Bakının regional inkişaf planı uğurla həyata keçirilir

“Böyük Bakının Regional İnkişaf Planı” və “Məxsusi Bakının Ərazidən İstifadə Zonalaşdırma Planı” Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında imzalanan kredit sazişinə uyğun olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında hazırlanıb. Layihənin istinad tarixi 2011-ci il yanvarın 1-dən başlayaraq, 2030-cu ilə qədər olan dövrü əhatə edir.

Adıçəkilən komitədən aldığımız məlumatda bildirilir ki, “Böyük Bakının Regional İnkişaf Planı” Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərinin, həmçinin Abşeron rayonunun bir hissəsinin daxil edildiyi 282 min 322 hektardan artıq sahəni əhatə edən ərazi planlaşdırma sənədidir. Layihənin növbəti mərhələsini Bakı şəhərinin mərkəzində 33 min 333,29 hektar ərazini əhatə edən “Məxsusi Bakının Ərazidən İstifadə Zonalaşdırma Planı” təşkil edir.

Xatırladaq ki, “Böyük Bakının Regional İnkişaf Planı”nın ərazisinə 67 inzibati ərazi vahidi və 76 yaşayış məntəqəsi daxildir.

Bakı şəhəri ətraf qəsəbələrlə tarixən mədəni və iqtisadi baxımdan bağlı olub. Buna görə də bütün Abşeron yarımadası paytaxtla birlikdə Böyük Bakı Regionu adlandırılıb. Bu baxımdan Böyük Bakı Regionunun ərazi planının hazırlanması və dayanıqlı inkişafını reallaşdıran qərarların qəbul olunması vacib idi. Ona görə də “Böyük Bakının Regional İnkişaf Planı”nda müasir inkişaf tələbatını ödəyə biləcək mühitin yaradılması məqsədilə şəhərin formalaşmasının əsas amilləri təhlil edilib və prinsipial qərarlar qəbul olunub.

Burada bir məqamı da xatırlatmaq yerinə düşər. Bu da Bakıda köhnə binaların sökülüb yerində memarlığı ilə diqqətçəkən yenilərinin inşası ilə bağlı məsələdir. Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin bu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında paytaxtımızda müddəti keçən, yararsız vəziyyətə düşən   binaların sahibkarlar tərəfindən söküldüyünü və həmin ərazilərdə gözəl memarlığı ilə seçilən hündürmərtəbəli yaşayış evlərinin tikildiyini diqqətə çatdırıb.

Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, sözügedən layihənin icrası sosial mahiyyət kəsb etməklə yanaşı, həm də şəhərimizin gözəlləşməsinə xidmət edir. Vətəndaşlar yeni mənzillərə köçürülür, qəzalı binalardan canı qurtarır, eyni zamanda, onlara əvvəlkindən təxminən 10, bəzi hallarda 20, yaxud 30 faiz daha böyük ölçüdə təmirli mənzillər verilir. Həmçinin, yeni binaların tikildiyi müddətdə sakinlər sahibkarların hesabına şəhərdə kirayə evlərdə, yaxud da sakinlərin əvvəl yaşadıqları həmin ərazidə inşa olunan əsas binanın mənzillərində müvəqqəti yaşayış yeri ilə təmin edilirlər.

Yaxud, digər bir məsələ barədə. Bakının gələcək inkişafı konsepsiyasının əsasını sənaye müəssisələrinin mərhələli şəkildə mərkəzi hissədən çıxarılması prinsipi təşkil edir. Onların yerində isə iri iş mərkəzləri, idman obyektləri, mehmanxanalar, parklar, bulvarlar yerləşdirmək, həmçinin mövcud Dənizkənarı bulvarın Bakı buxtasının sahil xətti boyunca uzunluğunun 3,5 kilometrdən 25 kilometrə qədər artırılması təklif olunur. Bu zaman dəniz şelfinin hesabına əldə olunan 50-200 metr enində sahil zolağında iri mehmanxanalar, biznes, ticarət, xidmət və əyləncə obyektlərinin yerləşdirilməsi, yeni 8-10 zolaqlı magistral yolların çəkilməsi, həmin magistral üzərində Bakı Metropoliteninin yeni xəttinin, turistlər üçün isə xüsusi nəqliyyat və elektromobillərlə gəzinti məqsədilə yolların çəkilməsi nəzərdə tutulur.

Bütün bunlarla yanaşı, yaxın gələcəkdə Bakı buxtasının sahil zolağında idman, istirahət və əyləncə obyektləri, çimərliklər, sahil gəzintiləri üçün biri-birilə bağlı olan park və bağlar yerləşəcəkdir. Dövlət Bayraq Meydanı ilə bərabər, neft muzeyi və akademiyası, müasir incəsənət və milli tarix muzeyləri də fəaliyyət göstərəcəkdir. Mövcud yük limanının yerində isə Su idmanı sarayı ilə yanaşı, avarçəkmə kanalı və Beynəlxalq sərgi mərkəzi, Milli idman kompleksi, müxtəlif dərəcəli (olimpiya kəndi) otellər tikiləcəkdir.

“Böyük Bakının Regional İnkişaf Planı”na uyğun olaraq paytaxtın qəsəbələrində də böyük layihələrin işlənməsi nəzərdə tutulub. Ölkə Prezidenti İlham Əliyevin Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasını nəzərdə tutan müvafiq sərəncamına uyğun olaraq, Böyük-Şor gölü ətrafındakı ərazi təmizlənməli, çirkab suların qurudulması və burada istirahət zonalarının yaradılması nəzərdə tutulurdu. Məqsəd isə adıçəkilən gölün müəyyən hissəsini qurudaraq bu ərazidə yaşayış binaları ilə yanaşı, müasir tələblərə cavab verən istirahət kompleksi və əyləncə mərkəzinin inşasını reallaşdırmaq idi.

Yeri gəlmişkən, “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu 2007-ci ildə “Böyükşor gölünün çoxfunksiyalı əyləncə və istirahət zonası kimi formalaşmasının planlaşdırılması konsepsiyası”nı işləyib hazırlayıb. Artıq bərpa layihəsinin birinci mərhələsi çərçivəsində reallaşdırılan tikinti işləri zamanı gölün şərq və cənub sahilində bulvar və park salınıb, 15 hektardan çox sahədə abadlıq işləri görülüb. Ərazidə neftlə çirklənən torpaqlar təmizlənib. Çirklənən yeraltı suların gölə axıdılmasının qarşısı tamamilə alınıb və drenaj sistemi qurulub.

Sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometr, bulvar sahəsinin ümumi eni isə 94 metrdir. Burada idman və uşaq oyun meydançaları qurulub, ayrıca qaçış və velosiped zolaqları salınıb, minlərlə ağac və bəzək kolu əkilib. Gölün içində quraşdırılan fəvvarələr kompleksi şəhərimizin qonaqlarının zövqünü oxşamaqla yanaşı, həm də suyun keyfiyyətinin yaxşılaşdırılması üçün onu oksigenlə zənginləşdirir.

Gölün tam bərpa edilməsinin ikinci mərhələsi 2016-2020-ci illəri əhatə edir. Nəzərdə tutulan tədbirlər reallaşdırılandan sonra Böyükşor özünün tarixi-təbii məcrasına qaytarılacaq, burada suyun səviyyəsi tənzimlənəcək, ekoloji sistem bərpa olunacaqdır.

“Böyük Bakının Regional İnkişaf Planı” layihəsinə uyğun olaraq, Bakıda Yeni Türkan qəsəbəsi də yaradılacaqdır. Salınacaq qəsəbə üçün ayrılan torpaq sahəsi 2 min hektar ərazini əhatə etməklə şimaldan qədim Qala, şimal-şərqdən Türkan kəndləri, qərbdən Hövsan qəsəbəsi və cənubdan Xəzər dənizi ilə sərhədlənən bir ərazidə yerləşir. Qəsəbə, eyni zamanda, şərqdən mövcud Qala-Türkan, cənubdan Hövsan-Türkan və şimaldan isə Zığ-Türkan yolunu birləşdirən avtomobil yolları ilə əhatələnəcək. Hazırda burada yaşayış evləri, sahibkarlıq obyektləri və istismarı dayandırılan daş karxanaları mövcuddur. Ərazinin şimal hissəsindən Samur-Abşeron su kanalı və neft kəməri keçir. Ərazinin cənubundan dənizə çıxan hissəsi isə əsasən fərdi yaşayış evləri ilə sahil boyunca əhatələnib.  

Yeni Türkan qəsəbəsinin eskiz layihəsinin həllində mövcud faktlar nəzərə alınaraq öz həllini tapıb. Qəsəbə Türkan və Hövsan yaşayış məntəqələri ilə mövcud və yeni layihələndirilən avtomobil yolları vasitəsilə əlaqələndirilib. Əsas mərkəzi küçələrdə 3-5 mərtəbəli terras tipli yaşayış binalarının və ətrafda həyətyanı sahəli fərdi yaşayış evlərinin layihələndirilməsi nəzərdə tutulub.

Bu gün paytaxtımızda inşa edilib istifadəyə verilən çoxsaylı unikal memarlıq bina və qurğuları mövcuddur. Bunlardan Bakının dağlıq hissəsində möhtəşəmliyi ilə göz oxşayan “Üç alov” kompleksi, dənizkənarı milli park ərazisində orijinal formaya malik Muğam Mərkəzi, Xalçaçı muzeyi, bənzəri olmayan Heydər Əliyev Mərkəzi, müxtəlif təyinatlı müasir idman qurğuları, möhtəşəm Olimpiya stadionu, “Ağ şəhər” kompleksi, hotellər və digərlərini göstərmək olar.

Paytaxtda Avropanın ən yaxşı dənizkənarı bulvarı, Füzuli prospekti boyunca bulvar, respublikanın bütün şəhərlərində onlarca gözəl parklar və bağçalar istifadəyə verilib. Heydər Əliyev prospektindəki sənaye müəssisələrinin köçürülməsi prosesi praktik olaraq tamamlanıb və o ərazinin möhtəşəm memarlığı olan obyektlərlə tikintisi işləri tamamlanmaq üzrədir.

Köhnə dəniz limanı, gəmiqayırma müəssisəsi Bakının mərkəzindən çıxarılaraq yerlərində yeni limanın birinci növbəsi və Xəzər yeni aeroport kompleksi öz təkrarsız memarlığına görə Avropanın ən yaxşılarından biridir. Xeyli sayda səhiyyə, mədəniyyət, turizm obyekti istifadəyə verilib, tarix və memarlıq   abidələrinin ilkinliyi qorunmaqla bərpa olunub.  

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında