Azərbaycanda insan kapitalının inkişafı dövlət siyasətinin başlıca istiqamətidir

Son illər respublikamızda əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifahının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləyib. Sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verib.

Respublikamızda sosialyönümlü siyasətin gerçəkləşdirilməsinə şərait yaradan, bu sahədəki ənənəvi yanaşma və metodları daha da təkmilləşdirən mükəmməl qanunvericilik sisteminin yaradılması, mühüm fərman və sərəncamların imzalanması mühüm əhəmiyyətə malikdir.

Azərbaycanda sosialyönümlü məsələlərdən danışarkən, son illərdə bu istiqamətdə həyata keçirilən tədbirlərin bir qisminə nəzər salaq. Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə paytaxtda böyük şəhərciyin salınması,  “Ağ şəhər” layihəsinin birinci mərhələsinin artıq başa çatdırılması, Bakının müxtəlif yerlərində müddəti keçən və yararsız vəziyyətdə olan binaların sökülərək, yerlərində hündürmərtəbəli binalar tikilməsi buna misal ola bilər. Eyni zamanda, Azərbaycanda qazlaşdırmanın səviyyəsinin yüksəldilməsi, kəndlərdə yaşayan əhalinin təmiz içməli su ilə təminatının daha da yaxşılaşdırılması, kənd yolları layihələrinin icrasına xüsusi önəm verilməsi, Bilgəh-Sumqayıt yolunun genişləndirilməsi, Sumqayıtı alternativ yolla paytaxtla, xüsusilə Bakıətrafı qəsəbələrlə, Beynəlxalq Aeroportla birləşdirilməsi layihələrinin diqqət mərkəzində saxlanılması Azərbaycanın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığından xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yuxarıdakı fikirlə bağlı bildirib: “2013-2016-cı illərdə minə yaxın subartezian quyusu qazılmışdır. İyun ayında yeni sərəncam imzalamışam. Bu sərəncam əsasında 36 rayonun 136 yaşayış məntəqəsində 150 subartezian quyusu qazılacaq və deməli, 375 min insan bundan istifadə edəcək. Əvvəlki illərdə qazılmış quyular hesabına 1 milyon 300 min insan bu imkanlardan istifadə edib.

İnşaat sektorunun canlanması müşahidə olunur. İndi Bakıda 100-dən çox hündürmərtəbəli bina tikilir. Qəzalı binaların yerində yeni binalar tikilir. Onların sayı 80-ə yaxındır. Bu, şəhərimizi daha da gözəlləşdirir, abadlaşdırır. Yararsız, qəzalı binalardan vətəndaşlar köçürülür. Müvəqqəti olaraq onlara kirayə pulu verilir. Tikiləcək yeni binalarda onlara daha da böyük ölçüdə mənzillər veriləcək. Bu qəzalı binaların hər birinin yerində tikilən binanın birinci mərtəbəsində uşaq bağçası da nəzərdə tutulur. Bu, mənim xüsusi göstərişim idi. Beləliklə, ancaq bu yolla Bakı şəhərində bir-iki ilə 80-dən çox uşaq bağçası istifadəyə veriləcək.

Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə 29 bina tikilir. “Ağ şəhər”də onlarla bina inşa olunub. Yəni, bax, bu üç istiqamətdə artıq 100-dən çox binanın inşaat işləri aparılır. Əlbəttə ki, Bakının digər yerlərində, digər şəhərlərimizdə mənzil tikintisi geniş vüsət alıb, inşaat sektoru artıq bərpa edilir, canlanma var”.

Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq bu gün görülən böyük quruculuq işləri vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, onların qayğı və problemlərinin həllinə, cəmiyyətdə mənfi halların kökünün kəsilməsinə, vətəndaşların gündəlik tələblərinin yerinə yetirilməsinə əlverişli şərait yaradır. Bununla yanaşı, dövlət orqanlarında və idarələrində vətəndaş müraciətlərinə xüsusi diqqət göstərilməsi, dövlət məmurlarının onlara qayğısının artırılması, hər bir vətəndaşın dövlətin və cəmiyyətin mövcud imkanlarından daha yaxşı bəhrələnməsi reallaşdırılır.

Dövlətimizin başçısı mütəmadi olaraq görüşlərində vətəndaşları narahat edən problemlərə xüsusi diqqət yetirir, bəzi mənfi hallar barədə daha təsirli tədbirlər görülməsini tələb edir. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan vətəndaşları ölkə Prezidentinin yeritdiyi iqtisadi və sosial siyasəti ürəkdən bəyənir, insanlara qayğı göstərilməsi ilə bağlı dövlət məmurları qarşısında qoyduğu ciddi tələbləri tam dəstəkləyirlər.

Nazirlər Kabinetinin sözügedən iclasında qeyd edilən məsələyə də toxunulub. Prezident İlham Əliyev deyib ki, mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə fikirlərimi bildirmişəm və bir daha xatırladıram ki, hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır. Məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar. Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur. Mən demişəm ki, o dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə vəzifədən çıxarılacaq və belə də oldu. Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın.

Bəli, cənab Prezidentin bu tövsiyəsinin real nəticəsidir ki, Azərbaycan vətəndaşları gündəlik həyatda qarşılaşdıqları hər bir problemin həllində dövlət orqanlarının qayğı və diqqətindən bəhrələnir, onlar üçün yaradılmış həyat şəraitinin kifayət qədər yüksək olduğunu görür və hiss edirlər.

İqtisadi inkişaf potensialı müasir dövrdə hər bir dövlətin gücünü müəyyənləşdirən  başlıca amildir. Ümumiyyətlə, hər bir ölkənin, xalqın problemlərinin ən səmərəli yolu məhz iqtisadi-sosial tərəqqidən keçir. Ona görə də respublikamızın iqtisadi siyasətinin sosialyönümlü xarakter daşıması təsadüfi deyil. Bu, bir tərəfdən insan amilinə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Dövlət başçısı İlham Əliyev də bu reallığı daim önə çəkir. Çünki  insanların sosial şəraitinin yaxşılaşdırılması iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmyə müsbət təsir göstərir.

Son illərin  reallıqları da göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Yeni iş yerlərinin açılmasına, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsinə mühüm önəm verilməsi də dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür.

Fikrimizin təsdiqi kimi, Prezident İlham Əliyevin bununla bağlı yuxarıda adıçəkilən iclasda dediyi sözləri diqqətə çatdırmaq istərdik: “Bu gün Azərbaycanda yaratdığımız şərait nəticəsində yüzlərlə, minlərlə sahibkar öz fəaliyyətini genişləndirir. Bizim sahibkarlarımız böyük imkanlara malikdirlər. Sahibkarların sosial məsuliyyəti də yüksək səviyyədə olmalıdır. Bu şəraiti onlar üçün biz yaratmışıq. Çünki indi Azərbaycanda sabitlik, sürətli inkişaf olmasaydı, bizim sahibkarlar bu qədər inkişaf edə bilməzdilər.

Eyni zamanda, dövlət onlara güzəştli şərtlərlə kreditlər verir, onların məsələləri həll olunur. Mən sahibkarlarla dəfələrlə görüşmüşəm. Hər il bir neçə dəfə görüşürəm və tam dəstək göstərilir. Onlar da öz növbəsində sosial məsuliyyəti dərk etməlidirlər. Ona görə, Qaradağ rayonunda sahibkarlar tərəfindən öz vəsaitləri hesabına 1000 mənzillik şəhərciyin tikilməsi çox yaxşı təşəbbüsdür. Mən bunu bəyənirəm, alqışlayıram. Bu, bütün sahibkarlara nümunə olmalıdır. Mən bundan sonra sahibkarların fəaliyyətini, o cümlədən bu göstəriciyə görə də qiymətləndirəcəyəm”.

Dövlətimizin başçısı fikrinə əlavə edərək diqqətə çatdırıb ki, bütün bu məsələlərin həll edilməsi bir daha bizim dövlətimizin siyasətini, niyyətini ortaya qoyur. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Ona görə sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Bu il bu məsələlərlə bağlı ciddi addımlar atılmışdır. Beş milyondan çox insan bu il pulsuz müayinədən keçmişdir. Bilmirəm, hansı ölkədə belə bir təşəbbüs var ki, insanlar, əhalinin böyük əksəriyyəti il ərzində pulsuz müayinədən keçsin...

Azərbaycan Prezidenti daha sonra deyib: “Əlbəttə ki, bütün bu uğurlara nail olmaq üçün bizim güclü iqtisadi potensialımız olmalıdır. Altı ayın göstəriciləri məni çox qane edir. Qeyri-neft iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Mən xüsusilə qeyri-neft iqtisadiyyatını qeyd edirəm. Çünki ümumi iqtisadi göstərici, yəni, ümumi daxili məhsulun göstəriciləri daha çox neftin hasilatına və neftin qiymətinə bağlıdır. Bu da dəyişir. Ona görə, bu, bizim gördüyümüz işlərə qiymət vermək üçün əsas amil kimi qəbul edilə bilməz.

... Bu il 122 min yeni iş yeri açılmışdır ki, onlardan 101 mini daimi iş yeridir. Onu da qeyd etməliyəm ki, 24 min iş yeri bağlandı. Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri var. Bu, əslində daimi prosesdir. Ancaq biz rəqəmlərə baxanda, - 122 min iş yeri açılıb, 24 min iş yeri isə bağlanıb, - əlbəttə, görürük ki, yenə də iş yerlərinin açılması prosesi uğurla gedir. Ona görə də bizdə işsizlik aşağı səviyyədədir”.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev dövlət qurumları qarşısında bir sıra mühüm vəzifələr qoyub. Mühüm sosial proqramların davam etdirilməsini, sosial cəhətdən həssas əhali qruplarına xidmət səviyyəsinin daha da yaxşılaşdırılmasını, yeni elektron xidmətlərin hazırlanaraq istifadəyə verilməsini prioritet fəaliyyət istiqaməti kimi vurğulayıb. Əmək bazarında tələb və təklifin uyğunlaşdırılması,  xüsusən sosial cəhətdən həssas qruplara aid vətəndaşların əmək bazarına çıxış imkanlarının artırılması üçün daha səmərəli proqramların işlənərək həyata keçirilməsinin diqqət mərkəzində saxlanılmasını xüsusi qeyd edib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında