Kənd təsərrüfatı məhsullarının ixracı getdikcə artır

Prezident İlham Əliyevin artıq ənənəvi hal alan regionlara səfərləri sayəsində bölgələrdə sosial infrastruktur müasirləşib, aqrar sektor və sənayenin inkişafında yeni mərhələ başlanıb. Rayonlarda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması geniş vüsət alıb. 40 aqropark kompleksinin yaradılmasının nəzərdə tutulması və uğurlu icrası respublikada ərzaq təhlükəsizliyini təmin edilməsinə, əhalinin etibarlı kənd təsərrüfatı məhsulları ilə təminatının yaxşılaşmasına və yüksək standartlarla istehsal olunan məhsulların xarici bazarlara göndərilməsinə real zəmin yaradıb.

Cari ilin 6 ayında kənd təsərrüfatı məhsulları ixracının ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz artması da Azərbaycanda kənd təsərrüfatı sahəsində yaxın gələcəkdə daha böyük nəticələrin əldə olunacağından xəbər verir. Hazırda istehsal olunan məhsulların “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarılması da Azərbaycan brendinin dünyada tanınmasına xidmət edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust ayı sayında qeyd edilir ki, cari ilin 7 ayında qeyri-neft sektoru üzrə 855 milyon ABŞ dolları dəyərində mal ixrac olub. İxrac əməliyyatlarında 1333 subyekt iştirak edib. Bu dövrdə qeyr-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistanın adı var.

Yeddi aylıq məlumatlarının təhlilindən aydın olub ki, bu ilin 7 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə pambıq lifi ixracı 8,3 dəfə, çay 60 faiz, meyvə-tərəvəz 42 faiz artıb.

2017-ci ilin iyul ayında isə “Azexport.az” portalına ilk dəfə Qətər, Tanzaniya və Ekvador kimi ölkələrdən sifarişlər daxil olub. İyul ayının sifarişlərini məhsullar üzrə təhlil etdikdə aydın şəkildə görünür ki, qeyri-neft sektorunda istehsal olunan müxtəlif məhsullara - fındıq ləpəsi, şərab, tütün, göbələk, konservləşdirilmiş inək əti, quru süd, toyuq yumurtası, dondurulmuş toyuq əti, albalı şirəsi, mahlıc, pambıq linti, alma və kərə yağına tələbat böyükdür.

Bu məhsullar içərisində mahlıc, pambıq linti, alma, fındıq ləpəsi və toyuq ətinə müxtəlif ölkələrdən daxil olan sifarişlərin hər birinin dəyəri ayrı-ayrılıqda bir milyon ABŞ dollarını keçib.

Mütəxəssislərin fikrincə, kənd təsərrüfatı məhsullarının müasir innovasiya və elmi əsaslarla istehsalı, emalı və ixracı yaxın gələcəkdə regionlarda işsizlik problemini aradan qaldıracaq, ölkənin ərzaq təminatını reallaşdıracaq və ixrac mallardan valyuta axını manatın gücünü daha da artıracaq. Bu da ümumilikdə respublika iqtisadiyyatının inkişafı və insanların yaxşı yaşamasının təminatı deməkdir.

Hazırda qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafı ilə bağlı strateji hədəflərin müəyyənləşdirilməsi və institusional dəyişikliklərin həyata keçirilməsi, dövlət dəstəyinin gücləndirilməsi bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin güclü təməlini qoyub. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yerinə yetirilməsi aqrar sektorda istehsalın artırılmasına, kənd təsərrüfatı istehsalçılarının qarşılaşdığı problemlərin həllinə, bu sahənin ixrac imkanlarının gücləndirilməsinə müsbət təsir göstərib. Bununla yanaşı, respublikanın ayrı-ayrı bölgələrində aqroparkların yaradılması da prosesin dinamik xarakter almasını şərtləndirib.

Xatırladaq ki, belə müəssisələrdən biri “Şəmkir Aqroparkı”dır. Onun təməli 2014-cü ildə qoyulub və nəzdində qurulan Logistika Mərkəzinin isə bu il avqustun 20-də dövlət başçısının iştirakı ilə açılışı olub.

Ümumi dəyəri 100 milyon manatdan çox olan “Şəmkir Aqroparkı”nda həyata keçirilən layihələrə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 22,7 milyon manat dövlətin güzəştli krediti verilib.

Logistika Mərkəzinin ərazisi 12,3 hektar, uzunluğu 254, eni isə 141 metrdir. İstehsal sahəsi 3,9 hektar ərazini əhatə edir. Burada Fransanın tanınmış şirkətlərindən birinin meyvələri ölçüsünə, rənginə, zədəliyinə görə çeşidləyən və qablaşdıran avadanlıqları quraşdırılıb. İri ölçülü meyvələri çeşidləyən avadanlıqların gücü saatda 50 ton, kiçik ölçülü meyvələri çeşidləyən avadanlıqların gücü isə saatda 2 tondur. İstehsal sahəsində, eyni zamanda, 200 ton məhsul qəbul edə biləcək 2 terminal, 120 ton hazır məhsulu yola sala bilən 1 terminal mövcuddur.

“Şəmkir Aqroparkı”nın Logistika Mərkəzində müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya fəaliyyət göstərir. Burada meyvə və tərəvəzlərin keyfiyyəti, toksikliyi, bakterioloji və mikrobioloji göstəriciləri üzrə analizlər aparılır. Logistika Mərkəzində meyvə və tərəvəzlərin çeşidlənməsi, qablaşdırılması və soyuducu kameralarda saxlanılması müasir standartlara uyğun olmaqla mühüm texnoloji proseslərdən keçirilərək aparılır. Bu zaman laboratoriya təhlilləri nəzərə alınır, sonra məhsul xüsusi hidroşoklama qurğusundan keçirilir. Nəticədə məhsulun çeşidlənməsi və qablaşdırılması zamanı, həmçinin soyuducu kamerada temperatur fərqində zədə alması minimuma endirilir.

Mütəxəssislərin qənaətinə görə, regionlarda bu cür arqoparkların yaradılması, bu çərçivədə müxtəlif beynəlxalq layihələrin həyata keçirilməsi ölkənin ixrac potensialının artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, proqressiv metodların geniş tətbiqində, istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq.

Aqroparkların yaradılması və inkişafı fermerlərə məsləhət, texniki, aqroservis və logistika xidmətlərinin göstərilməsinə, toxum, şitil, ting, dərman və gübrə ilə təmin olunmasına, kiçik fərdi istehsalçı səviyyəsindən genişmiqyaslı aqrar sənaye istehsalına keçidin, xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsinə şərait yaradacaq. “Şəmkir Aqroparkı” bu baxımdan Azərbaycanın qərb regionunun ixrac imkanlarının genişləndirilməsində mühüm rol oynayacaq. Aqropark ölkənin ixrac əməliyyatları ilə məşğul olan aparıcı logistik mərkəzləri ilə əməkdaşlıq edəcək, yerli məhsulların “Made in Azerbaijan” brendi ilə ixracını və xaricdə yerləşən əsas istehlakçılara çatdırılmasını, eləcə də daxili bazara çıxarılmasını təmin edəcək.

Ölkədə ixrac potensialının güclənməsində Prezident İlham Əliyevin sərəncamı ilə bu il iyulun 14-də təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” da mühüm rol oynayacaq, respublikamızda aqrar sektorun inkişafına əlavə təkan verəcək.

Kənd təsərrüfatında kooperasiyanın inkişafı Prezident İlham Əliyev tərəfindən qəbul olunan siyasi qərarlar əsasında həyata keçirilən aqrar islahatların müasir mərhələsində prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilib. Belə ki, dövlət başçısının müvafiq tapşırıqlarının icrası çərçivəsində Azərbaycanda dayanıqlı əsaslara malik kənd yerlərinin inkişafı və ərzaq təhlükəsizliyi sisteminin təmin edilməsi siyasəti çərçivəsində bütövlükdə kənd təsərrüfatı kooperasiyasının inkişafı, o cümlədən kənd təsərrüfatı kooperativləri şəbəkəsinin formalaşdırılması baxımından əlverişli biznes mühitinin yaradılması istiqamətində kompleks islahatların aparılmasına başlanılıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında