H. Z. Tağıyev: Neft sənayesinin təxirəsalınmaz ehtiyacları

(Rusiya Sənayesi və Ticarətinə Yardım Cəmiyyəti Bakı bölməsində çıxış)

Azərbaycanın tarixi şəxsiyyətləri sırasında özünəməxsus yeri olan ilk sənaye və ticarət milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev heç bir məktəb təhsili almasa da, keçdiyi mükəmməl “həyat universiteti” onda yetərli iqtisadi təfəkkür formalaşdırmışdır. Yarım əsrdən artıq dövrdə müxtəlif sahələrdə uğurlu biznes qurmuş sahibkar həm də bu sferaların elmi əsaslarına bələd olmuş, problemlərinin öyrənilib aradan qaldırılmasında dəyərli mülahizələr irəli sürmüşdür.

Müstəqillik illərində məşhur soydaşımızın uzun müddət  bağlı qalmış, unutdurulmuş şəxsiyyəti, iqtisadi və ictimai fəaliyyəti, xeyriyyəçiliyi və mədəni-zehni irsi ilə bağlı müxtəlif araşdırmalar aparıldıqca məlum olmuşdur ki, milyonçu sahibkar heç də təsadüf nəticəsində varlanmamış, əksinə, hədsiz zəhmətsevərliyi, qurucu xarakteri, dərin zəkası və davamlı səyləri ilə adi fəhləlikdən yüksək sahibkarlıq sahəsinə keçə bilmişdir. Əmin oluruq ki, Qafqazın birinci  milyonçusu Tağıyev aşıb-daşan var-dövlətini Ulu yaradanın müstəsna rəğbətindən savayı, həm də dövrün qayda-qanunlarına  uyğun, ayıq-sayıqlıqla artırmağı və qorumağı bacarmışdır.

Araşdırmalarımız bir daha sübut edir ki, Hacı Zeynalabdin XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Bakının sürətlə dünya neft sənayesinin mərkəzinə çevrildiyi bir dövrdə neftin sənaye üsulu ilə çıxarılması, emalı, dünyada ilk dəfə kəmər üsulu ilə nəqli ilə bağlı mütərəqqi axtarışlar və yeni texnologiyalar yaradılması prosesində fəal iştirak etmiş, yeri gələndə elmi məclislərdə də cəsarət və təşəbbüskarlıqla çıxışlar etmişdir.

Şübhəsiz, Hacının belə sərrast elmi mühakimələr söyləməsində, elm və texnikanın ümumi inkişafda rolunu düzün qiymətləndirməsində onun daim görkəmli alim və mühəndislərlə ünsiyyətdə olması, müşavirlərinin köməyi ilə elmi qaynaqlardan xəbər tutması önəmli rol oynamışdır. Amma xalqımızda deyildiyi kimi: quyu su tökməklə deyil, gərək özü sulu olsun. Hacı Zeynalabdin Tağıyev də dərin “sulu quyu”lardan idi, fitrətən ağıl-kamallı və yaradıcı təfəkkürlü bir insan olmuşdu.

Bütün bu keyfiyyətlər Zeynalabdin Tağıyevin 1886-cı il yanvarın 11-də Rusiya Sənayesi və Ticarətinə Yardım Cəmiyyəti Bakı bölməsinin yığıncağında neft sənayesində vəziyyətin kəskinləşməsi ilə bağlı söylədiyi məruzədə bütün aydınlığı ilə əksini tapmışdır. O dövrdə geniş əks-səda doğurmuş və rus dilində  mətni elmi nəşrlərə daxil edilmiş həmin çıxışın tərcüməsini “ilk dəfə “Xalq qəzeti”nin oxucularına təqdim edirik.

Neft sərvətlərimizin nə qədər zəngin olması artıq çoxdan bəri bizim neft sənayesi işçilərini və mühəndislərini maraqlandırır. Hələ I qurultayda, 1884-cü ildə Raqozin bu məsələlərə toxunaraq, qurultaya hökumət qarşısında torpaqdakı neftin vəziyyətini öyrənə bilən ayırıcı xüsusi komissiyanın təyin olunması barədə məsələ qaldırmışdır ki, həmin komissiyanın nəticələrinə əsaslanaraq, biz ümidlərimizi və gözləntilərimizin meyarlarını müəyyənləşdirə bilək.

O öz bəyanatında deyirdi ki, sənaye üçün olduqca vacib əhəmiyyət kəsb edən məsələ ondan ibarətdir ki, bizdə nə qədər neft var, o harda yerləşir və necə bölüşdürülüb.

Yerin altındakı sərvətlərin ölçüsünü bilmədən sənayeçilər hər hansı bir doğru-düzgün hesablama apara bilmir, təxmin edə bilmir və kor-koranə hərəkət edirlər. Bu gün neft kəməri tələb edirlər və bütün dünyanı kerosinə qərq etməyi vəd edirlər, amma sabah məyusluğa düçar olacaqlar və bilmirlər ki, onların zavodları işləyəcəkmi, məhsulların satışı üzrə götürdükləri öhdəlikləri yerinə yetirə biləcəklərmi? Belə bir şəraitdə heç bir sənaye  duruş gətirə bilməz və özünü haqlı saya bilməz.

Doğrudan da, bizim sənaye işçilərimiz kor-koranə hərəkət edirlər. Bu gün fontan vurdumu, mədənlərdə neft hasilatının ümumi həcmi artır, beləcə, bir-iki həftə zavodlar təmin olunur. Sənaye işçiləri bayram edirlər, əgər fontan durdusa, quyu dayazlaşdısa, su çıxdısa və ya xammalın qiyməti qalxdısa, neft sənayesi işçiləri yataqların artıq istismar müddətini başa vurduğundan dəm vurmağa və neft işinin gələcək taleyini ağlamağa başlayırlar.

Daha sonra Nobel qardaşlarının Yoldaşlıq şirkəti zavodların xammalla təmin olunmasına başqalarından daha artıq maraq göstərərək 1886-cı ildə neft sənayesi sahiblərinin ümumi vəsaiti hesabına yeni ərazilərdə neft kəşfiyyatı layihələri təklifini irəli sürdü. Həmin firma dövlət əmlak nazirinə verdiyi ərizədə dövlətə məxsus istifadəsiz ictimai torpaqların kəşfiyyat- araşdırma işləri aparmaq üçün ayrılmasını xahiş edir və bildirir ki, bu və ya digər ərazidə neft aşkar olunduğu halda yeni aşkarlanan rayonlarda əsasən kəşfiyyat işlərinə vəsait qoyan şəxslərə buruq qazma işləri aparmağa icazə verilsin və iştirak etmək hüququ onların axtarış işlərinə ayırdıqları məbləğin həcmi ilə müəyyənləşdirilsin.

İndiki dövrdə bizim neft sənayemiz bütövlükdə diqqəti Balaxanı--Sabunçu ərazisindəki 518 desyatin sahəyə yönəltmişdir ki, bunun da 100 desyatini dövlət qoruq sahəsinə aiddir və 55 desyatini Bibiheybətin payına düşür. Həmin sahələrdə hardasa neftin olub-olmaması indiyə kimi, məlum deyil. Orada Nobel qardaşlarının firması Balaxanı--Sabunçu ərazisini 3 tərəfdən əhatə edən sahədə 7 qazma quyusunun təməlini qoymuşdur. Amma, həmin quyularda qazma işləri 130 – 150 sajenə (2,134 metr– 3 arşin-A.Ə.) çatdıqda əks göstəricilər əldə edilmiş və həmin sahədə neft olmadığı təsdiqini tapmışdır.

Əgər adıçəkilən sahədə neft yoxdursa, ola bilsin ki, başqa yerlərdə, hətta Bakıdan kənar yerlərdə neft olsun, hər halda müxtəlif əlamətlər bizə Şamaxı qəzasında, Petrovskdan Kürün dənizə töküldüyü yerə qədər Xəzər dənizi sahili boyunca neftin olmasından xəbər verir. Bəs həmin yataqlar nə dərəcədə etibarlıdır və indi istismar olunan sahələr tamamilə tükəndiyi halda onları əvəz edə biləcəkmi? Çünki bu gec və ya tez baş verməlidir və bunu bizə həmin vaxta qədər heç kim xəbər verə bilməz.

Alimlərin hansının haqlı olması məsələsinə toxunmadan,– onlardan bəziləri təsdiq edirlər ki, hazırda istismar etdiyimiz yataqların təkində neft həddindən artıq çoxdur, bəziləri isə deyir ki, neftin tükənməsi şübhə və mübahisə doğurmayan faktordur - biz hər halda gələcək haqqında onun qəflətən, hazırlıqsız şəkildə yaxalanmaması üçün düşünməyə bilmərik.

Hazırda istismar olunan sahələrdən artıq bizim tərəfimizdən bu qədər neft çıxarılmış və istifadəyə verilmişdir: 1832-ci ildən 1849-cu ilə qədər 4.000.000 pud (1 pud-- 16,4 kiloqram-A.Ə.); 1850-ci ildən 1873-cü ilə qədər 13.000.000 pud; 1873-cü ildən 1889-cu il daxil olmaqla1.106.680.000 pud. Cəmi: 1.123.680.000 pud.

Amerikada isə 1859-cu ildən 1887-ci il də daxil olmaqla 2.500.000.000 pud neft hasil olunmuşdur. Bizdə hasil olunan neftin üstünə öhdəsindən gələ bilmədiyimiz fontan və digər hallardakı itkiləri də əlavə etsək də, onda bizim sənayemiz mövcud olduğu vaxtdan bəri hasil olunan neftin ümumi həcmi 1,5 milyard pud kimi olduqca sanballı bir rəqəmə çatmış olar. Lakin bu da Amerikada hasil olunan neftin yarısından bir qədər azdır.

Fərz edək ki, Balaxanı--Sabunçu ərazisində yerin altında (hələlik bu, bizə məlum olan və hasil etdiyimiz qədər neft ehtiyatı olan yeganə sahədir), yəni 1,5 milyard pud neft var, doğrudan da, indiki halda ilbəil neftə tələbatın artdığını nəzərə alaraq, biz hələ 5 – 6 il də özümüzü təmin olunmuş hesab edə bilərik.

Doğrudan da, indiki bizim mövcud olan mənbələrimizin əbədi olduğunu iddia etmək yersizdir, neft işinin təcrübəsi bunun əksini söyləməyə əsas verir, neftə tələbat ildən- ilə artır və başqa cür də ola bilməz. Müxtəlif dövlətlərin kerosinə olan tələbatı haqqında məlumatlardan öyrənirik ki, bizim istehsal etdiyimiz məhsulun ixracı son vaxtlar olduqca artmışdır.

1884-cü ildə bizim ixracat müxtəlif dövlətlərin ümumi ixracatının 5 faizindən bu qədər çoxdur, 1885-ci ildə 8, 1886-cı ildə 10, 1887-ci ildə 12,5 faiz və nəhayət, 1888-ci ildə artıq 28 faiz təşkil etmişdir. Bu il isə  təkcə oktyabrın 1-dək həmin göstərici daha yüksək olmalıdır. Bizdən 26 milyon pud, Amerikanın limanlarından isə 60 milyona yaxın məhsul aparılmışdır. Amma, bu rəqəmə amerikalıların daxili tələbatını ödəmək üçün nəzərdə tutulan kerosin də daxildir. Beləliklə, Amerikadan xaricə ixracat göstərilən 9 ay ərzində 40 milyona yaxındır. Buradan belə nəticəyə gəlmək mümkündür ki, bu il bizim ixracat artıq 40 faiz təşkil edəcəkdir...

Neft tükənirmi, yox, bu haqda mübahisə etmək olar, amma onun kifayət etmədiyi hiss olunur və bu barədə mübahisə etməyə dəyməz, fakt göz qabağındadır və kəskin şəkildə nəzərə çarpır. Müəyyən vaxtlarda dayansa da, zavodların fəaliyyəti də, həmçinin neftin qiymətinin indiyədək görünməmiş həddə – bir pudu 7 –8 qəpiyə qalxması da bundan xəbər verir.

Ona görə də, bir çoxları neftin tükəndiyini güman edir. Doğrudur, qazılan quyuların dərinliyi getdikcə artmaqdadır, lakin bu il ərzində biz 200 milyon pudadək, yəni ötən ildəkindən daha çox neft hasil etməyi nəzərdə tuturuq. Neftə tələbat və quyuların məhsuldarlığının azalması bizim sahibkarları istismarı dayandırılan quyulara üz tutmağa və ordan gündə 1000, hətta 500 pud neft çıxarmağa vadar edir. Çünki, neftin bir pudunun qiymətinin 7 – 8 qəpik olması hətta bu cür cüzi hasilat da qazanc əldə etməyə imkan verir.

Sözün qısası, bu cür hadisə ilk dəfə baş vermiş: 1885-ci ildə, əlbəttə, həmin dövrdə qiymətlər nisbətən yüksək olanda sabit idi. Neft sənayeçiləri, xüsusilə sərmayəsi olmayan kiçik sahibkarlar, bir tərəfdən qiymətlər münasib olduğundan, digər tərəfdən quyuları dərinləşdirmək üçün nəzərdə tutulan qazma işləri baha başa gəldiyi üçün bu işə baş qoşmur, az qazanc əldə etməklə kifayətlənir və yalnız üst qatlardan neft çıxarmağa üstünlük verirdilər.

Bu il də həmin iş təkrarlandı: torpağın səthinə yaxın, gündə 500 – 1000 pud vermək gücündə olan qata çatan kimi, onlar qazma işlərini dayandırır və ordan o tərəfə getmirlər. Bu il qazılan quyuların orta dərinliyinin aşağı olması da məhz bu faktla izah olunmalıdır. Bəs üst qatlar tamamilə tükəndikdən sonra necə olacaq? Çünki, 150 sajen dərinlikdən sonra ya nəqlə yararsız olan ağır neft, ya da bir çox hallarda rastlaşdığımız kimi, daha pis – su çıxacaq.

Axı hər şeyin məlum bir həddi var və o tərəfə yol yoxdur. İndiki halda da belədir: neftin qiyməti ola bilsin ki, 2 – 3 qəpik də qalxsın, amma gələcəkdə biz xarici bazarda Amerika ilə rəqabətə girişə bilmərik. Hazırda bizim ixrac etdiyimiz məhsulun 60 faizi xarici bazarda satılır və əlbəttə, güman edirik ki, daha əlverişli şəraitdə bunu daha da böyük miqyasda gerçəkləşdirmək mümkün olsun.

Görəsən, biz yenə də bu sövdələşmədə amerikalılara uduzacağıqmı? Onsuz da onlar bizdən həmin məhsula görə kifayət qədər pul qopara biliblər. Söhbət təbiətin bizi bu cür səxavətlə mükafatlandırdığı xammaldan gedir.

Rus dilindən tərcümə etdi:
Akif ƏHMƏDGİL,
 “Azərbaycan neft təsərrüfatı” jurnalının redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında