Azərbaycan qlobal enerji siyasətini uğurla həyata keçirir

Azərbaycan hazırda dünya birliyində sosial-iqtisadi inkişafı, qlobal hadisələrə təsir imkanları getdikcə artan qüdrətli, nüfuzlu dövlət kimi tanınır. Bu uğurun əsası isə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və neft strategiyasının təməlini təşkil edən “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulub. 

Etiraf edək ki, məhz adıçəkilən müqavilədən sonra dünya dövlətlərinin iqtisadiyyatımıza marağı artdı, respublikamızın beynəlxalq əlaqələrinin genişlənməsi sürətləndi. “Əsrin müqaviləsi”nin mühüm tərkib hissələrindən biri də xarici şirkətlərlə birlikdə hasil edilən neftin nəqlini və xarici bazarlara ixracını reallaşdıracaq çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması oldu. Ulu öndərimiz bu məsələdə qətiyyət nümayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ideyasını irəli sürdü. Bu ideyanı qəbul etmək istəməyən bəzi qüvvələrin cəhdlərinə baxmayaraq, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə gərgin keçən danışıqlar prosesinin məntiqi nəticəsi olaraq sözügedən layihə həyata vəsiqə aldı. Belə ki, ATƏT-in 1999-cu ilin noyabrın 18-də İstanbulda keçirilən sammitində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı bəyannamə imzalandı. Bununla da Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradıldı. Daha sonra isə layihənin bəzi detallarının dəqiqləşdirilməsi, lazımi maliyyə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar uğurla aparıldı.

BP şirkəti layihənin operatoru seçildi və kəmərin tikintisi, istismarı üçün isə “BTC Ko.” şirkəti yaradıldı. Onun səhmdarları BP (30,1 faiz), SOCAR (25 faiz), “Chevron” (8,9 faiz), “Statoil” (8,71 faiz), “TPAO” (6,53 faiz), “ENI” (5 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ConocoPhillips” (2,5 faiz) və “Amerada Hess” (2,36 faiz) şirkətləri oldu. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Bakı-Tbilisi-Ceyhan layihəsində iştirak etmək məqsədilə “AzBTC Co.” törəmə şirkətini təsis etdi və bu qurum layihənin iştirakçıları olan neft şirkətlərinin konsorsiumu tərəfindən yaradılan “BTC Company” şirkətində 25 faizlik iştirak payı əldə etdi. “AzBTC Co.” şirkəti daxil olmaqla bütün digər iştirakçılar layihənin dəyərinin 30 faizlik hissəsini öz vəsaitləri hesabına, qalan 70 faizlik hissəsini isə beynəlxalq maliyyə institutlarından, ixrac kredit agentliklərindən və kommersiya banklarından yönəldilən kredit vəsaitləri hesabına maliyyələşdirilməsi ilə bağlı qərar qəbul etdilər. Azərbaycan dövləti adından Azərbaycan “BTC Co.” şirkətindəki payının maliyyələşdirilməsi isə Dövlət Neft Fondu tərəfindən reallaşdırıldı.

Bundan sonra ümummilli lider Heydər Əliyev 2002-ci il iyulun 30-da “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi haqqında” fərman imzaladı. Həmin sənəddə BTC layihəsində Azərbaycan Respublikasının iştirakının təmin edilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi, o cümlədən ölkənin iştirak payının maliyyələşdirilməsi ilə bağlı məsələlər öz əksini tapdı.

Nəhayət, 2002-ci il sentyabrın 18-də ­Bakıda – Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze və Əhməd Necdət Sezərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu. Bununla da ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının mühüm tərkib hissələrindən olan Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsinə başlanıldı.

Kəmərin inşası üçün podratçı şirkətin müəyyən edilməsi məqsədilə beynəlxalq səviyyəli tender elan olundu. Tender prosesinin nəticəsi olaraq Yunanıstanın Konsolideytd Kontraktors Kompani (CCIC) şirkəti qalib elan edildi. 2003-cü ilin fevral ayında Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq kəmərin tikintisinə start verildi. 2004-cü ilin oktyabrında BTC-nin Azərbaycan hissəsi Gürcüstan ərazisindən keçən hissəsi ilə birləşdirildi. BTC-nin Gürcüstan hissəsi 2005-ci ilin oktyabrında istifadəyə verildi.

Ulu öndər Heydər Əliyevin uğurlu neft strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi sahəsində misilsiz xidmətlər göstərən Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən etibarən layihənin gedişi ilə bağlı şəxsən maraqlanır, vaxtaşırı olaraq tikinti işləri ilə tanış olurdu. Nəhayət, 2005-ci ilin aprelində tikinti işləri yekunlaşdırıldı. Həmin il mayın 25-də Səngəçal terminalında xam neftin BTC-yə vurulması ilə bağlı rəsmi tədbir keçirildi. Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları terminalda quraşdırılan xüsusi qurğudakı sürgünü açdıqdan sonra kəmərlə ilkin neft axmağa başladı.

2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. İyunun 14-də isə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neftin ilk partiyası Ceyhan dəniz terminalında “British Hawthorn” tankerinə yüklənərək dünya bazarına yola salındı. 600 min barrel xam neft yüklənmiş həmin tankerin Ceyhan limanından yola salınması ilə Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarına ixracı başlandı.

2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.

Onu da qeyd edək ki, “Əsrin müqaviləsi” imzalanandan, bu müqavilənin Bakı-Tbilisi-Ceyhan kəmərinin neftlə doldurulmasında əsas rol oynamasından sonra Azərbaycanda çox zəngin “Şahdəniz” qaz yatağı aşkar edilib. Həmin yatağın qaz ehtiyatlarının həcmi isə 1,2 trilyon kubmetrdir. Bu, dünya miqyasında ən böyük qaz yataqlarından biridir və hazırda “Cənub” qaz dəhlizinin resurs bazasının əsasını təşkil edir.

Beləliklə, Azərbaycan müasir dövrdə neft və qazı hasil və ixrac edən ölkəyə çevrilib, respublikamızın dünya bazarlarına çıxışının reallaşdırılması üçün 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilib. Bundan bir neçə il əvvəl isə Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. 

Həmin vaxtdan başlayaraq, Azərbaycan dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir dövlət kimi tanınıb. Bu, eyni zamanda, ölkəmizin, ilk növbədə, neft-qaz ehtiyatlarını şaxələndirilmiş formada ixrac edə bilməsi imkanlarına sahib olmasından irəli gəlir. Belə ki, hazırda böyük karbohidrogen ehtiyatları, o cümlədən hasilatı olan Azərbaycan nefti və qazı mövcud enerjidaşıyıcı sistemlərlə bütün istiqamətlərə nəql edir. Lakin indiki imkanları genişləndirmək, şaxələndirmək və sayını artırmaq üçün də yaxşı potensial mövcuddur. Azərbaycanın təşəbbüsü ilə “Cənub” qaz dəhlizi layihəsinin həyata keçirilməsi ölkəmizin beynəlxalq səviyyədə dəstək qazanmaqla bu potensialdan səmərəli istifadə etdiyini göstərir.

Bu il iyulun 9-da İstanbulda rəsmi açılışı olan, dörd gün davam edən 22-ci Dünya Neft Konqresində Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bildirib ki, “Cənub” qaz dəhlizi layihəsi uğurla icra ediləcək: “Bu layihənin icrası onu göstərir ki, burada iştirak edən bütün ölkələr və şirkətlər qazanc əldə edirlər. Biz elə bir gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçılar – yəni Azərbaycan, həm tranzit ölkələr və həm də istehlakçılar burada ortaq maraqlar əsasında çalışırlar. Məhz bu maraqlar balansı bu böyük layihənin uğurlu icrasına gətirib çıxarıb. Çünki burada həm texniki, maliyyə, iqtisadi, siyasi məsələlər kifayət qədər çoxdur. Artıq bu gün demək olar ki, “Cənub” qaz dəhlizi layihəsi uğurla icra ediləcək və Azərbaycan bundan sonra uzun illər ərzində həm bölgə, həm də Avropa ölkələrini təbii qazla təmin edəcəkdir”.

Xatırladaq ki, adıçəkilən layihə dörd hissədən ibarətdir: “Şahdəniz” yatağı, Cənubi Qafqaz Qaz Kəməri, Trans­anadolu Qaz Boru Kəməri (TANAP) və Transadriatik Boru Kəməri (TAP). Həmin layihənin hər bir mərhələsi üzrə işlər sürətlə həyata keçirilir. Hazırda “Şahdəniz” qaz yatağında “Şahdəniz-2” layihəsi 93 faiz icra olunub. Cənubi Qafqaz Qaz Kəmərində isə işlər 87 faiz səviyyəsində tamamlanıb. Layhənin özəyi olan TANAP qaz kəməri 77 faiz, TAP isə 44 faiz səviyyəsində icra edilib.

Göründüyü kimi, “Cənub” qaz dəhlizi layihəsinin hər bir komponenti üzrə işlər qrafikə uyğun davam edir. Bu enerji dəhlizinin işə düşməsi nəticəsində Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsində və yüksəldilməsində daha yaxından iştirak edəcək. Çünki bu dəhliz Azərbaycan qazını ilk dəfə Türkiyə, Yunanıstan və Albaniya ərazilərindən keçməklə, minlərlə kilometrlik məsafəni qət etməklə Avropanın mərkəzinə çatdıracaq, dünyanın enerji xəritəsinə ciddi dəyişiklik gətirəcək. Ən əsası isə bu layihənin tam gücü ilə işə düşməsi Azərbaycanın beynəlxalq imicinə müsbət təsiri ilə yanaşı, ölkəmizin gələcək inkişafına, siyasi və iqtisadi maraqlarının daha dolğun şəkildə təmin edilməsinə mühüm töhfələr verəcək.

Bu layihənin reallaşması Avropanın enerji təhlükəsizliyinə həqiqətən yeni elementlər gətirəcək. Çünki “Cənub” qaz dəhlizi Avropa ölkələrinin enerji təminatında yeni imkanlar açaraq qaz tədarükü mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadəyə, yüz minlərlə adamı sərfəli enerji ilə təmin etməyə şərait yaradacaq, dəhliz boyunca yerləşən ölkələrdə yeni texnologiyaların, iş yerlərinin yaranmasına və investisiyaların artmasına gətirib çıxaracaq. Məhz buna görə həm Avropa İttifaqı, həm beynəlxalq maliyyə təşkilatları, o cümlədən Amerika Birləşmiş Ştatları bu layihəyə maraq göstərir, dəstəklərini ifadə edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev “Cənub” qaz dəhlizinin inşası vəziyyəti haqqında deyib: “Azərbaycanın təbii resurslarının dünya bazarlarına çıxarılması üçün kifayət qədər böyük şəbəkə yaradılmışdır. 2006-cı ildə Ceyhanda qardaşım Prezident Ərdoğanla bir yerdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışında iştirak edirdik və o vaxt da biz gələcək planlar haqqında düşünürdük, fikir mübadiləsi aparırdıq. O vaxtdan bu günə qədər bizim bütün planlarımız uğurla reallaşır. Çünki biz bu gün “Cənub” qaz dəhlizi kimi meqa layihənin üzərində çalışırıq, onun da təməli Türkiyədə, bu gözəl İstanbul şəhərində qoyulmuşdur. 2012-ci ildə qardaşım Prezident Ərdoğanla TANAP layihəsi haqqında müqaviləni imzaladıq. TANAP layihəsi “Cənub” qaz dəhlizinin özəyidir. Məhz ondan sonra bütün digər istiqamətlər üzrə işlər başlamışdır. Bu gün “Cənub” qaz dəhlizi layihəsi uğurla icra edilir. Bu layihə 4 hissədən ibarətdir. Birinci hissə “Şahdəniz” qaz yatağıdır, orada “Şahdəniz-2” layihəsinin icrası artıq 93 faizə çatıbdır, yaxın aylarda tam başa çatacaqdır. İkinci hissə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz qaz boru kəməridir. Orada da işlər 87 faiz səviyyəsində tamamlanmışdır. Üçüncü və ən əsas hissə TANAP qaz kəməridir. Burada da tamamlanma səviyyəsi 77 faizdir və biz gələn il bu layihənin icrasını qeyd edəcəyik. Nəhayət, dördüncü hissə TAP – Trans-Adriatik kəməridir. Burada da icra 44 faiz səviyyəsindədir. Bütün bu dörd önəmli layihə “Cənub” Qaz Dəhlizini təşkil edir. Bu layihənin icrası üçün 40 milyard dollar sərmayə tələb olunur, onun böyük hissəsi artıq qoyulubdur”.

“Cənub” qaz dəhlizi layihəsinin hər bir komponenti üzrə işlər hazırda qrafikə uyğun davam edir. Bu enerji dəhlizinin işə düşməsi nəticəsində Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsində və yüksəldilməsində daha yaxından iştirak edəcək. Çünki sözügedən dəhliz Azərbaycan qazını ilk dəfə Türkiyə, Yunanıstan və Albaniya ərazilərindən keçməklə, minlərlə kilometrlik məsafəni qət etməklə Avropanın mərkəzinə çatdıracaq, dünyanın enerji xəritəsinə ciddi dəyişiklik gətirəcək. Ən əsası isə bu layihənin tam gücü ilə işə düşməsi Azərbaycanın beynəlxalq imicinə müsbət təsiri ilə yanaşı, ölkəmizin gələcək inkişafına, siyasi və iqtisadi maraqlarının daha dolğun şəkildə təmin edilməsinə mühüm töhfələr verəcək.

Enerji məsələsi bu gün dünyada hər bir dövlətin təhlükəsizliyinin əsas komponentlərindəndir. Xüsusən son onillikdə dünyada cərəyan edən, ələlxüsus, əvvəlcədən proqnozlaşdırılmayan müxtəlif siyasi və iqtisadi proseslər – yeni müharibə ocaqlarının yaranması, enerjidaşıyıcılarının nəqli sahəsində problemlərin yaşanması təsdiq etdi ki, hər bir dövlət üçün enerji təhlükəsizliyi olduqca mühüm önəm daşıyır. Bu mənada zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycanın marşrutların genişləndirilməsi ilə bağlı təşəbbüsləri həmişə alternativ nəql imkanlarının axtarışında olan Avropanın diqqətini cəlb edib.

Azərbaycan Prezidenti neft və qazın nəqli marşrutlarının şaxələndirilməsi ilə bağlı səslənən təklifləri daim dəstəkləyib, xüsusən bu sahədə Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfələr verməyə hazır olduğunu hər zaman bəyan edib. Ona görə bir çox ölkələrin enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verən respublikamız dünya birliyində etibarlı və strateji tərəfdaş kimi öz yerini möhkəmləndirib. 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında