Azərbaycanın qlobal nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir

Bu gün respublikamızda daha çox diqqət yetirilən strateji məsələlərdən biri ölkəmizdə güclü nəqliyyat qovşağının yaradılmasıdır. Bununla bağlı şimaldan cənuba, şərqdən qərbə olan dəhlizlər təkcə coğrafi mövqeyimiz sayəsində deyil,  eyni zamanda, Azərbaycanın yeritdiyi siyasət nəticəsində respublikamızın ərazisindən keçir.

Prezident İlham Əliyev bu il martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə bu fikirlə bağlı deyib: “Bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Asiya ilə Avropanın arasında yerləşirik və artıq sahib olduğumuz müasir nəqliyyat infrastrukturu ilə böyük maraq cəlb edirik. Bizim hər növ təyyarə, o cümlədən ən böyük yük təyyarələri qəbul edə bilən 6 beynəlxalq hava limanımız var. Biz artıq region üçün hava nəqliyyatı ilə yükdaşımalar qovşağına çevrilmişik. Bizim bütün qonşu ölkələrlə dəmir yolu əlaqələrimiz var. Azərbaycanın Gürcüstan vasitəsilə Türkiyə ilə dəmir yolu əlaqəsi bu il yaradılacaq. Bu, Xəzər dənizi, Azərbaycan vasitəsilə Çindən Avropaya dəhliz açır. Bu, yüklərin daşınması vaxtını iki dəfə azaldır. İlk sınaq qatarı artıq bizim ərazimizdən keçib. Ötən il biz, həmçinin Hindistandan Pakistan, Fars körfəzi, İran, Azərbaycan, Rusiya, Şimali Avropaya uzanan Cənub-Şimal nəqliyyat dəhlizinin yaradılmasına çoxlu investisiya yatırmaqla, bizi İranla birləşdirən dəmir yolu xəttinin çatışmayan hissəsini tamamlamışıq. Biz bir neçə mühüm beynəlxalq toplantı və tədbir təşkil etmişik. Biz üzərimizə düşən hər şeyi etmişik. Beləliklə, bu dəhlizin çatışmayan hissəsi tikilən kimi biz Hindistandan Şimali Avropaya yüklərin indiki 40-45 gün əvəzinə 14 günə daşınmasına imkan verən yeni marşrut açacağıq. Şimaldan Cənuba, Şərqdən Qərbə olan bu dəhlizlərin hər ikisi təkcə coğrafi mövqeyimiz sayəsində deyil, bizim siyasətimiz sayəsində Azərbaycan ərazisindən keçir”.

Dövlətimizin başçısı onu da vurğulayıb ki, infrastruktursuz coğrafiya çox da böyük məna kəsb etmir. Azərbaycanda yükaşırma qabiliyyəti 25 milyon ton olan ən böyük dəniz limanının tikilməsi, 6 beynəlxalq hava limanının fəaliyyət göstərməsi, hər növ gəmi istehsal edə bilən gəmiqayırma zavodunun mövcudluğu, dəmir yolu infrastrukturunun müasirləşdirilməsi ölkəmizdə güclü nəqliyyat qovşağının yaradılmasını şərtləndirir. Bütün bunlarsız nəqliyyatda qarşıya qoyulan hədəflərə nail olmaq mümkün deyil.

Son illərdə Azərbaycan ərazisindən beynəlxalq yükdaşımaların artması, bununla da tranzit imkanlarının genişlənməsi bir sıra mühüm layihələrin gerçəkləşməsini zəruri edib. Bakıda və ölkə regionlarında beynəlxalq hava limanlarının, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikilməsi və dəmir yolu xətlərinin yenilənməsi bunun bariz ifadəsidir. Onu da qeyd edim ki, tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır.

Hazırda dünyanın bir sıra ölkələri tərəfindən Azərbaycanın tranzit imkanları yüksək  qiymətləndirilir. Məsələn, Çin və Avropa arasında yükdaşımalarda Şərq-Qərb marşrutundan və onun tərkib hissəsi olan Azərbaycanın nəqliyyat-tranzit potensialından istifadə edilməsi vaxt və maliyyə baxımından daha sərfəli olduğu bildirilir. Ona görə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması ölkəmizin mühüm tranzit uğurlarından sayılır. Bu marşrut 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının birgə təşəbbüsü ilə yaradılıb. Daha sonra Ukrayna, Rumıniya və Polşanın da aidiyyəti qurumları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulub. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır.

Hazırda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu tərəfindən bütün marşrut boyu vahid keçid tarifi təyin olunub, “bir pəncərə” prinsipi tətbiq edilib və bu layihə çərçivəsində konteyner qatarları marşrut üzərindən müvəffəqiyyətlə daşınır.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə hərəkət edən qatar orta hesabla 10-12 günə yükləri Çindən Avropaya çatdırır. Bu da marşrutun əsas üstünlüklərindən biridir. Bu marşrut üzrə daşımaların effektivliyinin və qarşılıqlı əlaqələndirmə operativliyinin artırılması üçün böyük potensial mövcuddur. Yaxın vaxtlarda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yükötürmə qabiliyyəti artacaq və qatarların çatdırılma vaxtı qısalacaq.

Azərbaycanın iştirak etdiyi beynəlxalq nəqliyyat layihələrindən biri “Şimal-Cənub” nəqliyyat dəhlizidir. Ölkəmizin tranzit potensialının artırılması istiqamətində görülən işlər bu nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsində işlərin sürətləndirilməsini zəruri
edib. Bu məqsədlə Prezident
İlham Əliyev 2015-ci il dekabr ayında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Bundan sonra Azərbaycanın üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün qüvvələr səfərbər olunub. Artıq Astara stansiyasından İran sərhədinə qədər 8,3 kilometr uzunluğunda dəmir yolu çəkilib. Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi başa çatıb. Həmçinin sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib.

Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan üçün çox önəmli marşrut olaraq respublikamızın tranzit potensialından yüksək səviyyədə bəhrələnməyə imkan verəcək. Bu layihə Hindistandan başlayaraq İrandan keçməklə Azərbaycan, Rusiya, Fin körfəzinə qədər ərazini əhatə edir. Azərbaycan isə “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində dünyanın böyük iqtisadiyyatlarını birləşdirəcək. Sözügedən layihənin gerçəkləşdirilməsi yüklərin ünvanına çatdırılma müddətlərini 2-3 dəfə azaldacaq. İran bu dəmir yolu layihəsinin inşası üçün 2016-cı ildə Hindistanla müqavilə imzalayıb. Hindistanın “IRCON” dövlət şirkəti dəmir yolunun Çabahardan Zahedana qədər olan 500 kilometrlik hissəsini tikmək barədə razılıq verib. Həmin hissənin tikintisi üçün 1,6 milyard dollar ayrılıb.

Son illər ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəstəyilə Azərbaycan dəmir yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunması üçün müvafiq infrastrukturun yaradılması istiqamətində lazımi tədbirlər görülməkdədir. Bakı-Tbilisi-Qars dəmir yolunun artıq yaxın vaxtlarda istismara verilməsi gözlənilir. Layihə çərçivəsində Gürcüstan ərazisində, Türkiyə sərhədinə qədər ümumilikdə 183 kilometr, o cümlədən 30 kilometr uzunluğunda Qars-Axalkalaki yeni dəmir yolunun inşası, Axalkalaki stansiyasında vağzal və təkər cütlərinin dəyişdirilməsi kompleksinin və 4450 metr uzunluğunda tunelin inşası reallaşdırılıb. Gürcüstan ərazisində Türkiyə sərhədinə qədər sınaq qatarının hərəkəti təmin edilib. Hazırda Türkiyə ərazisində layihənin tamamlanması istiqamətində işlər sürətləndirilib.

“Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutları çərçivəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair işlərə isə Prezident İlham Əliyevin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında”  7 dekabr 2015-ci il tarixli sərəncamından və dövlətimizin başçısının  ötən il fevralın 23-də İran İslam Respublikasına səfəri zamanı müvafiq müqavilələrin imzalanmasından sonra başlanılıb. Azərbaycan ərazisində ötən il aprelin 20-də başlanan tikinti qısa müddət ərzində yekunlaşdırılıb. Görülən işlər nəticəsində, ümumilikdə, 16 kilometrdən çox dəmir yolunun və Azərbaycan-İran sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğu olan körpünün inşası başa çatdırılıb, bu ilin mart ayının 3-də isə ilk sınaq qatarı həmin körpüdən keçərək İran ərazisinə daxil olub. İran ərazisində 1,4 kilometr uzunluğunda yolun və yük terminalının inşası isə hazırda davam edir. Dəmir yolu infrastrukturunun yenilənməsi yaxın gələcəkdə Azərbaycan Prezidenti  tərəfindən qarşıya qoyulan məqsədə - sərnişin qatarlarının sürətini saatda 100 kilometrə, yük qatarlarının orta sahə sürətini isə saatda 60 kilometrə çatdırmağı reallaşdıracaq. 

Azərbaycan dəmir yollarının inkişafına, müasirləşməsinə və mövcud problemlərinin həllinə diqqətin artırılması nəticəsində respublikamızın dəmir yolları regionun mühüm və əhəmiyyətli nəqliyyat–logistika holdinqinə çevrilərək dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları sırasında öz layiqli yerini tutacaq.

Hazırda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yükdaşımada dinamik irəliləyiş nəzərə çarpır. Belə ki, bu ilin yanvar-iyun aylarında adıçəkilən marşrutda daşınan yüklərin həcmi 25 milyon 650,8 min ton, yük dövriyyəsi isə 5 milyard 385,6 milyon ton-kilometr olub.

Yüklərin 15 milyon 512,7 min tonu və ya 60,5 faizi avtomobil, 6 milyon 614 min tonu və ya 25,8 faizi dəmir yolu, 3 milyon 524,1 min tonu və ya 13,7 faizi dəniz nəqliyyatları ilə daşınıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 7,4 faiz artım müşahidə edilib. Dəhliz vasitəsilə daşınmış yüklərin 19,6 faizini (5037,3 min tonunu) tranzit yüklər təşkil edib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin yaydığı məlumatdan da göründüyü kimi, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi getdikcə artır. Bu, Şərqlə-Qərbin qovşağında yerləşən, unikal coğrafi geosiyasi şəraitə malik olan Azərbaycanın hazırda dünya təsərrüfatının nəqliyyat sektorunda baş verən proseslərdən kənarda qalmaması ilə bağlıdır. Başqa sözlə, respublikamızı regionun ticarət mərkəzinə çevirmək məqsədilə son illərdə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tranzit potensialının daha da artırılması üçün konkret hədəflərə istiqamətlənən kompleks tədbirlərin reallaşdırılmasının nəticəsidir.  

Prezident İlham Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, hazırda ölkə iqtisadiyyatında da əhəmiyyəti böyük olan nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi üçün mühüm işlər görülür. Həm ölkə daxilində müasir nəqliyyat infrastrukturu yaradılır, həm də tranzit potensialı gücləndirilir. Bütün bunlar isə Azərbaycana daha da böyük həcmdə siyasi və iqtisadi dividendlər gətirəcək.

Dövlətimizin başçısı çıxışlarının birində nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi ilə bağlı deyib: “Azərbaycan Asiyanı Avropa ilə birləşdirən körpüdür. Biz indi öz nəqliyyat infrastrukturumuzu möhkəmləndiririk. Bizim dəniz nəqliyyatına, dəmir yoluna böyük investisiyalar qoyulur. Bir sözlə, nəqliyyat sektoru gələcəkdə böyük rol oynayacaqdır. Regionda digər mühüm işlər də məhz bununla bağlıdır”.

Bu məsələ “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da öz aydın ifadəsini tapıb. Sənəddə qeyd edilir ki, Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədilə respublikanın strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, ölkənin bölgələrində logistika mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bütün bunlar, eyni zamanda, istehsal və investisiya mərkəzi kimi də ölkənin cəlbediciliyinin artmasına, yeni biznes və məşğulluq imkanlarının yaranmasına yol açacaq.

Son illərdə ölkəmizdə tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib. Bakıda və ölkənin regionlarında beynəlxalq hava limanlarının, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsinə başlanılıb və xeyli iş görülüb. Bütün bunların nəticəsində isə  yükdaşımaların həcmində artım qeydə alınıb.

Azərbaycanda rəqabətli, şaxələndirilmiş, inklüziv və dayanıqlı iqtisadiyyatın qurulması təşəbbüslərinin tərkib hissəsi kimi hazırlanan“Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” də ölkənin tranzit imkanlarının artırılmasına hədəflənən mühüm sənəddir. Xatırladım ki, bu Strateji Yol Xəritəsi logistika və ticarət sahəsində iqtisadi inkişaf üzrə Azərbaycanın 2025-ci ilədək və bundan sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətlərini müəyyən edir.

“Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə bildirilir ki, həyata keçirilən tədbirlər nəticəsində 2020-ci ildə ölkəmizdə real ÜDM-in 605 milyon manat artacağı, eyni zamanda, ümumilikdə, 18 min 900 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Nəzərdə tutulan tədbirlərin reallaşdırılması üçün dövlət və özəl mənbələrdən istifadə edilməklə, cəmi 3 milyard 160 milyon manat investisiya qoyuluşunun tələb olunacağı gözlənilir.

Onu da xatırladaq ki, logistika və ticarət sürətlə qloballaşan dünyada iqtisadi artımın mühüm təkanverici qüvvəsinə çevrilməklə, əsas sektorlarda birbaşa xarici investisiya qoyuluşlarının həcmini artırmağa şərait yaradır. Hesablamalar göstərir ki, inkişaf etmiş nəqliyyat və logistika sistemi ÜDM-də 3 faizədək birbaşa artıma imkan verir.

Ümumiyyətlə, logistika və ticarət sahəsi bütün sektorların inkişafında bünövrə rolunu oynamaqla, əlavə dəyərin və yeni iş yerlərinin yaradılmasında və gəlirliliyin artırılmasında mühüm rol oynayır.

“Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” də bildirilir ki, respublikamızda keyfiyyət və kəmiyyət göstəricilərinin yüksəldilməsi perspektivi üzərində qurulan logistika və ticarət sahəsində regional və qlobal dəyər zəncirlərinə inteqrasiya, dünyanın ən qabaqcıl təcrübələrinə dair nümunələrə əsaslanan tranzit ticarətindən yüksək gəlir əldə etmək məqsədilə əlavə dəyər yaradan xidmətlər təmin olunacaqdır.

Azərbaycanın coğrafi mövqeyi ticarət həcmlərinin müntəzəm artırılmasına imkan verir. Bu baxımdan ölkənin logistika aktivlərinin daim inkişaf etdirilməsi onun regional və beynəlxalq ticarətdə rolunun artmasına təkan verəcəkdir. Belə ki, həm “Şərq-Qərb”, həm də “Şimal-Cənub” dəhlizləri üzərindəki əlverişli coğrafi mövqe sayəsində ölkəmiz həm tranzit ticarəti, həm də idxal-ixrac əməliyyatlarından pay əldə etmək imkanına malikdir. Yeni liman və dəmir yolları ilə bağlı bir sıra mühüm infrastruktur layihələri artıq yekunlaşmaq üzrədir. Bu aktivləri və üstünlükləri nəzərə alaraq, Azərbaycanın ərazisində intermodal və multimodal (müxtəlif nəqliyyat növlərinin ehtiva edilməsi) logistika infrastrukturunun yaradılması vasitəsilə ticarət həcminin artırılması, tranzit ticarətindən daha çox dəyərin əldə edilməsi və logistika sahəsində özəl sektorun iştirak səviyyəsinin yüksəldilməsi məqsədilə bir sıra təşəbbüslər həyata keçiriləcəkdir.

“Şərq-Qərb” dəhlizinin əsas alternativi olan Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu Azərbaycan ərazisindən yükdaşımaların həcmini xeyli artıracaqdır. Gürcüstanın Poti və Batumi limanlarına alternativ kimi Bakı-Tbilisi-Qars dəmir yolu Aralıq dənizindəki limanlara və Avropa bazarlarına fasiləsiz çıxışı təmin edərək, Şərq-Qərb dəhlizi boyunca əlaqəni daha da yaxşılaşdıracaq.

Bakı-Tbilisi-Qars dəmir yolunun ilkin mərhələdə yükdaşıma gücü təxminən 6,5 milyon ton olacaq və son nəticədə bu göstərici 17 milyon tona çatdırılacaqdır. Dəmir yolunun Gürcüstan ərazisindən keçən hissəsinin bərpası və yeni 30 kilometrlik dəmir yolunun inşası məqsədilə Azərbaycan tərəfindən Gürcüstana 775 milyon ABŞ dolları məbləğində güzəştli kredit ayrılıb.

Dəmir yolunun Türkiyə və Azərbaycan ərazisindən keçən hissələrinin tikintisi müvafiq olaraq həmin dövlətlər tərəfindən maliyyələşdirilir.

“Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” də, həmçinin vurğulanır ki, logistika sahəsində əməliyyatların təkmilləşdirilməsi də mühüm önəm daşıyır. Buna görə də infrastruktura investisiya qoyuluşları nəticəsində Azərbaycanın alternativ marşrutlarla müqayisədə rəqabətqabiliyyətliliyi artsa da, ölkənin logistika şəbəkəsinin potensialından tam istifadənin təmin olunması məqsədilə müxtəlif sahələr üzrə əksər əməliyyat göstəricilərinin yaxşılaşdırılmasına daim diqqət yetirilməsi tələb olunur. Bir sıra potensial çatışmazlıqları aradan qaldıraraq, eləcə də diqqəti xərclər və vaxt baxımından rəqabətqabiliyyətliliyin artırılmasına, habelə tranzit ticarətinin etibarlılığının gücləndirilməsinə yönəltməklə, ölkədə müxtəlif nəqliyyat növləri və vasitələrini əhatə edən logistika əməliyyatlarının yaxşılaşdırılması üzrə təşəbbüslər davam etdiriləcəkdir.

Məhərrəm MƏMMƏDOV,
iqtisadçı-ekspert, fəxri dəmiryolçu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında