Qeyri – neft sektorunda islahatların dərinləşdirilməsinə mühüm önəm verilir

Prezident İlham Əliyev əhalinin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul edir, sosial-iqtisadi layihələrin uğurla həyata keçirilməsinə xüsusi önəm verir. Fəaliyyətini daim ictimai inam və etimadı doğrultmaq məramı üzərində quran, hakimiyyətin mütəmadi olaraq gördüyü işlərlə bağlı xalqa hesabat verməsini idarəçilikdə mütərəqqi ənənə kimi formalaşdıran dövlətimizin başçısı bununla da respublikamızın siyasi-iqtisadi müstəqilliyini getdikcə möhkəmləndirir.

Burada bir məqama diqqət yetirək. Respublikamız artıq 2015-2016-cı illərdə üzləşdiyi qlobal böhranın çətinliklərini uğurla dəf edib. Bunun əsas səbəbi isə ölkədə ötən ilin əvvəllərindən başlayaraq reallaşdırılan islahatlardır. Biz bu yazıda həmin islahatların bir qisminə qısaca nəzər salmaq istərdik. Yeri gəlmişkən, cari ilin ilk 6 ayında qeyri-neft iqtisadiyyatında əldə olunan artım, valyuta ehtiyatlarının çoxalması aparılan islahatların uğurla gerçəkləşməsinin məntiqi nəticəsidir.

Prezident İlham Əliyev qlobal böhranın yaratdığı problemlərin Azərbaycanda aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışarkən deyib: “... Biz bu çətin və böhranlı şəraitdən şərəflə çıxa bildik və artıq görülmüş işlər və həyata keçiriləcək tədbirlər dinamikanı daha da gücləndirəcək. İqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektorumuz inkişaf edəcək, yeni iş yerlərinin yaradılması təmin ediləcək və əminəm ki, biz dediyim bütün hədəflərə çatacağıq.

Ölkə iqtisadiyyatına keçən il 11 milyard 700 milyon dollar sərmayə qoyulub. Bu, çox gözəl göstəricidir. Əgər bunu adambaşına hesablasaq görərik ki, biz bəlkə də dünya miqyasında ən qabaqcıl yerlərdən birini tuturuq”.

Son dövrdə reallaşdırılmasına başlanılan islahatlardan danışarkən, ilk növbədə, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin mühüm önəm daşıdığını xatırlada bilərik. Bu xəritələr post-neft dövrünün yeni çağrışlarına uyğun olaraq hazırlanıb. Eyni zamanda, iqtisadi islahatların konkret və ardıcıl şəkildə həyata keçirilməsini sürətləndirmək məqsədi daşıyır. Başqa sözlə, bununla Azərbaycanın iqtisadiyyatında yeni mərhələnin əsası qoyulacaq. Sözügedən sənədlər məhz iqtisadi inkişafa nail olunması, iqtisadi çətinliklərin təsirlərinin minimumlaşdırılması ilə bağlı strateji yol formalaşdırır. Bu baxımdan, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycanda həyata keçiriləcək iqtisadi islahatların məhz bu strateji sənədə uyğun olaraq müddətli şəkildə reallaşdırılmasına imkan verəcək.

Yaxud, iqtisadi islahatlara mühüm təsir göstərəcək başqa bir sənədə nəzər salaq. Dövlətimizin başçısı  2017-ci il 2 iyun tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nı təsdiq edib. Sənəd Azərbaycanın beynəlxalq hesabatlarda ölkəmizin mövqeyinin daha da möhkəmləndirilməsinə töhfə verməklə yanaşı, həmçinin biznes mühitinin daha da yaxşılaşdırılması, kreditlərə əlçatanlığın artırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi, iqtisadiyyatın müxtəlif sahələrində prosedurların sadələşdirilməsi kimi vacib islahatların dərinləşdirilməsinə gətirib çıxaracaq.

Adıçəkilən Tədbirlər Planında, eyni zamanda, bir neçə məqam diqqətçəkir. Əvvəla, maliyyə bazarlarını inkişaf etdirmək və kreditlərin əlçatanlığını artırmaq baxımından kreditlərə müraciət zamanı sənəd daşınmaz əmlakla yanaşı, daşınar əmlakın da girov kimi təqdim olunmasına imkan yaradır. Daşınan əmlak ilə fəaliyyətə başlayacaq reyster xidməti məlumatların şəffaf və açıq şəkildə paylaşdırılmasını asanlaşdırmaqla bərabər, təkcə istehlak deyil, həm də biznes kreditlərinə əlçatanlığın artmasını reallaşdıracaq.

Tədbirlər planına əsasən, fiziki və hüquqi şəxslər üçün şəffaf, eyni zamanda, əlçatan olan, bütün ölkəni, habelə aktivləri əhatə edən onlayn reyestrin yaradılması nəzərdə tutulur. Ona görə də daşınar əmlakın girov kimi təqdim edilməsi kreditlərdən faydalananların sayının artmasına və eləcə də maliyyə resurslarından daha səmərəli istifadəsinə imkan verəcək.

Sözügedən plana görə, ölkəmizdə özəl kredit bürolarının yaradılması prosesinə dəstəyin gücləndirilməsi nəzərdə tutulur ki, bu isə kreditlərə əlçatanlığın təmin edilməsi baxımından çox vacib islahatdır. Borcluların məlumatları əsasında onların kredit reytinqinin hesablanması prosesinin dövlət tərəfindən dəstəklənməsi də bu istiqamətdə həyata keçiriləcək islahatlar sırasındadır.

Sənədə əsasən, bank sisteminin kapitallaşdırılması və likvidliyin təmin olunması, fəaliyyətə xitam verilməsi və müflisləşmə məsələlərinin həlli sahəsində islahatlar aparılması və eləcə də Azərbaycanda lizinq və alternativ maliyyə alətləri (forvard, fyuçers, opsion, svop, faktorinq və s.) bazarının inkişaf etdirilməsi ilə kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə çıxışının asanlaşdırılması kimi tədbirlərin reallaşdırılması nəzərdə tutulur. Ümumiyyətlə, bankların likvidliyinin təmin edilməsi bank sektoruna inamın artırılması baxımından olduqca vacibdir. Bununla yanaşı, forvard, fyuçers, opsion, svop, faktorinq kimi alətlərdən istifadə olunması bankların gəlirliliyinə təsir göstərməklə bərabər, qiymətli kağızlar bazarının da inkişafını stimullaşdıracaq.

Tədbirlər planında investorların maliyyə bazarlarına çıxış imkanlarının genişləndirilməsi və banklararası pul bazarında aktivliyin artırılması səhm bazarının inkişafının əsas istiqamətlərindən hesab edilir. Başqa sözlə, post-neft dövrünün çağırışlarına uyğun olaraq ölkəmizdə səhm bazarının inkişafı daha prioritet sayılır. Ona görə də belə bir bazarın inkişafı bank sistemi ilə yanaşı, real sektorda kooperativ idarəetmənin inkişafına və daxili maliyyə mənbələrdən daha yaxından faydalanmağa imkan yaradacaq.

Tədbirlər planına əsasən, vergi ödənişlərin sayının 6-dan 5-ə endirilməsi həyata keçiriləcək ki, bu da vergi ödəyiciləri üçün prosedurların daha asanlaşmasına səbəb olacaq. Eyni zamanda, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının geri qaytarılması üzrə elektron müraciətdən istifadə edə biləcəklər. Bu isə həmin vəsaitlərin vergi ödəyicisinə ödənilməsi mexanizminin təkmilləşdirilməsinə və sadələşdirilməsinə imkan verəcək.

Sənəd Azərbaycanda Rəqabət Məcəlləsinin qəbul olunmasını da nəzərdə tutur. Bu isə Avropa qanunvericiliyinə uyğunlaşdırma ilə əlaqədar müddəaların qanunvericilikdə təsbit olunması ilə yanaşı, yerli bazarda rəqabətin müdafiəsi və gücləndirilməsi baxımından olduqca vacib islahatdır.

Elektrik təchizatı şəbəkəsinə qoşulmaq üçün prosedurların sayının 7-dən 3-ə qədər azaldılması da tədbirlər planına daxildir. Eyni zamanda, yeni islahatlardan sonra elektrik şəbəkəsinə qoşulma müddəti 69 gündən 25 günədək azaldılacaq. Bu isə vətəndaşların daha qısa zamanda elektrik şəbəkəsindən istifadə etməsinə səbəb olacaq.

Tikintiyə icazə sisteminin də sadələşdirilməsi tədbirlər planında əks olunmuşdur. Hazırda tikintiyə icazə almaq üçün 18 prosedurdan keçməklə 203 gün tələb olunur. İslahatlardan sonra prosedurların sayının 10-dək, tələb olunan vaxtın isə 80 günə endirilməsi nəzərdə tutulur. Bu həm prosedurların azaldılması, həm də elektron xidmətlərdən istifadə hesabına baş verəcək.

Qlobal miqyasda baş verən iqtisadi böhrandan Azərbaycan analoji problemlərlə üzləşən ölkələr arasında az itkilərlə çıxan dövlətdir. Cari ilin ötən aylarının sosial- iqtisadi qiymətləndirməsi də deməyə əsas verir ki, respublikamızda maliyyə sabitliyinin təmini yönümündə həyata keçirilən tədbirlər praktik baxımdan özünü doğruldub. Əvvəlki illərdən yaradılan möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılıb. Ötən dövrün pozitiv nəticələri respublika iqtisadiyyatının yalnız neft amilindən asılılığı barədə indiyədək irəli sürülən müəyyən iddiaların əsassızlığını tam sübuta yetirib.

Azərbaycan hazırda qeyri-neft sektoruna əsaslanan iqtisadi inkişaf modelini prioritet seçib. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, sənaye müəssisələrinin yaradılması, respublikamızın xammal ixrac edən respublikadan elmtutumlu sənaye və informasiya texnologiyaları istehsalçısına, münbit turizm məkanına çevrilməsi məqsədinin reallığa çevrilməsi üçün bütün imkanlar səfərbərliyə alınıb. Xüsusən də regionların sosial-iqtisadi inkişafı tədbirlərinin genişlənməsi ölkəmizin sənaye potensialının gücləndirilməsi zərurətini ön plana çıxarıb və bu istiqamətdə müəyyən addımlar atılıb. 

Vaqif  BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında