Prezident İlham ƏLİYEV: Biz indi dünya üçün etibarlı ölkəyə çevrilmişik

Dövlətimizin başçısı İlham Əliyev avqustun 4-də Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki çıxışında Azərbaycanın dünya, Avropa və qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyə çevrildiyini bildirib: “...Bu gün Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta xaricə də böyük miqdarda ixrac edir və böyük vəsait qazanır. Azərbaycanda tikilmiş 20-dən çox yeni elektrik stansiyası bu imkanları bizə yaratdı. Qazlaşdırma Azərbaycanda hazırda 93 faiz səviyyəsindədir və biz indi dünya üçün, Avropa üçün, qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyə çevrilmişik”.

Həqiqətən də bu gün dünyanın enerji təhlükəsizliyinin reallaşdırılmasında Azərbaycan qazı mühüm önəm daşıyır. Bu baxımdan respublikamızda  son illərdə kəşf olunan yataqlar sırasında böyük potensiala malik “Şahdəniz” xüsusi yer tutur. Xatırladaq ki, bu yataq indi təkcə Xəzər regionunda deyil, eyni zamanda, bütün dünyada kəşf olunan ən zəngin qaz-kondensat mənbələrindən biridir. Hesablamalara əsasən, “Şahdəniz”in  1,2 trilyon kubmetr qaz, 240 milyon tondan çox kondensat ehtiyatları var. “Cənub” qaz dəhlizinin əsas ehtiyat mənbəyi də məhz bu yataqdır.  

Bu il iyulun 10-da İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində Prezident İlham Əliyev “Cənub” qaz dəhlizi barədə deyib: “Biz bu layihənin coğrafiyasını genişləndiririk, gələcəkdə daha da genişləndirə bilərik. Çünki bu, hər bir ölkəyə fayda gətirən təşəbbüsdür. Bu layihənin icrası onu göstərir ki, burada iştirak edən bütün ölkələr və şirkətlər qazanc əldə edirlər. Biz elə bir gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçılar – yəni, Azərbaycan, həm tranzit ölkələr və həm də istehlakçılar burada ortaq maraqlar əsasında çalışırlar. Məhz bu maraqlar balansı bu böyük layihənin uğurlu icrasına gətirib çıxarıb. Çünki burada həm texniki, maliyyə, iqtisadi, siyasi məsələlər kifayət qədər çoxdur. Artıq bu gün demək olar ki, “Cənub” qaz dəhlizi layihəsi uğurla icra ediləcək və Azərbaycan bundan sonra uzun illər ərzində həm bölgə, həm də Avropa ölkələrini təbii qazla təmin edəcəkdir”.

“Cənub” qaz dəhlizi layihəsinin icrasında hazırda 7 ölkə – Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Gələcəkdə layihəyə 3 Balkan ölkəsinin qoşulacağı da gözlənilir. Azərbaycan bu layihənin təşəbbüsçüsü və aparıcı qüvvəsidir. Belə ki, tərəfdaşlarla birlikdə reallaşdırılan layihə bir çox ölkənin enerji balansını və enerji təhlükəsizliyini təmin edəcək, eləcə də Azərbaycanın enerji ixracı yollarını şaxələndirəcək.

Yeri gəlmişkən, “Şahdəniz” yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də dünyanın 7 tanınmış şirkəti arasında imzalanıb. Bundan sonra isə yataqda üçölçülü seysmik tədqiqatların aparılmasına başlanılıb. 1999-cu ilin iyun ayında həmin yataqda birinci kəşfiyyat quyusunun qazılması tamamlanıb.

Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində hasil olunan qaz 2006-cı ilin sonundan başlayaraq Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Azərbaycana və Gürcüstana ötürülür. 2007-ci ilin ortalarından isə mavi yanacaq Bakı-Tbilisi-Ərzurum marşrutu ilə Türkiyəyə də nəql edilir.  

Hazırda “Şahdəniz”in ikinci mərhələsinin işə düşməsinə hazırlıq işləri görülür. “BP-Azerbaijan” şirkətindən verilən məlumata görə, cari ilin birinci yarısında “Şahdəniz Mərhələ 2” layihəsinin tikinti işləri uğurla davam edib. Layihə üzrə tədbirlər - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 95 faizdən çox tamamlanıb və artıq bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi gözlənilir. 

Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində – həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalı, Bakı yaxınlığındakı “ATA” (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı dərin özüllər zavodu və boru kəməri marşrutu boyunca layihə işləri həyata keçirilir.

Bu il iyun ayının 1-də layihə üzrə daha bir mühüm hadisə qeydə alınıb – “Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin - yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin  Bibiheybətdəki Azfen tikinti-quraşdırma sahəsindən Xəzər dənizindəki “Şahdəniz” müqavilə sahəsinə yolasalma mərasimi olub. Mərasimdə çıxış edən Prezident İlham Əliyev deyib: “Bu nəhəng qurğular “Şahdəniz” yatağında quraşdırılacaq. Bu, böyük tarixi hadisədir. Çox sevindirici haldır ki, bu nəhəng qurğular yüz faiz Azərbaycanda inşa edilibdir. Bir neçə il bundan əvvəl, xüsusilə “Şahdəniz” yatağı üzrə kontrakt imzalananda bunu təsəvvür etmək belə mümkün deyildi.

“Şahdəniz” üzrə kontrakt 21 il bundan əvvəl iyun ayında Xəzər neft və qaz sərgisi zamanı imzalanmışdır. Artıq 21 ildən sonra biz bax, bu tarixi günü qeyd edirik. Bütün bu qurğular Azərbaycanda inşa edilib. Mənə verilən məlumata görə, bu qurğuların inşasında çalışanların əksəriyyəti - 90 faizi Azərbaycan vətəndaşları olub. Yəni, bu illər ərzində gözəl kadr potensialı yetişib və bu, əlbəttə, ölkəmizin enerji potensialını, iqtisadi potensialını gücləndirəcək. Çünki təkcə “Şahdəniz-2” layihəsi çərçivəsində əlavə 16 milyard kubmetr qaz, eyni zamanda, kifayət qədər kondensat hasil ediləcəkdir. Hasil ediləcək bütün bu təbii resurslarla bağlı kontraktlar imzalanıb, onların müştəriləri var və inşa edilən “Cənub” qaz dəhlizi vasitəsilə dünya bazarlarına çıxarılacaq.

İcra olunan layihələrin hər biri ayrılıqda tarixi hadisədir – TANAP, TAP, Cənub Qaz Kəməri, “Şahdəniz-2” layihəsi, bu platformaların tikintisi, bu yaxınlarda Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışı. Bir daha qeyd edirəm ki, bunların hər biri ayrılıqda tarixi layihədir. Amma bunlara birlikdə baxanda görürük ki, Azərbaycanda nə qədər böyük potensial yaranıbdır”.

“Şahdəniz 2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi”, TANAP və TAP layihələrinin daxil olduğu Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji layihələrindən biridir. Bu dəhliz ilk dəfə olaraq Xəzərdəki ehtiyatları birbaşa Avropanın qaz bazarları ilə bağlayacaq. Nəhəng layihənin BP-nin operatorluğu ilə həyata keçirilən hissələri – “Şahdəniz Mərhələ 2” və “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihələri tamamlanmaq üzrədir və ilk qazın gələn ilə planlaşdırılan nəqli üçün işlər qrafikə uyğun davam edir.

Hazırda təchizat-tədarük, mühəndis-layihələndirmə və tikinti işləri də daxil olmaqla, ümumilikdə, bu layihələrin 92 faizdən çox hissəsi tamamlanıb, ümumi dəyəri 13 milyard dollar həcmində olan iri müqavilələr imzalanıb. “Şahdəniz Mərhələ 2” və “Cənub Qaz Dəhlizi” layihələri üzrə indiyədək iştirakçı ölkələrdə 40 min yeni iş yeri açılıb.

“Şahdəniz” yatağı üzrə hesablanmış bütün ilkin geoloji qaz ehtiyatı təxminən 1 trilyon kubmetrdən çoxdur. “Şahdəniz Mərhələ 1” çərçivəsində illik hasilat 10 milyard kubmetr qaz və təxminən gündə 50 min barrel kondensat təşkil edir. “Şahdəniz Mərhələ 1” üzrə hasil olunan qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə nəql edilir. “Mərhələ 2” çərçivəsində əsas diqqət ildə 16 milyard kubmetr qaz və gündə 120 min barrelədək kondensat əlavə etməklə hazırda istismar olunan lay intervallarında qalan ehtiyatlara yönəlib. Bu layihə çərçivəsində ildə 6 milyard kubmetr qaz Türkiyəyə, 10 milyard kubmetr qaz isə Avropa alıcılarına çatdırılacaq.

“Şahdəniz Mərhələ 2” layihəsi çərçivəsində Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçıya ildə 16 milyard kubmetr qaz nəql edilməsi nəzərdə tutulur. İlk qazın nəqli Gürcüstan və Türkiyəyə gələn il, Avropaya isə 2020-ci ildə gözlənilir. “Şahdəniz” üzrə Hasilatın Pay Bölgüsü haqqında sazişin 2036-cı ildən 2048-ci ilədək uzadılması “Şahdəniz” yatağının dərin qatlarındakı ehtiyatların gələcəkdə mümkün işlənilməsi üçün yol açır. Azərbaycan və Gürcüstan ərazilərində boru kəməri marşrutu boyunca “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihəsinin tikinti işləri qrafikə uyğun davam edir. Ümumilikdə, tikinti işlərinin və istismaravermə sınaqlarının 89 faizi artıq tamamlanıb. Boru kəmərinin hidro-sınaq işləri həm Azərbaycanda, həm də Gürcüstanda davam edir.

Dənizdə üst modullar artıq əvvəldən suyun 94 metr dərinliyində quraşdırılan dayaq blokunun üzərinə oturdulub və uğurla bərkidilib. “ATA” tikinti-quraşdırma sahəsində “Şahdəniz-2” üçün inşa olunan paltformalardan ikincisinin də üst modullarının tikintisi artıq başa çatıb və istismar sınaqları 90 faiz tamamlanıb. Bu modulların dənizə yola salınması və quraşdırılması bu ilin üçüncü rübünə nəzərdə tutulur.

Sualtı tikinti işləri üçün nəzərdə tutulan “Xənkəndi” gəmisinin tikintisi və istismar sınaqları Bakı Gəmiqayırma Zavodunda artıq yekunlaşıb və bu da “Şahdəniz-2” layihəsində mühüm bir mərhələdir.

Dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında “Şahdəniz-2”dən əldə ediləcək əlavə qaz həcmlərini emal etmək üçün genişləndirmə tədbirləri də uğurla həyata keçirilir.

Ümumilikdə “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 mindən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunub ki, onların da 80 faizdən çoxu Azərbaycan vətəndaşıdır.

“BP-Azerbaijan” şirkətindən, eyni zamanda, bildirilib ki, bu ilin ilk yarısında “Şahdəniz Mərhələ 1”in mövcud platformasında (Alfa) “SDA11” qaz hasilatı quyusunda qazma işləri bərpa olunub və bu işlər hazırda davam edir. İkinci rüb ərzində “İstiqlal” qazma qurğusu yatağın şimal cinahında dördüncü quyunu (SDC01 quyusu) tamamlayaraq qərb cinahda daha dörd tamamlama işi aparmaq üçün “SDD01” quyusunun yerləşdiyi əraziyə keçirilib.

“Maersk Explorer” qazma qurğusu “SDF01” quyusunun məhsuldar lay hissəsini qazaraq “SDF02” quyusunda da həmin işləri aparmaq üçün o əraziyə keçib və hazırda həmin işlər davam edir.

Bu iki qazma qurğusu artıq “Şahdəniz Mərhələ 2”dən hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində 13 hasilat quyusu qazıb və bu quyulardan yatağın şimal cinahında yerləşən dördünü tamamlayıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb edilən bütün quyuların qazılması istiqamətində həyata keçiriləcək. 

Göründüyü kimi, “Şahdəniz-2” ilə bağlı tədbirlərin cədvəl üzrə reallaşdırılması “Cənub” qaz dəhlizinin uğurla və nəzərdə tutulan vaxtda fəaliyyətə başlamasına əlverişli zəmin yaradır.   

Hazırda “Şahdəniz”in illik iş proqramının bir hissəsi olaraq bu ay ərzində “Şahdəniz Mərhələ 1” platformasında, Səngəçal terminalındakı “Şahdəniz” qurğularında və Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemində  profilaktik tədbirlər proqramı həyata keçirilir. Plana əsasən, “Şahdəniz Mərhələ 1” platformasından hasilat bu ayın sonunadək  dayandırılıb ki, bundan da məqsəd profilaktika, inspeksiya və layihə işlərinin səmərəli şəkildə aparılmasıdır. Eyni zamanda,  proqrama “Şahdəniz Mərhələ 1” və “Mərhələ 2” qurğuları arasında keçid xətti üçün birləşdirmələr, Gürcüstanda birinci nasos stansiyasındakı qaz ölçü və təhvilvermə qurğusunun yenidən qurulması kimi müxtəlif layihə işləri də daxildir. Xatırladaq ki, belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılan şəkildə müntəzəm həyata keçirilir. Sözügedən proqramın hazırlığına isə  2016-cı ildən başlanılıb.

Burada diqqətçəkən bir məqamı da xatırlatmaq yerinə düşər. Belə ki, cari ilin fevral ayında “Cənub” Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçirilən üçüncü toplantısı sözügedən layihənin inkişafına müsbət təsir göstərib. Toplantıda qəbul edilən bəyannamədə Azərbaycanın Avropaya əlavə qaz verə biləcək işlənməmiş əhəmiyyətli qaz ehtiyatlarının olduğu da xüsusi vurğulanıb. Bildirilib ki,   “Abşeron”, “Ümid”, “Babək”, “Qarabağ”, “Dan ulduzu”, “Əşrəfi”, “Şahdəniz-3” və digər yataqlar “Cənub” qaz dəhlizinin növbəti inkişaf mərhələsində ehtiyat mənbəyi ola bilər.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP  Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1850 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur.

Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi – Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP ilə Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün işlərin 87,8 faizi görülüb. 2018-ci il iyun ayının sonuna qədər Faza-0 çərçivəsində işlərin tamamlanması, “Botaş” şirkəti vasitəsilə Türkiyəyə Azərbaycan təbii qazının verilməsi planlaşdırılır. Faza-1 üzrə nəzərdə tutulan işlərin isə 59,6 faizi tamamlanıb. Ümumilikdə TANAP layihəsi çərçivəsində bütün işlərin təxminən 80 faizi icra olunub.

Ümumiyyətlə, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu isə o deməkdir ki, gələcək onilliklər ərzində Azərbaycan həm regionun, həm də Avropa ölkələrinin qaza olan tələbatının ödənilməsində əhəmiyyətli rol oynayacaq. Bununla yanaşı, Azərbaycan Avropa üçün yeganə yeni qaz mənbəyidir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında