Kənd təsərrüfatının inkişafı iqtisadi sabitliyin əsas şərtidir

Son illərdə kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyənləşdirilməsi adıçəkilən sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilib. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulub, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilib.

Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyənləşdirib. Hazırda fermer və sahibkarların güzəştli şərtlərlə kredit, toxum, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinq yolu ilə gübrə, texnika, damazlıq mal-qara, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün subsidiya almaq imkanları var.

Aqrar sahənin inkişafında vergi siyasəti mühüm rol oynadığından inkişaf proqramlarının həyata keçirilməsində vergi güzəştləri və təşviqi tədbirləri də prioritetlər sırasındadır. Belə ki, artıq 15 ildən artıqdır dövlət səmərəli vergi rejimi reallaşdırmaqla kənd təsərrüfatının inkişafını stimullaşdırmaqdadır. 1999-cu ildən kənd təsərrüfatı sektoru, torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddır. Bu isə təxminən hər il 130-140 milyon manat vəsaitin istehsalçıda qalması deməkdir.

Ümumilikdə, bu siyasətin həyata keçirilməsi sayəsində son 17 ildə 2 milyard manata yaxın vəsait fermerlərin sərəncamında qalıb ki, bu da kənd təsərrüfatı istehsalçıları üçün əlavə maliyyə, investisiya mənbəyi təşkil edir.

Xatırladaq ki, 2017-ci ildən qüvvəyə minən Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin mühüm istiqamətlərindən biri aqrar sahədə çalışan kiçik və orta sahibkarlığın fəaliyyətini stimullaşdırmaq, onların vergi yükünü optimallaşdırmaqdır. Bu məqsədlə buğda ununun və çörəyin istehsalı və satışı, quş ətinin satışı 3 il müddətinə ƏDV-dən azad olunub. Kənd təsərrüfatı istehsalçıları, eyni zamanda, 2019-cu il yanvarın 1-dək vergi güzəştləri ilə əhatə olunublar.

Aqrar sahənin əsas sektorları üzrə Strateji Yol Xəritəsində stimullaşdırıcı vergi-gömrük siyasətinin həyata keçirilməsi, güzəştli kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsi, xarici bazarlara çıxış üçün bir sıra məhsullara tətbiq edilən gömrük-idxal tarif dərəcələrinə yenidən baxılması, o cümlədən mövsümi rüsumların reallaşdırılması da nəzərdə tutulur.

Hazırda kənd təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədilə kooperativlərin fəaliyyətinin yenidən qurulması, yenilərin yaradılması qarşıda mühüm vəzifə kimi durur. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda da bu məsələ xüsusi önəm daşıyır. Həmin Dövlət Proqramında bildirilir ki, xırda təsərrüfatların üstünlük təşkil etməsi aqrar sahənin əsas problemlərindən biridir. Eyni zamanda, kənd təsərrüfatı məhsulları istehsalının əsas hissəsi hələ də xırda təsərrüfatların payına düşür. Kiçik təsərrüfatların birləşməsi həm investorlar üçün cəlbedici ola, həm də istehsal və emal müəssisələrinin təşkili üçün imkan yarada bilər. Bu baxımdan həyata keçirilən bir sıra tədbirlər kənd təsərrüfatı kooperasiyasının formalaşmasına müəyyən şərait yaradır.

Proqramın məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə təsərrüfatçılıq fəaliyyətini təşviq etmək, könüllülük əsasında kənd təsərrüfatı kooperativlərinin təşkilinə əlverişli şərait yaratmaq, kooperativlərin dayanıqlı fəaliyyətini reallaşdırmaq, həmçinin aqrar sahədə kooperasiyanın formalaşmasına və inkişafına dəstək verməkdir.

Dövlət proqramının icrası kooperasiya hərəkatının geniş yayılmasına, kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyulan məqsədlərə nail olmağa imkan yaradacaq. Proqram çərçivəsində görülən işlər kənd yerlərində birgə təsərrüfatçılıq formalarının inkişafına təkan verməklə yanaşı, kooperativ üzvlərinin gəlirlərinin artmasına, həmin təsərrüfatlara investisiyaların cəlb edilməsinə gətirib çıxaracaq. Bu da kəndlərdə yaşayan əhalinin sosial rifah halının yüksəlməsinə, məşğulluq səviyyəsinin artmasına səbəb olacaq.

Azərbaycanda kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı da diqqət mərkəzində saxlanılır. Bu sahələrdən biri də pambıqçılıqdır. Xatırladaq ki, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nda da bir sıra mühüm məqsəd və vəzifələr müəyyənləşdirilib.

Adıçəkilən Dövlət proqramının məqsədi ölkədə pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, pambıq emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, pambıq məhsullarının ixracının artırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsi və bu sahənin inkişafının stimullaşdırılmasından ibarətdir.

Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün pambıqçılığın inkişaf etdirilməsi üzrə institusional tədbirlərin həyata keçirilməsi, pambıqçılıq sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, pambıqçılıq sahəsində elmi təminatın və kadr potensialının daha da gücləndirilməsi, pambıqçılığın infrastruktur təminatının yaxşılaşdırılması, pambıq istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi nəzərdə tutulub.

Proqramın həyata keçirilməsi Azərbaycanda pambıqçılıq ənənələrinin bərpa olunmasına, pambıq emalı məhsulları üzrə idxaldan asılılığın azaldılmasına, kənd yerlərində əhalinin məşğulluğuna, aqrar sənaye potensialının artırılmasına, ixrac imkanlarının genişləndirilməsinə və ölkəyə əlavə valyuta daxilolmalarına şərait yaradacaq.

Dövlət proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalının 500 min ton təşkil etməsi gözlənilir.

Hazırda kənd təsərrüfatı məhsullarının ixracını genişləndirmək də mühüm önəm daşıyan məsələlərdən biridir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzini tərəfindən iyun ayında ixracla bağlı sifariş edilən məhsullar üzrə rəqəmləri təhlil etdikdə aydın olur ki, mahlıca, pambıq yağına, pomidora, şəraba, nar şirəsinə, albalı şirəsinə, badımcana, biyan kökünə, fındıq ləpəsinə, almaya, yerkökünə, pambıq toxumuna sifarişlər üstünlük təşkil edir. Bu məhsullar içərisində iyun ayında mahlıca, pomidora, yerkökünə, badımcana, fındıq ləpəsinə, almaya daxil olan sifarişlərin dəyəri 1 milyon ABŞ dollarından çox olub. Kənd təsərrüfatı mallarına (mahlıca, pomidora, yerkökünə, badımcana, fındıq ləpəsinə, almaya, yerkökünə) əsas sifarişlər Rusiya Federasiyasından daxil olub.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında