İnfrastruktur layihələrinin reallaşdırılması Azərbaycan iqtisadiyyatını daha da gücləndirir

Ölkə  Prezidenti cənab  İlham Əliyevin işləyib hazırladığı uzaqgörən inkişaf strategiyası nəticəsində son illərdə Azərbaycan dayanıqlı və davamlı iqtisadi inkişafını daha da sürətləndirib, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur.

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edilən məsələlərlə bağlı ətraflı danışılıb. Dövlətimizin başçısı çıxışında, həmçinin bildirib ki, bu il infrastruktur layihələrinin icrası uğurla davam etdirilib. Qazlaşdırma səviyyəsi artıq 93 faizə çatıb. “Biz qarşıya 95 faiz hədəfi qoymuşduq. Ölkəmizin relyefini nəzərə alsaq hesab edirəm ki, bu, yaxşı rəqəmdir. Artıq biz bu hədəfə çatırıq. Digər infrastruktur layihələri də icra edilir, elektrik təsərrüfatı yenilənir. Kənd yolları layihələri icra edilir. Şərti olaraq biz bu layihəni “40 kənd yolu” layihəsi adlandırdıq, ancaq hər bir layihənin əhatə dairəsi daha genişdir. Yəni, 40 deyəndə, əslində, bu, 200, bəlkə də daha çox kəndi əhatə edir. Çünki hər bir layihə 4-5 kəndi əhatə edir və bu, çox gözəl nəticə verir, bölgələrdə də vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İçməli su layihələri icra edilir. Kifayət qədər vəsait var və gələn il də bu proses davam etdiriləcək. Artıq bir çox şəhərlərimizdə içməli su məsələsi həll olunub”.

Müstəqillik illərində Azərbaycanda aparılan iqtisadi islahatlar ölkə iqtisadiyyatına qoyulan xarici investisiyanın həcmini qat-qat artırıb. Son illərdə Azərbaycan iqtisadiyyatına 160 milyard dollar investisiyanın cəlb edilməsi heç də adi fakt deyil. Sevindirici haldır ki, ölkəmizə yatırılan sərmayənin həcmi ilbəil artmaqdadır. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu vacib məsələdən danışarkən deyib: “Çalışmalıyıq ki, xarici investisiyaları sənaye inkişafının artırılmasına, kənd təsərrüfatına, turizm, xidmət, İKT sektorlarına cəlb edək. Əlbəttə ki, bu, o qədər də asas məsələ deyildir... Ancaq Azərbaycanda islahatlarla, biznes mühitinin yaxşılaşdırılması və ümumi inkişafla bağlı mənzərə çox müsbət olduğu üçün  hesab edirəm ki, əgər bu məsələləri düzgün təşkil etsək, biz xarici investisiyaları daha çox lazım olan sahələrə yönəldə bilərik...”.

Azərbaycanda infrastrukturun yeniləşdirilməsi nəticəsində respublikamızın, eləcə də Bakının, paytaxtətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması xeyli dəyişib, qaza, suya, elektrik enerjisinə olan tələbatın ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin – məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülüb.

Azərbaycan Prezidentinin ölkəmizdə özəl bölmənin inkişafına böyük diqqət və qayğısı nəticəsində əlverişli biznes və investisiya mühiti yaradılıb, Azərbaycanın nəqliyyat, tranzit və logistika imkanlarının genişləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edilib, iri infrastruktur layihələri reallaşdırılıb və hazırda yeni layihələr həyata keçirilir. Məsələn, Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Limanı Kompleksinin tikintisi, Bakı Gəmiqayırma Zavodunun uğurlu fəaliyyəti, Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması, Şimal-Cənub dəhlizinin inkişafı istiqamətində görülən işlər, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihələri bunun bariz ifadəsidir.

Ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərinin təşviqi, bu dəhlizlərə əlavə yüklərin cəlb edilməsi məqsədilə keçən ilin aprel və sentyabr aylarında Vaşinqtonda və Vyanada, bu il fevral ayının 28-də isə Pekində “Transxəzər Şərq-Qərb ticarət və tranzit dəhlizi” adlı forumlar təşkil olunub, Azərbaycanın nəqliyyat imkanlarının təşviqi istiqamətində təqdimatlar keçirilib. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.

Ələt-Astara–İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun tikintisi kimi iri infrastruktur layihəsi barədə də qısa məlumat vermək istərdik. Bu yolun 31-ci kilometrindən başlayaraq Astara şəhərinədək inşa olunan yeni yolun uzunluğu 174 kilometrdir. Layihə çərçivəsində yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir.

Sözügedən yolun 30,1 kilometrlik Şorsulu-Cəlilabad hissəsi istisna olmaqla tikinti işləri tam olaraq bu ilin sonu və ya gələn ilin əvvəllərində yekunlaşacaq. Bu hissələr üzrə yerinə yetirilmiş iş həcmi ümumilikdə 90 faiz təşkil edir. Yolun 80,6-110,7-ci kilometrlik hissəsini əhatə edən Şorsulu-Cəlilabad hissəsində tikinti işlərinə ötən il başlanılıb və 2019-cu ildə yekunlaşdırılması nəzərdə tutulub.

Hazırda Yenikənd-Salyan-Şorsulu, Cəlilabad-Masallı və Masallı-Astara hissələri üzrə son tamamlanma işləri həyata keçirilir. Belə ki, yolun Yenikənd-Salyan-Şorsulu hissəsində asfalt-beton örtüyünün döşənməsi, boruların uzadılması və yamaclarının dəmir-betonla bərkidilməsi, alt keçidlərin əks-dolğusu, yamaclara münbit torpağın verilməsi və ayrıcı zolaqda dəmir-beton baryerlərin qoyulması işləri aparılır.

Bu gün mövcud olan Ələt-Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr təşkil edir. İnşası aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 38 kilometr qısalaraq 205 kilometr olacaq. Böyük əhəmiyyətə malik yolun tikintisi turizmin və kənd təsərrüfatının inkişafına güclü təkan verəcək. Bundan başqa, şimaldan cənuba doğru və əksinə, avtomobil yükdaşımaları dəhlizinin əsas elementlərindən biri olan Ələt-Astara avtomobil yolu ilə daşımaların daha rahat şəkildə həyata keçirilməsi mümkün olacaq. Bu amil isə yükdaşımaların həcminin artmasına gətirib çıxaracaq.

Əlverişli coğrafi  mövqeyə malik olan və tarixən ticarət dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizin bu üstünlüyündən səmərəli istifadə olunması üçün Prezident İlham Əliyev tərəfindən strateji qərarlar qəbul edilib, Azərbaycanın dünyanın aparıcı nəqliyyat və logistika mərkəzlərindən biri kimi inkişaf etdirilməsi məqsədilə transmilli  layihələr icra edilib və edilməkdə davam edir. Bu istiqamətdə mühüm tədbirlərdən biri də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılmasıdır.

Hazırda iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi məqsədilə ölkə Prezidentinin “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” 2016-cı il 17 mart tarixli sərəncamından irəli gələn məsələlərin icrası istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdirilir. Dövlət başçısının sərəncamına uyğun olaraq, ötən il İqtisadiyyat Nazirliyi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Birləşmiş Ərəb Əmirliklərinin “DP World Group”un azad zonalar, logistika və sənaye parkları üzrə operator kimi fəaliyyət göstərən “Economic Zones World FZE” şirkəti arasında konsaltinq müqaviləsi imzalanıb.

Azərbaycanda reallaşdırılan infrastruktur layihələri sırasında yolların abadlaşdırılması mühüm yer tutur. Dövlət başçısının dediyi kimi, 2004-cü ildən bu günə qədər təxminən 11 min kilometr avtomobil yolu tikilib. Bu, həm magistral yollara, həm də şəhərarası və kənd yollarına aiddir. Bu yol infrastrukturu  insanlara rahatlıq verir, eyni zamanda, iqtisadi inkişaf üçün də mühüm amildir. Yol olmayan yerdə nə investisiya, nə iş yeri, nə də bir inkişaf olacaq. Xatırladaq ki, cari ildə kənd yollarının tikintisi ilə bağlı 40 layihənin həyata keçirilməsi nəzərdə tutulub.

Su təchizatının yaxşılaşdırılması da infrastruktur layihələrində önəmli yer tutur. Bununla bağlı bəzi faktlara nəzər salaq. Ötən müddətdə müvafiq dövlət proqramları çərçivəsində ölkədə dörd su anbarı tikilib. Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə su anbarları layihələrinin reallaşdırılması kənd təsərrüfatının inkişafına böyük təkan verib. Başqa sözlə, məhz həmin suvarma mənbələri aqrar sahəni stimullaşdırmaq üçün genişmiqyaslı meliorasiya tədbirləri görməyə şərait yaradıb.

Bu dəyərli infrastruktur layihələri böyük zəhmət və vəsait hesabına gerçəkləşib. Bu barədə Prezident İlham Əliyev  deyib: “Bizim su ehtiyatlarımız ölkəmizin hüdudlarından kənarda formalaşır. Ona görə biz sudan səmərəli istifadə etməliyik və ölkə daxilində elə imkanlar, elə infrastruktur, rezervuarlar yaratmalıyıq ki, həm ehtiyatımız olsun, həm də biz əkin sahələrini genişləndirə bilək. Bu sahə də çox böyük investisiya tələb edən sahə idi. Hesab edirəm ki, bu sahədə əsas işlər görülübdür”.

Yuxarıda sadalananlardan da göründüyü kimi, Azərbaycan Prezidenti  İlham Əliyev  ölkəmizin bugünkü inkişafını təmin etmək,  xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın dərin rəğbət və məhəbbətini qazanıb. Son illərdə  dövlət başçısı ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və  davam etdirib. Elə bunun nəticəsidir ki, Azərbaycanın yaxın gələcəkdə dünyanın nüfuzlu iqtisadi və siyasi güc mərkəzlərindən birinə çevriləcəyi heç kimdə şübhə doğurmur.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında