ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin əkildiyi sahələrin suvarılmasına gəldikdə isə arat aparılmış 6 min 980 hektar, payızlıqlar 14 min 937 hektar olmaqla 3 dəfə, 20 min 60 hektar yonca əkini 3 dəfə, bağlar 843 hektar olmaqla 3 dəfə, həyətyanı sahələr 3 min 123 hektar olmaqla 3 dəfə və s. suvarılması aparılmışdır.

Suvarma işlərinin həyata keçirilməsi üçün götürülən illik ümumi su həcmi Xan qızı kanalından 147 milyon 297 min kubmetr, Yuxarı Qarabağ kanalından 29 milyon 269 min kubmetr olmuşdur. Su ayrıclardan verilən suyun həcmi Xan qızı kanalı üzrə 101 milyon 631 min kubmetr, Yuxarı Qarabağ kanalı üzrə 20 milyon 396 min kubmetr təşkil etmişdir. Götürülən orta su sərfı 16,8 kubmetr saniyə təşkil etmişdir.

Ümimiyyətlə, kənd təsərrüfatı bitkilərinin əkildiyi 115 min 120 hektar sahə suvarılmışdır ki, bu da planda nəzərdə tutulduğundan 8 min 475 hektar çoxdur. Orta suvarma norması isə hər hektara 1050 kubmetr təşkil etmişdir. Araşdırmalarımız göstərir ki, vegetasiya suvarma dövründə mühəndis texniki işçilərin köməyi ilə qarşıya çıxan nöqsanlar və çətinliklər vaxtında aradan qaldırılmış, suvarmada gecikmə halları olmamışdır.

Ölkə Prezidentinin meliorasiya təsərrüfatına göstərdiyi diqqət və qayğı bizi qarşıya qoyulan vəzifə və tapşırıqları vaxtında və yüksək səviyyədə həyata keçirməyə, regionda torpaqların su təminatının və meliorativ vəziyyətin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində kənd təsərrüfatının ənənəvi sahələrinin bərpa edilməsi və bol məhsul istehsalı üçün daha böyük səylə çalışmağa səfərbər edir.

Azim KƏRİMOV,
Beyləqan Suvarma Sistemləri İdarəsinin rəisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında