Azərbaycanın xarici ticarət əlaqələrinin inkişafı xüsusi diqqət mərkəzindədir

Bu ilin yanvar-iyun aylarında ölkəmizin xarici ticarət dövriyyəsi 10 milyard 692,8 milyon ABŞ dolları təşkil edib

Son illər Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da möhkəmlənib, ən nüfuzlu təşkilatlarda layiqincə təmsil olunub, siyasi sahədə böyük nailiyyətlər qazanıb. Bununla yanaşı, dünyada böhran proseslərinin hələ də davam etməsi, hətta qabaqcıl ölkələrin ciddi maliyyə problemləri ilə üzləşməsi fonunda ölkəmizin davamlı iqtisadi inkişafı, quruculuq işlərinin geniş vüsət alması, əhalinin həyat səviyyəsinin yüksəlməsi, respublikamızın dünya iqtisadiyyatına inteqrasiyasının sürətlənməsi nəzərə çarpıb. 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin edib.  Şübhəsiz ki, bu uğurlara dövlət başçısının ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti nəticəsində nail olunub. Ölkəmiz tarix baxımından qısa müddət ərzində sıçrayışlı iqtisadi inkişafı reallaşdırıb, bütün sahələrdə köklü islahatlar apararaq mərkəzləşdirilən planlı sistemdən bazar iqtisadiyyatına keçidi başa çatdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub.

Makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın diversifikasiyasının davam etdirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi, xarici iqtisadi əlaqələrin və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, xarici dövlətlərlə ikitərəfli ticarət əlaqələrin inkişafı müstəqil Azərbaycanın bu gün daha da qüdrətlənməsində mühüm önəm daşıyır, ölkəmizin dünyada nüfuzunu daha da artırır. 

Azərbaycanın xarici dövlətlərlə ikitərəfli ticarət əlaqələrindən danışarkən, bununla bağlı cari ilin ilk yarısının göstəricilərinə nəzər salmaq istərdik. Belə ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 98 ölkəyə məhsul ixrac olunub, 166 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsinin məlumatında göstərilir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla cari ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 10 milyard 692,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 7 milyard 283,1 milyon dollar, idxalın dəyəri 3 milyard 409,7 milyon dollar təşkil edib. Nəticədə 3 milyard 873,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,8 faiz artıb, real ifadədə isə 16,4 faiz, o cümlədən ixrac 8,6 faiz, idxal 28,6 faiz azalıb.

Ticarət dövriyyəsinin 39 faizi Avropa İttifaqı ölkələri, 13,6 faizi MDB üzvü dövlətləri, 47,4 faizi isə dünyanın digər ölkələrinin payına düşüb. İxracın dəyərinin 23,1 faizi İtaliyaya, 11,7 faizi Türkiyəyə, 6,5 faizi Çinə, 5,5 faizi Rusiyaya, 5 faizi Portuqaliyaya, 4,5 faizi Gürcüstana, 4 faizi İsrailə, 3,8 faizi Kanadaya, 3,7 faizi Almaniyaya, 3,3 faizi Hindistana, hər biri 3,2 faiz olmaqla Tayvan (Çinin əyaləti) və Çexiyaya, qalan 22,5 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.

İdxal olunmuş məhsulların dəyərinin 19,4 faizi Rusiyanın, 16,8 faizi Türkiyənin, 9,8 faizi Çinin, 5 faizi Almaniyanın, 4,7 faizi Ukraynanın, 4,4 faizi ABŞ-ın, 4 faizi İtaliyanın, 3,7 faizi İranın, 3,3 faizi Birləşmiş Krallığın, 1,9 faizi Fransanın, hər biri 1,8 faiz olmaqla Qazaxıstan və Belarusun, 23,4 faizi isə digər ölkələrin payına düşüb.

Dövlət Statistika Komitəsinin məlumatında, həmçinin bildirilir ki, yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 73,1 faiz, təzə meyvə 34,3 faiz, kartof 50,6 faiz, tütün 36,9 faiz, çay 44,3 faiz, meyvə və tərəvəz şirələri 91,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu 21,5 faiz, polietilen 1,9 faiz, pambıq lifi 5,7 dəfə, qara metallardan borular 0,1 faiz, bentonit gili 3,9 dəfə artıb.

2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə cari ilin altı ayında xam şəkər və şəkər idxalı 13,5 faiz, təzə meyvə 10,9 faiz, quş əti və onun əlavə məhsulları 2 dəfə, mal əti 2,3 dəfə, minik avtomobilləri 33,7 faiz, hesablama maşınları, blok və qurğuları 86 faiz, qara metallardan çubuqlar 15,9 faiz, rezin şinlər 50,5 faiz, mineral gübrələr 4,1 dəfə, qara metallardan künclüklər 36,6 faiz, məişət kondisionerləri 13,8 faiz, paltaryuyan maşınlar 96,5 faiz, yük avtomobilləri 65,1 faiz, avtobuslar 23,1 faiz artıb. Buğda idxalı isə 35,2 faiz, bitki yağları 36,9 faiz, kərə yağı, digər süd yağları və pastaları 0,4 faiz, kartof 5,7 faiz, çay 2,1 faiz, təzə tərəvəz 46,4 faiz, polad prokatı 1,4 faiz, qara metallardan borular 66,5 faiz, mebel 10,1 faiz, polietilen 28,2 faiz, sement və sement klinkerləri 93,6 faiz və məişət soyuducuları 37,5 faiz azalıb.

Burada bir məqamı da qeyd etmək yerinə düşər. Ticarət dövriyyəsinin böyük hissəsinin Avropa İttifaqı (Aİ) ölkələrinin payına düşməsi təsadüfi deyil. Çünki Aİ ölkələri Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. Son 10 ildə Azərbaycanda əsas kapitala yönələn xarici investisiyaların yarıdan çoxu, qeyri-neft sektoruna birbaşa xarici investisiyaların isə 35,3 faizi bu təşkilatın üzv dövlətlərinin payına düşüb. 

Ölkə Prezidentinin müvafiq sərəncamı ilə Aİ ilə əlaqələrin daha da gücləndirilməsi, səmərəli və əlaqələndirilən işin təmin edilməsi məqsədilə 37 üzvdən ibarət Avropaya İnteqrasiya üzrə Dövlət Komissiyası yaradılıb. Komissiyanın nəzdində müxtəlif sahələr üzrə 6 işçi qrupu təşkil edilib, Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması üzrə tədbirlər planı hazırlanıb.

Azərbaycanda hazırda 1300-dən çox Aİ ölkələrinin şirkəti fəaliyyət göstərir. Bu qurumun 23 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 üzv ölkə ilə sərmayələrin təşviqi və qorunması sazişləri, 7 üzv ölkə ilə Strateji Tərəfdaşlıq bəyannamələri imzalanıb, 13 üzv ölkə ilə Hökumətlərarası Komissiya mövcuddur. Aİ-nin  bir sıra ölkələri ilə Azərbaycan arasında ticarət palataları da fəaliyyət göstərir. Son 5 ildə Aİ-yə üzv ölkələrlə 123 biznes forum və digər tədbirlər keçirilib.

Göründüyü kimi, Azərbaycanın xarici ticarət əlaqələrinin inkişafı daim diqqətdə olan məsələlərdəndir. Belə ki, yerli məhsulların xaricə, o cümlədən qeyri-ənənəvi bazarlara ixracının genişləndirilməsi məqsədilə zəruri tədbirlər görülür. Dövlət başçısının bu istiqamətdə tapşırıqlarına uyğun olaraq, dövlət dəstəyi ilə potensial ixrac ölkələrində logistik mərkəzlərin yaradılması üzrə tədbirlər reallaşdırılır. Bununla yanaşı, qarşılıqlı investisiya fəaliyyətinin təşviq edilməsi istiqamətində işlər daha da gücləndiriləcəkdir. Bu, ilk növbədə, investorlar üçün mühüm əhəmiyyət kəsb edən investisiyaların qarşılıqlı qorunmasını, təşviqini, eləcə də ­ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan hüquq-müqavilə bazasının yaradılması işlərini əhatə edəcək.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında