Dünya Bankı gələn il Azərbaycan iqtisadiyyatının artacağını proqnozlaşdırır

Dünya Bankının Bakı ofisinin rəhbəri Navid Hassan Naqvi mətbuata verdiyi müsahibədə bildirib ki, enerji resurslarının qiymətinin aşağı düşməsi və bunun ardınca milli valyutanın devalvasiyası digər sektorların inkişafını sürətləndirəcək. Hazırkı mübadilə məzənnəsi bir çox potensial aqroməhsul ixracatçılarına ixracatı müxtəlif bazarlarda daha rəqabətqabiliyyətli qiymətlərlə reallaşdırmağa imkan verəcək.

Navid Hassan Naqvi daha sonra deyib ki, neftin qiymətinin düşməsi dövlətin gəlirlərinin azalması deməkdir. Bu isə ölkə iqtisadiyyatının diversifikasiyasına imkan verəcək islahatlar aparmağa şərait yaradır. Təbii ki, Azərbaycan hökuməti dünya iqtisadiyyatındakı mövcud vəziyyəti əsas tutaraq, müxtəlif istiqamətlərdə islahatlar həyata keçirir. Ötən ilin sonu, bu ilin əvvəlində strateji yol xəritələrinin qəbul olunması bunun bariz ifadəsidir.

Dünya Bankının Bakı ofisinin rəhbəri digər islahatlar sırasında Maliyyə Sabitliyi Şurasının yaradılmasını da xüsusi vurğulayıb. Onun fikrincə, bütün islahatlar vaxt tələb edir, buna görə də onların səmərəliliyi barədə danışmaq hələ tezdir. Bununla belə, Navid Hassan Naqvi əlavə edib ki, Azərbaycan hökuməti tərəfindən reallaşdırılan islahatlar ölkə iqtisadiyyatının inkişafı üçün mühüm potensiala malikdir.

Xatırladaq ki, hazırda ölkəmizdə daxili tələbin tədricən xarici tələblə əvəzlənməsi, ixracın şaxələndirilməsi strateji vəzifələrdəndir. Qeyri-neft sektorunda ixracyönümlü iqtisadi artımın təmin olunması və bu artımın əsasən özəl daxili və xarici investisiyalarla dəstəklənməsi son nəticədə dövlət büdcəsinin və tədiyə balansının dayanıqlığının artırılmasına xidmət edir. Yeri gəlmişkən, ixracyönümlü inkişaf modeli ticari sektorun iqtisadi artımının və məşğulluqda yüksək xüsusi çəkisinin formalaşmasını nəzərdə tutur.

Hazırda uğurla reallaşdırılan şaxələndirmə prosesi daxili tələblə yanaşı, qeyri-neft ixracının da iqtisadi artımda rolunun daha da güclənməsi üçün zəmin yaradır. Şaxələndirmə prosesinə dəstək olaraq Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyinin qorunmasını təmin edir. Bunun üçün adıçəkilən bank inflyasiyanın birrəqəmli səviyyədə tənzimlənməsinə dəstək məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin reallaşdırılması zərurətini ortaya qoyur.

Yaxın illərdə qarşıda duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun hesabına təmin etməkdir. Sənayenin inkişafının innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə strateji layihələr kimi yer alması Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır.

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində Azərbaycanın perspektivli və potensial üstün sahələri müəyyənləşdirilib, 2025-ci il və sonrakı dövr üçün görüləcək tədbirlərin yol xəritəsi göstərilib. Orta və uzunmüddətli dövrləri əhatə edən sənədlər iqtisadi inkişafa töhfə verən bütün amilləri, o cümlədən yerli və beynəlxalq özəl sektor nümayəndələrinin kommunikasiyası və əmək-daşlığı üçün imkanlarının təmininə yönəlib.

Yeri gəlmişkən, qlobal miqyasda baş verən iqtisadi böhrandan Azərbaycan analoji problemlərlə üzləşən ölkələr arasında az itkilərlə çıxan dövlətdir. Cari ilin ötən aylarının sosial-iqtisadi qiymətləndirməsi də deməyə əsas verir ki, respublikamızda maliyyə sabitliyinin təmini yönümündə həyata keçirilən tədbirlər praktik baxımdan özünü doğruldub. Əvvəlki illərdən yaradılan möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılıb. Ötən dövrün pozitiv nəticələri respublika iqtisadiyyatının yalnız neft amilindən asılılığı barədə indiyədək irəli sürülən müəyyən iddiaların əsassızlığını tam sübuta yetirib.

Azərbaycan bu gün qeyri-neft sektoruna əsaslanan iqtisadi inkişaf modelini prioritet seçib. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, sənaye müəssisələrinin yaradılması, respublikamızın xammal ixrac edən respublikadan elmtutumlu sənaye və informasiya texnologiyaları istehsalçısına, münbit turizm məkanına çevrilməsi məqsədinin reallığa çevrilməsi üçün bütün imkanlar səfərbərliyə alınıb. Xüsusən də regionların sosial-iqtisadi inkişafı tədbirlərinin genişlənməsi ölkəmizin sənaye potensialının gücləndirilməsi zərurətini ön plana çıxarıb və bu istiqamətdə müəyyən addımlar atılıb. 

Azərbaycan iqtisadiyyatının hədəfi çoxşaxəliliyin təmin olunmasıdır. Məhz bu məqsəd hazırda kənd təsərrüfatının, turizmin, informasiya texnologiyalarının və bir çox digər sahələrin inkişafına təkan verib. Məsələn, burada diqqəti bir fakta yönəldək. Müstəqilliyin ilk illərində xaricdən elektrik enerjisi alan ölkəmiz indi bu sahədə ixracatçıya çevrilib. 2004-cü ildən bu günədək 20-dən çox elektrik stansiyası tikilib ki, onların da ümumi istehsal gücü 2400 meqavatdır. Həmin vaxtdan bugünə kimi ölkənin ərazisində 11 min kilometrdən çox avtomobil yolu tikilib. Buraya həm magistral, həm də şəhərlərarası və kənd yolları daxildir.

Kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük həcmli meliorasiya tədbirləri görülüb. Yüz minlərlə hektar torpağın meliorasiya vəziyyəti yaxşılaşdırılıb və suvarılan sahələr dövriyyəyə buraxılıb. Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə nəhəng su anbarları tikilib.

Azərbaycanda istifadəyə verilən hər bir obyekt, müəssisə yeni-yeni iş yerləri deməkdir. Məsələn, Sumqayıt Kimya Sənaye Parkındakı “Azertexnolayn” zavodunda 750 nəfər işlə təmin olunub. Bu nəhəng parkda açılacaq yeni müəssisələr növbəti illərdə daha yüzlərlə insanın öz məşğulluq problemini həll etməsinə imkan verəcək.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında