Sənaye parklarının yaradılması uğurla həyata keçirilir

Prezident İlham Əliyevin 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” ölkəmizdə sənayeləşmə prosesinin sürətləndirilməsi baxımından mühüm önəm daşıyır və hazırda uğurla icra olunur. Həmin  proqramda qarşıya qoyulan məqsədlərə nail olmaq üçün mövcud istehsal sahələrinin genişləndirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın inkişaf etdirilməsi, sənaye parkları, məhəllələri, eləcə də  klasterlərinin yaradılması nəzərdə tutulur. 

Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev hesabat dövründə rəqabətqabiliyyətli sənayenin inkişafına təkan vermək məqsədilə sənaye parkları və zonalarının yaradılmasının uğurla davam etdirildiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı çıxışında növbəti dövr üçün prioritetlərin dəyişməz olaraq qaldığını bildirib: “Qeyri-neft sektorunun inkişafı qarşıda duran əsas vəzifələrdən biridir. Sənaye istehsalı, kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi addımlar atılır, proqramlar icra edilir. Əvvəlki dövrdə proqram kimi təqdim etdiyim layihələr artıq reallaşır. Xüsusilə sənaye parklarının yaradılması uğurla gedir. Sumqayıt Sənaye parklarında rezidentlərin sayı, investisiyaların həcmi artır və maraq da çox böyükdür. Orada böyük sənaye kompleksləri yaradılır və dövlət öz tərəfindən lazım olan bütün infrastruktur layihələrini icra edib”.

Azərbaycan Prezidenti regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və yerli ehtiyatlardan səmərəli istifadə olunmaqla sənaye sahələrinin inkişaf etdirilməsi baxımından sənaye zonalarının yaradılmasına mühüm önəm verir. Neftçala Sənaye Zonasında 3 müəssisənin artıq fəaliyyətə başlaması, daha 6 zavodun isə cari ilin sonuna kimi işə salınması üçün tikinti işlərinin diqqətdə saxlanılmasl məhz bunun bariz ifadəsidir. 

Masallı Sənaye Zonasına sahibkarlar tərəfindən böyük maraq göstərilir və artıq onlar tərəfindən dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub. Sənaye zonasının layihələndirmə işləri tamamlanıb və yaxın günlərdə infrastrukturun yaradılmasına başlanılacaq.

Azərbaycanda sənaye məhəllələrinin təşkili də diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin iyulun 25-də “Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” sərəncam imzalaması da bu prosesi sürətləndirmək məqsədi daşıyır. Xatırladaq ki, həmin sərəncama əsasən, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə sözügedən sənaye məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə xidmət obyektləri yaradılacaq. 

Yeri gəlmişkən, sərəncamda Nazirlər Kabinetinə Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti üçün adı çəkilən rayon ərazisində 20 hektar torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilərək sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilməsi, eyni zamanda, nəzərdə tutulan torpaq sahəsinin icarə hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsinin təmin edilməsi tapşırılıb.

İqtisadiyyat Nazirliyi isə müvafiq torpaq sahəsinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, infrastrukturun qurulması, eləcə də iştirakçıların fəaliyyətinin dəstəklənməsi məqsədilə zəruri tədbirlər görəcəkdir. Bütün bu işlərin icrası üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan nazirliyə 4 milyon manat ayrılıb.

Nazirlər Kabinetinin sonuncu iclasında Prezident İlham Əliyev sənaye zonalarının təşkili ilə yanaşı, kənd təsərrüfatı sahəsində də yeni aqroparkların tikintisinin sürətlə aparıldığını xatırladıb. Bu prosesin geniş vüsət aldığını, indiyədək dövlətin maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatının yaradıldığını və işin bundan sonra da davam etdiriləcəyini, sözügedən istiqamətdə reallaşdırılan tədbirlərin ixrac potensialını  artıracağını xüsusi vurğulayıb.

Xatırladaq ki, hazırda qabaqcıl texnologiyalara əsaslanan istehsal və emal sahələrinin qurulması, infrastrukturun təkmilləşdirilməsi, eyni zamanda, yeni aqroparkların yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Məsələn, Xaçmaz rayonunda salınan Yalama aqroparkında birinci mərhələ üzrə işlər artıq başa çatdırılıb, Şəmkir aqroparkında isə tikinti davam etdirilir.

Samux, Goranboy, Ağcabədi, Şabran, Salyan, Şamaxı, Füzuli, Cəlilabad və İsmayıllı rayonlarında da aqroparklar yaradılır.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 207 milyon manat olan bu aqroparkların yaradılmasına 76,1 milyon manat güzəştli kredit verilib. Hazırda 157,6 min hektar ərazidə 38 aqroparkın, o cümlədən 12 rayonda 37,3 min hektar ərazidə 14 müasir cins heyvandarlıq kompleksinin (yem bazası ilə birlikdə) və 17 rayonda 120,3 min hektar ərazidə 24 iri taxılçılıq təsərrüfatının yaradılması təşviq olunur. Bu tədbirlər regionlarda ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalının artmasına, sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə səbəb olacaq.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında